ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


ARPECINO SƏDALARI ALTINDA

       12 oktyabr 2004-cü il klassik musiqisevərlərin yaddaşlarında əhəmiyyətli və maraqlı hadisə kimi qalmışdır. Ölkəmizdə qastrol səfərində olan fransız musiqiçi Jan-Pol Minali-Bella Bakı Musiqi Akademiyasının böyük zalında solo konsert proqramı ilə çıxış etmişdir. Mədəniyyət sahəsində fəal işlər görən və Azərbaycan musiqiçilərinə fransız ifaçılıq məktəbinin inciləri ilə tanış olmaq üçün gözəl imkan yaradan Fransanın Azərbaycandakı səfirliyi bu dəfə də bizi sevindirdi. Lakin, bu konsert solistin ifa etdiyi alət, demək olar ki, qeyri - adiliyi ilə fərqlənirdi və bu səbəbdən musiqiçilər arasında böyük maraq doğurmuşdur.

       Fransız ifaçının təqdim etdiyi alət - arpecino bu gün dünyanın ən nadir musiqi alətlərindən biridir. Alətin yaranma tarixi və eyni zamanda bu alətdə böyük məharətlə, ustalıqla ifa edən musiqiçi haqqında kiçik məlumat vermək burada yerinə düşərdi.

       Jan-Pol Minali-Bella 14 yaşından Paris Ali Milli Konservatoriyasında əvvəlcə stajor olmuş, sonra isə təhsil almış və 19 yaşında I mükafata layiq görülmüşdür. ABŞ-da səfəri zamanı o, alt ifaçıları Ces Levin və Valter Tramplerdən məsləhətlər alıb və qısa bir dövrdə Fransa Milli Orkestrində solist olmaq üçün Fransaya qayıdır. Yaradıcılığını əsasən kamera musiqisinə həsr etmək məqsədi ilə o, Paris Ali Milli Konservatoriyasında, Jan Mulyerin sinfində təhsil aldığı dövrdə tanıdığı tələbələrdən ibarət “Simon” kvartetinə daxil olur, daha sonra isə “Arpeciono kvarteti”ndə 5 il fəaliyyət göstərir.

       1995-ci ildən bəri Parisli simli alətlər ustası Bernar Sabatye uşaqlar üçün assimetrik “kiçik alto”lar hazırlayır. Bu layihənin məntiqi davamı həmin model əsasında hazırlamış alto olmalı idi. Belə bir fürsət Jan-Pol Minali-Bellanın ona müraciəti ilə yaranır. Minali-Bella Şubertin “Arpeccione” sonatasını ifa etmək üçün ondan alətə V bəm simini əlavə etməyi xahiş edir. Bu sonata “Arpecione” əslində altı simli daha böyük alət üçün nəzərdə tutulmuşdur. V sim (mi), normal altodan aşağıda olan notları ifa etməyə imkan yaradır.

       Şubertin məhz bu sonatası Bakıda keçirilən konsertin proqramına daxil olmuşdur. Konsertdə I.S.Baxın “Süitaları” və həmçinin Bakıda ilk dəfə olaraq, Fransız bəstəkar M. Marenin arpecino və fortepiano üçün 5 fransız rəqsi də səslənmişdir.

       Onu da qeyd edək ki, Fransalı musiqiçi Bakıya tək, yəni pianoçusuz gəlmişdir və konsertdə Fransa səfirliyinin dəvəti ilə bizim gənc və istedadlı pianoçumuz, beynəlxalq müsabiqə laureatı Gülnarə Səfərova iştirak edirdi. Bu duet harmonik, bütöv, vahid bir ansambla çevrilmişdir, sanki ifaçılar uzun illər birlikdə səhnədə çıxış etmişlər. Hər iki musiqiçi ifa etdiyi əsərlərin üslub, janr xüsusiyyətlərini incə zövq ilə açmışdır. Musiqiçilər bir-biri ilə görünməyən ilham telləri ilə bağlı idi və dinləyicilər arasında yüksək əhval-ruhiyyə hissi oyatmışdılar. Burada həm Jan-Pol, həm də eyni zamanda Gülnarənin ustalığı, yüksək səviyyəli professionallığı diqqət mərkəzində idi, çünki səslənən əsərlərdə (xüsusilə Şubertin sonatasında) piano təbii olaraq, akkompanement deyil, ansamblın müstəqil, məntiqli və çox ifadəli hissəsi idi.

       Konsert böyük uğurla keçdi. Təsadüfi deyil ki, oktyabrın 13-də Jan-Pol Minali-Bella və Gülnarə Səfərova bu proqramla Fransa səfirinin iqamətgahında bir daha çıxış etmişdirlər.

       Sonda qeyd edək ki, bu fransız qonağının Azərbaycana ilk səfəri idi və gərgin iş qrafikinin olmasına baxmayaraq o, burada həm də tələbələr üçün ustad dərsi keçirmişdir.

       Ümid edək ki, zərif, incə zövqlü, yüksək professionallıq nümayiş etdirən istedadlı musiqiçi Jan-Pol Minali-Bella ilə bizi gələcəkdə yeni görüşlər gözləyir, və arpecino sədaları yenidən bizim konsert salonlarında səslənəcək.



Xədicə ZEYNALOVA


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page