ÏÎÐÒÐÅÒËßÐ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.
Search

ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


Bakı Musiqi Akademiyasında çalışdığı illər ərzində Fəttah Xalıqzadənin sorağı gah folklor ekspedisiyalarından gəlir, gah da onu kitabxanada və ya auditoriyada yazıb – oxumaqla məşğul görmək olur. Fəttah müəllim yəqin ki, folklor ekspedisiyalarında gördüklərini qələmə alır, ya da növbəti mühazirəyə və ya konfransa hazırlaşır. Çoxları bəlkə də onun gördüyü işlərin əhəmiyyətini hələ lazımınca dərk etmir. Sadə və təvazökar insan olan Fəttah Xalıqzadə özü də bu haqda danışmağı sevmir. Əslində isə xalq musiqisinin öyrənilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi naminə F.Xalıqzadənin fəaliyyəti musiqi mədəniyyətimiz üçün mühüm əhəmiyyətə malikdir.

       Hələ XX əsrin əvvəllərində Azərbaycan professional musiqisinin təməl danışını qoyan Üzeyir Hacıbəyov onun inkişaf yollarını da müəyyən etmişdi. Bu yolda o, ilkin olaraq, musiqi folklorunun öyrənilməsini aktual bir məsələ kimi qarşıya qoymuşdu. O, musiqi folklorunun (xalq mahnı və rəqslərinin) musiqi, ədəbi, psixoloji, etnoqrafik əhəmiyyətini dəyərləndirərək, onların mümkün olduqca ən qədim zamanlardan bəri yadda qalanlarını və indi mövcud olanlarını, hər il yenidən çıxanlarını harada da olsa yığıb nota salmaq və nə münasibətlə meydana çıxdığını öyrənib təfsilatilə yazmağı ən vacib işlərdən biri kimi irəli sürürdü.

       1930-40-cı illərdə musiqimizin korifeylərindən biri Bülbül tərəfindən Elmi – tədqiqat musiqi kabinetinin fəaliyyəti timsalında gözəl ənənə yaradılmışdı: bəstəkar və musiqişünaslar (xüsusilə də tələbələr) yurdumuzu el-el, oba-oba gəzərək, xalqımız tərəfindən əsrlərdən bəri yaradılan və yaddaşlarda qorunub saxlanılan musiqi incilərini toplayır, onları nota salaraq, unudulmaqdan xilas edir və gələcək nəsillərə, yəni bizlərə ötürürdülər.

       Bu ənənə 1970-80-ci illərdə və sonrakı dövrdə də davam etdirilirdi. Görkəmli musiqişünas – alimlər: Məmməd Saleh Ismayılov, Bayram Hüseynli, Ramiz Zöhrabov və başqaları tələbə bəstəkar və musiqişünaslarla xalqımızın musiqi folklorunu toplamaq məqsədilə müxtəlif bölgələrə ekspedisiyalar təşkil edirdilər. Bu iş 1990-cı illərə kimi mütəmadi olaraq davam olunurdu. Paralel olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunun əməkdaşları tərəfindən də folklor ekspedisiyaları aparılırdı.

       Bütün bunların nəticəsində bir sıra qiymətli nəşrlər meydana gəlmişdir ki, biz bu gün tədris prosesində onlardan dərs vəsaiti kimi istifadə edirik.

       Bununla belə, 1990-cı illərdən sonra folklor ekspedisiyaları daha təşkil olunmadı. Bəziləri bunu respublikadakı ictimai – siyasi vəziyyətlə, bəziləri maliyyə çatışmazlığı ilə izah etdilər. Hər halda artıq Bakı Musiqi Akademiyasının tələbələri folklor ekspedisiyasına getmirlər, gələcək musiqişünaslar bu işin nədən ibarət olduğu haqda heç bir əyani təsəvvürə malik deyillər.

       Lakin folklor toplama işini müasir dövrümüzdə də yaşadan, davam etdirən, qüvvəsi daxilində genişləndirməyə səy göstərən musiqişünaslarımız az da olsa var və onlardan söz düşəndə, ilk növbədə, Fəttah Xalıqzadənin adı çəkilir.

       Artıq 50 yaşını haqlamış sənətşünaslıq namizədi, dosent Fəttah Xalıqzadə folklorşünaslığa birdən-birə gəlməmişdi. Özünün etiraf etdiyi kimi, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil illərində dilemma qarşısında qalaraq, ixtisas yönümünü seçməyə çətinlik çəkmişdir. Belə ki, onu, bir tərəfdən, klassik musiqi nəzəriyyəsinin, harmoniyanın ciddi qanunauyğunluqları, digər tərəfdən isə xalq musiqisinin zəngin aləmi özünə cəlb edirdi. Və nəhayət, xalq musiqisini araşdırmaq meyli üstün gəldi. Bu baxımdan ona konservatoriyada dərs aldığı müəllimlərinin – xalq musiqisinin janr sistemini və lad nəzəriyyəsini tədqiq etmiş M.S.Ismayılovun, yorulmaz folklor toplayıcısı, xalq rəqs musiqisinin öyrənilməsi sahəsində dəyərli işləri ilə tanınmış B.Hüseynlinin elmi yaradıcılığı da böyük təsir göstərmişdir. F.Xalıqzadə özü belə deyir: «Mənə elmi yaradıcılığın sirlərini və möhkəm prinsiplərini öyrədən ilk öncə diplom rəhbərim professor Tahirə Yaqubova olmuşdur. Daha sonra isə ritm nəzəriyyəsi və etnomus iqişünaslıq sahələri də məni özünə cəlb etdi».

       Moskva Dövlət Konservatoriyasının aspiranturasında dissertasiya mövzusu üzərində işləyərkən, F.Xalıqzadə milli musiqinin müxtəlif janrlarını ritm nəzəriyyəsi baxımından öyrənməyə başladı. «Azərbaycan xalq musiqisinin ritmikası» mövzusunda dissertasiya işini 1986-cı ildə Moskvada müvəffəqiyyətlə müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görüldü.

       Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan F.Xalıqzadə Musiqi Akademiyasında çalışmağa başladı. O, 1983-1989-cu iilər ərzində xalq musiqisi kabinetinin müdiri olmuşdur. Bu dövrdən başlayaraq, artıq o, tələbələrin folklor ekspedisiyalarının təşkilində yaxından iştirak etdi, bu işin incəlikləri ilə tanış oldu, bir sıra folklorşünasların təcrübəsini öyrəndi, müəyyən vərdişlər əldə etdi. Bütün bunlar, şübhəsiz ki, F.Xalıqzadənin bacarıqlı etnomusiqişünas kimi yetişməsində və bu sahədə aparıcı mütəxəssisə çevrilməsində böyük rol oynadı.

       F.Xalıqzadənin son on il ərzində olduğu folklor ekspedisiyalarının coğrafiyası çox genişlənərək, demək olar ki, Azərbaycanın əksər rayonlarını əhatə etmişdir.

       Xüsusilə Macarıstandan gəlmiş musiqiçi, riyaziyyatçı və dilçi alim Yanoş Şipoşla görüşü və onunla birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyası F.Xalıqzadənin yaradıcılıq axtarışları üçün yeni mərhələ açdı.

       Yanoş Şipoşla o, 1999-cu ildə Türkiyədə, Ankara şəhərində Beynəlxalq konfransda tanış olmuşdu. Macar etnomusiqişünasının Azərbaycan musiqi folkloru ilə maraqlanması, respublikamızda folklor ekspedisiyası keçirmək arzusu, Azərbaycan etnomusiqişünasının isə daim öyrənmək, təcrübəsini zənginləşdirmək həvəsi və nəhayət, hər iki alimin elmi maraq dairələrinin uyğunluğu onların dostluğunun möhkəmlənməsinə səbəb oldu.

       1999-cu ildə onların birgə ekspedisiyası baş tutdu. Azərbaycana gələn Yanoş Şipoş F.Xalıqzadə ilə birlikdə Şamaxı, Zaqatala, Quba, Abşeron marşrutu üzrə ekspedisiya keçirdilər. Və bu ekspedisiyanın materiallarını öz adlarının baş hərfləri ilə kodlaşdırdılar: YŞ – FX, 99.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page