AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
Search


BÜLBÜLƏ LAYIQ MONUMENTAL SALNAMƏ YARADILMALIDIR
Mübariz QULIYEV
MUSIQI TARIXIMIZIN ÖYRƏNILMƏMIŞ SƏHIFƏLƏRI - KÖVKƏB KAMILBƏY QIZI SƏFƏRƏLIYEVA
Adilə MAILOVA
MUSIQIYƏ HƏSR OLUNMUŞ IKI TALE
.
XALQ YARADICILIĞI - MUSIQI TƏRBIYƏSININ ƏSASIDIR
Minarə DADAŞOVA
AŞIQ MUSIQISININ TƏDRIS PROSESINDƏ TƏTBIQINƏ DAIR
Afaq RÜSTƏMOVA
MUSIQI DÜNYASI JURNALININ INTERNET SAYTLARININ
Səadət SEYIDOVA

 


Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyov başda olmaqla, görkəmli bəstəkarlardan - M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Niyazi də aşıq yaradıcılığının böyük bədii-estetik əhəmiyyətini qeyd etmişlər və bu nümunələrdən böyüməkdə olan gənc nəslin musiqi inkişafının tərbiyəsi sistemində istifadə etməyi öz məqalələrində məsləhət görmüşlər.

       Bu fikirlər bir neçə on il bundan əvvəl söylənilməsinə baxmayaraq indi də öz aktuallığını itirməmiş və bu nəzərdən aşıq musiqisindən məktəblilərin musiqi inkişafında istifadə etməklə əlaqədar ciddi tədqiqat aparmaq problemi ortaya çıxır.

       Ümumtəhsil məktəblərinin musiqi fənni üçün ilk proqram 1923-cü ildə tərtib olunmuş və Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən təsdiq edilmişdir. Bu dövrdə musiqi dərsləri yalnız ibtidai siniflər üçün nəzərdə tutulmuş və yuxarı siniflərdə bu fənn tədris planına daxil edilməmişdi. Proqrama daxil edilmiş mahnılar uşaqların yaş səviyyələrinə uyğun deyildi və yalnız xalq mahnılarından ibarət idi.

       1929-cu ildə nəşr edilmiş proqramlarda əvvəlki illərə nisbətən müəyyən dəyişikliklər aparılır. Lakin yenə də əsasən Üç telli durna, Küçələrə su səpmişəm, Gözəlim sənsən, Gəl, gəl, maralım, Qalada yatmış idim, Uca barıdan endim, Evlərinin dalı qaya və digər sevgi mövzusunda olan mahnıların proqrama daxil edilməsinə baxmayaraq, aşıq musiqisindən heç bir nümunəyə rast gəlinmirdi. Digər tərəfdən proqrama daxil edilmiş bu xalq yaradıcılığı nümunələri məktəblilərin yaş xüsusiyyətlərinə uyğun gəlmirdi.

       1930-cu ildə nəşr olunmuş proqram da bu qüsurları özündə saxlayırdı.

       1931-ci il RSFSR Xalq Maarif Komissarlığı tərəfindən orta məktəb üçün buraxılmış proqram dəyişdirilmədən 1940-cı ilə kimi qüvvədə qalır və yalnız 1942-ci ildə Azərnəşrin Tədris-pedaqoji şöbəsi, Ibtidai məktəb proqramları adlı məcmuədə yeni musiqi proqramı çap olunur. Bu proqram bir sıra keyfiyyətlərinə görə əvvəlkilərdən köklü surətdə fərqlənirdi. Belə ki, proqram müəllifi bəstəkar I.Abdullayev ilk dəfə olaraq, proqrama Nəğmə, Musiqi və not savadı, Musiqi ədəbiyyatı ilə tanışlıq, Ritmika işləri kimi bölmələr daxil edir. Proqramda xalq musiqi nümunələri ilə bərabər həm də professional bəstəkar musiqi nümunələri də öz əksini tapır ki, bunun da estetik tərbiyə prosesində çox böyük əhəmiyyəti vardır. Lakin bu proqramda da əvvəlki illərdə olduğu kimi aşıq yaradıcılığına, aşıq musiqi nümunələrinə yer ayrılmamışdı. 1947-ci və 1948-1950-ci illərdə hazırlanmış proqramlarda da heç bir dəyişiklik edilməmişdir.

       1951-ci ildə nəşr edilmiş proqram (müəllif A.Gəray) da yalnız ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Burada yalnız bir aşıq musiqisi Yaşa, Azərbaycan! özünə yer tutmuşdur. Lakin bu aşıq musiqisi nədənsə bəstəkar S.Rüstəmovun adına getmişdir. 1962-64-66-cı illərdə I-VI siniflər üçün çap olunmuş Musiqi proqramlarında (müəllif N.Məlikməmmədov) da heç bir aşıq musiqisi nümunələrinə rast gəlmirik.

       Bu proqramın izahat hissəsindən məlum olur ki, o dövrün Musiqi dərsləri üç mərhələdə tədris olundu: 1. Mahnı öyrətmək; 2. Musiqi savadı vermək; 3. Musiqi əsərləri ilə tanışlıq.

       Lakin bu mərhələlərin heç birində aşıq musiqisi nümunələri öz əksini tapmamışdır.

       1970-72 və 79-cu illərdə I-VI siniflər üçün çap olunmuş Musiqi proqramları (müəllif S.Quliyev) öz məzmunu və quruluşuna görə əvvəkilərdən çox fərqlənsə də aşıq yaradıcılığına olan mənfi münasibəti əvvəlki proqramlarda olduğu kimi idi.

       Bununla bərabər bu proqramlarda repertuar genişlənmiş, son illərdə bəstələnmiş uşaq mahnıları, vokal və instrumental əsərlər adı çəkilən proqramlara daxil edilmiş, şagirdlərin yaş xüsusiyyətləri və imkanları nəzərə alınmış, mahnıların hansı məcmuələrdə nəşr edildikləri göstərilmişdir. Bu proqramların giriş hissəsində mahnı öyrədərkən aşağıda qeyd edilən vəzifələr əsas tutulurdu:

       Şagirdlərdə Vətənə məhəbbət və sovet vətənpərvərliyi hissi tərbiyə etmək, musiqi sənətini onlara sevdirmək və s.

       1985-ci ildə uzun sürən eksperimentlərdən sonra I-VII siniflər üçün yeni tipli Musiqi proqramı (müəllif O.Rəcəbov) Maarifnəşriyyatı tərəfindən çap olunur. Bu proqramın ona qədərki proqramlardan fərqli cəhəti ondadır ki, ilk dəfə olaraq, hər bir rüb üçün nəzərdə tutulmuş müəyyən mövzulu bütün musiqi əsərləri rüb ərzində bu mövzunun aydınlaşdırılmasına xidmət edirdi. Digər tərəfdən proqramın məzmunu təyin edilərkən müəllif Millidən ümumbəşəriliyə kimi bir prinsipdən istifadə etmişdir ki, bu da şagirdlərin milli musiqi ilə yanaşı ümumbəşəri musiqi nümunələrini qavramasına gətirib çıxarır. Əlbəttə ki, bu prinsipin praktik tətbiqi musiqi dərslərinin effektivliyini, keyfiyyətini artıra bilər. Digər tərəfdən proqrama daxil edilmiş ritmika vasitəsilə not savadının verilməsi mərhələsində müəllif müxtəlif xalq musiqi nümunələrini, o cümlədən bəzi aşıq musiqisi nümunələrinin ritmlərindən istifadə etməyi məsləhət görür ki, bu da sonradan dinlənilə biləcək aşıq musiqisi nümu nələrinin melodiyalarının qavranılmasına köməklik göstərə bilər. Lakin proqramın ayrı-ayrı siniflərə daxil edilmiş musiqi materiallarının təhlilindən məlum olur ki, məktəblərimizdə qüvvədə olan 1985-ci il proqramına da aşıq musiqi nümunələri kifayət qədər daxil edilməmişdir. Bu proqramın V-VI, VII siniflərin proqramına daxil edilmiş Ü.Hacıbəyovun Aşıqsayağı triosu, Ü.Hacıbəyovun Koroğlu operasından Aşıq mahnısı, R.Qliyerin Şahsənəm operasından Aşıqların deyişməsi əsərləri heç də demək deyildir ki, məktəblilər əsl aşıq yaradıcılığı ilə tanış olurlar. Belə ki, adları çəkilən musiqi nümunələri aşıq musiqisi ənənələrinə əsaslansa da bunlar əsl aşıq musiqi yaradıcılığına aid edilə bilməz.

       1989cu ildə Respublikamızın tarixində ilk dəfə rus dilli məktəblilər üçün milli Musiqi proqramı Azərbaycan Xalq Təhsili Nazirliyinin mətbəəsində çap olunur. Bu proqrama da Azərbaycan dilində olan məktəblilər üçün nəzərdə tutulmuş proqramda olduğu kimi yuxarıda adları çəkilən əsərlər daxil edilmişdir. Beləliklə, 1923-cü ildən bu günə qədər respublikamızda mövcud olmuş ümumtəhsil məktəbləri üçün Musiqi proqramlarına aşıq musiqi nümunələri demək olar ki, daxil edilməmişdir.

       Aşıq musiqisi məktəb proqramlarında özünə yer tuta bilməsə də aşıq dastanlarından bir qismi orta ümumtəhsil məktəblərinin ədəbiyyat proqramlarına daxil edilmişdir. Belə ki, görkəmli filoloq-alim M.H.Təhmasib Azərbaycan Xalq dastanları adlı monoqrafiyasında belə yazır:

        1937-ci ildə Koroğlu dastanı orta məktəbin ədəbiyyat proqramına daxil edilir. Proqramı tərtib edən akademik H.Araslı, demək olar ki, ilk dəfə eposu xalq hərəkatı, kəndli üsyanları ilə bağlayır, onda istismarçılığa qarşı xalq nifrətinin əks olunduğunu söyləyir. 1

       Lakin təəssüflər olsun ki, Koroğlu dastanının musiqisi (nəğmələri) uşaqlara çatdırılmırdı. Belə ki, hələ 1899-cu ildə SMO PK-in 9-cu nömrəsində dərc edilmiş bir məlumatda belə deyilirdi: Zaqafqaziya tatarları Koroğlu tərəfindən yaradılmış hesab etdikləri nəğmələri böyük bir təntənə ilə oxuyurlar... Ehtimal etməliyik ki, bu nəğmələr öz mənşəyi etibarı ilə xalqa məxsusdur. 2

       Bu onu göstərir ki, aşıq dastanlarımızı, onların musiqi və poeziyanın vəhdəti şəklində yaranmasına baxmayaraq, məktəblərdə yalnız poeziya nümunələri kimi tədris edirdilər.

       1970-ci ildə görkəmli Azərbaycan pedaqoqu Ə.Həşimovun Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri adlı monoqrafiyasında aşıq musiqisinin tərbiyəvi əhəmiyyəti haqqında belə bir fikirlə rastlaşırıq.


1 Təhmasib M. Azərbaycan xalq dastanları. Bakı, Elm, 1972, s. 15
2 Elə orada, s. 11

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page