KÖVRƏK UŞAQ SƏSININ SEHRI
Mələk VƏLIZADƏ
Search


70 YAŞLI G.G.ŞAROYEV ADINA
Yusif VƏLIYEV
MUSIQI TƏFƏKKÜRÜ: MAHIYYƏTI, STRUKTURU, FORMALAŞMASI VƏ INKIŞAFININ DIDAKTIK ƏSASLARI
Tamilla KƏNGƏRLINSKAYA
ZAMAN HƏRƏKƏT TƏLƏB EDIR
Aynur XƏLILOVA
KÖVRƏK UŞAQ SƏSININ SEHRI
Mələk VƏLIZADƏ
HÜSEYN CAVID VƏ MUSIQI
Ruqiyyə SÜLEYMANOVA
ÜZEYIR HACIBƏYOVUN AŞIQSAYAĞI ƏSƏRINDƏ OSTINATO PRINSIPI
Gülzar MAHMUDOVA

 


Uşaq xoru ifasının sehri onun qeyri-adi saflığı və kövrəkliyindədir. Lakin çoxları heç anlamır ki, bu ovsunlayıcı gözəllik gündəlik, ağır və geniş tutumlu zəhmət bahasına başa gəlir. Və əgər nəzərə alsaq ki, xorda oxuyan uşaqlar səs tellərinin mutasiyası dövrü astanasındadırlar, səsin yoluna qoyuluşunun (yaxud sazlanmasının) birinci şərt olduğu şübhə doğurmaz.

       Səsin qoyuluşunda səhvlər və xətalar ən böyük vokal istedadın gələcəyini heçə endirə bilər. 10-12 yaş arasında səsin qorunması və gigiyenası Azərbaycan şəraitində olduqca aktualdır.

       11 yaşa yaxın, bəzən də 10 yaşında uşaqlarda mutasiya başlayır. Avropada, hətta Rusiyada həmin mutasiya 12 və 15 yaş arasındadır. Əlbəttə, bütün bunlar uşağın təbii özəlliyindən də asılıdır. Yuxarıdakı ilk göstəricilər Azərbaycan uşaqlarının çoxluğuna aiddir. Mutasiya zamanı bir sıra dəyişikliklərlə yanaşı, boğaz qığırdaqlarının quruluşu dəyişir, səs bağları tamamilə yeniləşir. Və bəzən sıx qapanma alınmayanda tremolyasiya baş verir. Qızlarda mutasiya o qədər də aydın sezilmir, lakin istər qız, istər oğlan uşaqlarında düzgün oxumamaq vərdişi son nəticədə onun gələcəyi üzərindən xətt çəkə bilər.

       Məlumdur ki, 6 yaşınadək uşağın səs aparatının biçimlənməməsi çox aydın sezilir. 7 yaşdan başlayaraq səs dəyişir. Həmin dövrdən nəfəsalma üzrə məşqlər, səs bağlarını təkmilləşdirən çalışmalar, qapalı səsalmanın öyrədilməsi nəticəsində səsin keyfiyyəti başqalaşır. 10-12 yaşında uşaq səslərinin özəllikləri aşkalanmağa başlayır. Gələcək alt səslərin diapazonu bəmə doğru genişlənir, eyni ilə zil səslərin zilləri artır. Diapazonun zil səsləri sabit, bəm səsləri isə dolğun, tutumlu səslənməyə başlayır. Səslərin tembri yumşalır və yüngülləşir.        Təbiətən muğam səsli uşaqlarla ayrıca işləmək gərəkdir. Onlara tamamilə fərqli çalışmalar verilməlidir ki, onlar öz oxuma tərzləri ilə onlardan tələb olanı aydın ayıra bilsinlər. Vaxtı ilə belə düşünürdülər ki, mutasiya zamanı oxumaq zərərlidir, lakin hazırda ixtisaslı həkimlər tərəfindən sübuta yetirilib ki, səslə ehtiyatla davranış nəticəsində səsin özü qırılmadan yeniləşir.

       Mutasiya zamanı oğlan uşaqlarına zildə və boğazda oxumaq qadağan edilməlidir. Onlar yalnız səs gücə düşməyən diapazonda oxuya bilərlər. Məsələn, I sopranoda oxuyan uşaq II soprano, daha sonra alt partiyasına keçə bilər ki, bu da səsin tembri və qalınlaşması ilə bağlıdır. Uşaq səslərinin tembr dəyişməsi adi haldır. Soprano səsli qızın 2 ildən sonra alt partiyasında oxuması təəccüblü deyil. Yəni, qızlarda da mutasiya gedir, lakin kəskin, ağrılı yox, qığırdaq toxumalarının yeniləşməsi gedişində oxuya bilərlər. Oğlanlarda isə dəyişmənin kəskin dövründə 1 il oxumaq tam yasaqdır.

       Pedaqoji təcrübədə elə xoşagəlməz hallar olur ki, 13-14 yaşlılar arasında artıq səsi korlanmışlara rast gəlinir. Yanlış, düzgün olmayan nəfəs almanı yenidən qurmaq çox çətin olsa da, qaçılmazdır, çünki gələcəkdə vokal yöndə ixtisaslaşsa, daha böyük çətinliklərlə qarşılaşarıq.

       Uşaq səsinin düzgün təlimi oxuma zamanı qışqırığı tamamilə yasaq edir. Əgər diqqət etsək, görərik ki, küçədə, məktəbdə və i.a. çox qışqıran uşaqlar öskürür, xırıldayır yaxud fısıldayır, bəzən də hətta bir neçə günlük səsləri batır. Bu da səs tellərinin və qırtlağın soyuqlaması deməkdir. Eyni ilə oxuma zamanı qışqırıq səsinin korlanmasına aparıb çıxarır. Bütövlükdə qışqırıqla güclü səs alınsa da, onun kimi bir səs həm tembrdə, həm də güc sarıdan təbii səslənməlidir. Və həmin qayda vokal və muğam oxuma məktəbləri üçün eynidir.

       Yüksək musiqi duyumlu uşaqlar nə səs diapazonu, nə də mövzuməna sarıdan ağına-bozuna baxmadan tanınmış müğənnilərin geniş yayımlı mahnılarını oxumağa çalışırlar. Və təbii ki, qışqırır, səsi gücə salır, boğazını yırtırlar. Nəticədə tremolyasiya, səs tellərində düyünlər əmələ gəlir, səs əzginləşir. Son nəticədə sıxılmış oxuma, boğazda oxuma kimi naqisliklər yaranır. Oxuma zamanı daimi gərginlik səsi zədələyir, səs təbiiliyini itirir və bəzən hətta batır.

       Uzun zaman kəsimində oxumaq səsi, boğazı yorur. Buna görə də dərs elə qurulmalıdır ki, xorla oxumaqla, musiqi savadı və ədəbiyyatı üzrə çalışmalar biri-birini əvəzləsin. Hamılıqla oxumaqla ayrı partiyaların yoxlama oxunuşu ilə də əvəzləmək olar, səhvlərin düzəlişi keçirilməli və lazım gəldikdə kömək göstərilməlidir.

       Müəllim soyuqlamış boğazla oxumağa imkan verməməli, uşaqları soyuqlamaqdan çəkindirməli və səsini qorumağı öyrətməlidir. Uşaqlar soyuq su içir, dondurma yeyir, tum çırtlayırlar ki, belə şeylərə yol vermək olmaz. Dondurmadan boğaz, lap az da olsa soyuqlayır; tum çırtlama isə səsi bağlayır. Oxumaqdan öncə çox qaçmaq olmaz, nəfəsi pozmaq olmaz. Oxumağa başlayarkən arxayın, aramlı nəfəs gərəkdir.

       Bir başlıca məqamı unutmaq olmaz: yalnız sağlam səslərlə sağlam, normal məşğələ keçirmək mümkündür. Adətən, istedadlı uşaqlar ağına-bozuna baxmadan çox oxuyurlar. Mutasiya zamanı ən birincisi, olanlar üçün bu olduqca zərərlidir. Mutasiya dövrünün sonuna yaxın səslərini müvəqqəti itirmiş oğlan uşaqları bunun təbii səbəbini anlamır, qışqıraraq boğazlarını yırtır və özlərinə düzəlməz zərər yetirirlər. Səsin vəhşicəsinə istismarının acınacaqlı nəticələri haqqında kifayət qədər misallar gətirmək olar.

       Italiyada çox tanınmış oğlan vardı Robertino Lorenti. Bizdə, Azərbaycanda isə Nurlan. Hər ikisinin çox gözəl səsi vardı, zildən və gərgin oxuyurdular. Belə ağılsız, amansız istismar hər ikisinin səsini batırdı.

       Gələcək vokal sənətinə yiyələnmək üçün səs uşaqlıqdan qorunmalıdır, lakin bəzən səsin lazımınca qorunmasına baxmayaraq, mutasiyadan sonra səs öz vokal keyfiyyətlərini itirir. Yaxud da əksinə: mutasiyadan öncə musiqidən uzaq, səsi olmayan və heç oxumayan uşaq mutasiyadan sonra çox yüksək vokal göstəriciləri ilə seçilir. Lakin bütün bunlar istisna hallara aiddir. Məsələn, tanınmış muğam ustası Alim Qasımovla söhbət gedişində onun bioqrafiyasından maraqlı bilgilər əldə etdik: Əgər bilsəydiniz ki, uşaqlıqda səsimin başına nə oyun açırdım, bəlkə də ağlayardınız. Heç özüm də başa düşmürəm ki, mutasiyadan sonra belə səs mənə haradan gəlib.

       Lakin istisna hallar ümumi qaydanı inkar etmir. Əksinə, düzgün oxumaq, səsin imkanlarından bacarıqla istifadə, səsin gigiyenasını gözləmək və qorumaq gələcəkdə, mutasiyadan sonra, muğam klassik sənətdən asılı olmayaraq uşağa yetkin müğənni olmağa geniş imkanlar verir. Səsin kökündən dəyişməsini mirvari ovu ilə müqayisə etmək olar: balıqqulağılar eyni şəkildədir, eyni şəraitdə yetişirlər, lakin rəng, ölçü və ürəyəyatımlılıq sarıdan hər balıqqulağından bir-birindən fərqli mirvarilər çıxır.

       Azərbaycanın məktəb xorlarının olduqca qanqaraldıcı naqisliyi var. Müəllimlərə göstəriş verilir ki, mümkün qədər çox sayda (100-ə yaxın və hətta daha artıq) uşaq toplasınlar. Sonra onlara nəsə öyrədirlər və konsertdə, hamı birlikdə coşğun və kobud şəkildə həmin nəisəni oxuyurlar. Özü də nə qədər ucadan oxusalar, bir o qədər yaxşıdır. Əlbəttə, bu cür oxumağa vəhşilikdən, barbarlıqdan başqa ad vermək olmaz. Çünki uşaq səslərinin gözəlliyi onların kövrəkliyində, çalarlarla və obertonlarla zənginliyindədir. Ucadan, güclü səslə oxumaq tələbi isə, yorucu, uzun çəkən və səmərəsiz məşqləri nəzərə alsaq, uşaqlarda musiqiyə və xorla oxumağa çox pis duyğular, hətta nifrət oyadır. Tanınmış xanəndə Alim Qasımov da belə hesab edir ki, səs mutasiya zamanı sakitlikdə durulub yetişməlidir.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page