ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
Azərbaycan xalq – professional musiqisi: aşıq sənəti
T. Məmmədov.
Bülbül və Azərbaycan xalq musiqisi
R. Zöhrabov.
Azərbaycan xalq musiqi nümunələrinin nota salınma tarixi
Ə. Isazadə.

 



       Azərbaycan dekorativ-tətbiqi incəsənəti, folklor teatrı, instrumental və aşıq sənətləri nümunələrində xalq yaradıcılığı ilə professional yaradıcılığın birgə fəaliyyət modelini ümumi şəkildə də olsa, dəyərləndirməyə çalışaq.
       Maddi və mənəvi istehsalın, sənət, incəsənət və bədii yaradıcılığın xalq dolanışığının başqa tərəflərindən ayrılmazlığı, ilk növbədə, yüzillik və minilliklər boyu nəsillərin təcrübəsini təzələyən sənətkarın iş təcrübəsi ilə bağlıdır. Burada fərdi ustalıq kollektiv surətdə, elliklə ifadə olunur, özü də birincini (yəni fərdi ustalığı), elliyin (kollektivin) fərdilik vasitəsilə ifadə olunduğu sırf professional ustalıqdan fərqli, bilavasitə ikinci müəyyən edir.
       Deyilənləri təsdiq etmək üçün, misallara keçək. Parça üzərində tikmə, xalçaçılıq, dulusçuluq, zərgərlik və bu kimi sənətlər ən qədim dövrlərdən xalqımıza məlumdur. Ipəyin boyanması, ipək və pambıq parçalara boyalı naxış vurma nəsillərdən-nəsillərə keçərək yetkinləşən təcrübədən irəli gəlib. Ipək yorğan üzü, süfrə, kəlağayı, ipək xalça hazırlanması və onlara naxış vurma kimi sənət növləri sadalananlar üzrə ixtisaslaşan ailə-soy ənənələri dairəsinə daxildirlər. Tədqiqatçı-etnoqraf Q. A. Quliyev yazır: "Basqal kənd sakini Həbib Abdulla oğlu Tağıyevin söylədiklərinə görə, onların nəsli ancaq boyama ilə məşğul olub. Talıbovlar isə dədə-babadan ipək baş yaylıqları hazırlamışlar"5.
       Azərbaycan el-oba oyunu-xalq tamaşası (folklor teatrrı) məzmunca çoxnövlüdür. Növlər arasında "Atüstü oyunlar", "Qız-gəlin", "Dərviş", "Kəndirbaz", "Zorxana oyunları", "Şəbih tamaşaları" kimilərini qeyd etmək olar6. Adı çəkilənlərdən hər birinin özünəməxsus dramaturgiyası var ki, bunlar ənənə kimi nəsildən-nəslə, ustaddan şagirdə şifahi şəkildə – görmə və eşitmə yolu ilə ötürülür. Tamaşa lap ifanın gedişində, xalq tamaşası aktyoru tərəfindən ənənəvi şifahi ssenari əsasında hər dəfə yenidən yaradılır.
       Məzəli xalq meydan tamaşalarından biri də "Qaravəllidir". Xalq arasında yaranan "Qaravəlli" sintetik tamaşa növü kimi özündə musiqi, rəqs, mahnı və dramatik fəaliyyəti üzvi surətdə birləşdirir. Həmin tamaşaya gözbağlıca, sinədən söz qoşma, lətifə, məzəli əhvalat, nağıl və əfsanə daxil edilə bilər. Tamaşalarda xalq teatrının ənənəvi mənzum ünsürləri aydın nəzərə çarpır. Çox vaxt belə tamaşalar əsərin qəhrəmanlarını və qısaca məzmununu şərh edən aşıq çıxışları – mahnılar və çalğı ilə başlayırdı. "Kilimarası", "Çoban Tapdıq", "Səlim şah", "Qaragöz" kimi kukla teatr tamaşalarının girişini adətən aşıq hekayələri və havacatı təşkil edirdi. Onu da qeyd etmək yerinə düşər ki, tamaşaçıların əsərin gedişinə qarışması və təsiri də, səhnədə baş verənlərə şəxsi münasibətləri də böyük əhəmiyyət kəsb edirdi. Bu amil yerdən söz atma (atmaca) şəklində ifadə olunurdu və tamaşanın məzmununda, iştirakçıların çıxışlarında (o cümlədən, atmacalara cavablar şəklində) dəyişikliklərə təhrik kimi qiymətləndirilməlidir.
       Musiqi çalmaq fərdi dərk olunan yaradıcılıq prosesidir və bir sıra cəhətlərinə görə folklorun başqa sahələrinə bənzəyir. Həmin bənzəyişlər arasında ənənəvilik, kollektivlik, dəyişməz, təmaslı şəkildə ənənəni ötürmə kimi cəhətlər başlıcadır və məhz onların sayəsində xalq çalğı (instrumental) musiqisi ancaq ifada yaşayır və yaşadılır. Eyni zamanda o, özünəməxsus professionallığı (peşəkarlığı) ilə də seçilir.
       Azərbaycan musiqi mədəniyyəti xalq-professional yaradıcılığının görkəmli simaları ilə olduqca zəngindir7. Əldə olan materialla şəxsi müşahidələri ümumiləşdirərək, nəzərdən keçirilən mövzu baxımından aşağıdakı ümümiləşməyə gəlmək olar.
       Xalq musiqiçisi – çalğıçı çox zaman özü üçün deyil, dinləyici üçün çalır və bu halda onun ifası "kortəbii" deyil, əksinə, şüurludur. Çalğıçıların çoxu daxili tərtib tarazlığını saxlamaq şərti ilə, havanı ustalıqla genişləndirib-qısalda bilirlər. Bəziləri ifanın gedişindən, şəraitdən və dinləyici zövqündən asılı olaraq daxili nisbəti dəyişir, istənilən məqamları vurğulayır, yəni daha aydın nəzərə çarpdırırlar və i. a. Bütün bunlar yaxşı təlim və sonrakı daim yetkinləşmədən irəli gələn geniş təcrübə, bilik və bacarıq sayəsində əldə olunur.
       Xalq musiqiçilərinin özünəməxsus peşəkarlığı ifaçılıq məktəblərinin yaranmasında başlıca amildir. Zurnaçıların, balabançıların, nağaraçıların arasında da yerli ənənələrə yaxşı bələd olan və öyrədən ustadlar – müəllimlər olub və olmalıdır. Hər bir ustad götürmə tələbləri, təlim üsulları (metodikası), öz terminologiyası ilə seçilir.
       Professionalizm ictimai sahədə də həyata keçirilir. Xalq musiqiçisi yaşadığı mühitdə də seçilir. Yerliləri onu musiqiçi sayır və o, özü də bunu dərk edir. Onun fəaliyyətinə uyğun onun şəxsiyyəti haqqında fikirlər söylənilir. Xalq musiqiçisi musiqiyə öz adi məşğuliyyəti kimi yanaşır və bunun sayəsində öz dolanışığını təmin edir. Nəticədə musiqiçilik onun yeganə fəaliyyət sahəsinə çevrilir.
       Beləliklə, bilavasitə təmaslı ənənəvi sənətdə "xalq yaradıcılığı" və "professional yaradıcılıq" bölümü xalq-professional mədəniyyətinin dərəcələrə bölünmə sisteminin daxili cəhətlərindən biridir. Və yuxarıda söylənilən fikirlərdən aşağıdakı nəticəyə gəlmək olar:
       – Azərbaycan xalq-professional mələniyyəti (o cümlədən də, musiqi) fərdi-müəllif yaradıcılığının ictimai-folklor şəkilli təzahürü olub, xalq kütlələrinin dünyagörüşünü əks etdirən şifahi-yazılı ifadəli bədii rabitə (əlaqə, bildirmə) vasitəsidir.

AŞIQ SƏNƏTI


       Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni), dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçu rejissor) sənətlərini toplu halında birləşdirən Azərbaycan aşıqları ən qədim xalq-professional musiqi ənənələrinin öncül daşıyıcılarından sayılırlar. Bu baxımdan onları baxşı (Türkmənistan), akın (Qırğızıstan), bastakor (Özbəkistan, Tacikistan), trubadur (Fransa, XI–XIII yüzilliklər), skald (qədim və orta əsrlər Skandinaviyası), menestrel (Ingiltərə), rapsod (qədim Yunanıstan) və bardlarla (Irlandiya və Şotlandiya) müqayisə etmək olar.
       Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil. tayfa və xalqın yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər8. Deyilənlərə ən parlaq misal kimi qədim oğuz igidləri və xaqanlarının mənəvi dayağı və öyüd verəni, ulu ozan və şaman olan, ömrü boyu üçtelli qopuzu ilə türk ellərini dolaşaraq dastanlar söyləyən, çalıb-çağıran Qorqud atanın adını çəkmək kifayətdir9.
       Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üz. Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır10. Professor M. Təhmasib "aşığı" hazırda işlənməyən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" – "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan, müğənni" mənasını daşıyır. Məlumdur ki, "varsaq"11 sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır12.
       Fəxri ad (ünvan) kimi "Aşıq" artıq XI əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan böyük şair və dahi şəxsiyyət Əhməd əl-Yasəvinin (1105–1166)13 yaradıcılığında rast gəlinir. "Aşıq" adı ilə ümum-türk şerinin ən görkəmli simaları – Aşıq Paşa (XIII əsr), Aşıq Çələbi və Aşıq Əhməd (XV–XVII əsrlər), Aşıq Abbas Tufarqanlı (XVIII əsr) və bir çox başqaları tarixdə silinməz iz qoymuşlar.
       Orta əsrlərin türk-ərəb-fars tərkibli Şərq mədəniyyəti də "aşıq" anlayışının müasir mənalandırılmasına öz təsirini göstərmişdir. Məsələn, ən qədim zamanlarda türklər – hunlar, xəzərlər, altaylılar, oğuzlar və başqaları işığı, suyu, göyü və təbiətin digər ünsürlərini ilahiləşdirər, onlara tapınarmışlar. Qədim türklər işığın (is, iş, çor, od) suda əriməsindən dünyanın yarandığını güman edərmişlər. Türk mifoloji təsəvvürlərini araşdıran tanınmış alim F. Köprülüzadə belə nəticə çıxarır ki, "aşıq" sözü türkcə "işıq" sözünün törəməsidir. Məşhur şərqşünas – alim, türkoloq Vl. Qordlevski də qeyd edir ki, "qələndərləri"14 "işıq" da adlandırırdılar və bu deyim XVI əsrdə geniş yayılmışdı. O, davam edərək yazır: "Çox ola bilər ki, burada iki sözün – "işıq" və aşiq" (ərəbcə, "Allah eşqi ilə odlanan") sözlərinin kontaminasiyası (iki ifadənin birləşərək yeni ifadə əmələ gətirməsi) ilə qarşılaşırıq, yəni "işıq" sözü sufi anlayışının xalq etimologiyasıdır. Dünyanı gəzib-dolaşan dərvişlər15 dağ başına çıxıb ocaq yan dırarmışlar. Aşağıdakı dübeyt belə yazmaya əsas verir:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page