ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
Search

ÏÎÐÒÐÅÒËßÐ
«NƏGMƏDIR HƏYAT». ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


«Gəlin qayası» operası haqqında sənət adamları çox müsbət rəylər söyləmişlər. Onlardan ölməz bəstəkarımız Tofiq Quliyevin fikirlərini yada salaq:
       -«Opera çox gözəldir, melodiyası aydındır. Burada bəstəkar muğamdan bilə-bilə geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi əladır».
       Və yaxud xalq artisti, professor Vasif Adıgözəlovun fikirləri:
       -«Mən operaya böyük fərəhlə, həvəslə tamaşa etdim. Şəfiqə xanım çox əziyyət çəkib. Opera məni qane etdi».
       Əlbəttə, bu fikirlər operaya verilən ən yüksək qiymətlərin bir hissəsidir.

       Ilk tamaşasından bü günə qədər böyük xalq məhəbbəti ilə qarşılanan «Gəlin qayası» operası daim müəllifinə uğur gətirib.

       Bəstəkarın digər iri həcmli səhnə əsəri Novruz Gəncəlinin librettosu əsasında yazdığı «Ev bizim, sirr bizim» operettasıdır. Əsər həm dövrünün tələbinə cavab verir, həm də məhəbbətin gücünü tərənnüm edir. Belə ki, məhəbbət hər şeyə qalib gəlir. Operanın da, operettanın da əsas mövzusu məhz budur.

       Şəfiqə xanım səhnə əsərlərinə hələ yaradıcılığının ilk dövrlərindən müraciət etmişdir. Belə ki, ilk dəfə o, 1943-cü ildə Əyyub Abbasovun «Adil və Sərvinaz» tamaşasına musiqi yazıb. Bu cərəyan bəstəkarın yaradıcılığında xüsusi bir şaxəni təşkil edir. «Son məktub», «Iliç buxtası», «Qaynana», «Böyük ürək», «Vicdan», «Sən nə üçün yaşayırsan», «Qızıl əjdaha», «Natəvan», «Yaşar», «Aydın», «Dost Əli», «Rübailər aləmində» və s. kimi tamaşalar Şəfiqə xanımın ürəyəyatımlı musiqisi ilə öz bədii dəyərini daha da məzmunlu etmiş və xalqda xoş təsir yaratmışdır. Şəfiqə Axundova tamaşalara yazdığı musiqisi ilə xalq arasında tanınaraq xalqın məhəbbətini qazanan bəstəkardır. Belə ki, o müxtəlif teatrlar üçün musiqi yazırdı. Yəni, Şəkidə, Gəncədə, Naxçıvanda, Sumqayıtda, Bakıda və digər bölgələrdə onun musiqi yazdığı tamaşalar səhnələşdirilirdi. Burada bəstəkar özü də iştirak edir və bilavasitə xalqla ünsiyyətdə olurdu. Bəstəkarın tamaşalara yazdığı musiqilər içərisində elə mahnılar var ki, onlar ifaçıların repertuarına daxil olub müstəqil şəkildə ifa olunaraq dillər əzbəri olmuşdur. Məsələn, “Vicdan», pyesindən, «Nədən oldu», «Gəlin qayası» radiopyesindən «Könül təranələri», «Natəvan» pyesindən «Neyçün gəlməz» və başqa nümunələr göstərə bilərik. Bəstəkarın Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olur. (Teymur Elçinin tərcüməsi əsasında).

       Ümumiyyətlə, söz ki, mahnıdan düşdü, deməliyik ki, bu janr bəstəkarın yaradıcılığında mühüm şaxəni təşkil edir, bəlkə də – qırmızı xətlə keçir – desək, daha düzgün olar. Şəfiqə xanım 600-ə qədər mahnının müəllifidir. Onun mahnıları məzmun etibarilə müxtəlif mövzuları əhatə edir:

       Vətən gözəllikləri və vətənpərvərlik mövzusu – «Şəki», «Bakı haqqında mahnı», «Sahil çıraqları», «Nəğməli Lənkəran», «Mənim respublikam», «Doğma diyar», «Ana torpaq», «Bu torpağa borcluyam», «Vətənim», «Zəfər marşı», «Qələbə bizimdir»; əmək, zəhmət mövzusu – “Dağlar oğlu”, “Lənkəranın qızları”, “Xuraman”, “Sular qızı”, “Şəfalı əllər”; lirik-məhəbbət mövzusu – “Gözlərimin işığı”, “Nədən oldu”, “Gözlərinə toxundu”, “Sevilmək üçün gəlmisən”; həyat sevgisi – “Həyat, sən nə şirinsən”, “Həyat eşqi”, “Qoruyaq biz həyatı”, “Nəğmədir həyat”; insanlara dostluq və mehribanlıq aşılayan nəğmələr – “Mehriban olaq”, “Bu dünyanı düşün”, “Dostlar olmasa”, “Dostlar bizə gələndə” və s. ana və övlad məhəbbəti – “Lay-lay”, “Anacan” mahnılarında və s. bu kimi nəğmələrdə öz əksini tapır. Bu mahnılardan savayı bəstəkarın qeyd olunan mövzulara aid yüzlərlə nəğmələri var. Hansı ki, onları bir kiçik məqaləyə sığışdırmaq çətindir.

       Bəstəkarın bu gözəl nəğmələri Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov. S.Əzimi, A.Qəniyev, Ə.Əliyev, S.Qədimova, Z.Xanlarova, A.Babayev, E.Rəhimova, I.Rzayev, B.Mahmudoğlu kimi məhşur sənətkarların ifasında səslənmiş və bu gün də fəaliyyət göstərən müğənnilərin repertuarından düşmür. Şəfiqə xanımın mahnı yaradıcılığı bu gün də çiçəklənməkdədir. Belə ki, o , yeni-yeni nəğmələr bəstələyir. Onlardan P.Qəlbinurun sözlərinə “Gəl ey səhər”, “Yanına dönəcəyəm”, T.Pənahqızının sözlərinə “Tapmayacaqsan”, X.Vəvanın sözlərinə “Üzeyirimiz” (xor üçün), “Igid əsgər”, ”Nə sən günahkarsan, nə mən günahkar” və s. kimi mahnıların adını çəkə bilərik.

       Şəfiqə Axundovanın mahnıları bir də ona görə sevilir ki, o şerin mahiyyətini itirməyib, əksinə onu musiqi ilə üzvi şəkildə qovuşdurur. Bəstəkarın sözlərinə müraciət etdiyi şairlər S.Rüstəm, S.Vurğun, Z.Cabbarzadə, I.Səfərli, N.Xəzri, F.Qoca, H.Arif, N,Həsənzadə, T.Mütəllibov, I.Coşqun, M.Müşfiq, M.Dilbazi, M.Əliyev, Z.Ağayeva, X.Əlibəyli, B.Vahabzadə və başqaları həmişə bu baxımdan Şəfiqə xanımla həmfikir olublar. Bu mənada Bəxtiyar Vahabzadə deyir ki, Şəfiqə xanım şerin ruhunu çox gözəl duyaraq onu musiqidə düzgün tənzimləyir.

       Bəstəkarın uşaqlar üçün yazdığı mahnılarda da bu cəhət saxlanılır. Onun üşaq mahnılarından “Əziz müəllim”, “Doğma məktəb”, “Əkiz bacılar”, “O səhvini anlayıb”, “Zümrüd” və başqalarının adını çəkə bilərik. Bu mahnıların əksəriyyəti X.Əlibəylinin sözlərinə yazılıb. Ümumiyyətlə, uşaq aləmi həmişə bəstəkarı özünə cəlb edib və o, bir neçə uşaq tamaşalarına da musiqi yazıb.

       Şəfiqə Axundova musiqinin müxtəlif janrlarında işlədiyinə görə onun yaradıcılığında instrumental əsərlər də var: simfonik orkestr üçün süita, solo kamança üçün “Ləpələrin pıçıltısı” əsəri, müxtəlif fortepiano pyesləri, xalq çalğı alətləri üçün “Bayram rəqsi”, “Xoş rəng” və s. əsərlərin adını qeyd edə bilərik.

       Şəfiqə Axundova geniş yaradıcılıq diapazonuna malik bir bəstəkardır. Onun belə sənətkar olması yeni nəslin tərbiyə və təhsilində də mühüm rol oynamışdır. Belə ki, bəstəkar 1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət Incəsənət Institutunda müəllim kimi fəaliyyət göstərmişdir.        Bu hörmətli yaradıcılıq fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, o, “Əməkdar Incəsənət Xadimi” və “Xalq Artisti” fəxri adlarına layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif edilmişdir. Bəstəkar, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə prezident təqaüdçüsüdür.

       Ömrünü musiqi kimi zərif, incə bir sənətə həsr edən Şəfiqə xanımın qəlbi həmişəyaşar bahar çiçəyi qədər təravətlidir. Sanki bu bəstəkar daim gənclik eşqi ilə yazıb, yaradır. Bu gənclik təravəti yaşının 80 olmasına baxmayaraq, indi də Şəfiqə xanımın əsərlərində duyulur.

       Beləliklə, hörmətli sənətkarımızı xalqımız və musiqi ictimaiyyəti adından anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Bəstəkara yubiley töhfəsi olaraq “Nəğmədir həyat” adlı bir kitab ünvanlamışıq. Elə bəstəkar haqqında dediklərimiz də həmin kitaba daxil olan materiallar əsasında hazırlanmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page