IFAÇILIQ
-
Search


YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


OXUDUĞU KIMI ÇALAN,
ÇALDIĞI KIMI OXUYAN XANIM


Görkəmli kamança ustası, professor, xalq artisti Şəfiqə Eyvazova, 1947-ci il martın 9-da Bakıda fəhlə ailəsində anadan olub.

Kamança ifaçılıq sənətini öyrənmək məqsədilə 1957-ci ildə 2 nömrəli uşaq musiqi məktəbinə, 1962-ci ildə Asəf Zeynallı adına musiqi texnikumuna, 1966-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

1974-cü ildən Konservatoriyanın müəllimi kimi fəaliyyət göstərir.

1988-ci ildə əməkdar artist, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən dosent, 1999-cu ildən isə professor vəzifəsini tutur.

Beynəlxalq qadınlar Konqresinin xüsusi medalı ilə təltif edilib. Bir çox mötəbər və səlahiyyətli dövlət orqanlarının fəxri fərman və mükafatlarını almışdır.

Yetişdirmələri xeyli saylı Respublika müsabiqələri laureatları, Konservatoriyanın, orta ixtisas və musiqi məktəblərinin müəllimləri, ansambl, orkestr ifaçıları və solistləridir.


Sevda Bədəlova: - Şəfiqə xanım, sizin kamança ifaçılıq sənətinə gəlməyinizdə kimin rolu olmuşdur?

Şəfiqə Eyvazova : - Sevda, sən məni yaxşı tanıyırsan, Konservatoriyada mənim sinfimdə oxumusan. Çox şadam ki, sən məndən müsahibə alırsan. Qaldı sənin sualına

Mənim kamança sənətinə gəlməyimdə atamın rolu olub. Onun kamançadan çox xoşu gəlirdi. Bu alətə qarşı belə sevgisi olduğunu bilən vaxt, düzü mən kamança görməmişdim. Odur ki, məndə bu alətə qarşı maraq oyandı. Bunu başa düşən atam bir gün məni filarmoniyaya xalq musiqisindən ibarət konsertə apardı. Yadımdadır, tar, kamança və xanəndə üçlüyü nə isə ifa edirdi. Atam elə oradaca kamançanı mənə göstərdi və dedi ki, onu məşhur kaman ustası Hafiz Mirzəliyev çalır. Mən onda bu alətə vuruldum. Hətta konsertdən sonra atam Hafiz Mirzəliyevə və digər musiqiçilərə yaxınlaşıb bir dinləyici kimi öz təşəkkürünü bildirdi. Bu zaman mən Hafiz müəllimin əlində tutduğu kamançaya həsrətlə baxırdım. Bunu görən ustad dedi: Sən də kamança çalmaq istəyirsən? Onun sözünün qurtarması ilə mənim hə deməyim bir oldu. Bəli, məni kamança sənətinə 1957- ci ildə Hafiz müəllim gətirib.

S.B.: - Sizin elə unikal, özünəməxsus ifaçılıq sənətiniz var ki, onu ailənizdə, nəslinizdə, boya-başa çatdığınız mühitdəki şərait və yaxud digər, məsələn, gendən gəlmə amillər ilə izah etmək olarmı?

Ş.E.: - Bizim nəslimizdə sırf professional musiqiçi olmayıb. Ancaq onu deyə bilərəm ki, atamın gözəl, şirin səsi var idi. Hərdən, yaxın qohum və dostlar arasında oxuyardı. Xüsusilə, Irəvanda xal qalmadı mahnısını özünəməxsus dağlı ləhcəsində ifa edərdi. Bir də anamın qohumlarından olan Xələf dayı yaxşı səsi olduğuna görə toylarda xanəndəlik edirdi. Qaldı ki, ailə və qohum-əqrabalarımızın mədəni mühitinə, biz Xızı rayonundanıq, bizim çox savadlı nəslimiz var. Anamın babasının əmisioğlu məhşur şairimiz Mikayıl Müşfiq olub. Düzdür atamın təhsili, savadı olmamışdı, ancaq o, çox yüksək mədəniyyətə malik idi. Övladlarının savad alması, sənət sahibi olması üçün əlindən gələni etməyə hazır idi. Çox şükür ki, atamın arzuları həyata keçdi. Mən kamançaçı, qardaşım və bacım isə qarmon çalan oldular. Böyük qardaşım Yavər isə poeziyanı çox sevərdi. O, Moskva Dövlət Universitetini bitirmiş və orada da namizədlik disertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdı. Təəssüf ki, o vaxtından əvvəl vəfat etdi. Yavər ç ox savadlı adam idi. Bizim hamımızı ziyalı görmək istəyirdi. Onun bir xasiyyəti, rəhmətlik Müşfiqə oxşayırdı. Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə xatirələrində onun həmişə papaq itirdiyini söyləmişdi. Qəribə burası idi ki, Yavər də həmişə papaq itirərdi. Anam ona deyərdi ki, sən də döndün Müşfiqə.

S.B.: - Mənə məlumdur ki, sizin gözəl səsiniz vardır. Kamança çalmaqda səsiniz sizə kömək edirmi?

Ş.E.: - Mənə elə gəlir ki, oxumağım mənə kömək edir. Amma bilmirəm ki, mən oxuduğum kimi çalıram, ya çaldığım kimi oxuyuram. Onu bilirəm ki, oxumağa meylim atamdan gəlir.

S.B.: - Belə çıxır ki, oxumağı kamança çalmaqdan yaxşı bacarırsınız. Məncə məhz buna görə də kamançada muğam ifaçılığınız oxumağınız kimi bənzərsizdir, sanki kamançanı dilləndirirsiniz, oxudursunuz. Çaldığınız hər hansı muğamın hər bir musiqi ibarəsinin, guşəsinin qayəsi dinləyicini düşünməyə vadar edir, onları sehrli aləmə aparır. Bizcə, belə nağılvari ifa Əhsən Dadaşov ifasının metodikasından bəhrələnmişdir. Elə deyilmi?

Ş.E.: -Tamamilə doğru deyirsən. Mən onun muğam ifa manerasından, təqdim etmə ustalığından bəhrələnmişəm. Lakin çaldığım muğamlar öz qəlbimdən gələn düşüncələrdir. Dərk etdiyim kimi çalıram.

S.B.: - Siz bir muğamı canlı şəkildə, təkrarən ifa edəndə eyni formada çalırsınız? Yoxsa

Ş.E.: - Xeyir, hər dəfə müxtəlif şəkildə alınır, o asılıdır, mənim əhval-ruhiyyəmdən, auditoriyadan, şəraitdən, dinləyicilərin səviyyəsindən.

S.B.: - Indi mən istərdim təhsiliniz haqqında bir neçə söz deyəsiniz.

Ş.E.: - Mən ilk təhsilimi 2 nömrəli uşaq musiqi məktəbində ixtisas fənni üzrə mərhum bəstəkar Ağabacı Rzayevanın bacısı Rəfiqə xanımın sinfində almışam. Musiqi nəzəriyyəsini isə görkəmli musiqişünas Fatma xanım Zeynalovadan öyrənmişəm. Sonralar Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olmuşam. Müəllimim tanınmış kamança ustası Tərlan Qazıyeva olmuşdur. Artıq, bu dövrlərdə az-çox radio və televiziyada çıxışlarım tez-tez olduğundan məni görkəmli musiqiçilər də tanıyırdılar. Mən oxuduğum dövrlərdə Musiqi texnikumunun direktoru olmuş professor Azər Abdullayevin mənə qarşı olan qayğıkeşliyini unutmamışam. Texnikumu bitirəndən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Konservatoriyaya girməyimdə isə, o vaxtki rektor xalq artisti, görkəmli bəstəkar Cövdət Hacıyevin xüsusi qayğısını indiyə kimi unutmuram. Çünki, mənim Konservatoriyaya daxil olmağımda onun rolu olub. Konservatoriyaya daxil olana qədər o, mənim kamança çalmağımı eşitmişdi. Texnikumda buraxılış imtahanı vaxtı mənim çalğıma q ulaq asıb dedi: Bu qız Konservatoriyaya oxumağa gəlsə mən onu götürərəm. Cövdət müəllim doğrudan da necə demişdi, elə də etdi. Mən musiqi imtahanlarından keçdim, amma tarix imtahanınıda şəxsən özü mənə köməklik etdi. Demişdi: Mən tarixçi hazırlamıram, mən musiqiçi hazırlayıram. Yaxşı ki, həyatda yaxşı adamlar varmış. Yeri gəlmişkən, çox təəssüflə qeyd etmək istərdim, bəzən elə olur ki, gözəl bir musiqiçi tələbə qeyri-musiqi fənnlərindən (fəlsəfə, siyasi iqtisad, ədəbiyyat və s.) müvəffəq qiymət ala bilmədiyi üçün Konservatoriyadan xaric olunur. Bəlkə, mən də o vaxt tarix imtahanından qeyri-kafi qiymət alaydım, bilmək olmazdı bu mənim musiqiçi olmağıma necə təsir edərdi. Mən bununla heç də onu demək istəmirəm ki, musiqiçi fəlsəfəni, ədəbiyyatı bilməməlidir. Lakin, yaxşı musiqiçinin taleyini də nəzərə almaq lazımdır. Belə məsələlər onunla bağlıdır ki, Konservatoriyaya qədər təhsil verən musiqi məktəbləri bu fənnləri çox zəif öyrədirlər.

S.B.: - Biz bilirik ki, 1960-70- ci illərdə sizin kamança ifaçılığınız elə müvəffəqiyyət qazanmışdı ki, bütün qızlar kamança çalmaq istəyirdilər. Məhz bunun nəticəsində qızlar arasında xeyli sayda ifaçılar meydana çıxdı və ənənə indi də davam edir. Bu sizi fərəhləndirirmi?

Ş.E.: -Doğrudan da etiraf etməliyəm ki, o dövrlərdə mən televiziya, radio dalğalarında tez-tez çıxış edirdim. Bəli, ona görə mənə çox müraciətlər olurdu. Qızlar, qadınlar bu sənəti məndən öyrənmək istəyirdilər. O zaman vaxtım, imkanım çox az olduğuna baxmayaraq, mən onların ürəklərini sındırmır, onlara fərəhlə dərs keçirdim. Əlbəttə, bunlar məni sevindirirdi.

Azərbaycan kamança ifaçılıq sənəti daim inkişaf etdirilməlidir, o heç vaxt sönməməlidir. Mən indiyə kimi bu amalla çalışıram. Musiqi alətlərimiz bizim milli musiqi folklorumuzun qorunması, tarixi və nəzəri sahələrinin öyrənilməsinin mənbəyidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page