TANINMIŞ MUSIQIŞÜNAS, YORULMAZ PEDAQOQ, ISTEDADLI TƏDQIQATÇI
Imruz ƏFƏNDIYEVA
Search


DAIM AXTARIŞ YOLLARINDA
Imruz ƏFƏNDIYEVA
BƏSTƏKAR, PIANOÇU, PEDAQOQ
Gülarə QAZIYEVA
MUSIQIŞÜNASLIĞIMIZIN XIDMƏTINDƏ
Fəttah XALIQZADƏ
TANINMIŞ MUSIQIŞÜNAS, YORULMAZ PEDAQOQ, ISTEDADLI TƏDQIQATÇI
Imruz ƏFƏNDIYEVA

 


Tanınmış musiqişünas-alim, Bakı Musiqi Akademiyasının professoru, Musiqi tarixi kafedrasının müdiri, sənətşünaslıq namizədi Ülviyyə Ismayıl qızı Imanova yubileyini yeni nailiyyətlərlə, yeni uğurlarla qarşılayır. O, 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (professor I.V.Abezqauzun sinfini). Hələ tələbəlik illərində Ülviyyə xanım Konservatoriyada (hazırda Bakı Musiqi Akademiyasında) və başqa ali məktəblərdə keçirilmiş konfranslarda müvəffəqiyyətlə çıxış edir. Məhz yuxarıda göstərdiyimiz nailiyyətlərinə görə Ülviyyə Imanova aspiranturaya daxil olmağa müvəffəq olur.

Ülviyyə xanım Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasına işləməyə dəvət olunur. Yaxşı yadımdadır, hamımızın müəllimi olan, yüksək səviyyəli alim, professor Izabella Abezqauz vaxtilə mənə demişdi: Mənim keçmiş tələbəm olmuş Ülviyyə olduqca istedadlı müəllimdir və qeyri-adi pafosla, emosionallıqla mühazirələr oxuyur, o, həmişə mühazirələrə olduqca ciddi hazırlaşır.

Onu da qeyd etməliyəm ki, Izabella Vladimirovna çox tələbkar, prinsipial və ciddi muəllim olmuş, öz tələbələrinə, aspirantlarına, yetişdirmələrinə qarşı ikiqat tələbkar olmuşdur.

Ümumiyyətlə, Ülviyyə xanımın bir mütəxəssis kimi formalaşmasında Bakı Musiqi Akademiyasının bütün hörmətli müəllim və professorlarının böyük təsiri olub.

Ülviyyə xanım Qərb musiqisi tarixindən çox maraqlı, dərin məzmunlu mühazirələr oxuyur. Onun mühazirələri dərin mənalı və yüksək professionallıqla, elmi axtarışları ilə diqqəti cəlb edir. Vaxtilə Bakı Musiqi Akademiyasını bitirmiş tələbələr, yenə də Ülviyyə xanımın mühazirələrinə sevinclə qulaq asmağa gəlirlər.

Gözəl müəllimin və tədqiqatçının ən fundamental və iri həcmli tədqiqat işlərindən biri - Azərbaycan musiqisində neoklassisizm təmayülünün yaranması və inkişafı haqqında adlanır. Bu, Azərbaycan musiqişünaslıq elmində işlənməmiş və olduqca maraqlı, əhatəli mövzudur. Məhz bu mövzu ilə əlaqədar Ülviyyə xanımın bir çox məcmuələrdə məqalələri çap olunub və həmçinin o, müxtəlif seminarlarda uğurla çıxış etmişdir.

1990-cı ildə Ülviyyə xanım Daşkənd şəhərində dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və sənətşünalıq namizədi alimlik dərəcəsinə layiq görülür. Onun XX əsrin klassisizmi və Qara Qarayevin musiqisi adlı dissertasiya mövzusu dahi Qara Qarayevin yaradıcılığına həsr olunmuşdur. Hazırda bir çox aspirantlar və müəllimlər bu maraqlı, yeni fikirlərlə səciyyələnən elmi işə müraciət edirlər.

Ülviyyə xanımın istedadlı mütəxəssislərin yetişməsində rolu böyükdür. O çalışır ki, onun tələbələri yeni-yeni əsərlərə müraciət edərək, gərgin axtarışlar aparsınlar, çoxlu kitab və müxtəlif elmi əsərlər oxusunlar. Ü.I.Imanova tələbələrə, aspirantlara qarşı çox tələbkardır və məhz buna görə də onun tələbələri dövlət imtahanlarında əla nəticələrlə çıxışlar edir və komissiya tərəfindən yüksək qiymətləndirilirlər.

Ülviyyə xanım müntəzəm olaraq dövlət imtahan komissiyasının sədri seçilir və olduqca obyektiv, səmərəli və özünəməxsus ləyaqətlə, mədəniyyətlə bu işi aparır. Açığını deyim ki, həm tələbələr, həm də bizim hörmətli müəllim və professorlarımız bu nəcib, xeyirxah qadından çox razı qalırlar.

Yaxşı olardı ki, biz onun haqqında həmkarlarının dediyi sözləri oxucularımıza çatdıraq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov öz həmkarı haqqında deyir: Mən Ülviyyə xanımı uşaqlıqdan tanıyıram və bizim valideynlərimiz də biri-birilərini yaxşı tanıyır, dostluq edirdilər. Tələbəlik illərindən Ülviyyə özünü bacarıqlı, fəal və zəhmətkeş insan kimi təqdim etmişdir. Bütün müəllimlər onu çox istəyirdilər. O, dissertasiya işini olduqca müvəffəqiyyətlə müdafiə etdi. Açığını deyim ki, Qara Qarayev haqda yazmaq çox çətin və şərəflidir. Bu dahi bəstəkar haqqında çoxlu kitablar, elmi-tədqiqat əsərləri yazılmışdır. Lakin, Ülviyyə Imanova bu mövzuya başqa səpkidə yanaşmış və çox maraqlı nəticələrə gəlmişdir. O, çox təcrübəli və bilikli müəllimdir. Önəmli faktordur ki, o həmişə gərgin axtarışda olan alimlərdəndir. Bu isə elm üçün çox önəmlidir.

Ülviyyə xanım mənim qızımın müəlliməsi olmuşdur. O həmişə deyirdi ki, uşaqlar böyük həvəslə onun mühazirələrinə qulaq asırlar və ondan çox razıdırlar. Mən Ülviyyə xanıma can sağlığı, uğurlar və elmi-yaradıcılıq planlarının tezliklə gerçəkləşməsini arzulayıram.

Ramiz Zöhrabovun fikrini davam edərək, xüsusi qeyd etmək istərdim ki, Ülviyyə xanımın Qara Qarayev haqda elmi işi yüksək və təqdirəlayiqdir. Həmin elmi işdən alimin yazdıqlarını oxucularımıza xatırlatmaq istərdim: Hər bir böyük sənətkar kimi Qara Qarayev öz yaradıcılığında parlaq və mürəkkəb təkamül yolu keçmişdir. O, müasir dövrün həmişə axtarışda olan musiqiçilərindən biridir. Bununla belə, müəllif heç vaxt əldə etdikləri ilə kifayətlənməmiş, çox vaxt bizi çoxcəhətli üslub çevrilmələri (I.VAbezqauz) ilə heyrətləndirmişdir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page