- 70
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
Search

- 70
HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQI
Ramiz ZÖHRABOV
BU GÜNÜMÜZƏ VƏ GƏLƏCƏYIMIZƏ INANIRAM
Vasif ADIGÖZƏLOV
TARIXIMIZI VƏRƏQLƏYƏRKƏN
Lalə HÜSEYNOVA
NAXÇIVAN BƏSTƏKARLAR TƏŞKILATI
Şəmsəddin QASIMOV
GƏNCƏ BƏSTƏKARLAR TƏŞKILATI
Rauf ISMAYILZADƏ
LƏNKƏRAN BƏSTƏKARLAR TƏŞKILATI
Zəminə ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ PLENUMU
-
TƏQDIMAT MƏRASIMI
-
YENILIKLƏR
-
TƏBRIKLƏR

 


Bu il iyun ayının 30-da Azərbaycan mu-siqisinin inkişafında müstəsna rol oynamış təşkilatımızın Azərbaycan Bəstəkarlar Ittifaqının yaranmasının 70 ili tamam oldu.

Mübaliğəsiz demək olar ki, XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafını, təşəkkülü və təkamülünü Bəstəkarlar Ittifaqının fəaliyyət dairəsindən kənarda təsəvvür etmək qeyrimümkündür.

Keçən əsrdə musiqimizin bütün inkişaf mərhələlərini özündə əks etdirmiş təşkilatımız, əksər halda bu inkişafa, bir çox axtarışlara və yeni istiqamətlərə təkan verən başlıca amilə çevrilmişdir. Yarandığı ilk gündən bu vaxta qədər Bəstəkarlar Ittifaqı milli kadrların formalaşmasını, onların əsərlərinin təbliğini, yaradıcılıq niyyətlərinin gerçəklənməsini əsas məqsəd saymış, məişət qayğılarından tutmuş ciddi yaradıcılıq problemlərinə kimi ən müxtəlif məsələləri həll etmək iqtidarında olan bir qurum kimi fəaliyyət göstərmişdir.

Danılmaz faktlardır ki, Azərbaycan bəstəkarlarının bir çox dahiyanə əsərləri bilavasitə təşkilatımızın qurultay, plenum, festival, baxış, konqres, simpozium, müşavirələr və digər irimiqyaslı yaradıcılıq və elmi tədbirlərdə səslənmək üçün yazılmış və təbii ki, ilk dəfə məhz bu tədbirlərdə ifa olunmuş, cəmiyyətdə, mədəni həyatımızda geniş əks-səda doğurmuşdur. Bu əsərlərin yaranmasında SSRI-nin ən müxtəlif dilbər guşələrində yerləşən yaradıcılıq evlərində yaşayıbişləmək imkanı yardımçı olmuş, onların xarici ölkələrdə tanınmasında Bəstəkarlar Ittifaqının beynəlxalq əlaqələri, çoxsaylı xarici ezamiyyətlər, yaradıcılıq görüşləri ümdə rol oynamışdır.

Bəstəkarlar Ittifaqı öz tarixində böyük və şanlı bir yol keçmişdir. Lakin bu yol həm də kifayət qədər keşməkeşli və çətin olmuşdur. Ilkin vaxtlarında barmaqla sayıla bilən bir neçə azərbaycanlıdan ibarət olan bu təşkilat tez bir zamanda bilavasitə Üzeyir Hacıbəyovun xeyir-duası ilə sənətə adlamış və məmləkətimizi uzaqlarda tanıtmağa qadir güclü bəstəkar nəsli ilə zənginləşmişdir. Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Hacı Xanməm-mədovun ölməz musiqisi artıq çoxdan bəridir ki, mənəviyyatımızın, iç dünyamızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu şəxsiyyətlər öz dahi müəllimlərinin ənənəsini davam etdirərək, öz növbəsində böyük bir məktəb yaratdılar, yeni nəsil yetişdirdilər. Qara Qarayev və Cövdət Hacıyevin tələbələri hazırda musiqimizin bugünkü taleyini müəyyənləşdirir. Onlar öz əkrarolunmaz dəstxəttini və üslubunu yaratmış görkəmli sənətkarlardır.

Indi Azərbaycan Bəstəkarlar Ittifaqı öz sıralarında 180 nəfər yüksək ixtisaslı əsl peşəkar bəstəkarlar və musiqişünaslar ordusunu birləşdirmişdir. Burada ən müxtəlif nəsillər təmsil olunub. Onların layiqli nümayəndələrinin hər biri müasir musiqi məkanında öz sözünü deməyə qadirdir. Zənnimcə, bu, 70 illik şərəfli yolun, sözün əsl mənasında, parlaq nəticəsidir.

Sirr deyil ki, yaşadığımız məkanın ictimai siyasi həyatında baş verən bütün yeniliklər və dəyişikliklər (istər müsbət, istərsə də mənfi) onun işinə bilavasitə təsir göstərmişdir. Istənilən qurumun yaşam tarixində olduğu kimi burada da ən müxtəlif obyektiv və subyektiv səbəblər üzündən enişlər və yüksəlişlər müşahidə edilmişdir. Lakin etiraf etmək lazımdır ki, Bəstəkarlar Ittifaqı ən çətin və mürəkkəb dövrünü keçən əsrin 90-cı illərində yaşamalı oldu.

Bəllidir ki, bu illər respublikamızın ictimai-siyasi həyatında, xalqımızın çoxəsrlik tarixində son dərəcə gərgin və mürəkkəb bir dövr oldu. Qanlı yanvar hadisələri, çoxillik müharibə, 20% torpaqlarımızın işğalı, amansız terror aktları yaradıcı insanların həyatında, taleyində və təbii ki, əsərlərində dərin iz qoymuşdur. Biz ürək ağrısı ilə bu dəhşətli hadisələrin qurbanları sırasında istedadlı musiqiçi və bəstəkar Rafiq Babayevin adını çəkirik.

Azərbaycan bəstəkarlarının sonuncu - VII qurultayından ötən illər həyatın axını siyasi-iqtisadi paradokslar və gözlənilməz anlarla dolu idi. Illər boyu sabitləşmiş həyat və düşüncə tərzi, işləmək vərdişinin, cəmiyyətin ideoloji əsaslarının dağıldığı bir vaxtda Bəstəkarlar Ittifaqının bir qurum kimi saxlanılması, onun zəngin ənənələrinin hifz olunması qarşıda duran ən mühüm vəzifə idi. Ittifaqın lüzum-suzluğu, köhnə sosialist quruluşunun yetirməsi kimi öz dövrünü artıq başa vurması barədə müxtəlif səviyyələrdə söz-söhbətlər eşidilirdi. Unudulurdu ki, vaxtı ilə dahi Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Qara Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Aqşin Əlizadə kimi qüdrətli sənətkarlarımızın rəhbərliyi ilə uğurla fəaliyyət göstərmiş Azərbaycan Bəstəkarlar Ittifaqı uzun illər respublikamızın musiqi həyatının əsas koordinasiya mərkəzi olmuş, daim musiqimizin saflığının və özünəməxsusluğunun keşiyində dayanmışdır. Nəzərdən keçirilən dövrdə cəmiyyətdə baş verən gərgin proseslər və bununla bağlı maddi çətinliklərə baxmayaraq Ittifaqın işində boşluq yaranması təhlükəsi qismən də olsa aradan qaldırıldı. Imkan daxilində ənənəvi fəaliyyət formaları plenumların, yaradıcılıq görüşlərinin, festivalların, müsabiqələrin, baxışların keçirilməsi təmin olundu.

Bütün dünyada əks-səda tapmış 20 yanvar faciəsinin Azərbaycanda çox mürəkkəb ictimai-siyasi ab-hava yaratdığı fonda Bəstəkarlar Ittifaqı məhz həmin il əvvəlki dövrün səmərəli iş rejimini saxlamağa müvəffəq oldu.

1990-cı ilin mayında Bəstəkarlar Ittifaqı Idarə Heyətinin böyük Plenumu keçirildi. Iki simfonik və iki kamera konsertlərinin proqramına bütövlükdə ancaq yeni əsərlər daxil edildi: Cövdət Hacıyevin 6 saylı Simfoniyası, Aqşin Əlizadənin 5 saylı Simfoniyası, Ramiz Mustafayevin 6 saylı Simfoniyası, Nəriman Məmmədovun fortepiano və orkestr üçün Konserti, Azər Rzayevin skripka, viola və orkestr üçün ikili Konserti, Zakir Bağırovun tar və orkestr üçün Konserti, Fərhəng Hüseynovun klassik Simfoniyettası, Cahangir Cahangirovun qoboy və orkestr üçün Konserti, Sevda Ibrahimovanın orqan və kamera orkestri üçün Konserti, Oqtay Rəcəbovun kamera orkestri üçün 3 saylı Simfoniyası, Musa Mirzəyevin Böyük ustadın xatirəsinə simfonik əsəri, Qalib Məmmədovun kamera orkestri üçün miniatürləri ifa edildi. Plenumun işində Moskvadan, Alma-Atadan, Ufadan gəlmiş qonaqlar iştirak etdilər. O zaman SSRI Bəstəkarlar Ittifaqının katibi olmuş Aleksandr Çaykovski plenumun keçirilmə şəraitini dürüst səciyyələndirmişdi: Fövqəladə vəzi yyət şəhərində zərif simfoniyalar dinlədim. Doğrusu, yanvar faciəsindən sonra belə bir tədbiri keçirmək üçün ürəyində təpər tapan xalqın mətanətinə heyranlığımı gizlədə bil-mirəm.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page