ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


IRAN SƏFƏRININ TƏƏSSURATLARI

       Bu ilin iyun ayında bir qrup Azərbaycan alimləri Iran Islam Respublikasının Imam Xomeyni adına Imdad Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Irana rəsmi səfərə dəvət olunmuşdu. Azərbaycan nümayəndə heyətinin rəhbəri Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev idi. Nümayəndə heyətinin tərkibində 20 nəfər elm, mədəniyyət və təhsilin müxtəlif sahələrində çalışan tanınmış alimlərimiz təmsil olunmuşdu.

       Səfərdə məqsəd iki qonşu dövlət arasında mədəni əlaqələrin daha geniş surətdə inkişafına elm və təhsil sahələrində əməkdaşlığın möhkəmlənməsinə yardım göstərməkdən ibarət idi. Səfərin təşkilatçiları Azərbaycanlı alimləri Iranın zəngin mədəniyyəti, elm və təhsil ocaqları ilə daha yaxından tanış etmək üçün maraqlı proqram hazırlamışdılar. Nümayəndə heyətimiz Iranın bir neçə böyük şəhərlərində – Tehran, Məşhəd, Qum, Tus, Nişapur, Təbriz, Ərdəbildə oldu.

       Hər şeydən əvvəl, onu deyim ki, biz ilk növbədə Məşhəd şəhərində Həzrəti Imam Rzanın ziyarətgahına getdik. Astani – Qüdsi –Rəzəvi adlanan bu böyük kompleks çox geniş sahəni əhatə edir. Sənətkarlıqla tikilmiş və bəzədilmiş bu kompleks ümumilikdə zəngin bir muzeydir. Astani – Qüdsi – Rəzəvinin ziyarətgah və namaz yerlərindən başqa, Mərkəzi kitabxanası, muzeyləri, Islam elmləri Universiteti, «Gövhər şad» məscidi və digər bölmələri vardır. Mərkəzi kitabxana ən son texnologiya ilə qurulmuş zəngin bilik ocağıdır. Bizə mədrəsənin oxu zalında ziyarətgah haqqında şərhlə və video vasitələrlə məlumatlar verildi.

       Qum şəhərində də Imam Rzanın bacısı Məsumə xanımın ziyarətində olduq. Onun da məzarı əsil sənət əsəri olan tiktnti-kompleksdə yerləşir. Qum şəhərində yerləşən əlyazmalar kitabxanasına getdik. Həmin kitabxananın yaradıcısı Ayətullah Əl – Uzma Mərəşi Nəcəfi bütün dini kitabları, müxtəlif elm sahələrinə aid qədim əlyazmalarını əldə edərək, 35 minlik nadir nüsxələr toplamışdır. Biz burada olarkən, Quranın ilk əlyazma nüsxələri, «Avesta»nın dəriyə yazılmış ilk əlyazma nüsxəsi və digər dəyərli incilərlə tanış olduq. Onu da deyim ki, bu əlyazmaları kitabxanası məzmunca fond xarakterlidir. Kitabları qoruma, bərpa etmə işləri görülür.

       Tehranda Imdad Komitəsinin təhsil ocağında iranlı həmkarlarımızla rəsmi görüş keçirildi. Görüşdə Imdad Komitəsi Mərkəzi Şurasının üzvü, icraiyyə işlərinin rəisi, millət vəkili cənab Hacı Nəyiri, Iran Islam Respublikası Xarici işlər nazirinin müavini, Xəzəryanı ölkələr üzrə məsul cənab Səfəri, Imdad Komitəsi sədrinin beynəlxalq məsələlər üzrə müavini cənab Ənvəri, Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Kazımzadə və digər məsul şəxslər iştirak edirdilər. Bu görüşdə Iran – Azərbaycan əlaqələrindən, bütün sahələrdə bu əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıldı. Çox səmimi söhbət əsnasında müəllimlərin, alimlərin əməyi yüksək qiymətləndirildi, qeyd olundu ki, yalnız elmlə bəşəriyyət, insanlar irəli gedə bilərlər.

       Tehranda olarkən, tarixi yerləri, muzeyləri gəzdik. Imam Xomeyninin məzarını ziyarət etdik. Imam Xomeyninin evi, məişəti, yaşayış tərzi, fəaliyyəti ilə tanışlıq bizim bu böyük şəxsiyyət haqqında bilgilərimizi xeyli genişləndirdi. Biz, həmçinin, 120 inqilab şəhidinin xatirə kompleksində olduq, şəhidlərin ruhuna dualar oxuduq.

       Tus şəhərində dahi şair Firdovsinin, Nişapur şəhərində böyük alim və şair Ömər Xəyyamın xatirə – komplekslərinin və görkəmli dini – mədəni tarixi yerlərin ziyarəti hər birimizdə böyük maraq doğurdu.

       Tehran şəhərində özəl çap evi, IRNA informasiya agentliyi ilə tanışlığımız böyük təəssurat oyatdı. Bu çap evi texnologiyasının genişliyi və modernləşməsinə, istehsal gücünə görə dünyada dördüncü yeri tutur. Burada əsasən dərsliklər, elmi və bədii ədəbiyyat nəşr edilir. Eləcə də məktəblilər üçün qəzet və jurnallar çap olunur.

       Təbrizə səfərimiz də silinməz təsir yaratdı. Burada Azərbaycan tarixi muzeyi və Təbrizin tarixi yerləri ilə tanış olduq. Tarix muzeyində saxlanılan maraqlı eksponatlardan Şah Ismayıl Xətainin silahları və geyimləri diqqətimizi cəlb etdi.

       Təbrizdə, həmçinin, tuncdan işlənmiş heykəltaraşlıq əsərləri muzeyində də olduq. Eyni zamanda, şairlər məzarlığını – Xaqani Şirvaninin, Mücirəddin Beyləqaninin, Xətib Təbrizinin, M.Şəhriyarın və digər sənətkarların məzarlarını ziyarət etdik. M.Şəhriyarın qəbir–məqbərəsi kompleksin mərkəzində yerləşir. Buradakı kiçik kitab mağazasında fars və Azərbaycan dillərində kitablar satılır.

       Təbrizdəki Inqilab evi deyilən muzey də marağımıza səbəb oldu. Bu evin sahibi. Hacı Mehdi öz mülkünü vaxtilə Səttar xan, Bağır xan kimi azadlıq mübarizlərinə verib, onlar burada mərkəzi rəhbərlik qərərgahı qurublar. Indi muzeydə onların əşyaları, sənədləri, silahları saxlanılır.

       Ərdəbildə isə biz Şeyx Səfiəddin kompleksinə baxdıq. Şeyx bu xanəgahda 35 il öz şagirdlərinin tərbiyəsi ilə məşğul olub. Şeyx Səfiəddinin, onun oğlunun, həmçinin onun nəslindən olan Şah Ismayıl Xətainin və bu nəslin digər nümayəndələrinin qəbrləri bu kompleksdədir.

       Beləliklə, Iran səfərimiz xoş xatirələrlə yaddaşlarımızda dərin iz buraxdı. Biz bu səfərdən zəngin təəssuratlarla qayıtdıq. Fürsətdən istifadə edərək, mən səfərin təşkilatçilarına – Iran Islam Respublikasının Imam Xomeyni adına Imdad Komitəsinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığımı bildirmək və onlara xalqlarımız arasında dostluğun, elmi – mədəni əlaqələrin möhkəmləndirilməsi yolunda böyük qüvvə və uğurlar arzu etmək istərdim.



Tariyel MƏMMƏDOV



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page