SÜLEYMAN ƏLƏSGƏROV- 80
Maya QAFAROVA
Search


SÜLEYMAN ƏLƏSGƏROV- 80
Maya QAFAROVA

 


Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.

Musiqişünaslar S.Qasımova, N.Bağırov onun musiqisi haqqında yazırlar: S.Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Günün akutal məsələləri, müasirlərimizin həyatı, onların arzu və istəkləri, Vətənin tərənnümü, adamlarımızın əmək nailiyyətləri - bütün bunlar S.Ələsgərovun yaradıcılığında öz əksini tapır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən S.Ələsgərov folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə etməyə çalışır. Bu işdə ona xalq musiqiçiləri ilə daima əlaqəsi xeyli kömək edir. 1

S.Ələsgərov zəngin musiqi irsinə malikdir. Bu musiqi irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın (Bahadur və Sona və Solğun çiçəklər), 12 musiqili komediyanın, 2 simfoniyanın (Gənclik və Vətən), Bayatı-Şiraz simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün Ikili konsertin, simfonik orkestr üçün Uvertüraların, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.

Süleyman Ələsgərovun yaradıcılıq marağı çox zəngindir. O, daima çalışmışdır ki, qədim və zəngin bir tarixə malik olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin.

S.Ələsgərovun geniş dinləyici kütləsi arasında tanınması 40-cı illərin əvvəllərinə aiddir. 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının ongünlüyü keçirilən zaman başqa bəstəkarlarımızla yanaşı S.Ələsgərov da iştirak edirdi. Ongünlükdə səsləndirilən bir çox mahnılarla yanaşı onun Gözlə məni mahnısı da ifa olundu. Bu mahnını o,1942-ci ildə yazmışdı. Ilk ifadan sonra bu mahnı dinləyiciər arasında yayıldı, öz müəllifinə şöhrət gətirdi.

Bəstəkar bu əsəri haqqında deyirdi: Ilk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış Gözlə məni mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur. 2

Tbilisidə keçirilən ongünlükdə gənc bəstəkarın mahnıdan başqa süitası da ifa olunmuşdur.

Sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik Poema, Məhəbbət gülü musiqili komediyasını3, simli kvartet, skripka, violonçel və fortepiano üçün Trio, Xatirə əsərlərini yazır. III kursda təhsil alarkən o, simfonik orkestr üçün Bayram uvertürasını, violonçel, fortepiano və simfonik orkestr üçün ikili Konsertini, nəhayət, diplom işi olan Vətən simfoniyasını bəstələyir. Hər üç əsər elə yazıldığı dövrdə musiqi ictimaiyyəti arasında rəğbətlə qarşılanır və bu günümüzə qədər həmin simfonik əsərlər açıq konsertlərdə səsləndirilir. Onların lent yazısı radionun, videoyazısı isə mavi ekranın fonduna daxil olmuş, vaxtaşırı səsləndirilir və ekranda göstərilir.

Görkəmli bəstəkar Əşrəf Abbasov Bayram uvertürasını bəstəkarın ən müvəffəqiyyətli əsərlərindən sayır: Burada xəlqilik, melodiya zənginliyi, harmoniya əlvanlığı orkestrin parlaq səslənməsi, musiqi inkişafının qanunauyğunluğu və ümumi ahəngi uvertüranın bayramsayağı ifasına gətirib çıxarır. 4

S.Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili Konsert onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynamışdır. 5

S.Ələsgərov simfonik muğam sahəsində də çalışmışdır. Onun Bayatı-Şiraz simfonik muğamı bu janrda Şur, Kürd-Ovşarı, Rastdan sonra yazılmış gözəl nümunədir.

Bu simfonik muğam haqqında professor E.Babayev yazır: Bayatı-Şiraz simfonik muğamı rəng və təsniflərdən, Aman ovçu, Laçın kimi xalq mahnılarımızdan, peşəkar el ustalarımızın sənət yönünü əks etdirən muğam parçalarından hörülmüş min çalarlı, min çiçəkli musiqi çələngidir. Burada monumentallıq nəfis xallarla, ornament bəzəklərilə, kamil forma, dərin melodik dolğunluqla uzlaşır. 6

50-ci illərin əvvəllərində bəstəkarın Gənclik simfoniyası da ona şöhrət gətirir. Bu simfoniya 1954-cü ildə Mingəçevir SES-in tam işə düşdüyü zaman yazılıb.

S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də vardır. Onların arasında fortepiano, tar, skripka üçün Trionu, fortepiano üçün Rəqstokkatanı, skripka və fortepiano üçün Sonatanı, fortepiano üçün Düşüncəni qeyd etmək olar. Bu əsərlər açıq konsertlərdə, mavi ekranda, radio dalğalarında ifa olunmaqla bərabər, ali və orta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına daxil edilmişdir.

S.Ələsgərovun yaradıcılığında mahnı xüsusi yer tutur. Bəstəkar 200-dən artıq nəğmənin müəllifidir. Xüsusilə əmək mahnıları mövzusunda onun bir çox mahınısı var. V.Xəlilov Bəstəkar Süleyman Ələsgərov kitabçasında müəllifin dilində bu haqda yazır: Mən Azərbaycan torpağını qarış-qarış gəzirəm. Vətənin gözəlliklərini vəsf etməklə bərabər onun əməkçiləri ilə tez-tez görüşürəm. Hər təzə görüş qəlbimdə insan əməyinin qüdrəti, yenilməzliyi barədə hisslər yaradır. 7

Bəstəkarın əmək mahnılarından ibarət Işıq nəşriyyatı iki məcmuə buraxmışdır. Bunlar Hünər və könül təranələri, Əmək və hünər nəğmələri adlanır.

S.Ələsgərovun mahnı yaradıcılığı əmək mahnıları ilə bitmir. Vətən, onun ayrı-ayrı guşələri haqqında məhəbbət, sülh, xalqlar dostluğu mövzularında da mahnıları var. Bu mövzuda olan mahnıların musiqisi əzəmətli, şən, şux xarakter daşıyır.

Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu klassiklərimizin şer və qəzəllərinə yazılmışdır. Xüsusilə Nizaminin sözlərinə Sərvi xuramanım mənim, Füzulinin sözlərinə Vətənimdir, Nəsiminin sözlərinə Neylərəm qəzəl-romansları8 yazıldığı vaxtdan bu günə qədər məşhur müğənnilərimiz tərəfindən sevilə-sevilə oxunur və musiqi sevərlərin rəğbətini qazanır. S.Ələsgərovun mahnı-romans janrında yazdığı əsərlər də maraqlı və xoşagələndir. Bu mahnılardan ən məşhurları Küsmərəm (söz: M.Müşfiqindir), Yada düşdü (söz: C.Cabbarlınındır), Qarabağ (söz: S.Rüstəmindir), Bilmirəm (söz: M.Ə.Sabirindir) romansları rəngarəngliyinə, bir-birini təkrar etməyən musiqi nümunələrinə görə fərqlənir. Bütün bunlardan əlavə bəstəkarın böyük müəllimi dahi Üzeyirbəy Hacıbəyovun xatirəsinə həsr etdiyi Eşq olsun sənətkara (söz: S.Vurğunundur) balladası yaradıcılığında mühüm əhəmiyyətə malikdir.

S.Ələsgərovun yaradıcılığında musiqili-səhnə əsərləri də əlamətdar yer tutur. O bütün yaradıcılığı boyu bu kimi əsərlərə müraciət edib. Bəstəkar musiqili-komediya janrını daha çox sevirdi. Onun 12 musiqili komediyası Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Ü.Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.


1 Qasımova S., Bağırov N. Süleyman Ələsgərov. Azərbaycan sovet musiqi ədəbiyyatı. Orta ixtisas musiqi məktəbləir üçün dərslik. Bakı, 1984, s. 184
2 Sitat R.Zöhrabovun Məhsuldar yaradıcılıq məqaləsindən götürülmüşdür. Bəstəkarlarımız haqqında söz toplusu, Bakı, Şur, 1995, s.34
3 Bu əsərin ilk tamaşası 1945-ci ildə Bakıda olmuşdur. Rejissorlar - Ş.Bədəlbəyli, N,Şərifov, dirijor-müəllif, rəssam N.Fətullayevdir.
4 Sitat R.Zöhrabovun Məhsuldar yaradıcılıq məqaləsindən götürülmüşdür. Bəstəkarlarımız haqqında söz toplusu, Bakı, Şur, 1995, s. 35
5Yenə orada, s.34
6 Babayev E. Süleyman Ələsgərov. Bakı, 1992, s. 26
7 Xəlilov V. Bəstəkar Süleyman Ələsgərov. Bakı, Işıq, s. 23
8 Romans-qəzəl janrının təməli Üzeyirbəy tərəfindən qoyulmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page