ÉĹÍČËČĘËßĐČĚČÇ
MUZEYLƏRDƏ
-
Search

ÉĹÍČËČĘËßĐČĚČÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


YUBILEYƏ ƏN GÖZƏL TÖHFƏ

       Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ev muzeyində mütəmadi olaraq müxtəlif tədbirlər, bəstəkarın xatirə gecələri keçirilir, əsərlərinin ildönümü qeyd olunur. Üzeyir Hacıbəyovun görkəmli tələbələrinin, əsərlərinin iştirakçılarının, müasirlərinin, pərəstişkarlarının da yubileylərinin, yeni kitablarının təqdimat mərasimlərinin bu evdə keçirilməsi artıq ənənəvi hal almışdır. Buna misal olaraq biz, son illərdə keçirilmiş Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Ağabacı Rzayevanın, Bəhram Mansurovun, Şahmar Əkbərzadənin, Vladimir Qafarovun, Ramazan Xəlilovun, Hüseyn Cavidin, Süleyman Ələsgərovun, Məmməd Cavadovun xatirə gecələrini göstərə bilərik.

       31 yanvar 2004-cü il tarixində isə burada əməkdar incəsənət xadimi, aktyor Əhməd Ağdamskinin 120 illik yubileyi qeyd olunurdu.

       Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Üzeyir Hacıbəyovun doğma xalası oğlu olmuş, ötən əsrin ilk illərində Azərbaycanda qadın ifaçıların olmadığı bir zamanda Üzeyir bəyin xahişi ilə ilk dəfə «Leyli və Məcnun» operasında Leyli rolunu oynamışdır. Sonralar Əhməd Ağdamski bəstəkarın bir-birinin ardınca qələmə aldığı «Rüstəm və Söhrab» operasında Təhminə, «Şah Abbas və Xurşidbanu»da Xurşidbanu, «Əsli və Kərəm»də Əsli, «Ər və arvad»da Minnət, «O olmasın, bu olsun»da Gülnaz, «Arşın mal alan»da Gülçöhrə rollarını böyük məharətlə ifa etmiş, beləliklə, Azərbaycan incəsənəti tarixində qadın rollarının əvəzsiz ifaçısı kimi qalmışdır. Qadın rolları ifa etdiyi üçün daim izlənən, təqib olunan bu sənət fədaisi öz soyadını, yaşayış yerini dəyişmək məcburiyyətində qalır. O, 1934-cü ildən ailəsi ilə birlikdə Ağdaş rayonunda məskunlaşır, ömrünün sonuna qədər orada yaşamalı olur. Ağdaşda musiqi məktəbi yaradan Əhməd Ağdamski uzun illər bu məktəbdə fəaliyyət göstərmiş, neçə-neçə gö rkəmli musiqiçilər, sənətkarlar yetişdirmişdir.

       Yubiley münasibətilə keçirilən tədbirə tanınmış ziyalılar, incəsənət xadimləri dəvət olunmuşdular.

       Ilk çıxışı muzeyin direktoru Səadət Qarabağlı etdi. O, qonaqları salamlayaraq giriş sözü söylədi. Səadət xanım Əhməd Ağdamskinin Azərbaycan incəsənəti tarixində göstərdiyi xidmətlərdən danışdı. Ağdaş musiqi məktəbinə onun yaradıcısının adının verilməsinin vacibliyini qeyd etdi. Sonra muzeyin elmi işçisi Sevinc Quliyeva Əhməd Ağdamskinin yaradıcılığı haqqında geniş məruzə etdi. Tədbirə dəvət olunmuş Teatr Xadimləri Ittifaqının sədri Azər Paşa Nemətovun da çıxışı Əhməd Ağdamskinin Azərbaycan teatrının tarixindəki rolu haqqında oldu.

       Çıxış üçün söz Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə verildi. O, «Leyli və Məcnun» kimi sənət incisinin bütün dünyaya yayılmasının vacibliyindən söz açdı. Əhməd Ağdamski kimi sənət fədailərinin unudulmaması üçün belə tədbirlərin vaxtaşırı təşkil olunmasını tövsiyə etdi. Professor Bədəlbəyli Musiqi Akademiyasına Üzeyir Hacıbəyovun adının qaytarılmasının vacibliyini də qeyd etdi.

       Ağdaş musiqi məktəbinin yetirməsi, mahir kamança ustası Habil Əliyev Əhməd Ağdamski haqqında xatirələrini söylədi. O, aktyorun insani keyfiyyətlərindən söz açdı. Onun az bir müddət ərzində Ağdaşın ən hörmətli ağsaqqalı olmasından danışdı.

       Yazıçı-jurnalist Mustafa Çəmənlinin də çıxışı çox maraqla dinlənildi. O, dedi ki, Üzeyir bəy olmasaydı «Leyli və Məcnun» olmazdı, «Leyli və Məcnun» olmasaydı Ağdamski, Sarabski olmazdı. Yazıçı müxtəlif illərdə Əhməd Ağdamski haqqında mətbuatda dərc olunmuş yazılardan söz açdı. Onun gözəl tar çalma qabiliyyətindən danışdı, Ağdaşda küçələrdən birinə, musiqi məktəbinə onun adının verilməsinin vacibliyini xüsusi qeyd etdi.

       Sonra Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru Natiq Vəliyev, Üzeyir bəy sənətinin vurğunu Arif Hüseynov çıxış etdilər. Bu sənət məbədinə hər gəlişlərində qürur hissi keçirdiklərini söylədilər.

       Kinoşünas Aydın Kazımzadənin çıxışı kinomuzun tarixi haqqında oldu. O, «Arşın mal alan» əsərinin 1917-ci ildə çəkilmiş ilk kino variantından, aktyor Ağdamskinin bu filmdə Gülçöhrə rolunu oynamasından danışdı.

       Son söz aktyorun oğlu kimyaçı alim, professor Telman Ağdamskiyə verildi. Professor çıxışında Bədəlbəylilər nəslinin tarixindən, böyük əmisi Bədəl bəyin Bakıda açdığı məktəbdən, bu məktəbdə Hüseyn Cavidin müəllimlik etməsindən, Cəfər Cabbarlının təhsil almasından söhbət açdı. Atası haqqında o dedi ki, keçən əsrin əvvəllərində qoçulara, nadanlara məhəl qoymadan Leyli, Əsli, Gülçöhrə rollarını ifa edən Əhməd bəyin hər bir çıxışının sonu ölümlə nəticələnə bilərdi. Lakin o, Azərbaycan incəsənitinin inkşafı naminə hər cür fədakarlığa hazır idi. Telman müəllim onu da qeyd etdi ki, 1954-cü ildə atamın vəfatından sonra ağdaşlılar onun cənazəsinin Ağdaşdan çıxarılmasına heç cür razılıq vermədilər. Əhməd bəyin Ağdaşda dəfn olunmasını tələb etdilər. Daha sonra professor Ağdamski Azərbaycan operasının bu günkü inkişafı haqqında öz fikirlərini söylədi. Çıxışının sonunda bu tədbirin təşkilatçılarına, gələn qonaqlara dərin minnətdarlığını bildirdi.

       Tədbirin sonunda qonaqlara kiçik bir konsert proqramı təqdim olundu. Əvvəlcə Opera və Balet teatrının solistləri Gülüstan Əliyeva və Səbuhi Ibayev «Leyli və Məcnun» operasından bir hissə ifa etdilər. Onları tarda Elxan Mansurov müşayiət edirdi. Sonra «Arşın mal alan» operettasından kiçik bir səhnə nümayiş etdirildi. Telli rolunda 4-cü sinif şagirdi Məmmədova Azadə, Vəli rolunda-5-ci sinif şagirdi Ələkbərov Xəyal çıxış etdilər. Onları müşayiət edirdilər: tarda-Məmmədzadə Iqbal, kamançada-5-ci sinif şagirdi Hacıyev Vaqif, nağarada- 5-ci sinif şagirdi Tağıyeva Kəmalə. «Leyli və Məcnun» operasından səhnəni isə 3-cü sinif şagirdi Abdullayeva Xəyalə və 5-ci sinif şagirdi Məmmədov Arzuman təqdim etdilər. 5-ci sinif şagirdi Məmmədov Arzumanın son çıxışı isə tədbir iştirakçılarının daha böyük marağına səbəb oldu. «Ər və arvad» operettasından Minnət xanım rolunu oynayan bu kiçik oğlanın ifası Əhməd Ağdamskinin yubileyinə ən gözəl töhfə idi.

       Qeyd edək ki, adı çəkilən şagirdlər Niyazi adına 22 saylı musiqi məktəbində təhsil alırlar.

       Tədbirə gələn qonaqlar muzeydə həmçinin Əhməd Ağdamskinin 120 illik yubileyi münasibətilə təşkil olunmuş sərginin tamaşaçısı oldular. Foto-şəkilllərlə, aktyorun fəaliyyətini işıqlandıran kitablarla, jurnallarla yanaşı bu sərgidə Əhməd Ağdamskinin 1943-cü ildə Əməkdar Incəsənət Xadimi fəxri adı alması haqqında fərman, müxtəlif proqramlar, dəvətnamələr, aktyorun tarı da numayiş etdirilir. Burada fədakar aktyorun qəlbinin narahatlığını əks etdirən bir yazı da tamaşaçıların diqqətini cəlb edir:. «Görəsən uşaqlarım böyüyəndə qadın rolları oynamağıma görə mənə tənə vurmayacaqlar ki?».

       Bu gün yubiley günündə isə biz deyirik: Ruhun rahat olsun ustad! Alim, həkim, müəllim övladların və xalqımız sənin adınla fəxr edir!

Gülnarə ÇINGIZ QIZI

O, HƏMIŞƏ BIZIMLƏDIR

       Görkəmli Azərbaycan yazıçısı Mirzə Ibrahimov yazırdı: «Böyük insanlar ölüb getdikləri andan, sanki daha artıq bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta adi vətəndaşlar belə geriyə dönərək bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət və diqqətlə öyrənirlər. Belə bir xadimin ölümü ilə qüssələnənlərin də sayı çox olur. Sənət və peşəsindən asılı olmayaraq bütün vətəndaşlar onların ölümünə təəssüf edir və kədərlənirlər».

       Üzeyir Hacıbəyov məhz ölümünə bu cür qüssələndiyimiz, kədərləndiyimiz şəxslərdən idi.
       Lakin…
       Bu nöqtələrin yerinə aşağıdakı sözləri demək istərdim..
       Üzeyir sənəti ölməzdir, bəşəridir.
       Üzeyir sənəti təbiətin möcüzəsidir. Bu sənət hər bir azərbaycanlı üçün böyük təskinlik, qürur və milli iftixardır.

        «Leyli və Məcnun»dan «Koroğlu»yadək ucalan sənət, Üzeyir bəy məktəbinin ölümsüzlüyünü, əbədi şöhrətini bir daha sübut edir.

       Öz sənəti ilə bütün xalqın məhəbbətini qazanmaq sənətkar üçün böyük bir səadətdir. Bu sənətin kökü Azərbaycan xalqının tarixindədir, hər bir azərbaycanlının ürəyindədir.

       Dahi bəstəkarın tələbəsi Qara Qarayevin sözləri ilə desək-«Zaman bu istedadın qurduğu əzəmətli binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik».

       2003-cü il noyabr ayının 23-ü dahi bəstəkarın vəfatının 55-ci ildönümüdür.

       Bununla əlaqədar, noyabr ayının 24-də, bir sıra incəsənət xadimləri, ziyalılar, Üzeyir bəyin qohumları, Üzeyir bəy sənətinin pərəstişkarları onun ev-muzeyinə toplaşaraq, dahi bəstəkarı hörmətlə yad etdilər.

       Tədbiri giriş sözü ilə muzeyin direktoru Səadət Qarabağlı açdı. O, Üzeyir bəyin ömrünün son illərindən danışaraq, bəstəkarın vəfatında ermənilərin əli olduğunu söylədi. Səadət xanım Üzeyir bəyin ölümünü Azərbaycan xalqı üçün böyük itki adlandırdı.

       Səadət xanım öz çıxışında, 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə, Üzeyir Hacıbəyovun «Koroğlu» operasının, «Arşın mal alan» operettasının müvəffəqiyyətlə ifa olunmasından, Stalinin də burada iştirakından və onun bu əsərlərə böyük qiymət verməsindən danışdı.

       Məlumdur ki, Üzeyir bəy ilk dəfə olaraq, Avropa musiqi alətləri ilə Şərq musiqi alətlərinin orkestr tərkibində birgə iştirak etməsinin mümkünlüyünü söyləmiş və bunu öz əsərlərində sübuta yetirmişdir. Bəstəkarın bu yeniliyini Stalin çox bəyənmiş və təklif etmişdir ki, milli musiqi alətlərində çalan ifaçıların müsabiqəsi keçirilsin. Müsabiqəyə rəhbərliyi isə o, şəxsən, Üzeyir bəyə tapşırmışdır.

       Müsabiqə 1939-cu ildə Moskvada keçirilir. Müsabiqədən keçməyən, milliyyətcə erməni olan bir qrup şəxs, Üzeyir bəyin ünvanına şikayət xarakterli məktublar göndərərək, onu gözdən salmaq istəyirlər. Bundan xəbər tutan bəstəkar çox əsəbiləşir və şəkər xəstəliyinə tutulur. Onun həkimi Osepyan adlı bir erməni olur. O, müalicəni qəsdən, bilərəkdən düzgün aparmır. Üzeyir bəyin vəziyyəti daha da kəskinləşir və sonradan edilən ciddi cəhdlər heç bir nəticə vermir. Bəstəkar 1948-ci il noyabr ayının 23-də vəfat edir.

       Səadət xanım Üzeyir bəyin Azərbaycan mədəniyyəti tarixində çox işlər gördüyünü vurğulayaraq dedi: Üzeyir Hacıbəyov bacarıqlı təşkilatçı, görkəmli musiqişünas və müəllim kimi yorulmadan çalışırdı. Azərbaycan musiqi sənətinin inkişafında fəal iştirak edən Üzeyir bəy, Bakıda ilk musiqi məktəbinin, musiqi texnikumunun, Azərbaycanda musiqi kadrlarının hazırlanmasında xeyli əmək sərf etmişdir.

       Üzeyir bəyin təşəbbüsü və bilavasitə iştirakı ilə Azərbaycanın musiqi tarixində ilk dəfə olaraq çoxsəsli xor, notlu xalq çalğı alətləri orkestri yaradıldı. Azərbaycanda kamera və simfonik musiqinin yaradılması təşəbbüsçüsü də məhz Üzeyir bəy olmuşdur.

       Sonra söz, bəstəkar Aqşin Əlizadəyə verildi. O, Üzeyir bəyin vəfatını, son mənzilə yola salınması gününü xatırladı. Həmin günün bütün Azərbaycan xalqı üçün matəm günü olduğunu söylədi. Aqşin müəllim dahi bəstəkarla olan ilk tanışlıq illərindən, sənətdə Üzeyir bəyin rolu və mövqeyindən, Üzeyir bəy sənətinin müqəddəsliyindən, nikbinliyindən məhəbbətlə söz açdı.

       Şair Gülhüseyn Hüseynoğlu Üzeyir bəy şəxsiyyətindən danışaraq qeyd etdi ki, onun əsərləri çalındıqda tamaşaçı və dinləyici milliyyət və dinindən asılı olmayaraq, bu əsərlərə qəlbən vurulur, əvvəldən axıra musiqinin sehrli qüdrəti ilə yaşayır. Sənətkarın məharəti, kamalı da burasındadır.

       Şair-tərcüməçi Abbas Abdulla, Üzeyir bəy böyüklüyündən, dahiliyindən söhbət açaraq, onun sənətinin nəinki öz xalqına, bütün türk dünyasına, həmçinin, bütün insanlığa xas olan sənət olmasını vurğuladı. O, qeyd etdi ki, Üzeyir bəyin ömür yolunu vərəqlədikcə, insan, bu keçilən yola heyrət etməyə bilmir. Hələ gəncliyində ikən Ü. Hacıbəyov bir arzu, bir amalla yaşayırdı-xalqın maariflənməsinə çalışmaq, dərsliklər, lüğətlər tərtib etmək, Azərbaycan dilinə müxtəlif dillərdən tərcümələr etmək, xalqın gözünü açmaq, geriliyə, avamlığa qarşı mübarizə aparmaq. Lap gənc yaşlarından qarşısında duran məsələləri yaxşı dərk edən Üzeyir bəy, bunların həyata keçməsi üçün əlindən gələni əsirgəməmişdir.

       Şair Ramiz Heydər isə öz çıxışında Üzeyir bəyin əsərlərində dərin bir məna olduğunu söylədi. O dedi: "Bu əsərləri sakit dinləmək mümkün deyildir. Bu sənət inciləri insanı valeh edir, onun qəlbinə girir, varlığına hakim olur. Bu, əsl sənətin sirridir."

       Daha sonra söz, Üzeyir bəyin qohumu Telman Ağdamskiyə verildi. O, Hacıbəyovlar nəsli haqqında söhbət açdı. Onların mədəniyyət tarixində açdığı və qoyduğu izlərdən, bu nəslin maarif-pərvərliyindən, Üzeyir bəyin milli musiqimizin inkşafına verdiyi təkandan danışdı.

       Telman müəllim Üzeyir bəyin musiqisindən güc, mənəvi qida aldığımızı, dahi bəstəkarın bizim milli iftixar və şöhrətimiz olduğunu söylədi. O, qeyd etdi ki, gözəl bəstəkarın yaradıcılıq yolu heç bir zaman dinclik bilməyən, daim musiqi yaradıcılığının yüksəkliklərinə can atan, öz sənətkarlığını yorulmadan cilalandırmağa çalışan, böyük bir istedadın inkşafını əks etdirən parlaq bir yol idi.

       Üzeyir bəy haqqında söylənilən xatirələr, daha sonra, gözəl musiqi parçaları ilə əvəz olundu. Məsələ burasındadır ki, bu tədbirdə dahi bəstəkarın əsərləri deyil, ona həsr olunan musiqi əsərləri səsləndi.

       Üzeyir Hacıbəyovun tələbəsi Şəfiqə Axundovanın (sözləri Xuraman Vəfanındır) yazdığı «Yaşadacaq el səni» əsəri Azərbaycan Dövlət Xor Kapellasının ifasında, Üzeyir bəyin digər tələbəsi Adil Gərayın müəlliminə həsr etdiyi «Bağça-kürd» əsəri isə Ramiz və Əyyub Quliyevlərin ifasında təqdim olundu.

       Üzeyir bəyin tələbələri Adilə Hüseynzadənin yazdığı «Yadigar» (sözləri Ismayıl Soltanındır) əsərini Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Şahnaz Əliyeva, Məmməd Cavadovun (Kəmalə Ağayevanın sözlərinə) «Bağışla məni» əsərini isə Səbinə Əsədova çox məharətlə ifa etdi.

       Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova Hökümə Nəcəfovanın fortepiano üçün yazdığı «Arzu», Ərtoğrul Cavidin isə «9 variasiya» əsərini özünəməxsus tərzdə dinləyicilərə çatdırdı.        Üzeyir bəyin istedadlı tələbələrindən olmuş Süleyman Ələsgərovun «Eşq olsun sənətkara» əsəri Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti Şahlar Quliyevin, Ağabacı Rzayevanın «Sənin xatirən» adlı əsəri isə Fəridə Məmmədovanın ifasında səsləndi.

       Noyabr ayının 23-də xalqımızın böyük oğlu Üzeyir Hacıbəyovun vəfatından 55 il keçdi. Lakin öz yaradıcılığında xalqın arzu və əməllərini tərənnüm edən, onun xoşbəxtliyinə, tərəqqisinə sədaqətlə xidmət edən sənətkara ölüm yoxdur.

       Üzeyir bəy gözəl, mənalı, şərəfli həyatı ilə ölümə qalib gəlmişdir. Cismani ölüm onu heç bir zaman sədaqətli oğlu olduğu Azərbaycan xalqından ayıra bilməz.

       O, böyük xidmətləri ilə daim bizim ön sıralarımızdadır.

Sevinc AQIL QIZI

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page