NƏGMƏDIR HƏYAT. ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
Search


NƏGMƏDIR HƏYAT. ŞƏFIQƏ AXUNDOVA-80
Səadət TƏHMIRAZ QIZI
AYDINLIĞA APARAN YOL
Kamilə DADAŞZADƏ
ETNOMUSIQIŞÜNAS
Cəmilə HƏSƏNOVA.

 


Əlbəttə, Şəfiqə xanım haqlıdır. Hər kəs xalqın məhəbbətini qazanıb onun gözündə ucala bilməz. Bu, yalnız o insanlara qismət olur ki, onlar xalqın tarixinin, mədəniyyətinin zənginləşməsində öz ömürlərini fəda edərək böyük xidmətlər göstərirlər. Bunun üçün də o insanın qəlbində böyük sənət eşqi və xalq məhəbbəti olmalıdır. Şəfiqə xanımın qəlbində sənət məşəli alovlandığından və bütün varlığı ilə xalqa bağlı olduğundan xalq da onu sevir. Yəni Şəfiqə Axundovanın simasında sənətkar və xalq məhəbbəti eyniyyət təşkil edir. Təbii ki, belə bir sənətkar səviyyəsinə gəlib çatmaq üçün istedadla yanaşı sağlam mühit və düzgün istiqamət də tələb olunur. Əgər Şəfiqə xanım Üzeyir bəy kimi bir dahidən dərs alıb və onun tövsiyyələrindən bəhrələnibsə, onun belə görkəmli bir sənətkar olması da təbii haldır. Çünki Azərbaycan musiqi mədəniyyətini öz dəyərli əsərləri ilə zənginləşdirən bəstəkarlar, ifaçılar və musiqişünaslar məhz Üzeyir bəydən dərs almış, sonrakı nəsil isə onun tələbələrinin elmi ziyasından bəhrələnmişdir. Xalqımızı n milli və professional musiqi incəsənətini belə yüksəkliyə çatdırmağına görə biz və bizdən sonra gələn bütün nəsillər Üzeyir bəyə minnətdar olmalıyıq. Bu minnətdarlıq hissi də bizim yazılarımızda, layiqli əməllərimizdə, bir sözlə yaradıcılığımızda öz əksini tapa bilər. Beləcə, yenə qayıdaq Şəfiqə xanımın yaradıcılığının ilk illərinə, hansı ki, bu illər Üzeyir bəylə bağlıdır.

       Artıq musiqi yazı texnikasına bələd olan gənc bəstəkar fortepiano üçün pyeslər və mahnılar üzərində işləyir. Yazdığı əsərlərini Üzeyir bəyə göstərir. Hətta bu gün də Şəfiqə xanımın Üzeyir bəyin düzəlişlərilə bəzi əlyazmlara rast gəldim. Düzdür, bu əlyazmaların əksəriyyətini Şəfiqə xanım Üzeyir bəyin ev muzeyinə, tarix muzeyinə və digər təşkilatlara verib, amma yadigar olaraq bir neçəsini də özündə saxlayıb. Maraqlıdır, Üzeyir bəyə təqdim etdiyi ilk musiqi əsəri nə olub və Şəfiqə xanım onu necə xatırlayır:

        Yadımdadır, Mirvari Dilbazinin sözlərinə Beşik başında adlı mahnımı Üzeyir müəllimə göstərdim. Bu mənim ilk mahnılarımdan idi. O, mahnını sona qədər dinlədi və xoşuna gəldi. Hətta dediyi sözlər bu günə qədər qulağımdan getmir. Dedi ki, Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan. Daha sonra, o, mənim lap ilk mahnım olan Kolxoz qızları mahnısını da dinləyib və hətta bəzi düzəlişlər etdi. Inanın ki, o, mənim hər hansı bir əsərimi bəyənəndə həmin gün sevincim yerə-göyə sığmırdı.

       Şəfiqə Axundova musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsi üzrə hazırlıq kursuna, bir ildən sonra isə həmin fakultədə professor Boris Isakoviç Zeydmanın sinfinə daxil olur. Bu artıq ən kamil bəstəkarlıq məktəbi idi. Çünki professional bəstəkarlar yetişdirmək üçün Üzeyir bəy B.I.Zeydmanı özü dəvət etmişdi. B.I.Zeydman Leninqrad Konservatoriyasının müəllimi idi. Və onun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Üzeyir bəy tələbələrə Azərbaycan xalq musiqisinin əsaslarını, muğamların nota yazılmasını aşılayır. B.I.Zeydman isə bəstkarlıq texnikasının sirrlərini öyrədirdi. Yenə bu barədə Şəfiqə xanımın xatirələri:

        B.I.Zeydman çox istedadlı və tələbkar bir müəllim idi. Biz ondan bəstəkarlığın vacib cəhətlərini öyrənmişik. Amma onun da Azərbaycana gəlişi Üzeyir bəyin təşəbbüsü ilə olub. Demək, Üzeyir bəy konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı. Biz həftədə üç dəfə burada Üzeyir bəylə məşğul olurduq. Bir dəfə ümumi qrupda Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir, bir dəfə fərdi olaraq əsərlərimizlə məşğul olur, yəni yazdıqlarımıza baxır, bir dəfə də muğamları nota köçürürdük. Yəni tarzən Mansur Mansurov tarda muğamları çalırdı və biz də Üzeyir müəllimin nəzarəti ilə onları nota yazırdıq. Bu da bizim həm muğamları mükəmməl öyrənməyimiz üçün, həm əsərlərimizin xalq musiqisi üslubunda olması üçün vacib amillərdən biri və ən başlıcası idi. Biz bu hazırlıq kursunda oxuyarkən Üzeyir bəy qərara alır ki, konservatoriyada bəstəkarlıq sinfi açsın və burada bəstəkarlığın klassik qayda-qanunları daha dərindən öyrənilsin. Belə də oldu. O, professor B.I.Zeydmanı dəvət etdi. Imtahan təşkil olundu. Musiqi texnikumunu bitirən və həmin hazırlıq kursunda oxuyan tələbələr imtahan verdilər. Onların içərisində qəbul olmayanlar da var idi.

       Amma mən xoşbəxtlikdən uğur qazandım. Konservatoriyanı həm musiqi nəzəriyyəsi, həm də bəstkarlıq fakultələrəni bitirmişəm". Konservatoriyada oxuduğu illər Şəfiqə Axudova bir çox instrumental əsərlər, mahnı və romanslar yazmışdır. Onlardan Nizami Gəncəvinin sözlərinə Nə gözəl və Cahanda, Məhəmməd Füzulinin sözlərinə Fəqan etmək idim romansları, Zəfər marşı, Zəfər bizimdir, Ana Vətən mahnılarının və s. musiqilərin adını çəkə bilərik. Şəfiqə xanımın yaradıcılığında hərbi vətənpərvərlik mövzusu, o cümlədən, vətən nəğmələri geniş yer tutur. Bu da təbiidir. Çünki onun yaradıcılığa gəldiyi ilk dövrlər Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edib. Əlbəttə, bu tarixin elə bir səhifəsidir ki, onu unutmaq olmaz. Çünki bu illərdə xalqımız çox qurbanlar verib. Sənətkarlarımızın da yaradıcılığında vətən, torpaq, qələbəyə inam, mübarizə mövzusu geniş yer tutub. Elə bu sahədə də ilk addımları Üzeyir bəy özü atır və gənc bəstəkarları da buna sövq edirdi ki, onl ar xalqı ruhlandıran, ona mənəvi dayaq ola biləcək əsərlər yazsınlar. Süleyman Ələsgərov, Səid Rüstəmov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Əşrəf Abbasov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Qənbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov kimi gənc bəstəkarların sırasında Şəfiqə Axundova da öz səy və bacarığını əsirgəmirdi. Qəlbi Vətən eşqi ilə dolu olan bu gənc qız öz Vətən məhəbbətini, məğrurluğunu məhz musiqisi ilə ifadə edirdi. Şəfiqə xanımın o illərdə yazdığı nəğmələr bu gün də aktualdır.

       Beləcə, 1941-ci ildən bu günə qədər Şəfiqə Axundova imzalı cəfakeş, fədakar bir xanım öz musiqisi ilə öz xalqına xidmət edir. O, musiqinin müxtəlif janrlarında yazıb yaradır. Xırda intrumental əsərlərdən tutmuş iri həcmli opera, operetta kimi musiqi janrları, onlarla teatr tamaşalarına musiqi bəstəkarın yaradıcılığının əsas qayəsini təşkil edir.

       Şərqin qadın bəstəkarları içərisində ilk dəfə olaraq, məhz Şəfiqə xanım opera janrına müraciət etmişdir. 1974-cü ildə xalq yazıçısı Süleyman Rəhimovun eyni adlı povesti əsasında Iskəndər Coşqunun librettosu üzrə yazdığı Gəlin qayası operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəni fəth etdi. Onu da deyək ki, əvvəlcə Şəfiqə xanım Gəlin qayası radiopyesinə musiqi yazır və buradan Könül təranələri adlı bir mahnı çox məşhur olur. Povestin müəllifi görkəmli yazıçıı Süleyman Rəhimov bəstəkara opera yazmağı təklif edir. Beləcə Gəlin qayası operası yaranır. Bu opera ilə Şəfiqə xanım Üzeyir bəy məktəbinin əsl və layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyyələrinə sadiq qaldığını bir daha təsdiq edir. Bu cəhət operanın musiqi dilində daha aydın görünür. Əvvəla, operanın məhəbbət mövzusu onu Üzeyir bəyin Leyli və Məcnununa yaxınlaşdırır. Və bir də operada klassik musiqi ilə şifahi ənənəli klassik muğam janrının qovuşuğu yenə əsərdə Üzeyir bəy üslubunun s axlanılmasını təsdiq edir. Gəlin qayası operasında qəhrəmanların ariya və ariozolorla yanaşı muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page