HÜSEYN CAVID VƏ MUSIQI
Ruqiyyə SÜLEYMANOVA
Search


70 YAŞLI G.G.ŞAROYEV ADINA
Yusif VƏLIYEV
MUSIQI TƏFƏKKÜRÜ: MAHIYYƏTI, STRUKTURU, FORMALAŞMASI VƏ INKIŞAFININ DIDAKTIK ƏSASLARI
Tamilla KƏNGƏRLINSKAYA
ZAMAN HƏRƏKƏT TƏLƏB EDIR
Aynur XƏLILOVA
KÖVRƏK UŞAQ SƏSININ SEHRI
Mələk VƏLIZADƏ
HÜSEYN CAVID VƏ MUSIQI
Ruqiyyə SÜLEYMANOVA
ÜZEYIR HACIBƏYOVUN AŞIQSAYAĞI ƏSƏRINDƏ OSTINATO PRINSIPI
Gülzar MAHMUDOVA

 


Intellektual, fəlsəfi baxımdan dərin, süjetlə zəngin, dramatizm etibarilə qüvvətli olan Cavid dramaturgiyası bütün dövrlər üçün aktual səciyyə daşımışdır. Bu müasirliyin, aktuallığın əsas səbəbi ondan ibarətdir ki, heç bir qəlibə, sosialist realizmi məfkurəsinə sığmayan Cavid dramaturgiyası ani süjetlər, ötəri konfliktlər əsasında deyil, qlobal, kosmik, universal ideyalar əsasında qurulmuşdur.

       Dərin fəlsəfi ümumiləşdirmələrlə zəngin olan Cavid dramaturgiyasının əhəmiyyəti təzadlı, mürəkkəb keçid dövrlərində daha da artır.

       Hüseyn Cavid XX əsr Azərbaycan romantiz-minin ən parlaq nümayəndələrindən biri olmuşdur.

       Dünya incəsənət tarixinin icmalı göstərir ki, romantizm adətən müxtəlif xalqların inkişafının mənəvi oyanma dövründə müşahidə olunur. Bu baxımdan Cavid dramaturgiyası oyanan şərqin romantik tərzdə bədii fəlsəfi ifadəsi idi.

       Cavidin romantik teatrından yazan C.Cəfərov qeyd edir ki, Azərbaycanda poetik teatrın banisi Caviddir və bir bani olaraq onun yaratdığı teatrın hüsnü orasındadır ki, ritorik və didaktik şer ənənələrinə əsaslanmır.        Romantik poetik bir teatr kimi Cavid teatrında bədii şərtiliklərdən, məcazi ümumiləşdirmələrdən, rəmzi keyfiyyətlərdən geniş istifadə edilir. 1

       Qeyd etməliyik ki, Cavid teatrının ən səciyyəvi tərəflərindən biri onun musiqi ünsürü ilə bağlılığıdır. Cavid teatrının xüsusi musiqi təbiəti haqqında bir çox alimlər fikir söyləmişlər. Məsələn, qeyd olunmuşdur ki, hətta əsasən realistik səpgidə yazılmış əsərlərdə belə Cavid xəyal, nəğmə, rəqs ünsürlərindən istifadə edir. Bütün bunlar Cavid şerinin musiqisi, ritmik gözəlliyi ilə birlikdə səhnə sənətinə yeni keyfiyyət aşılayır, səhnəyə yeni əlvanlıq gətirir.

       Cavid və musiqi..Bu problemin həllində müxtəlif yanaşma tərzləri mümkündür. Ilk növbədə qeyd olunmalıdır ki, Cavid şeriyyəti bədii ifadə üsullarının zənginliyi, ahəngi və axıcılığı baxımından son dərəcə musiqilidir. Digər tərəfdən Cavidin pyeslərinin remarkalarında (qeydlərində) müxtəlif musiqi janrlarının, alətlərin, türkü və muğamların adlarına o dərəcədə tez-tez rast gəlirik ki, düşünmək olar ki, şair öz əsərlərini yaradarkən onların musiqi təcəssümünü də görürdü.

       Bizim məqaləmizin əsas məqsədi 1970-2000-ci illərdə Cavidin pyesləri əsasında yazılmış bəzi tamaşaların musiqi tərtibatını təhlil etməkdən ibarətdir.

       Bu tamaşalar silsiləsində Azərbaycan Akademik Milli Dram teatrında 1970-ci ildə səhnələşdirilmiş Xəyyam pyesinin quruluşu xüsusi yer tutur.

       1935-ci ildə yazılmış Xəyyam pyesi öz əsrinin böyük alimi, şairi və filosofu sayılan Ömər Xəyyama (1040-1123) həsr olunmuşdur. Qeyd etməliyik ki, Xəyyam pyesində Cavid fəlsəfi estetik baxımdan şərh olunan şərq intibahı məsələsini ön planda vermişdir.

       Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun Xəyyam pyesinə yazılmış musiqisi əsərin dramaturji inkişafında, tamaşanın müəyyən temporitminin yaranmasında mühüm rol oynayır.

       Məlumdur ki, fövqəladə dramaturji istedada malik olan Cavid təsirli ekspozisiya yaratmağın ustası idi. Bir tərəfdən, dramaturq mütəfəkkir şərgi, mədrəsə həyatını, digər tərəfdən isə məscidi, yəni dünyəvi hisslərlə dini dünyagörüşünün təzadını göstərmişdir. Qeyd etməliyik ki, pyesin əsas dramaturji ideyasını açıqlayan bu təzad C.Cahangirovun tamaşanın girişinə yazılmış musiqisində də öz əksini tapmışdır. Belə ki, dərin fəlsəfi xarakter daşıyan, sanki Xəyyamın düşüncələrini ifadə edən, ağır tərzdə səslənən orkestr musiqisi uzaqdan gələn minacat səsi ilə təzad kimi verilmişdir. Onu da qeyd edək ki, muğamların bədii fəlsəfi məzmununa dərindən bələd olan, Hüseyn Cavid, pyesin remarkasında qeyd olunduğu kimi, minacatın hicaz məqamında səsləndirilməsini tövsiyyə edirdi.

       Beləliklə, artıq ekspozisiyada əsərin əsas konfliktini təşkil edən təzad qüvvələr musiqi tərtibatında da öz dolğun əksini tapmışdır. Qeyd etməliyik ki, teatr musiqisinin qaydalarına dərindən bələd olan C.Cahangirov ənənəvi teatr uvertürasının funksiyalarına cavab verən bir musiqi yaratmışdır.

        Xəyyam tamaşasına yazılmış musiqidə ənənəvi teatr musiqisi ünsürləri geniş tətbiq olunmuşdur. Məsələn, məlum olduğu kimi, bir neçə əsr boyu formalaşmış teatr musiqisinin əsas funksiyalarından biri pyesin hadisələri cərəyan edən tarixi dövrü və məkanı təsvir etməkdən ibarətdir.

       Tamaşaya yazılmış musiqi bəzi məkan və zaman işarələrini özündə əks etdirir. Məsələn, ikinci pərdədə müharibədən qələbə ilə qayıdan Alp Arslanı təmtəraqlı hərbi musiqi müşayiət edir. Şübhəsiz ki, bu qısa musiqi parçasını müharibədən zəfər ilə qayıdan və məhvedici qüvvəyə malik olan Alp Arslan ordusunun leytmotivi hesab etmək olar.

        Xəyyam tamaşasına yazılmış digər təsviredici parçalar arasında V pərdədən Bağdad xəlifəsinin saray qızlarının rəqsini göstərmək olar.

       Lakin qeyd etmək lazımdır ki, bəzi hallarda təsviredici musiqi özündə böyük psixoloji məna da daşıyır. Məsələn, IV pərdənin sonunda səs-küy effektləri əsasında qurulmuş zəlzələ səhnəsi bir tərəfdən təbiət hadisəsini, digər tərəfdən isə saray fitnə-fəsadı nəticəsində öz sevgilisi Sevdanı itirmiş Xəyyamın qəlbindəki təlatümü təsvir edir.

       Məlum olduğu kimi, romantik sənətin əsas cəhətlərindən biri fantastik aləmin təsviri ilə bağlıdır.

        Xəyyam pyesinin I pərdəsində də fantastik səciyyə daşıyan bir səhnə ilə çiçəklər və kələbəklərdən donmuş pəri qiyafəli qızların rəqsi ilə rastlaşırıq.

       Əsasən simli alətlərin yuxarı registrdə incə, zərif səslənməsindən istifadə edən bəstəkar tamaşanın bu fantastik səhnəsinə uyğun musiqi təcəssümü vermişdir.

       Ümumiləşdirərək qeyd etməliyik ki, C.Cahangirovun Xəyyam tamaşasına yazdığı musiqi Cavid poetikası ilə həmahəng səslənir və pyesin aparıcı ideyasının açılmasında önəmli rol oynayır.

       Cavidin dram əsərlərinin ən maraqlı musiqi təcəssümlərindən biri Aydın Əzimov tərəfindən Iblis tamaşasına yazılmış musiqisi olmuşdur.

       1983-cü ildə Azərbaycan Dram Teatrının səhnəsində rejissor Mehdi Məmmədovun təfsirində verilmiş Iblis pyesi H.Cavidin ən kamil əsərlərindən biridir.

       Ədəbiyyatşünas Yaşar Qarayevin qeyd etdiyi kimi, bədii-fəlsəfi ümumiləşmə nəticəsində əsas qayə və niyyət dünyanı və təbiəti indi də gözləyən Iblis təhlükəsi qarşısında insan cavabdehliyi ideyası çox aktual, müasir səslənmək imkanı əldə edir. 2

       Pyesin əsas ideyası isə ondan ibarətdir ki, Iblis yalnız xəyallarda yaşayan mifik bir varlıq deyil, o, həyatda, cümlə xəyanətlərə bais olan insanların alleqorik bir obrazıdır.


1 C.Cəfərov Cavid teatrı Əsərləri. I cild. Bakı, 1968, s. 234

2Y.Qarayev. Əsrin romantikası qəz.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page