MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
Search


YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


MILLI DƏYƏRLƏRIMIZƏ QAYĞI MƏDƏNIYYƏTIMIZƏ QAYĞIDIR

Dünyanın başqa xalqları kimi Azərbaycan xalqı da özünəməxsus milli adət-ənənələrə, hər kəsi heyrətə gətirə biləcək milli mədəni dəyərlərə malikdir. Istər xalçaçılıqda, tətbiqi və təsviri sənətdə, musiqidə, istərsə də xalq yaradıcılığının digər sahəsində qazandığı uğurlar xalqımıza şöhrət gətirmiş, onu bütün dünyaya tanıtmışdır. Qürur hissi ilə deməyə haqqımız çatır ki, Azərbaycan mədəniyyəti əvəzolunmaz, bənzərsiz milli dəyərləri ilə dünya mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.

Respublika Mədəniyyət Nazirliyi xalqımıza məxsus nadir milli mədəni dəyərlərin qorunmasına indi daha artıq diqqət yetirir. Xalq sənətinin inkişafına, yeni xalq sənətkarlarının, istedadlı gənclərin üzə çıxarılmasına xüsusi qayğı göstərir.

1998-2000-ci illərdə Bakı şəhərində xalq sənətkarlarının əl işlərinə respublika baxış-müsabiqəsi, 2002-ci ilin sentyabr ayında Astarada uşaq muğam ifaçılarının, həmin ilin dekabr ayında Şəmkirdə gənc aşıqların respublika müsabiqələri mədəni həyatımızda uğurlu hadisələrdən oldu. Yüksək səviyyədə keçirilmiş həmin tədbirlər qədirbilən xalqımız tərəfindən razılıqla qarşılandı. Tanınmış sənətçilər bunların hər birini milli irsimizə qayğı kimi qiymətləndirdilər. Keçirilən hər tədbirdən sonra yeniyetmələr və gənclər arasında xalq sənətinə maraq daha da artmağa başladı. Neçə-neçə istedad sahibi müsabiqələrdə öz bacarıq və qabiliyyətlərini uğurla nümayiş etdirdi.

Deməli, yerlərdə də bu işin təşkilinə lazımi diqqət yetirilir, istedadların üzə çıxarılması üçün məqsədyönlü iş aparılırdı. Belə tədbirlərin davamı kimi 2003-cü ilin noyabr ayında Əli Bayramlı şəhərində və Salyan rayonunda milli musiqi alətləri ifaçılarının respublika müsabiqəsi keçirildi.

Musiqi mədəniyyəti tarixində əvəzsiz yeri və əhəmiyyəti olan milli musiqi alətlərinə gənc nəsildə həvəs və marağı artırmaq, yeni istedadlı ifaçıları üzə çıxarmaq müsabiqənin əsas məqsədi idi.

Müsabiqənin iki turdan ibarət keçirilməsi nəzərdə tutulmuşdu. Birinci tur şəhər və rayonlarda, ikinci yekun tur simli alətlər üzrə Əli Bayramlı şəhərində, nəfəs və zərb alətləri üzrə Salyan rayonunda.

Müsabiqənin yekun turunda qaliblərin müəyyən edilməsi məqsədilə respublika münsiflər heyəti yaradılmışdı.

Respublika Münsiflər Heyətinin tərkibinə aşağıda adları göstərilən şəxslər daxil edilmişdi:

1.Ağaverdi Paşayev - Azərbaycan Milli Konservatoriyası dirijorluq kafedrasının müdiri, professor, tarzən, sədr.
2.Şəfiqə Eyvazova - Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, üzv.
3. Möhlət Müslümov - Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, tarzən, üzv.
4.Fəxrəddin Dadaşov - Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamançaçalan, üzv.
5.Sadıq Zərbəliyev - Xalq artisti, qoşanağaraçalan, üzv.
6. Tariyel Məmmədov Musiqi Dünyası jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, musiqişünas, üzv.
7. Oqtay Muxtarov - Mədəni-maarif baş idarəsi klub işi və xalq yaradıcılığı şöbəsinin rəisi, üzv.
8. Azəri Əhmədzadə - Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru, üzv.
9. Isfəndiyar Rüstəmov - Aşıq, Gədəbəy rayonu, üzv.

Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunmuşdu:
I mükafat 1000000 manat, I dərəcəli diplom və laureat adı.
II mükafat 750000 manat, II dərəcəli diplom və laureat adı.
III mükafat 500000 manat, III dərəcəli diplom və laureat adı.
2 həvəsləndirici mükafat hər biri 250000 manat və diplom.
Mədəniyyət Nazirliyinin 3 fəxri fərmanı.

Əsasnamədə göstərilmişdi ki, müsabiqə iştirakçılarından iki nəfər eyni yerə layiq görülərsə, münsiflər heyətinin qərarı ilə mükafat onların arasında bölünə bilər.

Dövlət təşkilatlarının, ictimai və özəl təşkilatların (birliklərin) müsabiqə qalibləri üçün öz xüsusi mükafat və prizlərini təsis etmələri haqqında məlumat da Əsasnamədə öz əksini tapmışdı.

Milli musiqi alətləri ifaçılarının Respublika müsabiqəsinin yekun turu həm Əli Bayramlı şəhərində, həm də Salyan rayonunda uğurla başa çatdı. Respublikamızın müxtəlif şəhər və rayonlarından gəlmiş onlarca gənc çətin sənət sınağından layiqincə çıxdı. Iş onda deyil ki, müsabiqədə kimlərsə mükafat aldı, kimlərsə yox. Ürək açan o idi ki, bu gün milli dəyərlərimizə göstərilən diqqət və qayğı öz bəhrəsini verdi. Yeni istedadlı ifaçılar üzə çıxdı. Kim bilir, bəlkə onlardan bir çoxu gələcəkdə xalqımızın sevimli sənətçiləri olacaq. Yəqin ki, o zaman onlar Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqəni minnətdarlıqla xatırlayacaqlar.

Müsabiqənin yekun turu başa çatdıqdan sonra münsiflər heyətinin sədri Ağaverdi Paşayevdən, münsiflər heyətinin üzvləri Şəfiqə Eyvazova, Sadıq Zərbəliyev və Aşıq Isfəndiyardan bu əlamətdar tədbir haqqında fikir və rəylərini bildirmələrini xahiş etdim.

- Ağaverdi müəllim, son illər milli mədəni dəyərlərimizə münasibət əsl mənada geniş vüsət alıb. Buna necə baxırsınız?

- Ağaverdi Paşayev (münsiflər heyətinin sədri):

Musiqi milli mədəniyyətimizdə özünəməxsus əhəmiyyətli yer tutur. Xalq musiqisinin yaranışı isə məlum olduğu kimi qədim tarixə malikdir. Bu da ilk növbədə milli musiqi alətlərinin yaranışı ilə bağlıdır desəm səhv etmərəm. Elə musiqi alətləri var ki, bunların nə vaxt düzəldildiyi barədə fikir söyləmək belə çətindir. Yaranma tarixindən asılı olmayaraq hər bir musiqi aləti xalqımızın mədəni həyatında xüsusi əhəmiyyət kəsb etmişdir. Saz, tütək, ney, zurna, balaban, nağara həmişə el şənliklərinin bəzəyi olmuş və olaraq qalmaqdadır. Tar, kamança, ud özünəməxsus ecazkar səsi ilə sirli-sehrli bir aləmdir. Milli musiqi alətlərimizin həzin səsi, şirinliyi klassik şairlərimizi belə cəlb etmiş, onların qəzəllərində, şerlərində bunlardan hətta bənzətmə vasitəsi kimi istifadə olunmuşdur. Dahi Füzuli aşiqin keçirdiyi hissləri neylə müqayisədə necə də gözəl ifadə etmişdir:

Nalədəndir ney kimi avazeyi eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page