BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI
-
Search


BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI
-
OQTAY ZÜLFÜQAROVUN 75 illik YUBILEYI MÜNASIBƏTILƏ
Nərgiz ŞƏFIYEVA
XƏBƏRLƏR
-

 


2005-ci ilin yanvar ayında Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illiyi münasibətilə Kamera musiqisi Festivalı keçirildi.

       Iki gün davam edən (28-29 yanvar) konsert proqramında ən müxtəlif nəsillərdən olan bəstəkarların kamera-instrumental və kamera-vokal janrlarında 30-a yaxın əsəri dinləyicilərin mühakiməsinə verildi.

       Festivalın açılışı və ilk konsert yanvarın 28-də Alman-Azərbaycan Mədəniyyət Birliyinin Kapellhauz zalında oldu. Tədbiri ön sözlə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov açdı.

       Konsert proqramı pianoçu Ülviyyə Hacıbəyovanın ifasında Gülbəniz Abdullayevanın Prelüd və Fuqası, Arzu Məmmədovanın piano üçün iki uşaq pyesi (Unudulmuş əfsanə və Kaleydoskop), Oqtay Zülfüqarovun piano üçün 3 Prelüdü ilə başlandı. Daha sonra I hissədə Tofiq Bakıxanovun skripka və piano üçün Rauf Adıgözəlovun xatirəsinə həsr olunmuş11 saylı Sonatası (ifaçılar: Lalə Həsənova (violino) və Fəridə Əhmədbəyova (piano), Rəna Qədimovanın Məhəbbət oyun deyil romansı (Leyla Muradzadə (vokal) və müəllif), Şəfiqə Axundovanın tar və piano üçün pyesləri (ifaçılar: Ramiz Quliyev (tar) və Esmira Manafova (piano), hissənin sonunda isə Ruhəngiz Qasımovanın öz ifasında Ana duası balladası və Yaşamağa haradan güc alım romansı səsləndi.

       Konsertin II hissəsi isə Bəstəkarlar Ittifaqının üzvlüyünə namizəd olan bəstəkarların və Bakı Musiqi Akademiyası tələbələrinin əsərlərindən təşkil olunmuşdu. Pikə Axundovanın öz ifasında piano üçün Variasiyaları; Kəmalə Həsənovanın fleyta və piano üçün Sonatinası (I hissə, ifaçılar: Yevgeniya Ivanova (fleyta) və müəllif); Lalə Hüseynovanın öz ifasında piano üçün Musiqi lövhələri və Düşüncələr pyesi, Nərminə Nağıyevanın Unudacağam səni romansı (ifaçı - Tural Ağasıyev və müəllif); Lalə Mehdiyevanın piano üçün Prelüdləri müəllifin ifasında, sonda isə Firudin Allahverdinin iki piano və lent yazısı üçün Bilenium əsəri (ifaçılar - Ayaz Qəmbərli və Mələk Qocayeva) dinləyicilərə təqdim olundu.

       Festivalın Bakı Musiqi Akademiyasının böyük zalında keçən II konsertinin proqramında aşağıdakı əsərlər səsləndi: Vasif Allahverdiyev - simli kvartetin I hissəsi (ifaçılar: Azərbaycan Dövlət Simli Kvarteti), Xədicə Zeynalova - simli kvartet üçün miniatürlər, Oqtay Rəcəbov - Kamança və piano üçün iki pyes (ifaçılar: Mehri Əsədullayeva-Eyvazova (kamança) və Sevinc Mustafayeva (piano), Ceyhun Allahverdiyevin romansları - Mən, Boğulmayan səs (söz. A.Yıldırımın), N.Gəncəvinin sözlərinə Nədəndir və Dilbər (ifaçılar - Gülnaz Ismayılova və müəllif), Sevda Ibrahimova-Violonçel və piano üçün Əzizlərimin xatirəsinə silsiləsi (ifaçılar: Eldar Isgəndərov və Kəmalə Neymanova), Ilham Abdullayev - valtorna ilə piano üçün Elegiya və Nostalji (ifaçılar - Serqey Mironov və müəllif), Azad Zahid - iki romans (ifaçılar: Gülnaz Ismayılova və Ülviyyə Məmmədova), Aqşin Əlizadə - skripka və piano üçün Portret (ifaçılar: Zəhra Quliyeva və Kəmalə Neymanova), Cahangir Zülfüqarov - piano üçün Ağ alma fantaziyası (ifaçı Cəbrayıl Hüseynli), Lalə Cəfərova - tar və paino üçün iki rəqs (ifaçılar: Eyyub Quliyev və müəllif), Rüfət Ramazanov - paino üçün Musiqi anları (ifaçı: Ülviyyə Məmmədova), Məmməd Cəfərov - Y.Imrə və N.Hikmətin sözlərinə 4 romans (ifaçı: Leyla Məmmədova və müəllif), Sərdar Fərəcov - skripka və piano üçün 2 pyes (ifaçılar: Nigar Vəliyeva və Leyla Parlanova), Rəhilə Həsənova - iki piano və baş-klarnet üçün Dəniz (ifaçılar: Fəridə Əhmədbəyova, Maya Sadıqzadə, Nizami Zeynalov).

       Fevralın 1-də Bəstəkarlar Ittifaqında Festivalın nəticələrinə həsr olunmuş konfrans-disput oldu. Bəstəkar və musiqişünasların, eyni zamanda media nümayəndələrinin iştirakı ilə keçən konfransın maraqlı məqamlarını oxucuların nəzərinə çatdırırıq.



       Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqının Katibi, Respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor): - Hörmətli xanımlar və cənablar, əziz həmkarlarım! Əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş Azərbaycan Bəstəkarlar Ittifaqının bu il 70 yaşı tamam olur. Bu illər ərzində Bəstəkarlar Ittifaqının üzvləri Azərbaycan professional musiqisini inkişaf etdirərək yüksək səviyyəyə çatdırmışlar. Heç də təsadüfi deyil ki, zəmanəmizin dahi bəstəkarı Dmitri Şostakoviç Azərbaycan bəstəkarlıq məktəbini "əla məktəb" kimi qiymətləndirmişdir. Bu fikir bizim bəstəkarlarımız üçün olduqca dəyərlidir.        Yeri gəlmişkən onu da deyim ki, hər il Bəstəkarlar Ittifaqı 10-15 tədbir keçirir: plenum, festival, baxış, müsabiqələr, görkəmli bəstəkarların yaradıcılığına həsr olunmuş müəllif gecələri, konfranslar, simpoziumlar, disputlar, təqdimat mərasimləri və i.a.

       Əlbəttə ki, hər bir plenum və festival müəyyən musiqi sahəsinə həsr olunur. Bu qəbildən olan plenum və ya festivalın əsas məqsədi müəyyən musiqi sahəsinin inkişaf prosesini izləyib, çatışmazlıqları aşkara çıxarmaq, ümumiləşdirmələr apararaq perspektivləri müəyyən etməkdir.

       Xatırladım ki, bu yaxınlarda Azərbaycan Bəstəkarlar Ittifaqının 70 illik fəaliyyətinə həsr olunmuş elmi-nəzəri konfrans keçirdik. Konfransda Bəstəkarlar Ittifaqının 70 illik fəaliyyətini açıqlayan məruzə və çıxışlar oldu. Və ümumilikdə bu konfrans çox maraqlı keçdi.

       Bu günkü konfrans-disput isə bilavasitə Azərbaycan bəstəkarlarının kamera musiqisinə həsr olunmuş festival haqqındadır.

       Xatırladaq ki, belə bir festival iki il bundan əvvəl də keçirilmişdir. Bu iki il ərzində isə bəstəkarlarımız kamera musiqisi janrında müxtəlif səciyyəli, diqqətəlayiq əsərlər bəstələmişlər. Və seçim komissiyası təqdim olunmuş əsərlərə çox diqqətlə yanaşaraq, onlardan 32-sini festivalın proqramına daxil etdi. Əsərlərin seçilməsində Bəstəkarlar Ittifaqının kamera musiqisi bölməsinin, onun rəhbəri, görkəmli bəstəkar, professor Azər Rzayevin də zəhmətini qeyd etməliyik. O da önəmlidir ki, proqramda bütün bəstəkar nəsilləri əhatə olunmuşdur. Elə əsərlər seçilmişdir ki, onlar istər konsert ifaçılığı, istərsə də tədris repertuarı üçün qiymətli örnəklər ola bilərlər. Biz bu məsələ ilə əlaqədar festivala musiqi məktəblərinin kollektivlərini, Ali musiqi məktəblərin müəllimlərini də dəvət etmişdik ki, onlar Azərbaycan bəstəkarlarının yeni əsərləri arasında seçim aparsınlar, şagird və tələbələrin tədris repertuarını zənginləşdirsinlər.

       Mən deyərdim ki, festivalın hər iki konserti uğurla keçdi. Ifa olunan əsərlər rəğbətlə qarşılandı. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti festivalın konsertlərini videoyazıya aldı, lentə yazdırdı. Yəqin ki, yaxın günlərdə həm radio dalğalarında, həm də mavi ekranda festivalın konsertləri efirə və ekrana çıxarılacaqdır. Bunun üçün biz Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.

       Indi isə Azərbaycan bəstəkarlarının yeni kamera musiqisinə həsr olunmuş konfrans-disputu açıq elan edirəm. Xahişim odur ki, çıxışçılar öz fikirlərini, çatışmazlıqları hər bir əsərə obyektiv münasibətlərini bildirsinlər. Bu, bizim üçün çox vacibdir. Və mən Sizdən açıq, səmimi çıxışlar, tənqidi qeydlər gözləyirəm.



Materialları hazırladılar: Sevda ƏLIQIZI, Lalə HÜSEYNOVA



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page