À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
AZƏRBAYCAN: XARICDƏN GÖRÜNTÜLƏR SƏYAHƏTLƏRIN ƏHƏMIYYƏTI HAQQINDA
Alla BAYRAMOVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
XX əsr Azərbaycan musiqişünaslığı
Ariz ƏBDÜLƏLIYEV
AZƏRBAYCAN: XARICDƏN GÖRÜNTÜLƏR SƏYAHƏTLƏRIN ƏHƏMIYYƏTI HAQQINDA
Alla BAYRAMOVA
L.ROSTROPOVIÇ VƏ A.ZILOTININ YARADICILIQ ƏLAQƏLƏRI
Şeyla HEYDƏROVA, Könül KƏRIMOVA
1938-CI IL DEKADASININ IŞTIRAKÇISI
Nərminə BAYRAMƏLIBƏYLI

 


«Musiqi Dünyası» jurnalının 2004-cü il ¹ 3-4 (23) buraxılışında qeyd edildiyi kimi, IREX təşkilatının təşkil etdiyi və ABŞ Dövlət departamentinin maliyyələşdirdiyi «Ictimai əlaqələr» proqramı çərçivəsində 9 nəfər Azərbaycan vətəndaşından ibarət qrup Amerikada səfərdə olmuşdur. Səfərin məqsədi «Tarix və mədəniyyət abidələrinin mühafizəsi» mövzusunda ixtisaslaşma idi. Bu qrupun tərkibində olmaq mənə də nəsib olmuşdur. Səyahət musiqişünas kimi, uzun illik staja malik olan muzey işçisi kimi və universitet müəllimi kimi mənim üçün çox faydalı olmuşdur. Məsələn, Sinsinnatidə Bədii muzeyə səyahət, oranın möhtəşəm təsviri və tətbiqi sənət, toxuculuq kolleksiyalarından zövq almaqdan əlavə, müxtəlif ölkələrin musiqi alətləri kolleksiyaları ilə, o cümlədən, Şərq musiqi alətləri ilə tanış olmaq imkanı vermişdir. Orada, həmçinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində olan əsa-saz və əsa-tara oxşar, lakin çox zəngin və ustalıqla sədəflə bəzədilmiş əsa-skripkanı müşahidə etdim. Kentukki ştatının qədim bir kəndində psalmların əlyazma dəftəri (bu dini təriqətin üzvləri tərəfindən yazılmışdır) saxlanılır, muzey köşkündə isə muzey tərəfindən buraxılmış psalmların not və kompakt- diskləri satılır. Dirijor Paavo Yarvinin (17 yaşından ABŞ-da yaşayır, Eston dirijoru Neeme Yarvinin oğlu) rəhbərliyi ilə Sinsinnati simfonik orkestrinin konsertində iştirakım görkəmli Azərbaycan bəstəkarlarının sağlıqlarında səslənmiş əsərlərinin notlarını nəşr etdirmək əzmimi möhkəmlətdi. Iş orasındadır ki, konsert proqramında Y. Sibeliusun 5 hissəli «Kullervo» simfoniyası səslənmışdir. 1892-ci ildə müəllif tərəfindən bəstələnmiş və onun rəhbərliyi altında ifa olunmuş simfoniyanı tamaşaçı rəğbətlə qarşılamış və Sibelius az qala milli qəhrəmana çevrilmişdi. Buna baxmayaraq, bir sıra ifalardan sonra Sibelius əsərin mükəmmələşməyə ehtiyacı olduğunu hesab edərək elə həmin il onun ifasına qadağa qoydu. Əsər yenidən ancaq 1958-ci ildə, yəni bəstəkarın ölümündən bir il sonra ifa olunmuşdur. Daha sonra əsər nəşr olundu (1966) və audioyazısı həyata keçiri ldi (1970).

       Müəlliflərin yararsız hesab etdikləri əsərlərin nəşr edilməsi təkcə musiqi sahəsində tətbiq edilmirdi. Amerikaya hazırlaşarkən mən onun haqqında daha çox məlumat toplamaq üçün mütaliə etməyə çalışdım, xüsusilə F. Kafkanın «Amerika» romanını oxudum (yeri gəlmişkən, müəllifin özü Amerikada olmamışdır). Müqəddimədən mənə aydın oldu ki, bu roman, onun digər iki romanı kimi başa çatdırılmamış və Kafkanın qərarına əsasən dostu tərəfindən məhv edilməli idilər. Lakin məlum olduğu kimi, onlar məhv edilməmiş, dəfələrlə nəşr olunmuş, müxtəlif dillərə tərcümə edilmiş və yazıçının yaradıcılığında mühüm yer tutmuşdur.

       Çəkdiyimiz bu misallar bir daha sübut edir ki, bütün dünyada görkəmli incəsənət xadimlərinin irsi zərrə-zərrə yığılır, bərpa olunur və hər hansı səbəbdən əsəri bəstəkarın özünün geniş xalqa çatdırmaması belə ondan imtina etmək və üz çevirmək üçün əsas vermir. Bu mövqedən çıxış edərək, biz - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi - muzeyin fondlarında saxlanılan, heç kimə məlum olmayan əlyazmalar əsasında 2005-ci ildə Niyazinin piano üçün əsərlərini nəşr etdirdik.

       Sinsinnati Konservatoriyasının çox zəngin kitabxanası, xüsusilə musiqi nəşrlərinin çeşidi məni son dərəcə heyran etdi. Çoxsaylı musiqi jurnalları müxtəlif mövzulara həsr olunub. Məsələn, «Amerika musiqisinin və Amerikada musiqinin bütün aspektlərinə həsr olunmuş» Illinoys Universiteti tərəfindən nəşr olunan «American Music» rüblük jurnalı (Burada və sonra ingilis, fransız dillərinə tərcümələr mənə məxsusdur – A.B.). Öz Bülletenini və Direktoriyasını da buraxan ildə 3 dəfə nəşr olunan «Amerika Musiqişünaslıq cəmiyyətinin jurnalı». Bu cəmiyyətdən başqa Nyu-York ştatının Musiqi Nəzəriyyəsi Cəmiyyəti də mövcuddur. Onun jurnalının adı «Nəzəriyyə və təcrübə»dir. «Qender və mədəniyyət»in dəbdə olan məsələlərinə həsr olunmuş «Qadınlar və musiqi» jurnalı «qadınlar, musiqi və mədəniyyət haqqında» illik beynəlxalq nəşrdir. Müxtəlif musiqi alətlərinə həsr olunmuş nə qədər cəmiyyət varsa, hərəsinin öz jurnalı və ya qəzeti var: «Ümumdünya arfa konqresinin revyu»su, illik «Viola da qamba Amerika cəmiyyətinin jurnalı» və həmin cəmiyyətin rüblük bülleteni, mis nəfəs alətləri cəmiyyətinin qəzeti, pianoçular və piano üçün musiqi haqqında «Klavir» jurnalı və başqaları.

       Bundan başqa Nyu-Yorkda yerləşən bəstəkarlar cəmiyyətinin üzvlərinin notları ildə iki dəfə həmin cəmiyyətin «Not jurnalı»nda dərc olunur; Kembric universitetinin nəşr etdirdiyi rüblük «Tempo» müasir musiqi revyusu; Ingiltərədə dərc olunan «Kral musiqi assosiyasının jurnalı»; Musiqi ikonoqrafiyası üzrə Tədqiqat mərkəzinin buraxdığı beynəlxalq jurnal olan «Incəsənətdə musiqi» və s. və s. Bir çox jurnalların redaksiya heyətinin beynəlxalq tərkibi diqqəti cəlb edir.

       Həmçinin, daha bir fakt diqqəti cəlb edir - bu bolluq içərisində Azərbaycan, onun zəngin musiqisi, inkişaf etmiş musiqi elmi heç cür təqdim olunmamışdır, redaksiya heyətlərinin beynəlxalq tərkibində yoxuq, Azərbaycan musiqisi haqqında məqalələr və Azərbaycan musiqişünaslarının məqalələri yoxdur. Əla təchiz olunmuş çox geniş kitabxanada Azərbaycan musiqisi haqqında yalnız bir kitab vardır. Bu, 2003-cü ildə işıq üzü görmüş keçmiş həmyerlimiz indi isə ABŞ vətəndaşı Evanstondakı Nortuestern universitetinin müəllimi, musiqişünas Inna Naroditskayanın «Odlar yurdu. Azərbaycan musiqisində ənənə və dəyişikliklər» (1) kitabıdır. O, həmçinin «Asian Music» jurnalı üçün Azərbaycan haqqında yazılmış materialın yeganə müəllifidir. «Səsyazıları icmalı» bölməsində onun Bəhram Mənsurovun ifasında muğamların şərhi, jurnalın çoxillik tarixi ərzində nəşr olunan nömrələrində Azərbaycan haqqında bircə yazıdır.

       Mən bunun əsas səbəbini dil maneəsində, xarici dillərə bizim mütəxəssislərin əsərlərinin tərcümə edilməməsində görürəm. Söhbət ixtisaslı musiqişünas tərcüməsindən gedir. Bu cür tərcümələr mütləq dili bilən musiqişünaslar tərəfindən redaktə edilməlidir. Aydındır ki, bu iş maddi vəsait tələb edir. Ona görə də xaricdə Azərbaycan musiqisi haqqında həddindən az məlumat vardır, olan məlumat isə xarici təfsirlərdə verilir.

       Təəssüf olsun ki, biz hətta bizim haqda nə yazılanları belə həmişə bilmirik. Misal üçün, məlumdur ki, Azərbaycan musiqisinə fransız musiqişünası Jan Dürinq müraciət etmişdir. Lakin onun əsərləri Azərbaycanda yenə də dil maneələri səbəbindən yayılmamışdır.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page