ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris… Çeyhun bəy Hacıbəyli – 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Yuxarıda qeyd etdiyimiz kimi 1966-cı ildə Rafiq Babayev Rəşid Behbudovun mahnı teatrına musiqi rəhbəri kimi dəvət alır. Behbudovla birlikdə onlar möhtəşəm teatrlaşdırılmış konsert proqramı üzərində çalışırlar. Bu proqrama bir çox gənc ifaçılar (instrumentalistlər, müğənnilər, rəqqaslar) cəlb olunmuşdu. Tamaşa-konsertin quruluşu üzərində böyük və çətin iş aparılırdı. Lakin bu əziyyət öz bəhrəsini göstərir. Sonrakı illərdə Bakıda, keçmiş Ittifaqın bir çox şəhərlərində və xaricdə – Əfqanıstan, Türkiyə, Iraq, Bolqarıstan, Macarıstan, Yəmən, Iordaniya, Cənubi Amerika ölkələrində, Isveçrə, Almaniya, Pakistan, Hindistan, Əlcəzair, Belçikada və i. a. – bu proqram böyük müvəffəqiyyət qazanır.
       Caz sahəsindəki yaradıcılıq uğurları da bundan geri qalmır. Elə bu illərdə "Bayatı – Kürd ladında" (1966) və "Sayrışan ulduzların işığı" (1967) kompozisiyaları yaranır.
       Rafiq Babayev muğam strukturunda sərbəst orientasiya edən, orkestrin intonasiya və texniki imkanlarına, azərbaycan vokal sənətinin ən zərif melizmlərinə dərindən bələd olan bir sənətkar idi.
       Azərbaycan xalq musiqisi – muğam, bir çox milliyətlərin və mədəniyyətlərin caz yaradıcılığında istifadə olunmuşdur. Muğamın öz strukturu və orqanikası caz ilə həmahəngdir. Muğam da, caz da mahiyyət etibarilə improvizasiya xarakteri daşıyır. Muğam indi də, dəfələrlə müraciətə baxmayaraq, özündə həddindən çox yaradıcılıq potensialı saxlamaqdadır. Hələ 1987-ci ildə "Bakı-87" festivalında Rafiq müəllim verdiyi müsahibədə qeyd edir: "Gördüyümüz kimi, festival günlərində bir çox caz qrupları folklorla bəhrələnmiş ondan stimul almışdır. Mənə belə gəlir ki, cazın ən dolğun ikşafı, özünəməxsus və parlaq milli məktəblərinin yaranması üçün lazım olan əsas amil də elə budur". Lakin bütün bunlara baxmayaraq, caz və muğamın ideal sintezini yaratmaq bir o qədər də asan deyil. Rafiq müəllim isə əsl musiqiçi kimi hər hansı janrda işləməyindən asılı olmayaraq, cazın imkanlarının hələ tam açılmasını anlayan və ilham alıb yeni-yeni kompozisiyalar yaradan bir sənətçi idi.
       1967-ci ildə Tallində keçirilən Beynəlxalq festivalda Rafiq Babayevin rəhbərlik etdiyi ansambl laureat adına layiq görülür. Bu festivalda ifa olunan "Bayatı –Kürd ladında" kompozisiyası özünəməxsus milli koloriti ilə məşhur amerika caz tənqidçisi Uillis Konoverin ürəyinə yol tapmış və onun tərəfindən xüsusi qeyd olunmuşdur.
       Ifaçılıq sənəti ilə yanaşı, bəstəkarlıq sahəsində də yeni-yeni əsərlər yaranır. Bunlardan Ü. Hacıbəyovun ölməz əsəri olan "Arşın mal alan" musiqili komediyasının mövzuları əsasında yaranan eyniadlı fantaziya-parafraz, "Nisgillik" albomu, "Bayram yürüşü", "Bakının nəbzi", "Dağlarda bayram", "Portret", "Qobustan" kimi instrumental pyeslər, bir sıra bədii və sənədli filmlərə yazılan musiqi, xalq və bəstəkar mahnılarının işləmələrini misal göstərə bilərik.
       Elə həmin illərdə Rafiq Babayev kinematoqrafçılar ittifaqına üzv seçilir.
       1983-cü ildə isə Rafiq Babayev Azərbaycan dövlət radio və televiziyasının simfonik orkestrinə bədii rəhbəri və dirijoru vəzifəsinə dəvət alır. Orkestrin strukturunda dəyişikliklər (ştatı artırılması, yeni alətlərin əlavə edilməsi) etməyə başlayan Rafiq müəllim kollektivin qarşısına bir sıra vəzifə qoyur: üslubun yeniləşməsi, yeni ifa tərzi, professional səviyyənin yüksəlişi Azərbaycan xalq musiqisinin ən zərif nüanslarının duyumu, müasir estradanın nailiyyətlərindən xəbardar olması və yüksək bədii zövq onun axtarışlarının istiqamətini təyin edir. O, milli koloriti itirmədən musiqinin yeni istiqamətlərini və müxtəlif caz, estrada kompozisiyalarını sərbəst ifa etməyi bacaran bir orkestr tərkibi əldə etmək fikrindəydi. Orkestrin solistləri sırasında Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova, Cəfər Behbudov, Brilliant Dadaşova kimi müğənnilər vardı.
       Rafiq Babayevin çox cəhətli şəxsiyyət olduğunu qeyd edərkən onun pedaqoji fəaliyyətini də yaddan çıxarmaq olmaz. O, öz məktəbini yarada bilmişdir. Bu məktəb indi də davam etməkdədir. Bir çox musiqiçi – instrumentalistlər özlərini onun şagirdləri hesab edirlər. Onlardan Cəmil Əmirov, Ələsgər Abbasov, Siyavuş Kərimi, Rauf Sultanovu misal çəkə bilərik. "Odlar yurdu" və Fransada keçirilən caz-festivallarda Cəmil Əmirov, Siyavuş Kərimi və Ələsgər Abbasov festivalın qalibi olmuşlar ki, bu da Rafiq Babayevin yaratdığı instrumental məktəbin nailiyyətlərini bir daha təsdiqləyir.
       1991-ci ildə Rafig Babayev rəhbərlik etdiyi "Cəngi" estrada-folklor ansamblı ilə bir sıra ölkələrdə böyük nailiyyətlər qazanır .
       1993-cü ildə isə Rafiq Babayev Azərbaycan respublikasının xalq artisti fəxri adına layiq görülür.
       1994-cü ildə Bakı metropolitenində baş vermiş dəhşətli faciə bir çox insanları həyatdan məhrum etdi. O baharı, o Novruzu bir çox ailələr gözüyaşlı qarşıladı. Faciənin qurbanları arasında Rafiq Babayevin də adı vardı. Onu bizə təbiətin ən gözəl çağı olan Bahar bəxş etdi və bahar da onun bizdən geri aldı.
       Hər il Rəşid Behbudov adına mahnı teatrında onun xatirə gecələri keçirilir, onun adı ilə bağlı olan səsyazma studiyası fəaliyyət göstərir ki, bu da onun sevən insanların, dostlarının, yaxınlarının qəlblərində daima yaşadığına dəlalət edir.
       Mart ayının 31-də Rafiq müəllimin 65 illik yubileyi qeyd oluna bilərdi. Elə bu yubiley ərəfəsində, fevral ayının 16-da BP-nin sponsorluğu ilə bəstəkarın ilk və səbirsizliklə gözlənilən "Əlvida" adlı diskinin prezentasiyası keçirildi. Qeyd etməliyik ki, BP şirkəti bir çoxlarından fərqli olaraq Azərbaycan incəsənətinin inkişafı uğurunda çalışan, istedadların yaradıcılığının təbliği ilə məşğul olan bir şirkətdir. Və bu diskin buraxılışı kompaniya tərəfindən Azərbaycan mədəniyyəti üçün edilən son dərəcə qiymətli hədiyyələrdən biridir. Diskin ərsəyə gətirilməsində proektin müəllifi "Sindikat" caz-qrupunun rəhbəri, saksofonçu Rahin Sultanovun əməyini də xüsusi qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü və təşkilatçılığı nəticəsində disk işıq üzü görə bilmişdir. Diskə "Freskalar", "Portret", "10/8", "Köhnə dəyirmançı", "Dağlarda bayram" instrumental pyesləri, "Göz qabağında şeytan", "Anlamaq istəyirəm", "Azərbaycan", "Torpağın nəfəsi" (I və II hissələr) kimi filmlərə yazıl an musiqi kompozisiyaları daxil edilmişdir. Disk Rafiq Babayevin ifasında Rasim Ocağovun "Təhminə" filmindən olan "Əlvida" mahnısı ilə tamamlanır.
       Prezentasiyada Rasim Ocağov, Oqtay Mirqasımov, Fərhad Bədəlbəyli öz xatirələri ilə çıxış etdilər. Sonra isə Rafiq Babayevin əsərlərindən bir çox mövzular yeni interpretasiyalarda səsləndi. Ifaçılar arasında Salman Qəmbərovun rəhbərlik etdiyi "Bakustik-caz" qrupu "10\8" kompozisiyasını udda ifa edən Siyavuş Kərimi və "Sindikat" caz qrupu öz orijinal kompozisiyaları ilə seçilirdi.
       Bu gün bu gözəl insan, istedadlı musiqiçi artıq bizimlə deyil. Lakin onun musiqisi, yaradıcılığı daima bizim üçün maraq doğuracaqdır. Rafiq Babayev Azərbaycan xalqının musiqi mədəniyyətində, onun üslub rəngarəngliyində yeni səhifə açmış bir bəstəkardır. O, özündən sonra elə parlaq bir iz qoymuşdur ki, bu iz hələ neçə-neçə nəsilləri özünə cəlb edəcək, onların inkişafında təkrarsız rol oynayacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page