ÏÎÐÒÐÅÒËßÐ
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


Bu günlər yubileyini qeyd etdiyimiz musiqişünas, professor Nailə Kərimovanın həyat və yaradıcılıq yolunu (əslində bu insan üçün həyat elə yaradıcılıq deməkdir) nəzərdən keçirərkən istər-istəməz Nazim Hikmətin məşhur sətirləri yada düşür:

       Sən yanmasan, mən yanmasam,
       Biz yanmasaq,
       Necə çıxar qaranlıqlar aydınlığa.

       Həqiqətən, Nailə xanım hər bir hadisəyə öz şəxsi münasibəti olan, cəsarətlə, problemlərdən çəkinmədən özünü həyatın ən qəliz burulğanlarına atan, güclü xarizmaya malik olan bir şəxsiyyətdir. Bu daxili azadlıq, bənzərsizlik Nailə xanımın fəaliyyət göstərdiyi bütün sahələrdə özünü büruzə vermişdir. Hansı simada çıxış etməsindən asılı olmayaraq (musiqişünas- alim, yazıçı, pedaqoq, təşkilatçı), Nailə xanım öz vicdanı ilə həmahəng yaşayır, həyat prinsiplərinə həmişə sadiq qalır.

       Musiqi ictimaiyyətimiz Nailə xanımı, ilk növbədə Azərbaycan teatr musiqisi tarixinin araşdırıcısı kimi tanıyır. Artıq XXI əsrin başlanğıcından keçən əsrin Azərbaycan musiqi elminin inkişaf yoluna nəzər saldıqda qeyd olunmalıdır ki, milli musiqişünaslığımızda tamamilə yeni bir sahənin yaranması məhz Nailə Kərimovanın adı ilə bağlıdır.

       «Teatr və musiqi...» Təsadüfi deyil ki, N.Kərimova öz monoqrafiyasını «Teatr musiqisi», yaxud «Teatrda musiqi» deyil, məhz yuxarıda göstərilən qaydada adlandırmağa üstünlük vermişdir. Nailə xanım üçün bu iki məfhum öz daxili qanunauyğunluqlarına malik olan və teatr tamaşaları zamanı bədii sintezin çeşidli formalarında təzahür edən müstəqil ünsürlərdir. Vaxtilə XIX əsrdə musiqinin teatr tamaşalarında oynadığı müstəsna rolunu sübut etməyə çalışan A.Serov yazırdı ki, «musiqi, tamaşaçı qəlbinin ən dərin güşələrinə nüfuz edən cazibədar bir qüvvədir. Teatr tamaşası zamanı musiqi hətta dram daxilində bir dram da yarada bilər.»

       N.Kərimova da öz tədqiqatlarında Azərbaycan bəstəkarlarının teatr tamaşalarına yazdıqları musiqinin güclü dramaturji rolunu göstərməyə nail olmuşdur.

       Musiqişünas özünün «Teatr i muzıka» (1982), «Azərbaycan teatr musiqisinin tarixi» (1986) əsərlərində tədqiqat obyektini çox geniş bir kontekstdə işıqlandırır.

       Səciyyəvidir ki, XX əsrin başlanğıcında yaranmış Azərbaycan teatr musiqisinin qaynaqlarını N.Kərimova qədim Azərbaycan mərasimlərində, dini tamaşalarda, aşıq dastanlarında arayır. Xalq teatrının müxtəlif növlərini təhlil edən musiqişünas bir daha sübut edir ki, həm teatr musiqimizin, həm də opera, musiqili komediya janrlarının kökləri milli zəmində təşəkkül tapmışdır.

       Digər tərəfdən, N.Kərimova öz elmi prinsiplərinə sadiq qalaraq Azərbaycan teatr musiqisini dar çərçivədə deyil, geniş mədəni- tarixi kontekstdə təhlil etmişdir. Belə ki, Azərbaycanda teatr musiqisinin inkişafı teatr sənətilə, ictimai- tarixi hadisələrlə bağlı şəkildə təhlil olunmuşdur. Öz tədqiqatlarında N.Kərimova teatr musiqisinin Azərbaycanda professional musiqinin balet, proqramlı simfoniya, kütləvi mahnı kimi janrlarının yaranmasında da rolunu aşkar etmişdir. Beləliklə, Nailə xanımın tədqiqatlarında Azərbaycan musiqi tarixinin çox önəmli bir qatı- keçən əsrin birinci yarısının teatr musiqisinin geniş mənzərəsi bərpa edilmişdir. Biz təsadüfən burada «bərpa» sözünü işlətmədik. Nailə xanım həqiqətən çox çətinliklə əldə edilmiş arxiv sənədlərinin, proqram və afişaların, solmuş not yazılarının və s. məxəzlərin əsasında böyük zəhmət nəticəsində milli musiqimizin məlum olmayan səhifələrini bərpa etmişdir. Öz araşdırmalarında M.Maqomayevin, A.Zeynallının, Ə.Bədəlbəylinin, S.Rüstəmovun, Q.Qarayevin və başq a bəstəkarların dram tamaşalarına yazdıqları musiqini təhlil edən N.Kərimova Azərbaycan teatr musiqisinin təkamül yolunu göstərməyə müvəffəq olmuşdur.

       Nailə xanımın elmi fəaliyyətinin dəyərli cəhətlərindən biri də ondan ibarətdir ki, onun tərəfindən irəli sürülən nəzəri müddəalar, fikirlər dərhal tədris prosesində tətbiq olunurdu. Bu da təsadüfi deyil. Nailə xanım artıq 40 ildən çoxdur ki, öz həyatını Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti ilə bağlamışdır. Demək olar ki, bu qocaman tədris ocağında musiqi təhsilinin təşəkkülü də Nailə xanımın adı ilə bağlıdır. Yeganə faktı qeyd etmək kifayətdir ki, uzun illər ərzində Teatr institutlarında musiqi fənlərinin tədris metodikasını öyrənən Nailə xanım Azərbaycan milli musiqisinin özünəxas olan cəhətlərini nəzərə alaraq 35 tədris proqramı tərtib etmişdir.

       Nailə xanımın yazdığı memuarları vərəqləyərkən, göz önündə bu cəsarətli, zəhmətsevər qadının müəllimdən professora, kafedra müdirinə qədər keçdiyi uzunmüddətli, keşməkeşli uzun bir həyat yolu canlanır. Bu dolğun, mənalı həyat yolunun bəzi anları çox böyük ustalıqla, poetik bir tərzdə Nailə xanımın bədii yaradıcılığında da öz əksini tapmışdır. Yəqin ki, əksər oxucular Nailə xanımın yaradıcılığının bu tərəfi ilə tanış deyil. Halbuki vaxtilə N.Kərimovanın dövri mətbuatda çap olunan hekayələri, «Həyatın bir günü», «Oleandr budağı» kitabları oxucuların marağına səbəb olmuşdur. Həqiqətən də, Nailə xanımın simasında «Istedadlı adam hərtərəfli qabiliyyətə malik olur» fikri bir daha öz təsdiqini tapır. Nailə xanımın hərtərəfli istedadının, bu qaynar yaradıcılıq çeşməsinin gözünü onun mənsub olduğu Kərimovlar ailəsinin ənənələrində axtarmaq lazımdır. Kərimovlar ailəsinin bütün üzvləri- Hüseynağa bəy və Məryam xanım başda olmaqla - böyük musiqi istedadı sahibi idilər. Maraqlıdır ki, 1939- cu ildə çoxuşaqlı ailəni n musiqi qabiliyyəti nəzərə alınmış və hökümətin qərarı ilə onlara «Krasnıy Oktyabr» pianosu bağışlanmış, gənc istedadlar haqqında sənədli film çəkilmişdir. Kövkəb xanım Səfərəliyeva isə ailənin üzvlərini hamiliyə götürmüş, onları konservatoriyanın nəzdindəki musiqi məktəbinə qəbul etmiş və professional inkişafına nəzarət etmişdir. Kərimovlar ailəsinin bir çox üzvləri respublikanın ifaçılıq sənətində və musiqi təhsili tarixində silinməz iz qoymuşdular. Maraqlıdır ki, Kərimovlar ailəsinə xas olan böyük musiqi istedadı irsən Nailə xanımın övladlarına - gənc Azərbaycan vokalçılarının ən parlaq nümayəndələrindən biri Nərgiz Kərimovaya və Moskvada yaşayan bəstəkar və aranjımançı Nazim Kərimova da keçmişdir.

       Beləliklə, Nailə xanım öz üzərinə düşən başqa bir çətin funksiyanı, Kərimovlar ailəsinə xas olan musiqi ənənələrinin ötürücüsü vəzifəsini də layiqincə yerinə yetirmişdir.

       Nailə xanım mənəviyyatın ən uca zirvələrinə aparan yolu davam edir. Həmin yol ətrafdakıların da ömrünə işıq saçaraq aydınlığa aparan bir yoldur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page