ÏÎÐÒÐÅÒËßÐ
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
Search

ÏÎÐÒÐÅÒËßÐ
POLAD BÜLBÜLOĞLU – 60
Vasif ADIGÖZƏLOV
SOLMAZ QASIMOVA – 75
Zemfira ABDULLAYEVA
YUBILEY DÜŞÜNCƏLƏRI
Ülviyyə IMANOVA
AZƏRBAYCAN MUSIQISINI AMERIKADA YAŞADAN SƏNƏTKAR
Aida HÜSEYNOVA
BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
ASYA TAĞIYEVA – 70
Təranə ƏLIYEVA
HƏMYERLIMIZ MURAD KAJLAYEVLƏ BAKIDA GÖRÜŞ
Ramiz ZÖHRABOV
RƏSUL RƏSULOV – 75
Yusif AXUNDZADƏ

 


O, Azərbaycan musiqisinin “qızıl əsri”ni təmsil edən sənətkarlardandır. Mədəniyyətimizin korifeyləri olan Bülbülün, Rəşid Behbudovun yaradıcı nailiyyətlərində onun əvəzsiz payı var. Müslüm Maqomayev, Lütfiyar Imanov, Fidan və Xuraman Qasımova bacıları bu musiqiçinin adını xüsusi rəğbətlə çəkir, ona daima öz dərin minnətdarlıqlarını bildirirlər. Azərbaycan musiqisində “konsertmeyster” anlayışını yeniləşdirmiş, onun müşayiətçi deyil, ansamblın bərabər iştirakçısı olduğunu sübuta yetirmişdir. Keçmiş SSRI-nin bütün respublikalarında, eləcə də dünyanın 32 ölkəsində öz ecazkar sənəti ilə dinləyiciləri fəth etmiş, milli musiqimizin təravətini piano alətinin vasitəsilə onlara çatdırmışdır. Deyilənlər Azərbaycan musiqisində özünə-məxsus fortepiano improvizasiya üslubunun yaradıcısı, xalq artisti, professor Çingiz Sadıxova aiddir. Artıq on bir ildir ki, Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında yaşayır. Lakin yaddaşlarda həkk olunmuş, audio və video-yazılarda əbədiləşdirilmiş onun məharətli ifası bizi yenə də heyrə tə gətirir, musiqiçinin keçdiyi zəngin və mənalı sənət yollarının, üslubunu müəyyənləşdirən amillərin aşkarlanmasına vadar edir. Çingiz Sadıxov ilə ABŞ-da görüşmüş və əməkdaşlıq etmiş müəllif görkəmli musiqiçinin mühacirətdə davam etdiyi yaradıcılıq fəaliyyəti barədə fikir və düşüncələrini oxucularla bölüşdürmək niyyətindədir.

       Xronoqraf

        Çingiz Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. Ilk təhsilini Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almış (1939-1946), sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (1946-1951), Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində (1951-1953) oxumuşdur. Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri (1953-1971), 16 saylı Bakı musiqi məktəbinin direktoru (1971-1981), “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri (1981-1990), Yəmən Demokratik Respublikasında Incəsənət institutunun təşkilatçısı və müəllimi (1973-1976), Mədəniyyət və turizm nazirinin məsləhətçisi (1983-1986), Bakı Musiqi Akademiyasının professoru kimi (1991-1994) fəaliyyət göstərmişdir. Azərbaycanın əməkdar (1959) və xalq artisti (1987) kimi fəxri adlarla təltif olunub. 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayır.

       Amerika torpağında görüş

       2001-ci ilin dekabrın 28-də təyyarəmiz San-Fransisko şəhərinin aeroportuna enməyə hazırlaşırdı. ABŞ-ın ən yaraşıqlı şəhərlərindən biri, Sakit okeanın sahilində yerləşən, amerikalıların “Frisko” adlandırdığı San Fransiskonun bir neçə diqqətəlayiq yerinə, o cümlədən Amerikanın “qızıl qapısı” kimi tanınan “Qolden Qeyt” körpüsünə və eyni adlı parka, nadir okean faunasını nümayiş etdirən Akvariuma və çinlilərin şəhərciyi “Çaynataun”a baş çəkməyə hazırlaşırdıq. Lakin mənim seyr edəcəyim daha bir əziz ünvan var idi ki, orada uşaqlıqdan tanıdığım və hörmət bəslədiyim, oxuduğum 16 saylı Bakı musiqi məktəbinin direktoru olmuş Çingiz Sadıxov ilə görüşməli idim. Uzaq 1970-ci illərdə Çingiz müəllim valideynlərimlə söhbətində “Əgər öz övladım olsaydı, onu mütləq musiqiçı görmək istərdim” deyərək, mənim gələcək taleyimin məhz musiqi ilə bağlı olmağına təkan verdi. Bir paradoks olaraq, Çingiz müəllimə bəslədiyim dərin ehtiram və minnətdarlıq hisslərini ona Bakıda deyil, uzaq Amerika torpağında ifadə edə bildim. ABŞ-da ilk görüşümüz 2000-ci ilin martında Çikaqoda, Çingiz Sadıxovun iştirakı ilə möhtəşəm “Redison” otelinin zalında keçirilən konsertdən sonra baş verdi. Azərbaycanın musiqi həyatından, dost-tanışlardan, həmkarlarımızdan doyunca söhbət etdik. Ayrılanda Çingiz müəllimdən soruşdum: “Bakıya, Azərbaycana çatdıracağınız nə var?” “Məni unutmayanlara salam söylə,” dedi. Sözlərində sanki sual işarəsi duydum və dərhal cavab verdim: “Onda salamınızı bütün Azərbaycana çatdırmalıyam.” Gülümsədi, bu sözlərdən məmnun olduğunu gizlədə bilmədi.

       Bir ildən sonra Çingiz müəllimlə yenidən görüşdük və bu dəfə əməkdaşlıq etmək qərarına gəldik: 2002-ci ilin aprelində görkəmli sənətkarımız ezam olduğum Indiana ştatının Bluminqton şəhərinə dəvət olundu, burada həm solo konserti ilə, həm də Indiana Universitetinin Beynəlxalq Vokal Ansamblı ilə birgə Azərbaycan xalq mahnılarının ifası ilə çıxış etdi. 1 Həmin layihə haqda ilk söhbətimiz məhz 2001-ci ilin dekabrında San Fransiskoda, Çingiz müəllimin yaşadığı sakit və mənzərəli, həyatın qəribə məntiqinə uyğun olaraq, Türk adlı küçədə yerləşən mənzilində baş verdi. Burada sanki Bakının ab-havası var idi. Çingiz müəllim, həyat yoldaşı Ceyran xanım və qızı Nərgiz xanım, eləcə də yaxın rəfiqəm, Bakı Dövlət Universitetinin ingilis dili müəllimi Sevda Məmmədova ilə birgə söhbətlərimiz, xatirələrimiz, zarafatlarımız bizi Vətəndən necə də uzaq olduğumuzu tamamilə unutmağa vadar etdi. Çingiz müəllim piano arxasına əyləşib çalmağa başlayanda isə, bu hi ss daha da artdı. Dünyanın nə dərəcədə kiçik olduğunu və doğma diyarın öz övladlarının ürəyində əbədi yaşamasını bir daha dərk etdim.

       Bakı – San-Fransisko

       Çingiz Sadıxovun Azərbaycanı tərk etməsi 1990-cı illərin mühacirət dalğası ilə üst-üstə düşdü. 1992-ci ildə Ceyran xanım, 1994-ci ildə isə Çingiz müəllim Bakıdan San-Fransiskoya yollandılar. Çingiz müəllimin gedişinin iki il təxirə salınması onun Minskdə qastrol səfəri zamanı ayağının ciddi zədələnməsinə görə baş verdi. Bir neçə ildən sonra Sadıxovların iki övladı ailələri ilə birgə ata-analarına qovuşdular: 1997-ci ildə Nərgiz xanım, 2000-ci ildə isə Lalə xanım Bakıdan San Fransiskoya köçdülər.

       San Fransisko heç də təsadüfi seçim deyildi. 1968-ci ildən tale Sadıxovlar ailəsini Amerikanın bu şəhərinə görünməz tellərlə bağladı. Yayda Moskvada istirahət zamanı Çingiz müəllimlə Ceyran xanım Amerikalı Meybl və Rocer Ouen ailə cütlüyü ilə tanış oldular. “Onlar küçədə yerli gənclərdən nəyi isə öyrənməyə çalışır, lakin öz fikirlərini heç cür onlara çatdıra bilmirdilər. Ingilis dili üzrə mütəxəssis olan Ceyran xanım söhbətə qatılıb, qonaqlara kömək edə bildi. Onların sevinclərinin həddi-hüdudu yox idi! Bax beləcə tanış olduq və məzuniyyətimizin qalan hissəsini Moskvada birgə keçirtdik. Səhər onlar “sitroen” markalı avtomobilləri ilə bizi “Ukrayna” mehmanxanasından götürürdülər və biz Moskvanın ən maraqlı və yaddaqalan yerlərini birlikdə seyr edirdik.” 2 San-Fransiskoda nəşr olunan qəzetin əməkdaşları olan Meybl və Rocerin məqsədi SSRI-də səyahətləri zamanı rast gəldikləri əhvalatları, ümumiyyətlə yol təəssüratlarını oxucularla bölüşmək idi . Sadıxovlarla Ouenlər arasında səmimi dostluq yarandı: otuz il ərzində onlar zəngləşir, məktublaşır və hətta görüşürdülər: Rocer Bakıya, Çingiz müəllimlə Ceyran xanım isə San-Fransiskoya səfər etdilər. Odur ki, Amerikanın bu şəhərində Sadıxovları gözləyən, onların halına yanan və yardım etməyə hazır olan səmimi dostları vardı.


1 Çingiz Sadıxovun Bluminqtonda solo konserti 2002-ci il aprelin 19-da Musiqi Incəsənət Mərkəzində, Indiana Universitetinin Beynəlxalq Vokal Ansamblı ilə birgə çıxışı aprelin 21-də Auer holda keçirildi.

2 Burada və daha sonra müəllifin Çingiz Sadıxovla apardığı müsahibənin (Bluminqton, 18 aprel 2002-ci il) materiallarından istifadə olunmuşdur.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page