IFAÇILIQ...
-
Search


IFAÇILIQ...
-
GÖRÜŞLƏR...
-
MÜSABIQƏLƏR...
MÜSAHIBƏLƏR...

-
EKSPEDISIYALAR...
-
YARADICILIQ...
-
MUZEYLƏRDƏ...
-
MUSIQI TƏHSILI...
-

 


BÖYÜK MUSIQI SƏNƏTINƏ MƏHƏBBƏT

Bethoven, Haydn, Prokofyev. Fortepiano ilə orkestr üçün konsertlər. 2004-cü il sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dinləyicilərin diqqətinə məhz belə proqram təqdim olunmuşdu. Gənc, istedadlı pianoçu, Beynəlxalq müsabiqə laureatı, Bakı Musiqi Akademiyasının dosenti Murad Adıgözəlzadə Bethovenin Birinci fortepiano konsertini ifa etdi. Haydnın fortepiano konserti isə Beynəlxalq müsabiqə laureatı, Azərbaycan Respublikasının əməkdar artisti Validə Rəsulovanın təfsirində dinləyicilərin mühakiməsinə verilmişdi.

Biz musiqi ifaçılığı işimizə həyatın mühüm bir məsələsi kimi, keçmişin böyük musiqiçiləri və bu günün ən yaxşı musiqiçilərinin yaratdığı musiqi surətlərini xalqa çatdırmaq yolu ilə ona xidmət etmək kimi baxmalıyıq (Qoldenveyzer). SSRI və Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli öz missiyasına məhz belə - ciddilik və böyük məsuliyyətlə yanaşır. Onun Filarmoniyada S.Prokofyevin fortepiano ilə orkestr üçün Konserti ilə çıxışı bunu bir daha təsdiq etdi.

Bu konsertin musiqisi Fərhad müəllimin qeyri-adi yaradıcılıq şəxsiyyətilə çox həmahəngdir. Konsertin bu görkəmli musiqiçinin öz yaradıcı təbiətinə xas olan ipə-sapa yatmayan ehtiras və gənclik çılğınlığı ilə aşılanmış, parlaq, alovlu və şövqlu ifası pianoçunun Prokofyev musiqisinin incəliklərinə varması və bunu dərindən duymasını nümayiş etdirirdi.

Prokofyevin Birinci konserti haqda Myaskovski yazırdı ki, çox maraqlı, parlaq və cingiltili bir əsər alınıb. Və bu parıltı və cingiltili, çılğınlıq dolu musiqini məharətli Azərbaycan virtuozu çox gözəl hiss edərək dinləyiciyə çatdırdı.

Elə ilk xanələrdən enerji və güc dolu giriş tezisi müvafiq mühit yaratmış olur. Konsert, Prokofyevin üç nəhəng adlandırdığı bu tematik tezisin üç dəfə təkrarı əsasında qurulmuşdur. Ifaçı bütün texniki çətinliklərin öhdəsindən asanlıqla gəlir, virtuoz passaj və cəsarətli sıçrayışların səslənməsi metalsayağı, cingiltili parlaqlığı ilə seçilir. F.Bədəlbəyli konsertin əsas partiyasının ifası prosesində martellato üsulundan məharətlə istifadə edir; onun köməkçi partiyanın qəribə vurğulu impulsiv intonasiyalarını təqdim etməsi də heyran edir.

Pianoçu daim ön plandadır, biz orkestrlə çox çətin yarışmada daim onun birinciliyini hiss edirik. O, səhnədə sanki püskürən bir alova, odlu nəfəsə çevrilir.

Gözəlliyilə heyran edən Andante assai epizodunun ilhamlı ifasını da xüsusi qeyd etmək istərdik. Ifaçının tapdığı səmimilik və saflığın zərif çalarları dinləyicini valeh edir; onun yaratdığı gözəl səslənmələr, barmaqlarından axıb gələn incə melo-diya fortepianonun tembr spektrinin zənginliyini açır.

Metrik dəqiqliyilə seçilən skerso səciyyəli epizodun ardınca repriza gəlir ki, burada F.Bədəl-bəyli əsas mövzu və bir gədər dəyişdirilmiş köməkçi mövzunun materialına əsaslanan böyük və mürəkkəb kadensiyanı virtuozcasına, çox gözəl ifa edir.

Pianoçu üçün ifaçı çətinliklərilə dolu olan kodada ruh yüksəkliyi, təntənəli ovqatla aşılanmış Giriş mövzusu son dəfə səslənir.

Konsertin son akkordlarının ardınca dərhal salonu bürümüş alqış sədaları təkcə solistin istedadlı ifasına deyil, həm də Dövlət simfonik orkestrinə həssaslıqla rəhbərlik edən baş dirijor, professor Rauf Abdullayevə ünvanlanmışdı.

Iki böyük musiqiçinin əməkdaşlığı nəticəsində həmin axşam Filarmoniyada qeyri-adi bir çanlanma və ruh yüksəkliyi, yaradıcılıq ab-havası və böyük musiqi sənətinə məhəbbətlə dolu bir mühit yaranmış oldu.



Gülzar MAHMUDOVA



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page