Şuşa, Bakı, Paris Çeyhun bəy Hacıbəyli 110
S. Qarabağlı.
Search


Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun tar islahatları
V. Əbdülqasımov.
Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
Şuşa, Bakı, Paris Çeyhun bəy Hacıbəyli 110
S. Qarabağlı.
Xan Zirvəsi
V. Muxtaroğlu.
Bəhram Mansurovun muğam sənəti
F. Əbdülqasımov.
Unudulmaz əziz müəllimim Qılman Salahov Haqqında xatirələrim
R.Rzayeva.
Unudulmaz şəxsiyyət
L. Rəhmanova.

 



       Görkəmli yazıçı, publisist, tərcüməçi, tədqiqatçı, ictimai xadim, Azərbaycanın azadlığı uğrunda mücahid Ceyhun bəy Hacıbəylinin bu il anadan almasının 110 illiyi tamam oldu.
       Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Azərbaycanın tacı olan qədim, gözəl Şuşa şəhərində dünyaya gəlmişdir. Onun uşaqlığı doğma Şuşada keçmiş, ilk təhsilini oradakı iki illik rus-türk məktəbində almış, sonra Bakıda orta məktəbi bitirmişdir.
       Məlumdur ki, 1908-ci ilin yanvar ayının 12(25)-də Üzeyir bəy Hacıbəyovun bütün Şərqdə ilk operası olan "Leyli və Məcnun"un premyerası olmuşdur. Ceyhun bəy də qardaşının bu əsərinin ərsəyə gəlməsində yaxından iştirak etmişdir. Belə ki, o, "Leyli və Məcnun" operasında Ibn Səlam və Nofəl rollarını məharətlə oynamış, tamaşaçıların böyük rəğbətini qazanmış, ifasına yüksək qiymət verilmişdir.
       1909-cu ildə ali təhsil almaq məqsədilə Ceyhun Hacıbəyli Sank-Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına sonra o, Parisə gedib məşhur Sorbonna Universitetində təhsilini davam etdirmişdir. Parisdə oxuduğu illərdə bir-birindən maraqlı yazılar yazaraq Bakıda çıxan "Kaspi", "Baku" (1910-1915) qəzetlərinə göndərirdi. Eyni zamanda Fransanın paytaxtında nəşr olunan mətbuat orqanlarında da məqalələr dərc etdirirdi. O, öz yazıları vasitəsilə Avropa xalqlarını və rusdilli oxucuları Azərbaycan ədəbiyyatı, dili, mətbuatı və incəsənəti ilə tanış edirdi.
       Ceyhun bəy Hacıbəyli 1916-cı ildə gözəl mütəxəssis kimi vətənə qayıtmışdır. Bakıda yaşadığı dövrdə də mühərrirlik fəaliyyəti ilə məşğul olmuş, "Proqress" (rusca), "Irşad", "Tərəqqi" və s. qəzetlərdə müntəzəm olaraq bir-birindən oxunaqlı yazılarla çıxış etmişdir. "Ittihad" qəzetinin baş redaktoru olmuşdur. "Hacı Kərim" adlı povest də yazmışdır.
       1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında C. Hacıbəylinin də böyük rolu var idi. ADC-nin orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini daşıyan Ceyhun bəy 1919-cu ilin yanvar ayında "Versal" sülh konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil olmuş və bir vaxtlar təhsil aldığı Paris şəhərinə yola düşmüşdür. Parisdə müxtəlif tədbirlərdə, konfransın işində yaxından iştirak edən nümayəndə heyətinin əsas vəzifəsi gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyini böyük Avropa dövlətlərinə tanıtmaq idi. Təəssüf ki, o vaxt orada dövlətimiz naminə səmərəli işlər aparan nümayəndə heyətinin səyi yarımçıq qaldı. 1920-ci il aprel ayının 28-də Azərbaycanın XI rus ordusu tərəfindən işğal olunduğu xəbərini onlar ürək-ağrısı ilə qarşıladılar. Xalqımızın başına gələn bu faciədən hali olan nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də Ceyhun bəy Hacıbəyli bir daha vətənə qayıtmadı. Ömrünün sonuna qədər qürbət ölkədə qalmağa məcbur oldu. Azə rbaycan dövləti və Azərbaycan xalqı naminə yorulmadan çalışdı.
       Ceyhun Hacıbəyli Parisdə yaradıcılıqla eləcə də ictimai işlərlə məşğul olmuşdur. Doğma Azərbaycanı orada layiqincə təmsil və tərənnüm etmişdir. Parisdə "Fiqaro", "Jurnal Aziatik", "Revyü de monde musulman" adlı qəzet və jurnallara mütəmadi olaraq məqalələr yazmış, bir ara orada fransız dilində çıxan "Qafqaz" dərgisinə, Münhen şəhərində Azərbaycan milli birliyinin orqanı olan "Azərbaycan" məcmuəsinə redaktorluq etmişdir.
       1925-ci ildə Ceyhun bəy qardaşı Üzeyir bəy Hacıbəyovun dünya şöhrətli "Arşın mal alan" operettasının librettosunu fransız dilinə tərcümə etmiş, 1928-ci ildə isə əsəri firəng dilində Parisdə tamaşaya qoymuşdur. "Arşın mal alan" hər yerdə olduğu kimi Fransada da böyük müvəffəqiyyət qazanmışdır.
       C. Hacıbəyli mühacirətdə yaşadığı dövrdə müxtəlif tədqiqat əsərləri də nəşr etdirmişdir. Məsələn, 1930-cu ildə "Azərbaycan mətbuatı tarixi", 1933-cü ildə "Qarabağ dialekti və folkloru" kitabları fransız dilində işıq üzü görmüşdür. Bu əsərin bir nüsxəsi Üzeyir Hacıbəyovun ev-muzeyinin ekspozisiyasında nümayiş olunur. Ceyhun bəyin sonuncu tədqiqat əsəri isə "Islam əleyhinə propoqanda" və onun Azərbaycandakı metodları" adlı kitabı olmuşdur. Əsər 1959-cu ildə Sovetlər Birliyini Öyrənmə Institutu tərəfindən nəşr edilmişdir.
       Bundan əlavə Ceyhun bəy "Mənim xəyallarım" əsərini də yazmışdır. Ceyhun bəy Hacıbəyli 1953-cü ildə "Azadlıq" radiostansiyasının yaradıcılarından biri olmuşdur. Ömrünün son illərində isə keçmiş SSRI-ni öyrənən Institutun müxbir üzvü kimi fəaliyyət göstərmişdir.
       Keçmiş SSRI-nin rəhbəri I. V. Stalin də Ceyhun bəylə maraqlanmış, hətta onun haqqında Üzeyir bəylə söhbət də etmişdir. Bu hadisə 1938-ci ilin aprel ayında Moskvada keçirilən Azərbaycan Incəsənəti öngünlüyünün sonuncu günü Kremldə Ü. Hacıbəyov başda olmaqla Azərbaycan Incəsənət nümayəndələrinin şərəfinə təşkil edilmiş ziyafət zamanı olmuşdur.
       I. V. Stalin Üzeyir bəyə demişdir:
        Üzeyir bəy, bildiyimə görə Sizin kiçik qardaşınız Fransada yaşayır. Onunla məktublaşırsınızmı?
       Üzeyir bəy: Əvvəllar məktublaşırdıq, yoldaş Stalin, son zamanlar yazışmırıq.
       I. V. Stalin: Niyə? Sizə mane olanmı var?
       Üzeyir bəy: Xeyr!
       I. V. Stalin: Nahaq yerə yazışmırsınız! Siz ona məktub göndərin, bəlkə vətənə dönmək istəyir? Əgər vətənə qayıtsa, onu işlə, evlə təmin edərik. Mütləq qardaşınıza yazın!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page