HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
Search


POLAD BÜLBÜLOĞLU 60
Vasif ADIGÖZƏLOV
SOLMAZ QASIMOVA 75
Zemfira ABDULLAYEVA
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
ASYA TAĞIYEVA 70
Təranə ƏLIYEVA
HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
RƏSUL RƏSULOV 75
Yusif AXUNDZADƏ

 


Murad Kajlayev öz yaradıcılığında ənənə və novatorluğu birləşdirməyə nail olmuşdur. Onun novatorluğu ənənəni, ənənə isə novatorluğu təsdiqləyir. Mən həmişə onun musiqisindən böyük zövq alıram. Muradın atası cərrah idi. O, fiziki ağrını sağaldırdı. Murad isə qəlbləri sağaldır.

       Görkəmli bəstəkar, dirijor, SSRI xalq artisti Murad Kajlayev haqqında bu dəyərli sözləri XX əsrin böyük şairi Rəsul Həmzətov demişdir. Bəli, bu fikirdə nə qədər böyük həqiqət var.

       Murad Kajlayevdən söz açanda, ilk növbədə onun qeyri-adi fitri istedada malik musiqi ifaçısı-tanınmış pianoçu və dirijor, görkəmli bəstəkar olduğunu deməliyik. Onun yaradıcılığına xas olan əsas amil isə odur ki, bəstəkarın musiqisini həm professional, həm də adi dinləyici çox asanlıqla qavrayır. Çünki, onun əsərləri son dərəcədə anlaşıqlı, aydın musiqi dilində yazılmışdır.

       Bəli, M.Kajlayevin yaradıcılığında əsas cəhətlər fəlsəfi dərinlik, bədii kamillikdir. Məhz bu ümdə xüsusiyyətlərinə görə də onun əsərləri bəyənilir, həm öz ölkəsində, həm də xarici ölkələrdə uğurla səslənir, rəğbətlə qarşılanır. Irqindən, milliyətindən asılı olmayaraq bütün dünya xalqları tərəfindən səmimiyyətlə qəbul olunur, daim öz pərəstişkarlarını tapır.

       Onu bütün xalqlara sevdirən musiqisinin zənginliyi, melodikliyi, incəliyi, təravəti, dərin məzmunluğu və nəhayət, əsl mənada xəlqiliyidir.

       Murad Kajlayevin yaradıcılığını səciyyələndirdikdə onu, ilk növbədə, Dağıstanda iki musiqi janrının yaradıcısı kimi qeyd etməliyik. Bu janrlar hansılardır? Simfoniya və balet... O, ilk milli Dağıstan adlı simfoniyasını məhz Bakıda Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdə diplom işi kimi yazmış və bu iş Dövlət imtahan komissiyası tərəfindən əla qiymətləndirilmişdir.

       Ikincisi Dağlar qızı baletidir. Bu balet Dağıstanda yazılmış, Sankt-Peterburq opera və balet teatrında tamaşaya qoyulmuş və bu əsərə görə o, Dağıstanda ilk milli baletin müəllifi sayılır.

       Murad 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRI-də görkəmli lorinqoloq idi.

       Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxır. Və onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul edirlər.

       1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır.

       SSRI Bəstəkarlar Ittifaqının Nizamnaməsinə görə hər bir bəstəkar Ali musiqi məktəbini bitirib, iki il sınaq yaradıcılığı mərhələsini keçir, sonra isə Ittifaqa daxil olmaq haqqında ərizə vermək hüququnu qazanırdı. Lakin istisna olaraq M.Kajlayev hələ tələbəlik illərində SSRI Bəstəkarlar Ittifaqına üzv qəbul olunur. Əlbəttə, bu onun çox böyük fitri istedadından və yazdığı əsərlərin yüksək səviyyəsindən xəbər verirdi.

       Sonrakı illərdə o, Maxaçkalaya köçərək, öz bəstəkar həmkarları olan H.Həsənov, N.Daqirov və S.Ağababovla birlikdə Dağıstan Muxtar Respublikasında professional bəstəkarlıq yaradıcılığının təməlini qoyur.

       Dağıstanda yaşayarkən o, müəllimliklə də məşğul olur. M.Kajlayev Maxaçkalanın musiqi texnikumunda dərs deyir, vokal-instrumental ansambla rəhbərlik edir, 1957-63-cü illərdə Dağıstan radiosu simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1963-73-cü illərdə Dağıstan Bəstəkarlar Ittifaqı idarə heyətinin katibi işləmiş, nəhayət, 1989-cu ildən bu günümüzə qədər isə Moskvada Yuri Silantyev adına Akademik Böyük estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır.

       Onu da xatırladaq ki, M.Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən almışdır. Bəli, M.Kajlayevin simfonik orkestr dirijoru kimi ikinci ixtisasa yiyələnməsində bilavasitə bizim unudulmaz maestronun böyük əməyi vardır.

       Yeri gəlmişkən onu da deyək ki, M.Kajlayevin Rusiyanın Dövlət teleradio orkestri ilə ünsiyyəti 50 ildir ki, davam edir. Keçən əsrin 50-ci illərinin ortalarında orkestr ilk dəfə öz konsert repertuarına onun əsərlərini daxil etmiş və bu orkestr bəstəkarın əsərlərini ilk dəfə xarici ölkələrdə səsləndirmişdir. Elə həmin illərdə də gənc bəstəkar bu tanınmış kollektivi idarə etməyə başlamışdır.

       Onu da deyək ki, Bakıda təhsil alarkən o, simli kvartet, fortepiano və skripka üçün kamera-instrumental əsərlər və 28 qəhrəman-Panfilovçular simfonik poemasını yazmışdır. Sadaladığımız əsərlər onun yaradıcılığında mühüm yer tutur.

       M.Kajlayevin ən uğurlu səhnə əsərlərindən biri Dağlar qızı 1968-ci ildə Sankt-Peterburqun opera və balet teatrında tamaşaya qoyulmuşdur. Bu balet indi də onun 1984-cü ildə etdiyi ikinci redaksiyası ilə Sankt-Peterburq teatrında göstərilir və hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

       Görün, məşhur Misir bəstəkarı Qamal Əbdül Rahim Dağlar qızı baletinə nə cür qiymət verir: M.Kajlayevin Dağlar qızı baletinin musiqisi ilə görüşüm məni valeh etdi. Bu musiqi milli klassik formanı özündə parlaq surətdə təcəssüm etdirir. Buna görə də onun emosional təsiri çox böyükdür. Dağıstan bəstəkarının baleti təkcə sovet tamaşaçısını deyil, bir çox ölkələrin, eləcə də mənim ölkəmin tamaşaçılarını valeh edir.

       Heç də təsadüfi deyil ki, hələ 1960-cı illərdə zəmanəmizin dahi bəstəkarı Dmitri Şostakoviç o zaman gənc Murad Kajlayev və onun Dağlar qızı baleti haqqında aşağıdakı fikirlərini söyləmişdir: Onun musiqisində dinləyiciləri cəlb edən təkcə səs palitrasının rəngərəngliklə təsviri deyil, həmçinin milli temperament, teatrallıq, jestlər, mimika, rəqs hərəkətləri, dramaturgiyanın inkişafı prosesləridir. Onun anadangəlmə özünəməxsus yaradıcılıq naturası Kajlayevi məhz səhnəyə, musiqi teatrına, baletə bağladı. Elə bu məziyyətlərin nəticəsində Rəsul Həmzətovun poeması əsasında Dağıstanın ilk şedevr baleti yarandı.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page