V. ADIGÖZƏLOVUN QƏM KARVANI ORATORIYASI
Sevinc RZAYEVA
Search


CAVANŞIR QULIYEVIN MAHNILARINDA POETIK MƏTNLƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
ÜZEYIR HACIBƏYOVUN VƏ VASIF ADIGÖZƏLOVUN YARADICILIĞINDA MILLI HARMONIYANIN ISTIFADƏ EDILMƏSINƏ DAIR
Imruz ƏFƏNDIYEVA
QARA QARAYEV MUSIQISINDƏ IMPRESSIONIZMIN BƏDII VƏ KOMPOZISIYA-TEXNIKI PRINSIPLƏRI HAQQINDA
Zəkiyyə QASIMOVA
HACI XANMƏMMƏDOVUN ƏLIMDƏ SAZIM AĞLAR POEMASI
Iradə KÖÇƏRLI
V. ADIGÖZƏLOVUN QƏM KARVANI ORATORIYASI
Sevinc RZAYEVA
AZƏRBAYCAN BƏSTƏKARLARININ MUSIQI DILINDƏ LAD AMILI
Cəmilə HƏSƏNOVA

 


Vasif Adıgözəlovun yaradıcılığını, mübaliğəsiz müasir incəsənətimizin çox orijinal bir qatına aid etmək olar. Bəstəkarın yalnız müsiqi dili, musiqisinin materiyası orijinal deyil; həmçinin onun əsərlərinin ruhunda konsepsiyalarında, mühitində, daxili anlamında və bədii məqsədlərində belə çox böyük özünəməxsusluq hökm sürür. Sənətkarın yaratdığı hər bir yetkin əsər yalnız sadəcə ifa edilmək məqsədi ilə yazılmayıb bunların hər birisi öz ifası üçün həm ifaçıların, həm də dinləyicilərin daxilən maksimal konsentrasiyasını tələb edən və qeyri-adi ekzistensial xarakter daşıyan bir kulturoloji akt, hadisə kimi nəzərdə tutulub. Bu ifa zamanı yaranan vəziyyəti ifaçılarla dinləyicilər arasında baş verən çox gərgin, daxili bir dialoq kimi qiymətləndirmək olar. Burada, bəstəkarlarla dinləyicilər arasında daxilən baş verən bu ruhi-mənəvi münasibətləri sənətkar cəmiyyət münasibətləri kimi qeyd etmək yerinə düşərdi. Şübhəsiz ki, dinləyicilərə və ümumiyyətlə cəmiyyətimizə qarşı bu tərzi diqqətli münasibət, bəstəkarı n öz yaradıcılığında milli ənənələrimizdən bəhrələnməsi və ona xüsusilə güclü təsiri olan muğam və aşıq sənətinin köklərindən irəli gəlir. Öz təfəkkürünü xalq musiqisinin janr və formalarından ayırmayan, bu formalarda öz aparıcı ideyalarını, poetik duyğularını və hissələrəni ifadə edən V.Adıgözəlovun, yaratdığı əsərləri, miqyasından asılı olmayaraq musiqimizin inkişafında keçilməz yollardan birini açmışdır. Zəngin və çoxşaxəli yaradıcılığında o musiqinin bir çox janrlarına müraciət etmiş, sənətkarın yaradıcılığı zaman keçdikcə musiqimizin inkişafı yolunda, yetişən yeni nəsil üçün bir örnəyə, klassik nümunəyə çevrilir. Tədqiqatımızın əsas məqsədi kimi, bəstəkarın yaradıcılığının son dövrünün araşdırılması, onun dəst-xəttinin, üslubunun, musiqi dilinin xüsusiyyətlərinin təhlili ilə yanaşı, həmçinin onu əhatə edən mühitə, sənət aləminə, cəmiyyətə, eyni zamanda sənətkarın yaşayıb-yaratdığı dövrə və onun ictimai problemlərinə nəzər salmağımız vacibdir.

       Müasir dünyanın demək olar ki, bütün bəstəkarlıq məktəblərinin qarşısına çıxdığı kəskin bədii-estetik böhran və dinləyici qıtlığı dövründə, V.Adıgözəlovun yaradıcılığında, janrından asılı olmayaraq bütün əsərlərində dinləyici mövqeyinin və tələbatının nəzərə alınmasını, bəstəkarın heç bir zaman, absurd xarakter daşıdığının, bu gün artıq sübuta ehtiyacı olmadığı, reallıqdan tamamilə uzaq olan sənət naminə sənət prinsipini qəbul etməməsi heç də onun sadəcə olaraq müvəffəqiyyət ardınca kütlənin maraqlarına riayət deyil, daha çox onun (dinləyici və seyrçi kütləsinin, tələbə və gənclərin və s.) sənətkar tərəfindən bir növ uhda, düzgün istiqamətləndirməsi kimi qavranıla bilər. Bəstəkarın öz yaradıcılığında, bu cür maksimalist mövqeyinin daxili milli təbiəti heç bir şübhə doğurmur, lakin burada Azərbaycan xalq musiqisinin ənənələrinin sözsüz təsiri ilə bərabər, yaradıcı insanın əsil böyük sənətkarlara məxsus mənəvi pafosu və ruhi dönməzliyi, yaradıcılığında heç bir gü zəştə getməməsi, bədii ideyaların seçimi və reallaşması zamanı böyük rol oynayır. Yaradıcılığının son mərhələsi üçün xüsusilə xarakterik olan, XX yüzilliyin son onilliyində yaranmış üç möhtəşəm oratoriyadan sonuncusu, bəstəkarın yaratdığı ən son monumental əsərlərindən biri - Qəm Karvanı oratoriyası da, məhz bu prinsiplər üzərində qurulmuşdur.

       Bədii konsepsiyası və estetik təmayülünə görə rekviem və memorial xarakteri daşıyan Qəm Karvanı oratoriyası Vasif Adıgözəlov tərəfindən 1999-cı ildə, bəstəkarın yaradıcılığının yetkin dövründə və qanlı 20 Yanvar hadisələrindən 10 illik bir tarixi məsafədə yazılmışdır. Bu əsərində bəstəkar XX əsr tarixində xalqımıza və Vətənimizə üz vermiş dəhşətli faciədən söz açır, artıq əsərin adından və yalnız partituranın başlığında bəstəkarın yazdığı ithafdan müqəddəs şəhidlərimizin əziz xatirəsinə - oratoriyada sənətkarın hansı mövzuya toxunacağı aydın olur. Azərbaycanın XIX əsrdən üzü bəri düçar olduğu dəhşətli imperiya əsarətindən və parçalanmasından sonra, buna qarşı olaraq dəfələrlə edilmiş cəhdlərdən sonra keçən əsrin sonlarında yenidən başlanan azadlıq hərəkatı və xalqımızın qan bahasına qazandığı müstəqillik zamanı verilmiş şəhidlərimizin xatirəsini əziz tutan Vasif Adıgözəlovun bu mövzuya, 20 Yanvar hadisələrinin məhz 10 illik tamamında müraciət etməsi bəstəkarın v ətəndaşlıq mövqeyindən irəli gəlir. Burada yaradıcılığının son dövrünün bədii tematikasını əhatə edən digər əsərləri də Qarabağ şikəstəsi və Çanaqqala oratoriyalarını da qeyd etmək lazımdır. Bu mövzular bəstəkarın sadəcə seçimi deyildi, bu tematikaya müraciət insanlarımızın daxili ruhi ehtiyacına, ictimai atmosferimizdə hökm sürən tələbata sənətkar tərəfindən verilən kəskin reaksiyasının təzahürü idi. Və əlbəttə ki, bəstəkar bu mövzuda yaradılmış sonuncu əsəri Qəm Karvanı oratoriyasını, məhz hadisələrdən keçən 10 illik böyük bir tarixi məsafədən dərk edərək, yarada bilərdi. Öz yaradıcılığında daima vətəndaş mövqeyində duran bəstəkarın bu əsəri bədii konsepsiyası, obrazlar aləmi, daxili məzmunu və tərbiyəvi əhəmiyyəti ilə sosial təbəqəsindən asılı olmayaraq bütün cəmiyyətimizə, onun bütün təbəqələrinə yönəlmişdir. Şübhəsiz ki, əsərin bədii-estetik təmayülü nə qədər vacib olsa da, bəstəkarın buradakı konsepsiyasında ictimai faktorun aparıcı rolda, daha öndə olmasını təsdiqləyə bilərik. Bunun səbəbini Azərbaycan musiqisinin və ümumiyyətlə incəsənətinin ən yeni tarixində axtarmaq gərəkdir, çünki mədəniyyət və incəsənət daxilində baş verən proseslər, ayrıca götürülmüş fərdlərin yaradıcılığında deyil, bütöv tarixi layları əhatə edərək, özünü ümumi şəkildə göstərir.

Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page