ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, «Humay» mükafatı laureatı, Antalya (Türkiyə) Dövlət Opera və Balet teatrının solisti, müğənni (bariton) Muxtar Məlikovla müsahibə


«OPERA MƏNIM HƏYAT TƏRZIMDIR»

       - Muxtar müəllim, bir az öz barənizdə danışmağı Sizdən xahiş edirəm. Müəllimləriniz kimlər olub?

       - Özüm haqqında danışarkən, çox vacib bir cəhətə diqqəti cəlb etmək istəyirəm: mən lap uşaqlıqdan mahnı oxumağı çox sevirdim, müğənni olmaq arzusu ilə böyüyürdüm. Bəlkə də məhz bu cəhət məni ətrafımda olan həmyaşıdlarımdan fərqləndirirdi. Bunun xaricində isə mən də başqa uşaqlar kimi məktəbdə oxuyurdum, oğlan uşaqlarının çoxları kimi dəhşətli dərəcədə nadinc idim. Dərslərdə müxtəlif fənnlərə aid bilikləri yaxşı qavrayırdım, lakin mahnı oxumaqdan başqa heç nəyə ciddi maraq göstərmirdim. Oxuduğum məktəbdə mənim çox hərəkətli və enerjili olduğumu görən müəllimlər valideynlərimə məni məktəb dərsləri xaricində bir sevdiyim işlə məşğul etməyi məsləhət gördülər. Atamla anam məndən soruşanda ki, marağım nəyədir, mən düşünmədən oxumağı üstün tutdum. Axı mən bunu daima arzulayırdım və bu cavabı hər zaman verməyə hazır idim. Bunun üçün əlavə fikirləşməyə ehtiyac da yox idi.

       Beləliklə, atam mənim əlimdən tutub, Yuri Qaqarin adına Bakı Mərkəzi Pionerlər evinin xor dərnəyinə gətirdi. Burada mən 1968-ci ildən 1970-ci ilə qədər məşğul oldum. Lakin sonra... Sonra V.I.Leninin 100 illik yubileyinə hazırlıqlar başlandı və qarışıqlıqda məndən başqa hamı üçün konsert kostyumları tikdirdilər. Mən isə ... sadəcə olaraq yaddan çıxdım. Bu hadisə mənə çox təsir etdi və mahnı oxumaq üçün canımdan keçməyə hazır olmağıma baxmayaraq, qətiyyətlə dedim ki, mən daha pionerlər evinin xor dərnəyinə getməyəcəyəm. Çox xətrimə dəymişdilər. Axı mən düşünürdüm ki, mənim bu işdə çox çalışqan olduğumu görüb, buna qiymət verərlər.

       Valideynlərim mənim qəmli gəzdiyimə dözə bilməyib məni başqa bir xor kollektivinə qatılmaq üçün dilə tutdular. 1970-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Əfsər Cavanşirovun idarə etdiyi Uşaq xorunda oxumağa başladım və 1973-cü ilə qədər burada oxudum. Özümü çox xoşbəxt sayırdım.

       1975-1977-ci illərdə Texniki-peşə məktəblərinin Mədəniyyət klubunda fəaliyyət göstərən «Gənc səslər» vokal dərnəyində məşğul olurdum. Burada mənim müəllimim heç bir zaman unutmayacağım, peşəsinin əsil fədakarı olan gözəl müəllim və qayğıkeş insan Yakov Yefimoviç Şestakov idi. Məhz onun gərgin əməyi nəticəsində 1976-cı ilin may-aprel aylarında mən ilk dəfə xaricdə Finlandiyada gənclər festivalında çıxış etdim. Bu mənim üçün çox fərəhli idi. Hesab edirəm ki, vokal sahəsində ilk müəllimim Yakov Yefimoviç olmuşdur.

       Orta məktəbi bitirmək haqqında Attestatla bərabər peşə məktəbinin avto-çilingər ixtisasına yiyələndiyim barədə sənədi də aldım. Əsgər olmağımın zamanı gəlib çatdı. Illərin ötüb-keçdiyinə baxmayaraq, mən müğənni olmaq fikrində bərkiyirdim. Elə əsgərliyimin çox hissəsini də Bakı Qırmızı Bayraqlı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və rəqs ansamblında çəkdim. Həmin kollektivlə keçmiş SSRI məkanının canub hissəsinin demək olar ki, hər şəhərində konsertlər verdik.

       Əsgərlikdən qayıdandan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal ixtisası üzrə hazırlıq şöbəsinə daxil oldum və burada Azərbaycan Respublikasının əməkdar artisti, vaxtilə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olan bas-bariton Vitali Alekseyeviç Popçenkonun sinifində dərslərə başladım. Vitali Popçenko rus vokal məktəbinin dəyərli nümayəndələrindən idi. Və mənim bəxtim çox gətirdi ki, işinə çox ciddi yanaşan, vokal sahəsində ilk addımlarını atan gənclərə hər zaman öz köməyini əsirgəməyən bir insana rast gəldim.

       Bir gün yoldaşlardan biri mənə dünyasını dəyişmiş dahi müğənnimiz Şövkət xanım Məmmədovanın evinə gedib ona hazırladığım əsərlərdən bir-ikisini göstərməyi təklif etdi (o zaman Şövkət xanımın səhhətində problemlər olduğu üçün rektorluq ona tələbələri ilə evdə məşğul olmağa icazə vermişdi). Doğrusu, bu təklif mənim üçün çox gözlənilməz oldu. Tərəddüd edirdim. Bir tərəfdən, belə bir böyük ustad qarşısında çıxış etməyə ürək etmirdim, digər tərəfdən isə belə xoş bir fürsəti qaçırmaq istəmirdim. Nəhayət, ürəklənib yoldaşıma müsbət cavab verdim.

       Indiki kimi yadımdadır, qapını Şövkət xanımın qızı Aida xanım açdı. Bizi otağa dəvət etdi və özü piano arxasına keçdi. Mən öyrəndiyim əsəri səsləndirdim. Şövkət xanım ayağa qalxdı və mənə yaxınlaşdı. Onun gözləri doldu. Sözün düzü, mən bir-iki saniyəliyə tutuldum, lakin sonra Şövkət xanımdan onun ağlamağının səbəbini soruşdum. O dedi ki, mənim səsim ona cavanlığında Parisin «Qrand-Opera» teatrında «Qugenotlar» operasında tərəf müqabili olan bir gözəl baritonu xatırlatdı və sanki o illərə qaytardı. Şövkət xanım soruşdu: «Oğlum, sən azərbaycanlısan?» Məndən «bəli» cavabını eşidəndə Şövkət xanımın üzünə elə bil nur saçıldı. – «Adın nədir?» - «Muxtar Məlikov». Sonra Şövkət xanım fikrə getdi və birdən çox ciddi dedi: «Xəstəlikdən qalxan kimi mən şəxsən nazirin qəbuluna gedib, sənin Italiyaya oxumağa göndərilməyin barədə məsələ qaldıracağam. Çünki bunu məhz indi, sən oxumağa başlamamışdan etmək lazımdır. Istəyirəm ki, ilk addımlarını sən artıq Italiyada atasan».

       Dərsdən sonra Şövkət xanım bizi nahar etməyə dəvət etdi. Təşəkkürümüzü bildirib getmək istədik. Lakin alınmadı. Ev sahibəsi dəvətində israrlı idi.

       Sonradan bildik ki, rəhmətliyin adəti beləymiş: evinə gələn kimsəni yedirdib-içirtməmiş buraxmazmış.

       Şövkət xanımgildən çıxanda sevindiyimdən uçmaq istəyirdim. Lakin sən saydığını say, gör fələk nə sayır... Allahdan Şövkət xanıma möhlət verilmədi. O, daha sağalıb çox sevdiyi doğma evi olmuş Azərbaycan Dövlət Konservatortiyasına qayıtmadı.

       Mən isə hazırlıq şöbəsində dərslərimə davam edirdim. Onu da deyim ki, var gücümlə çalışırdım. Imkan olsaydı gecələr də vokal dərslərindən ayrılmazdım. Görünür, məhz buna görə iki illik hazırlıq kursunda bir il oxuyandan sonra müəllimim mənim artıq konservatoriyanın birinci kursuna daxil olmağa layiq olduğumu bildirdi.

       Müəyyən olunmuş qaydada imtahanları verdikdən sonra tələbə bileti aldım. Daha artıq ciddiliklə yenə də Vitali Alekseyeviç Popçenkonun sinfində dərslərimə davam etdim.

1983-cü ildə (V.A.Popçenko təqaüdə çıxdıqdan sonra) rektorluq məni vokal kafedrasının müdiri, Azərbaycan SSR əməkdar artisti Kamal Kərimovun sinfinə göndərdi. Əfsuslar olsun, Kamal müəllim mənimlə nəinki məşğul olmurdu, hətta demək olar ki, heç fikir də vermirdi.

1985-ci ildə Bakıda Zaqafqaziya musiqi-ifaçılarının VII müsabiqəsi keçirilməli idi. Mən də konservatoriyanın başqa tələbələri kimi müsabiqə proqramı üzərində çalışırdım. Bu işə çox ciddi yanaşırdım, axı bu müsabiqə mənim həyatımda olan ilk yarış idi.

       Müsabiqəyə bir neçə gün qalmış Kamal müəllim dedi: «Səni də salacağam iştirakçılar siyahısına. Çünki ilk etapda kimlərsə xaric olunmalıdır ki, mənim nəzərdə tutduğum adamlar laureat olsunlar». Özünüz düşünün, müsabiqədən öncə bu sözləri müəllimindən eşidən insanın halı necə ola bilər. Amma mənim çəkdiyim zəhmətə heyfim gəldi. Öz-özümə düşündüm: «Dayanmaq olmaz. Irəli!» Sanki özüm-özümə «Start!» verdim. Və nə yaxşı ki, bu qərarı qəbul etdim. Nəticədə Kamal müəllimin nəzərdə tutduğu «istəkli» tələbələri kənarda qaldı, mən isə Zaqafqaziya musiqi-ifaçılarının VII müsabiqəsinin opera bölümündə II dərəcəli diploma və laureat adına layiq görüldüm. Mənim üçün bu çox fərəhli hal idi.

       Gündəlik həyatımda elə bil heç nə dəyişməmişdi, lakin hətta ictimai fənnlərdən mənə dərs deyən müəllimlərim belə mənimlə çox xoş davranmağa başladılar. Sanki mənim qələbəmdən onlara da pay düşmüşdü. Çox sevindirici idi.

       IV kursu bitirdikdən sonra 1985-ci ilin avqust ayında M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının opera truppasına solist-stajor qəbul edildim. Həm işlədim, həm də dərslərimə davam etdim.

       1986-cı ildə isə konservatoriyanı bitirərək opera teatrında işimi davam etdirdim. Və parallel olaraq, Şövkət Məmmədova adına opera studiyasında solist kimi çalışdım. Yenə də tale mənim yoluma Şövkət xanımın müqəddəs adını çıxartdı.

       Həmin illərdə də daim öz üzərimdə çalışmağı üstün tuturdum. Zaqafqaziya müsabiqəsində əldə etdiyim qələbə məni daha da ruhlandırdı və mən 1987-ci ildə Bakıda keçirilən M.I.Qlinka adına XII Ümumittifaq vokalçılar müsabiqəsinin diplomantı adını qazandım və beləliklə, bu müsabiqənin tarixində ilk azərbaycanlı kişi müğənni oldum. Bunu əks etdirən sənədlər Moskvada Bolşoy Teatrın muzeyində saxlanılır.

       Bu qələbədən sonra məni Opera və Balet teatrının opera truppasının əsas tərkibinə keçirtdilər. Bu məsələnin müzakirəsində Opera və Balet teatrının o zamankı müdiri, professor Azər Rzayevın və Azərbaycanın xalq artisti baletmeyster Rəfiqə xanım Axundovanın mənə – gənc mütəxəssisə olan inamlarını və göstərdikləri böyük qayğılarını heç zaman unutmaram.

       Mən də bu inama və qayğıya cavab olaraq canidildən çalışdım və 1991-ci ilin mart ayında əməyim qiymətləndirildi və mənə «Azərbaycan SSR əməkdar artisti» fəxri adı verildi.

       - Vokalist ixtisasını seçərkən Siz qarşınıza hansı məqsədi qoyurdunuz?

       - Insan su içəndə qarşısına hansı məqsədi qoyur? Mənim məqsədim də oxumaq və oxuyaraq arzuma yetmək idi.

       - Siz hal-hazırda Türkiyənin Antalya Dövlət Opera və Balet teatrının solistisiniz. Bir qədər bu haqda və Türkiyədəki yaradıcılığınız barədə.

       - Bəli, 1999-cu il mart ayının 22-də mən Türkiyə dövlətinin dəvəti ilə Ankaraya gəldim və burada yeni açılan Antalya Dövlət Opera və Balet teatrının solisti qəbul edilməyim barədə müqavilə imzaladım. Sonra teatrın açılışı münasibətilə keçiriləcək Qala-konsertin hazırlanmasında iştirak etdim və aprel ayının 5-də Türkiyənin bütün opera teatrlarının nümayəndələrinin iştirak etdiyi təntənəli tədbirdə Antalya teatrının ilk və yeganə solisti kimi bu teatrı təmsil etdim. Və bu fakt Antalya Dövlət Opera və balet teatrının tarixinə yazıldı. Beləliklə, bu teatrın təməlini qoyanlardan biri Azərbaycan nümayəndəsi oldu. Mən bununla fəxr edirəm və Türk xalqına və dövlətinə mənə bu imkanı verdikləri üçün böyük təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, o gündən sonra hələ iki il yarım teatrın yeganə solisti olaraq qaldım. Səbəbi budur ki, müdiriyyət işə qəbul edəcəkləri solistləri çox ciddi seçirdi. Hal-hazırda teatrın on bir nəfər solisti var. Ehtiyac duyulduqda Türkiyənin başqa opera teatrlarından əlavə qüv vələr dəvət olunur.

       Antalya operasının tamaşalarında iştirak etməkdən əlavə operanın özündə, Türkiyənin başqa şəhərlərində, demək olar ki, bütün Aralıq dənizi bölgəsində konsertlərlə çıxış edirəm.

       Bu ilin əvvəlində Türkiyə Dövlət Opera və Balet teatrlarının baş müdiriyyəti tərəfindən Ankara Dövlət Opera və Balet Teatrında P.I.Çaykovskinin «Yevgeni Oneqin» operasında Yevgeni Onegin rolunda çıxış üçün dəvət aldım və mart-aprel aylarında Ankara operasının kollektivi ilə tamaşanın məşqlərində iştirak etdim. Tamaşanın quruluşçu rejissoru SSRI-nin və Russiyanın xalq artisti, Dövlət və beynəlxalq mükafatları laureatı, uzun illər Bolşoy Teatrın baş rejissoru olan Georgi Pavloviç Anisimov idi. Belə bir ustadla çalışmaq çox şərəfli idi. Onegin partiyasını hazırlamaq üç nəfərə tapşırılmışdı. Lakin aprelin 24-də premyeranı oxumaq mənə nəsib oldu.

       Bundan başqa, çox önəmli olan hadisə, mənim artıq dörd il ərzində, hər ilin yayında on beş min tamaşaçısı olan antik açıq hava teatrı «Aspendosda» Beynəlxalq Opera və Balet Festivalında Antalya teatrının təqdim etdiyi əsərlərin baş rollarında iştirakımdır. Onu da xüsusi qeyd edim ki, «Aspendos» festivalı ildən-ilə dünyada daha çox tanınır və Türkiyə hökuməti bunun üçün əlindən gələni edir. Belə ki, bu il festival artıq Aralıq dənizi hövzəsi ölkələrinin beş ən tanınmış festivallarının siyahısındadır.

       -Türkiyədə təhsil prosesi və ifaçılıq mədəniyyətinin səviyyəsindən nə deyə bilərsiniz?

       - Türkiyədə təhsil prosesini get-gedə inkişaf etdirməyə çalışırlar. Bu məqsədlə dünyanın hər yerindən işlərini gözəl bilən mükəmməl mütəxəssisləri buraya dəvət edirlər.

       Təbiət türk xalqına gözəl səslər bəxş etmişdir. Bunları cilalamaq üçün müəyyən vokal məktəblərinə yiyələnmək lazımdır. Bunun üçün Türkiyədə bu gün mümkün olan hər şey edilir və nəticələr də sevindiricidir.

       - Bir qədər də repertuarınız barədə danışın.

       - 1999-2004-cü illərdə C.Verdinin «Traviata» (Jermon), C.Donitsettinin «L‘Elisir d‘amore» («Məhəbbət şərabı», Belkore), P.Maskanyinin «Kavalleria Rusticana» («Kəndli namusu», Alfio), R.Leonkovallonun «I Pagliacci»(Silvio), C.Puççininin «La Boheme» (Marsel), P.I.Çaykovskinin «Yevgeni Oneqin» (Yevgeni Oneqin) operalarının premyeralarını oxumuşam və hələ də repertuarda olan bu əsərlərdə mənə aid partiyaları daima ifa edirəm.

       Bundan başqa repertuarımda Azərbaycan, Qərbi Avropa və Rus bəstəkarlarının əsərləri yer tutur.

        - Folklora olan münasibətiniz?

       - Folklora olan münasibətim təbii ki, ancaq müsbət ola bilər. Axı folklor olmasaydı professsional musiqi də yaranmazdı. Dünyada ən çətin ifa olunan folklor musiqisi - hər zaman Azərbaycana baş ucalığı gətirən muğamlarımızdır. Muğam ifaçılığı həm yüksək vokal göstəriciləri, həm də yüksək ixtisas dərəcəsi tələb edir. Muğam mənim gözümdə bir dəryadır və ona hər yoldan ötən baş vura bilməz. Muğam ifaçılığının ciddiyyətini mən ancaq opera ifaçılığı ilə müqayisə edə bilərəm. Şəxsən mən özüm bütün muğamlarımızı bəyənirəm. Onlar mənim qanımdadır, canımdadır. Lakin, Bayatı-Şiraz muğamının vurğunuyam. Azərbaycan xalq havalarını da xüsusi məhəbbətlə sevirəm və böyük həvəslə ifa edirəm.

       - Sizin repertuarınızda Avropa musiqisi üstünlük təşkil edirmi?

       - Edir. Xüsusilə indi. Çünki Azərbaycanda olarkən Azərbaycan və rus bəstəkarlarının əsərləri repertuarımda daha geniş yer alırdı.

       - Təmsil etdiyiniz sahədə Azərbaycan-Türkiyə-Avropa perspektivlərini necə görürsünüz?

       - Bilirsiniz, mən artıq beş ildən artıqdır ki, Azərbaycanda olmamışam, amma buna baxmayaraq Azərbaycanın sənət sahəsində olan problemləri mənə məlumdur.

       Türkiyəyə gəldikdə isə tam əminliklə deyə bilərəm ki, burada işıqlı perspektivlər görünür. Türkiyənin Mədəniyyət Nazirliyi hər il Almaniyanın, Italiyanın, Avstriyanın ən tanınmış konservatoriyalarında təhsil almaq üçün qrantlar ayırır. Göstərici: Türkiyədə musiqi ifaçılığının səviyyəsi ildən-ilə durmadan artır. Türk musiqiçiləri dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedir və uğur qazanırlar. Türkiyəyə də xarici musiqiçilər qastrola gəlir. Yəni daima hərəkət var.

       Bilirsiz, mən Azərbaycan Dövlət Opera və Balet teatrına xidməti girişdən daxil olanda sevincimin həddi-hüdudu yox idi. Demək olar ki, mən o zaman ən xoşbəxt adam idim. Axı mən Azərbaycan operasının solisti idim!

       Tale üzümə o zaman güldü ki, mən teatra gələndə Lütviyar Imanov, Iva Karasyova, Rauf Atakişiev, Mürsəl Bədirov, Ivan Sazonov, Vladimir Lokşin, Hüseyn Əliyev, Raisa Maçilskaya, Qalina Piqanova kimi sənətkarlarla bir abu-havada çalışdım, onlarla tərəf müqabili oldum. Məgər bu xoşbəxtlik deyilmi?

       Fikrimcə, Azərbaycan musiqi ifaçılığında olan durğunluq dövrü çox uzanıb. Onunla vidalaşmağın zamanı gəlib çatıb. Artıq yeni dövr – axtarışlar və durmadan çalışmaq dövrü qapını döyür. Və Azərbaycan bu qapını Azərbaycan üçün çalışmaq istəyən hər bir insanın üzünə açmalıdır. Məncə, bu, hər sahədə belə olmalıdır, lakin indi söhbət konkret olaraq incəsənətdən, musiqi sənətindən, ifaçılıqdan gedir.

       XX əsrin 20-ci-30-cu illərini, lap elə müharibədən sonrakı dövrü xatırladaq. Azərbaycana o zaman dünyanın hər yerindən əcnəbi mütəxəssislər gəldi və xalqımızın parlaq nümayəndələri ilə birlikdə musiqi ifaçılığının bütün sahələrini qaldırdılar. Və çox-çox yüksəyə qaldırdılar. Elə yüksəkliklərə ki, Azərbaycan sənəti dünyanın hər yerindən göründü.

       Vaxt var idi ki, Bolşoy, Kirovski (hal-hazırda Mariinski), Kiyev və Odessa opera teatrlarından sonra Azərbaycan opera teatrının adı çəkilirdi.

       Mən də Azərbaycan operasının elə dövrünü görmüşəm və yaşamışam ki, teatrda həm soprano, həm metso-soprano, həm tenorlar, həm baritonlar, həm də baslar səs qrupları tam tərkibdə fəaliyyət göstərirdilər. Indi isə, əfsuslar olsun ki, bunların heç biri tam deyil. Belə vəziyyətdə hansı inkişafdan danışmaq olar?

       Lakin bu gün də gec deyil və kənardan yardım istəmək də ayıb deyil. Türk qardaşlarımız Türkiyədə musiqi mədəniyyətinin inkişafı üçün belə addımdan çəkinmirlər.

       Amma onu da qeyd edim ki, indi artıq Azərbaycanın özünün böyük musiqiçilər ordusu var, lakin həyat problemləri bu ordunun əsgərlərini pərakəndə surətdə dünyaya dağıdıb. Əminəm ki, həmin ordunu Azərbaycan bayrağı altında toplamağın zamanı gəlib çatıb. Bu gün Azərbaycan sənətə və sənətçiyə layiqli qiymət verməklə mədəniyyətimizin inkişafı üçün böyük imkanlar yaratmalıdır və bununla dünya mədəniyyətində öz yerini möhkəmləndirməlidir. Mən buna inanıram!



Türkiyə, Antalya, 10 avqust 2004-cü il
Materialı hazırlardı:
Nigar Qurbanova




   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page