ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ
-
MUZEYLƏRDƏ
-
MÜSABIQƏLƏR...
KONFRANSLAR...

-
IFAÇILIQ
-

 


BILKƏNT UNIVERSITETINDƏ KONSERT

Dünya vokal sənətinin böyük ustaları sırasında Fidan və Xuraman Qasımova bacıları görkəmli yer tuturlar. Onlar öz yüksək istedadı və kamil sənətkarlığı ilə Şərqin opera incəsənəti tarixinə yeni səhifə yazmışdırlar. Bilkənt Universitetinin Böyük salonunda keçirilmiş konsertdə sənətkarlar yüksək vokal ifaçılığı məharəti nümayiş etdirdilər. Müstəsna diapazonlu səsə, parlaq vokal texnikaya malik olan müğənnilər dinləyiciləri gözəl soprano və intonasiya təmizliyi, musiqi duyumu və təsirli ifa tərzi ilə məftun etdilər. Bu, həqiqətən Azərbaycan musiqi mədəniyyətinin bayramı oldu və dinləyicilərin gur alqışlarını qazandı.

       Biz dünya vokal sənətinin ulduzları adlandırıla bilən böyük həmvətənlərimizin çıxışlarını milli qurur hissi ilə dinləyirdik. Konsertin geniş və rəngarəng proqramında Barokkodan tutmuş (Persel, Hendel, Bax), klassika, romantizm və XX əsr musiqisinə qədər (L.Bernstayn, F.Bədəlbəyli) müxtəlif dövr və üslublar təqdim olunmuşdur. Müğənnilərin ifasında əsərlərin yüksək təfsiri mədəniyyəti insanı valeh edirdi. Elə ilk sədalardan onlar məlahətli səslərinin cazibəsi ilə dinləyiciləri dərin fikir və hisslər aləminə apardılar və gözümüz qarşısında sanki seyr edilə bilən səhnələr göstərdilər.

       Digər əsərlərlə yanaşı, Şubert, Quno və F.Bədəlbəyliyə məxsus «Ave Mariya»ların ifası dahiyanə idi. Azərbaycan musiqisində ilk dəfə olaraq Allaha müraciət olunaraq əsər yaranmışdır. Fərhad Bədəlbəylinin «Ave Mariya»sında incə lirizm, Azərbaycan melosu ilə Avropa musiqisi xüsusiyyətlərinin üzvi vəhdəti Qasımova bacılarının ifasında dinləyicilərə güclü təsir göstərdi. Proqrama həmçinin «Evləri var xana-xana» və «Sarı gəlin» kimi Azərbaycan xalq mahnıları, Niyazinin «Arzu» romansı da daxil idi.

       Dinləyicilər böyük müğənnilərin sənətini ayaqüstə alqışlayırdılar. Vokal sənətinə nəhəng sənətkarlar bəxş etmiş ölkəmizə – Azərbaycan Torpağına görə gözlərimiz sevinc və iftixar yaşları ilə doldu. Konserti ən yüksək səviyyədə keçirmiş Bilkənt Universitetinin Kamera və Simfonik orkestri və onun bədii rəhbəri, Azərbaycanın xalq artisti professor Sərvər Qəniyevin əməyi xüsusilə qeyd olunmalıdır.

       Sevindirici haldır ki, konsertdən dərhal sonra Bilkənt Universitetinin rəhbərliyi və musiqi fakültəsinin dekanı professor Işın Mətin müğənnilərin sehrli sənətinin təsiri altında yüksək pedaqoji ustalığa malik olan Fidan və Xuraman Qasımovaları universitetin vokal şöbəsinin tələbələri üçün Ustad sinfi (Masterklass) keçirməyə dəvət etdi.

Nailə MEHDIYEVA

MERAC GECƏSI

«Merac gecəsi» - bəstəkar Rəhilə Həsənova Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilmiş müəllif konsertini belə adlandırmışdı. Onun yaradıcılığına bələd olanlara bu başlıqda iddialı heç bir şey yoxdur: bəstəkarın əsərlərində müşahidə edilən bədii dərinlik, ciddilik, yüksək ideya məzmunu buna haqq verir.

       Bakı Musiqi Akademiyasının 80-illiyinə həsr olunmuş silsilə konsertlərin biri kimi dinləyicilərə təqdim olunmuş bu növbəti konsertdə Rəhilə Həsənovanın 1988 və 2003-cü illər arasında yazdığı və ilk dəfə ifa olunan 6 kamera-intrumental əsəri səsləndi. Bir axşam ərzində altı premyera həm ürəkaçandır, həm kədərlidir: ürəkaçandır ona görə ki, bəstəkarın yüksək yaradıcılıq potensialından xəbər verir. Kədərli isə odur ki, hazırkı zamanda, xarici səfirlik və şirkətlərdən pul «dilənmək» istəməyən və bacarmayan istedadlı bəstəkarlar öz əsərinin ifasını onilliklərlə gözləməyə məcburdurlar...

       Rəhilə Həsənovanın konserti, gözlənildiyi kimi, əsl musiqiyə qulaq asmaq istəyənlər üçün çox maraqlı idi.

       Konsertin I hissəsində daha böyük təəssuratı Simli kvartet və piano, fleyta və kvartet üçün «Zərrə» əsəri bağışladı. Trionun tembr gözəlliyini xüsusi vurğulamaq istərdim: cəmisi üç alət bütöv orkestr səslənməsi təəssüratı yaratdı. Kiçik tərkibli instrumental ansamblların orkestrsayaq səslənməsi həmçinin, ikinci hissədə çalınan əsərlərə də xas idi: yəqin ki, bunu, hazırkı mərhələdə bəstəkarın yaradıcılıq üslubunun cəhəti kimi qiymətləndirmək olar.

       Kosnertin II hissəsi əsl mənada çox parlaq idi. Həm musiqinin keyfiyyəti, həm də onun Bakı Musiqi Akademiyasının müəllimləri tərəfindən məharətli ifası yüksək səviyyə nümayiş etdirirdi. Ifaçılardan Töhvə Babayeva (violino), Nizami Zeynalov (nəfəs alətləri), yenicə Yaponiyadan qayıtmış gözəl piano dueti – Maya Sadıxzadə və Fəridə Əhmədbəyova və əlbəttə, ağıllı və istedadlı Fəridə Məmmədova xüsusi qeyd olunmalıdır.

       II hissədə səslənən üç əsərdən biri – piano, violino və violonçel üçün «Nüvə», habelə, iki piano ilə bas-klarnet üçün «Dəniz» fantaziyası bəstəkarın son illərdə çox sevdiyi kompozisiya növünü daha qabarıq şəkildə təcəssüm etdirirdi. Bu – Azərbaycan muğamının quruluş modelidir: burada materiyanın ilkin nüvədən bütöv tama kimi inkişaf ideyası özünəməxsus ifadəsini tapıb. Ümumiyyətlə, Rəhilə Həsənovanın yaradıcılığında milli ideya sanki bədahətən özünü büruzə verir: o, süni surətdə kənardan gəlmir, yaradıcılıq simasının məğzi kimi üzvi və təbii surətdə üzə çıxır.

       Səməd Vurğunun sözlərinə yazılmış «Üç qəzəl» vokal silsiləsi də maraqlı idi. Bəstəkar əruzun səciyyəvi ölçülərini, qəzəl janrında istifadə olunan klassik şer bəhrlərinin səciyyəvi xüsusiyyətlərini saxlamağa nail olmuşdur.

       Şübhəsiz ki, Rəhilə Həsənova öz fərdi simasına və dəst-xəttinə malik bəstəkardır və onun müəllif konserti bunun parlaq nümayişinə çevrilərək, irəliyə doğru daimi hərəkətin və kamilləşmənin sübutu oldu.

Sənubər BAĞIROVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page