ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


- Sadıq müəllim, Siz zərb alətlərindən qoşanağaranın ən mahir ifaçısı kimi xalq içərisində tanınır və sevilirsiniz. Belə demək mümkünsə, qoşanağaranın bəxti Sizinlə yamanca gətirdi. Amma Sizin də zərb alətləri ifaçıları arasında yeganə xalq artisti olmağınızda bu musiqi alətinin xidməti az olmayıb. Xalq artisti, qoşanağaraçalan Sadıq Zərbəliyev görəsən bu müsabiqədə gənc ifaçılardan razı qaldımı?

       - Sadıq Zərbəliyev (xalq artisti): Milli musiqimizin yaranmasında, onun inkişafında başqa milli musiqi alətləri kimi qoşanağara da əhəmiyyətli yer tutur. Bu alət mənə olduqca doğma və əzizdir. Onunla dünyanın neçə-neçə ölkəsində olmuşam. Çıxışlarımız da hər dəfə alqışlarla qarşılanıb. Sözsüz ki, bunlar gərgin yaradıcılıq axtarışlarının, çəkdiyim ağır zəhmətin bəhrəsidir. Bu alətdə çalanda fikir versəniz görərsiniz ki, mən tutduğum çubuqlarla sadəcə olaraq onu döyəcləmirəm. Əslində onunla danışır, söhbət edirəm. Ürəyimdən keçənləri bölüşürəm. Cansız saydığımız bu alət ürəfimdən keçənləri hiss edir desəm məni qınamayın. Vallah, qoşanağara hələ də sirri açılmamış bir dünyadır. Ona görə də müsabiqə məni çox maraqlandırırdı. Düşünürdüm ki, hələ bərkdən-boşdan çıxmayan gənc zərb alətləri ifaçıları bu sənət sınağından necə çıxacaqlar. Tanınmış sənətçilər, tamaşaçılar qarşısında öz sözlərini deyə biləcəklərmi. Düzü, onlardan betər mən həyəcan keçirirdim. Ancaq sən demə onlar başqa aləm imiş. Səhnədə özlərini elə sərbəst aparırdılar, deyərdin bəs neçə belə tədbiri yola veriblər. Ifalarına da söz ola bilməzdi. Aydındır ki, zərb alətlərində tək ifa xüsusi məharət və bacarıq tələb edir. Ritmi tutmaq, onu tam mənasında dinləyiciyə çatdırmaq üçün həssas əl, barmaqlar lazımdır. Yoxsa boş hay-küy kimə gərəkdir. Məni sevindirən o oldu ki, müsabiqə iştirakçıları arasında zərb alətlərinin vurğunu olanlar çox idi. Salyandan Əliyev Eşqinin ifası tək mənim yox, münsiflər heyətinin bütün üzvlərinin xoşuna gəldi. Onun uğurlu çıxışı gələcəkdə mahir sənətçi olacağından xəbər verirdi. Nağaraçalanlardan Hüseynov Elşən, Zərbəliyev Ramiq, Məhərrəmov Raqil, Abdullayev Taleh, zərb alətində Məcidova Günay öz ifa tərzi ilə başqalarından seçilirdi.

       Əlbəttə, müsabiqə haqqında, bunun əhəmiyyəti barədə çox söz demək olar. Təkcə onu deyim ki, milli dəyərlərimizə, gənc istedadlara bu cür diqqət və qayğı yeni istedadların yetişməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir. Milli mədəniyyətimizə xeyirxah münasibət göstərdiyi üçün şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna minnətdarlığımı bildirirəm.

       - Isfəndiyar müəllim, Siz 2002-ci ilin dekabr ayında Şəmkir rayonunda keçirilmiş gənc aşıqların respublika müsabiqəsinin münsiflər heyətinin sədri idiniz. Bu müsabiqədə isə münsiflər heyətinin üzvü kimi iştirak etdiniz…

       - Isfəndiyar Rüstəmov (aşıq, əməkdar mədəniyyət işçisi): Elədir. Amma o tədbirin yeri başqa idi, bu tədbirin yeri başqa. Şəmkirdə, necə deyərlər, meydan sazlı-sözlü gənc aşıqlara verilmişdi. Deməli, münsiflər heyətinin sədri mən olmasam da başqa bir aşıq olacaqdı. Bu dəfəki müsabiqə isə daha əhatəli idi. Burada həm simli alətlər, həm də nəfəs və zərb alətləri ifaçıları iştirak edirdilər. Münsiflər heyətinin tərkibinə respublikamızın adlı-sanlı sənətçiləri ilə yanaşı daxil edilməyim mənim üçün böyük hörmətdir. Buna görə şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna minnətdarlığımı bildirirəm.

       - Yadınızdadırsa, Şəmkirdə bir dəfə söhbət zamanı fəxrlə: - Sazın səsi məni cavanlaşdırır. Bu istedadlı gənclər ötənləri xatırladır mənə, ömrümün üstünə ömür gəlir-dediniz. Mən də sözünüzə qüvvət verdim:

        Göyün üzü çeşmə kimi durular,
        Təzənə toxunub dillənəndə saz.
        Dəli çaylar sakitləşər, lal axar,
        Kükrəyib daşanda, sellənəndə saz.
        Xan çinarlar dayanarlar baş-başa,
        Lalə, nərgiz, süsən eylər tamaşa.
        Cavanlaşar ömür, heç baxmaz yaşa.
        Nazlana-nazlana tellənəndə saz.


       - Bəs bu dəfəki müsabiqədə necə, bir daha cavanlaşa bildinizmi?

       - Cavanlaşdın da sözdü ! Saz möcüzədir. Ulu Dədə Qorquddan üzü bu yana saz əldən düşməyib. Xalqımız bunu həmişə müqəddəs hesab edib, əziz tutmuşdur. Ancaq bu günə kimi heç kəs sazın sirli dünyasını axıradək aça bilməyib. Bəlkə buna görədir, saza indi də həvəs çoxdur. Bunu Şəmkirdə keçirilən müsabiqə də göstərdi. Əli Bayramlıya gəlmiş saz ifaçıları arasında olduqca istedadlı gənclər vardı. Qazaxdan Gülümcanov Yaşar, Tovuzdan Hüseynov Firudin, Zeynalov Roman, Gədəbəydən Məmmədov Ilqar, Şamaxıdan Təmirov Ismixan, Şuşalı Ilyasov Ziyadxan, Şəmkirdən Hüseynov Ilqar həqiqətən mənə gəncliyimi xatırlatdı. Onların xüsusi həvəslə, şövqlə çaldıqları «Qarası», «Misri», «Dilqəmi», «Cəngi Koroğlu», «Incəgülü», «Orta Sarıtel», «Ruhani», «Kərəm gözəlləməsi» saz havaları ruhumu təzələdi. Görün iş nə yerə çatdı ki, qaliblərin mükafatlandırılma mərasimi ilə əlaqədar təşkil olunan gecədə saz götürüb səhnəyə çıxdım. Mənə cavanlığımı xatırladan gənclərə qoşulub gənclik həvəsi ilə çalıb-oxudum. Indi bildinmi nəyə görə deyirə m saz məni cavanlaşdırır ! O ki qaldı Salyanda keçirilən tədbirə, bu özü də bir aləm idi. Çünki bizim bütün milli musiqi alətlərimiz bənzərsizdi. Istər saz olsun, istərsə də tütək, ney, zurna, balaban, ya da nağara, qoşanağara. Bunlar el şənliklərinin, toyların həmişə yaraşığı olmuşdur. Ulularımızdan bizə yadigar qalmış neçə-neçə xalq mahnısı, el havaları bu nadir, bənzərsiz musiqi alətlərinin heyrətamiz səsi, sədası altında yaranmayıbmı? Məni sevindirən odur ki, nəfəs alətlərinə, zərb alətlərinə uşaqlar və gənclər arasında böyük maraq, həvəs var. Amma məsələ bununla bitmir. Belələri ilə məşğul olmaq, onları öyrətmək gərəkdir. Ustad sənətkarlarımız onların qayğısını çəkməlidir. Nəfəs və zərb alətləri ifaçıları arasında istənilən qədər bacarıqlı balalarımız vardır. Nəfəs alətləri ifaçılarından Şəkidən Allahverdiyev Ayazın (zurnada), Lənkərandan Ağayev Şövqinin (balabanda), Salyandan Quliyev Eldənizin (zurnada), Qazaxdan Xasayev Ilhamın (zurnada), Masallıdan Yaqubov Elşənin (balabanda) çıxışı hamıda xoş təəssü rat yaratdı. El havalarını, xalq mahnılarını bu gənclər özlərinə məxsus tərzdə ifa etdilər. Bununla belə bir məsələyə də toxunmağı vacib sayıram. Deyəcəyim tütəyin, neyin gələcək taleyi ilədir. Başqa musiqi alətləri ilə müqayisədə bunların bəxti, bir az sərt çıxsa da, deyəsən gətirməyib. Müsabiqədə səhv etmirəmsə 4 və ya 5 nəfər tütəkçalan iştirak edirdi. Onlardan biri də Qaxdan gəlmişdi. Milliyyətcə gürcü olan Sardalaşvili Rauli idi. Onun qoşa tütəkdə çaldığı «Gürcü rəqsi» hamının xoşuna gəldi. Biləsuvardan gəlmiş Buludov Ilkinin də çıxışı xoş təsir bağışladı. Amma düşünürdüm, görəsən, bir az yanğılı, kövrək səsli neyə, quş səsinə bənzər avazı könül oxşayan tütəyə başqa musiqi alətləri ilə müqayisədə maraq niyə azdır. Axı bu musiqi alətləri bizimdir. Musiqi xəzinəmizin heç bir nadir incisini itirməyə, yaxud ona qarşı laqeyd münasibətə haqqımız yoxdur. Başqalarına da elə bu lazımdı nəyi isə unudaq. Vallah, kiməsə yarınmaq xatirinə demirəm. Sağ olsun Mədəniyyət Nazirliyi. Milli mədəni dəyərlərimizi qoruyub y aşatmaq naminə necə xeyirxah işlər görür. Bu işlərin gələck bəhrəsini indidən görmək, qiymətləndirmək lazımdır.

       Aşıq Isfəndiyarla söhbətimiz buradaca bitdi. Ancaq hiss edirdim, demək istədiklərinin hamısını açıqlamadı. Amma onun dediklərində bir məqama qayıtmaq istəyirəm: «Musiqi xəzinəmizin heç bir nadir incisini itirməyə, yaxud ona qarşı laqeyd münasibətə haqqımız yoxdur». Haqlı sözdür, Aşıq Isfəndiyar ! Necə deyim ki, belə əlamətdar tədbirdə bir nəfər də olsun ney ifaçısı gözə görünmədi. Ya da gürcü Raulidən fərqli olaraq bizimkilərdən biri dükan-bazarda uşaqlar üçün satılan tütəklə səhnəyə çıxmışdı. Əlbəttə, bəziləri zənn etməsin ki, bunları qabardıb faciə yaratmaq istəyirəm. Heç də belə niyyətim yoxdur. Ancaq faciə onda olar ki, bir də görəsən, ya eşidəsən ki, haradasa keçirilən tədbirdə elan edələr: neydə çalır: filankəs …

       O filankəs də əlində ney yaxınlaşır mikrofona və şərik çıxdıqları «Sarı gəlin»i qoyur yaman günə. Xain və nankor qonşularımızdan nə desən gözləmək mümkündür. Olsun ki, dediklərimi mənə irad tutan da tapılsın. Sənin dediklərini biz çoxdan demişik, boşla uşaq söhbətini, heç kəsdən heç nə almadığımız kimi, heç kimə də nəyi isə vermərik deyənlər də olsun. Elədə mən də üzümü tutub deyərəm: - Başımıza gələnləri görməyə göz gərəkdir. Yox, görmək hələ azdır, nə isə …

       Mədəniyyət Nazirliyinin son vaxtlar keçirdiyi müsabiqələr milli mədəniyyətimizin təkcə bu günü üçün deyil, eyni zamanda sabahı, gələcək inkişafı üçündür. Milli mədəni dəyərlərimizin qorunub-saxlanılması, gələcək nəsillərə çatdırılması, yeni istedadların üzə çıxarılması üçündür. Qoy onda aidiyyatı kəslər bu qayğıya əsl vətəndaş mövqeyindən yanaşsın. Unutmayaq ki, milli dəyərlərimizə qayğı mədəniyyətimizə qayğıdır.

Məmməd MƏMMƏDOV


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page