Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Search


Azərbaycan xalq professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Azərbaycan professional vokal məktəbinin banisi Bülbül Azərbaycanın vokal sənətini coşqun həvəslə, yorulmadan bütün şüurlu yaradıcılıq həyatı dövründə təbliğ və təfsir etmişdir.
Bülbülün təbliğat işi təkcə Azərbaycan bəstəkarların romans və mahnılarının, xalq mahnı və təsniflərinin, operalarda baş qəhrəmanların partiyalarını, açıq konsertlərdə, mavi ekran və radioda operalardan ariyaları və səhnələri ifa etməklə məhdudlaşmamış, onun təbliğatı başqa yönümdə də olmuş, başqa məqsəd də daşımışdır. Bu təbliğat müğənninin saysız-hesabsız dövrü mətbuatda çap olunmuş məqalələrində, məruzə və çıxışlarında öz parlaq təcəssümünü tapmışdır, desək, düz olar.
Biz bu məqaləmizdə məhz Bülbülün ayrı-ayrı xalq musiqisi janrları, xanəndə və aşıqların ifaçılıq sahəsində yaradıcılıqları, bəstəkarlarımızın xalq musiqisindən bəhrələnmə yolları, tədris məsələlərinə aid fikir və mülahizələri üzərində dayanacaq, həmçinin onun xalq musiqisi sahəsində ifaçılıq məziyyətlərini qısa şəkildə şərh edəcəyik1.
Ən əvvəl onu deyək ki, Bülbül xalq musiqisinə böyük qiymət verərək "tarixi özündə qoruyub saxlayan bir xəzinə" sayır.
Böyük müğənninin xalq musiqisi (mahnı və rəqslər), şifahi ənənəli professional musiqisi janrlarına (aşıq musiqisi, muğam dəstgahlar, zərbi-muğamlar, kiçik həcmli muğamlar, təsnif və rənglər) aid maraqlı fikir və mülahizələri var.
Məsələn, muğam sözünün etimologiyası haqqında o, məruzələrinin birində demişdir: "Ərəb sözü olan məqam və ya fars sözü olan muğamat (ancaq cəm halında işlənir) adamların toplaşdıqları yer, sonra söhbətin özü, nəhayət, hekayə, novella deməkdir. Bu muğam sözünün birinci mənasıdır.
Muğam sözünün digər mənası bir sözlə ifadə olunur: "melodiya". Məsələn, "Rast muğamını oxu" və yaxud "Segah muğamını oxu" və i. a.
Göründüyü kimi, Bülbül ikinci mənanı adi xalq dili ilə izah edir.
Böyük müğənninin muğamın yüksək inkişaflı forması olan dəstgah haqqında fikirləri də diqqətəlayiqdir. O, belə mülahizə irəli sürür ki, "Dəstgah"lar bir-birilə üzvi surətdə bağlı və məntiqi olaraq bir-birinə keçən muğamlardan ibarətdir. Müəllif muğam şöbələrini ayrıca muğam hesab edir.
Bu sözlər Bülbülün şəxsi arxivindən alınmış "Məlumat" dandır. Həmin məlumatda böyük müğənni nümunə kimi "Şur" dəstgahını məhz aşağıdakı muğamlardan "Şahnaz", "Bayatı-türk", "Şikəstə", "Iraq", "Bayatı-kürd", "Səmayi-şəms", "Şur"dan ibarət olduğunu bildirir. Deməli, Bülbül dəstgahdan fərqli alaraq muğamı bir hissəli vokal-instrumental əsər sayır. Bu nə ilə əlaqədardır? Çünki, Azərbaycan danışıq dilində dəstgah termini çox zaman muğam termini ilə əvəz olunur. Axı, dəstgahın özü də adını əsaslandığı lad-məqamdan alır. Beləliklə, bu cür adlar əmələ gəlir: "Rast muğamı", "Rast dəstgahı" və ya "Şur muğamı", "Şur dəstgahı" və i. a.
Bu, doğru fikirdir. Çünki, dəstgah bütöv şəkildə ifa olunmaqla yanaşı, onun ayrı-ayrı şöbələrini müstəqil şəkildə çalıb-oxumaq təcrübəsi də tətbiq olunur. Məsələn, "Rast" dəstgahından "Vilayəti-Dilkeş" və yaxud "Əraq-Pəncgah" və i. a. Deməli, bu muğamlar "Rast" dəstgahına daxil olmaqla yanaşı, müstəqil muğamlar kimi də çalınıb-oxuna bilər.
Bülbül muğam-dəstgahlarını həmçinin öz forma və məzmununa görə yalnız böyük simfonik əsərlərlə müqayisəyə gəldiyini də söyləyir.
Bəlkə də bu fikirləri ilə əlaqədar simfonik muğamların yazılması ideyasını məhz ilk dəfə Bülbül Fikrət Əmirova tövsiyə etmişdir. Nəticədə F. Əmirov "Şur" və "Kürd-Ovşarı", 70-ci illərdə isə "Gülüstan-Bayatı-Şiraz" muğamlarını məzmunu baxımdan dərin, musiqi dilinə görə xəlqi və forması cəhətdən orijinal simfonik əsərlərə çevirməklə milli musiqi sənətində yeni janr-simfonik muğam janrı əmələ gəldi. Bu janr nümunələri bütün başqa görkəmli bəstəkarlarımız üçün örnək oldu. Belə ki, F. Əmirovun yaratdığı simfonik muğamlar öz davamını ondan sonra Niyazinin ("Rast"), Süleyman Ələskərovun ("Bayatı-Şiraz"), Tofiq Bakıxanovun ("Hümayun, "Nəva", "Şahnaz", "Rahab"), Vasif Adıgözəlovun ("Segah") yaradıcılığında tapdı. Əlbəttə, bu təqdirəlayiq işdə Bülbülün rolunu xüsusi qeyd etməliyik. Bu incilər isə əsl Azərbaycan milli simfoniyaları əhəmiyyətini kəsb etdi.
Heçdə təsadüfi deyil ki, V. Adıgözəlov "Segah" muğam-dəstgahını məhz "Segah simfoniyası" adlandırır. Onu da deyək ki, hər bir muğamı simfonikləşdirən zaman bəstəkar əvvəl muğam-dəstgahını xanəndə və sazəndələrdən nota yazır (bir neçə variantda), sonra isə bu yazıları saf-çürük edərək onu işləyir, öz yaradıcılıq süzgəcindən keçirərək partituraya çevirir. Və yeni səpkidə-simfonikləşdirilmiş şəkildə xalqa qaytarır.
Bülbül muğamın nota yazılması və öyrənilməsinə də çox ciddi yanaşaraq, ona lazımlı bir məsələ kimi baxırdı. Onun məqalələrinin birində oxuyuruq: "Muğamların və çoxdan unudulmuş təsnif və rənglərin nota yazılması qocaman xanəndə və çalğıçıların ən yaxşı ənənələrini bərpa etməkdir".
Bu fikirlə Bülbül çox şey deyir. Və bu fikri biz musiqişünaslığımız üçün qiymətli sayırıq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page