ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MÜSLÜM MAQOMAYEVIN BƏDII ALƏMINƏ YENI NƏZƏR
Nigar RƏHIMOVA
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“MUSIQI PALITRASI”NIN ƏLVAN BOYALARI
Aida HÜSEYNOVA
MÜSLÜM MAQOMAYEVIN BƏDII ALƏMINƏ YENI NƏZƏR
Nigar RƏHIMOVA
YENI ELMI TOPLU
Ceyran MAHMUDOVA
YENI KITABLAR SILSILƏSINDƏN: ADILƏ MAILOVANIN «K.K.SƏFƏRƏLIYEVANIN MUSIQI IFAÇILIĞI YARADICILIĞININ YARANMASI VƏ TƏŞƏKKÜL&Uum
Gülnaz ABDULLAZADƏ

 


Məşhur gürcü bəstəkarı Giya Kançeli vaxtilə maraqlı bir fikir söyləmişdir: “Musiqinin möcüzəsi hətta birbirinə qarşı yaxın olan insanlarda belə çox zaman fərqli, təkraredilməz duyğuları oyatmasındadır...” Doğrudan da, görkəmli həmyerlimiz Müslüm Maqomayev haqqında yazıların mövcudluğuna baxmayaraq, onun yaradıcılıq irsinə hər yeni müraciət Maqomayev şəxsiyyətinin fenomeninin naməlum çalarlarının aşkar edilməsinə imkan yaradır. Sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının dosenti Aida Hüseynovanın Müslüm Maqomayevə həsr olunmuş oçerkləri görkəmli bəstəkarımızın Azərbaycan mədəniyyəti kontekstindəki rolunun yenidən müəyyənləşdirərək, onun bədii dünyası haqda təsəvvürümüzü müəyyən dərəcədə dəyişdirir.

       A.Hüseynova çoxdan bəri Müslüm Maqomayev yaradıcılığının tədqiqatçısı kimi tanınmışdır. Müslüm Maqomayevin opera yaradıcılığına dair elmi araşdırmalarını namizədlik dissertasiyasında (1992) və monoqrafiyasında (1997) cəmləşdirmişdir. Odur ki, A.Hüseynovanın yeni kitabı uzun müddət ərzində apardığı tədqiqatların nəticəsi kimi qiymətləndirilməlidir. Kitab musiqi tariximizin səhifələrini canlandıraraq, keçmişimizin, xalqımızın mənəvi sərvətimizin bir daha dərk edilməsi üçün zəmin yaradır. Keçmişə müraciət isə, məlum olduğu kimi, gələcəyə aparan yolun şərtidir. Məhz bu səbəbdən kitabın mövzusu da, məzmunu da bu gün aktual səslənir. “Müslüm Maqomayev və Azərbaycan musiqisi” oçerkində müəllif Maqomayevin təməlini qoyduğu ənənələrin XX əsr Azərbaycan musiqisi kontekstində inkişaf yollarını müəyyən edərək, həmin varislik xəttini inandırıcı surətdə çatdırır. Kitabda təqdim olunan retrospektiv baxışın başlıca və qaçılmaz rakursu müasir Azərbaycan musiqisinin baniləri, görkəmli bəstəkarlarımızı Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin yaradıcılıq nailiyyətlərinin müqayisəli təhlilidir.

       Müəllif Hacıbəyov və Maqomayev tərəfindən həyata keçirilmiş milli və Avropa yaradıcı prinsiplərinin sintezi yollarının müxtəlifliyini inandırıcı surətdə sübuta yetirir. “Üzeyir bəy bəstəkar yaradıcılığı normalarını bir növ oriyentir tutub, milli bədii təməldən yeni yaradıcılıq prinsipləri hasil etmiş, daha doğrusu, icad etmişdir. Maqomayev isə klassik Avropa modellərini bilavasitə tətbiq etmiş, onları milli musiqi kontekstində uyğunlaşdırmış və nəticədə Şərq və Qərb, monodik və homofon düşüncə tərzlərinin üzvi vəhdətinə nail olmuşdur” (səh.6). Həmin fikir kitabın ümumi yönümünü, “ana xəttini” təşkil edir. “Üzeyir Hacıbəyov və Müslüm Maqomayev: müqayisəli təhlilin təcrübəsi” oçerkində janr, dramaturgiya və musiqi dili sahələrinə müraciət edən müəllif Müslüm Maqomayevin orijinal, özünəməxsus bədii üslubunun aparıcı cəhətlərini təhlil edir.

        Belə ki, A.Hüseynova Azərbaycan musiqisində opera janrının təşəkkülü prosesini izləyərək, Hacıbəyovun və Maqomayevin həmin sahədə apardıqları axtarışların müxtəlifliyini müəyyən edir. Maqomayevin artıq “Şah Ismayıl” operasında müşahidə olunan milli operamızın “avropalaşdırılması” meyli müəllif tərəfindən xüsusi diqqətlə araşdırılır. Klassik opera formalarının tətbiqi, leytmotiv prinsipinin ardıcıl yeridilməsi və digər amillər ətraflı tədqiq olunur. Bəlkə elə Azərbaycan musiqisinin sonrakı taleyinə xas olan muğam operasına maraq da məhz Maqomayev ənənələrindən irəli gəlir? Həmin maraq həm Cahangir Cahangirovun “Xanəndənin taleyi”, Şəfiqə Axundovanın “Gəlin qayası” operalarında, həm də bu yaxında tamaşaya qoyulmuş Vasif Adıgözəlovun “Natəvan” operasında müşahidə olunur. “Natəvan”ın uğuru həmin ideyanın aktuallığına və yeni əsrdə təkrarən qayıdacağına dəlalət edir. A.Hüseynovanın tədqiqatlarında irəli sürülən bir sıra ideyalar gələcək tədqiqatlara təkan verir. Bu nöqteyinəzərdən Hacıbəyovun və Maqomayevi n harmonik üslublarının müqayisəli təhlili, eləcə də melodik formanın qanunauyğunluqlarını aşkar etmək niyyəti (“Maqomayevin melodik üslubuna dair” oçerki) xüsusi maraq doğurur. Nəhayət, kitabı tamamlayan “Müslüm Maqomayevin operalarında şifahi ənənəli Azərbaycan musiqisi” mövzusunda oçerkdə bəstəkarın milli musiqi xəzinəmizin qaynaqlarından bəhrələnməsi və həmin prosesin müxtəlif təzahür formaları müəyyənləşdirilir.

       Kitabın mühüm məziyyəti həm də onun zəngin arxiv mənbələrinə istinad etməsindən irəli gəlir. Tədqiqata cəlb olunan yüzlərlə əlyazmalar Maqomayevin bədii axtarışlarının arxasında duran laboratoriya prosesini izləməyə və nəticədə, bəstəkarın orijinal üslubunu şərtləndirən daxili mexanizmlərin aşkarlanmasına imkan yaradır.

       Insanlar keçmişə müraciət edərək, müasirliyi və gələcəyi daha aydın duymaq imkanı əldə edirlər. Aida Hüseynovanın oçerkləri keçmiş əsrin musiqi tapıntıları barədə tarixi yaddaşımızı canlandıraraq, yeni elmi ideyaların meydana çıxmasına təkan verirlər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page