USTAD SƏNƏTKARLARI YAŞADAN ƏVƏZSIZ TƏDQIQATÇI
Aslan KƏNAN
Search


USTAD SƏNƏTKARLARI YAŞADAN ƏVƏZSIZ TƏDQIQATÇI
Aslan KƏNAN
LEONID VAYNŞTEYN: ŞƏXSIYYƏT. PEDAQOQ. BƏSTƏKAR.
Lalə RAFIQ QIZI

 


Musiqi zəkanın, fitri istedadın elə sahəsidir ki, yer üzünün hər hansı bir yerində, nöqtəsində yaşayan insanın həyat və fəaliyyətinə təsir etməyə qadirdir. Dünyada elə bir sağlam düşüncəli insan tapmaq olmaz ki, o, gözəl ahəngli musiqidən həzz almasın, onun həzin sədaları altında bir anlığa susmamış olsun.

       Tarixi məlum olmayan ilahi nemətlərdən biri sayılan musiqinin harada, necə, hansı şəraitdə, kim tərəfindən yarandığı haqda məxtəlif fərziyyələr, fikirlər söylənilsə də, bu bizim üçün hələ də bir sirr olaraq qalmaqdadır. Musiqi insanlar arasında səmimi ünsiyyət vasitəsi rolunu oynayır. Təsadüfi deyil ki, məşhur alman bəstəkarı Karl Mariya Veber yazıb: Musiqi əsl ümumbəşəri dildir. Məhz bu dil ilə xalqlar bir-birini dərk edir, başa düşür və ünsiyyət yaradırlar.

       Azərbaycan musiqi mədəniyyəti tarixi çox zəngindir. Məşhur xanəndələr, xalq çalğı alətləri ifaçıları gələcək nəslə zəngin və əvəzolunmaz irs qoymuşlar. Bu irs zaman-zaman yol keçmiş, tarixin silinməyən izlərində həkk olunmuş, bəzən hafizələrdə yaşamış, bəzən də tarixin burulğanında qalmışdır. Lakin əfsuslar olsun ki, xalqımızın, elimizin bu qiymətli irsi tarixin burulğanından qoparıb bərpa etmək, demək olar ki, heç kəsin diqqətini cəlb etməmişdir.

       Məhz bunun nəticəsidir ki, qonşu xalqlar bu əvəzolunmaz sərvətimizə yiyə durmaq və özününküləşdirmək üçün min cür hiylələrə əl atırlar.

       Üzdəniraq qonşu xalqın davamlı cəhdlərini ən-gəlləmək, onların qarşısına sədd çəkmək, musiqimizi yad əllərə verməmək üçün ömrünün 50 ilindən çoxunu Azərbaycan musiqi mədəniyyəti tarixinin öyrənilməsinə sərf etmiş, əvəzsiz tədqiqatçı Firidun bəy Şuşinski bu çətinliyi üzərinə götürmüşdür. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov yazırdı: Təsadüfi deyil ki, onu /Firidun Şuşinskini A.K/ musiqi mədəniyyətimizin tarixini öyrənən ilk tədqiqatçı adlandırırlar. Çünki Firidun bəy Şuşinskiyə qədər bu sahədə heç kəs xüsusi tədqiqat aparmamışdır.

       Firidun bəy apardığı tədqiqatlar nəticəsində nəşr etdirdiyi kitabları, məqalələri Həsənov, Şuşinski, Şuşalı soyadları ilə imzalayırdı.

        Firidun Məhəmməd oğlu Həsənov Şuşinski 1925-ci ildə Azərbaycanın gözəl guşələrindən olan, Qarabağın tacı sayılan Şuşa şəhərində anadan olmuşdur. Firidun bəyin yeganə oğlu Məhəmməd müəllimin dediyinə görə, onun ulu babası Motal Alı Türkiyənin Anadolu şəhərinin Söyüdlü oymağından olmuşdur. Motal Alının bu ayama ilə çağrılmasının qəribə səbəbi varmış: o, qızıllarını motala yığar və evin bir küncünə atarmış ki, görənlər onun axtarma motal olduğunu zənn etsinlər.

       Bir gün Alı kişi Tiflisdə Rəxşəndə adlı bir qıza vurulur. Anadoluda yaşadığına görə qızı ona vermək istəmirlər. Naəlac qalan Alı Rəxşəndəyə olan sevgisinə görə Anadoludan köçməyə məcbur olur.

       Alı kişinin Rəxşəndədən Cəfər, Qəfər və Səfər adında üç oğlu doğulur. Bunlardan biri Tiflisdə, o biri Şuşada yurd salır. Digəri isə tərəkəməlik /qoyunçuluq/ edir.

       Tədqiqatçının oğlu danışır ki, Cəfərin nəslindən olan babam Məhəmməd Firidun bəyin atasıdır: Məhəmməd kişi Qarabağın sayılıb seçilən zəngin şəxslərindən olduğu üçün ona Qızıllı Məhəmməd deyərmişlər. Nənəm Səyyarə xanım isə Cavanşir /Ibrahim xan/ nəslindəndir. Erməni daşnağı tayqulaq Andronik Qarabağa yaxın yerdə çadır quranda Səyyarə xanımın atası Həsən kişi Nuru Paşaya 1500 ədəd qızıl sikkə verir.

       Firidun bəy məhz belə əsil nəsilli ailədə böyüyüb tərbiyə almışdır.

       Şuşada ticarət və sənətkarlıq inkişaf etsə də, bu şəhər Zaqafqaziyada dini mərkəz kimi tanınsa da, o, daha çox musiqiçilərin vətəni kimi məşhur idi. Təsadüfi deyil ki, Şuşanı Qafqazın konservatoriyası adlandıranda bu şəhərdə doğulan məşhur bəstəkarlar, ifaçılar, xanəndələr - Üzeyir Hacıbəyov, Cabbar Qaryağdı oğlu, Bülbül, Qurban Pirimov, Hacı Hüsü, Bülbülcan, Məşədi Məhəmməd, Zabul Qasım, Segah Islam, Xan Şuşinski, Seyid Şuşinski, Rəşid Behbudov və başqaları kimi nəhəng ustadlar nəzərdə tutulur.

       Körpəliyindən evlərində musiqi səsi eşidən, ustad sənətkarları böyük həvəslə dinləyən Firidun bəyin musiqiyə məhəbbəti daha da artırdı. Deyilənlərə görə, o, bəzi tay tuşlarından ayrılıb özünü sakit bir yerə verər, ağac budağını sinəsinə sıxıb dınqıldadar və pəsdən Cabbar əminin oxuduğu muğamların sözlərini zümzümə edərdi. Görünür, həmin vaxtlardan da muğam ifaçılığının korifeyi Cabbar Qaryağdı oğluna hədsiz məhəbbəti qəlbinə hakim kəsilmişdi. Lakin o hələ bilmirdi ki, qəlbini fəth etmiş bu böyük sənətkarlar haqqında neçə neçə məqalə və kitablar nəşr etdirəcək

       Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firidunu Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alandan sonra yüksək musiqi istedadına baxmayaraq orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Hələ universitetin II kurs tələbəsi olarkən SSRI Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edir. Həmin konfransda Azərbaycan EA-nın akademikləri, professorları iştirak edirdilər. Konfrans qarşısında tələbələr bölmə rəhbərlərinin nəzarəti altında arxiv materiallarından, bədii ədəbiyyatdan və müxtəlif elmi məcmuələrdən istifadə edərək seçilən mövzular ətrafında mükəmməl məruzələr hazırlamışdılar.

        Konfransda 78 məruzə oxunur. Həmin mövzular arasında yalnız F.Şuşinskinin Vaqif dövlət xadimi kimi mövzusu I mükafata layiq görülür.

       Bu məqalə sonralar müəllifin ilk mətbu yazısı olur.

       Tələbəlik illərindən Firidun bəy öz fenomen yaddaşını ictimai elmlərin dərindən mənimsənilməsinə sərf edirdi. O hələ I kursdan tarix, fəlsəfə, ədəbiyyat xüsusilə klassik və aşıq ədəbiyyatını öyrənməklə yanaşı, ... H.Heynenin təbirincə desək, incəsənətin son sözü olan muğamların yaranması, ifaçıları haqqında maraqlı məlumatlar toplayırdı. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib unudulmuş muğam ifacıları haqqında qələmə alacaq yazılarına yeni-yeni materiallar yığırdı.

       F.Şuşinski üçün aşkarlanması mümkün olmayan heç nə yox idi. O nəyin bahasına olur-olsun öz inadkarlığı nəticəsində günlərlə, aylarla, bəzən də illərlə axtarışlar aparmağa özündə güc tapırdı. F.Şuşinski çox zaman çətin və bəzən də həyatı bahasına başa gələcək məqsədinə nail olmaq üçün ağır maneələri keçməkdən belə ehtiyat etmirdi. Məhz bu cür tərsliyin nəticəsi idi ki, universitetdə oxuyan zaman onlara mühazirə deyən tarixçi-professordan Azərbaycanın Dövlət xadimi Nəriman Nərimanovun unudulmasının səbəbini soruşur. Nəriman Nərimanovun adının çəkilməsi qəti qadağan olunduğu vaxtda F.Şuşinskinin bu sualı professoru çıxılmaz vəziyyətə salır. Tələbənin verdiyi suala nəinki mühazirə deyən professor, hətta universitetdə müraciət olunan hər bir şəxs cavab verməkdən boyun qaçırırdı. Sualına cavab tapmayan 25 yaşlı tələbə 25 noyabr 1950-ci il tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova aşağıdakı məzmunda məktub yazmaq qərarına gəli r.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page