ÈÐÑÈÌÈÇ
ÜZEYIR BƏY HACIBƏYOVUN
IRSINDƏN YENI TAPINTILAR

Səadət QARABAĞLI
Search

ÈÐÑÈÌÈÇ
ÜZEYIR BƏY HACIBƏYOVUN
IRSINDƏN YENI TAPINTILAR

Səadət QARABAĞLI
AZƏRBAYCAN MUSIQI ALƏTLƏRININ TƏSVIRI INCƏSƏNƏTDƏ TARIXI FAKTLARININ ŞƏRHINƏ DAIR
Alla BAYRAMOVA
AZƏRBAYCANDA XOR IFAÇILIĞININ FORMALAŞMASINDA ALEKSANDR YURLOVUN ROLU
Leyla MƏMMƏDOVA

 


Bu günlərdə Üzeyir Hacıbəyovun ev-muzeyi yeni eksponatlarla zənginləşmişdir. Üzeyir bəyin şəxsi katibi, dahi sənətkarın ev-muzeyinin direktoru olmuş mərhum professor Ramazan Xəlilovun özəl arxivindən onun oğlu Rüfət Xəlilov Ü. Hacıbəyova məxsus olan sənədləri, əlyazmaları və bəzi əşyaları muzeyə gətirmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməkliyi sayəsində bu qiymətli materiallar muzeyin əsas fonduna daxil olmuşdur.

        Bunların içərisində Üzeyir bəy Hacıbəyovun təxminən 1943-cü ildə öz dəsti-xətti ilə yazdığı tərcümeyihalı bizim üçün çox əhəmiyyətlidir. Düzdür, burada bir yenilik yoxdur, ancaq Üzeyir bəyin öz əli ilə yazılmışdır. Burada «Arşın mal alan» operettası ilə bağlı bir məsələ diqqətimizi cəlb etdi. Tərcümeyi-haldan maraqlı bir fakt bəlli olur ki, hələ Üzeyir bəyin sağlığında «Arşın mal alan» bir çox dillərə tərcümə olunmuşdur. Ü. Hacıbəyov bu barədə belə yazır: «Mənim sonuncu operettam olan «Arşın mal alan» demək olar ki, SSRI xalqlarının hamısının, eləcə də fransız, ingilis və fars dillərinə tərcümə edilmişdir.»

        Yeni əldə etdiyimiz iki müqavilə də çox maraqlıdır. Bunlardan birincisi 14 fevral 1912-ci il tarixdə Üzeyir bəy Hacıbəyovun Orucov qardaşları mətbəəsinin rəhbərlərindən biri olan Abuzər Orucovla bağladığı müqavilədir. Burada Üzeyir bəyin «O olmasın, bu olsun» operettasının nəşr edilməsi, tamaşa günü Orucov tərəfindən teatrın kassasında həmin nəşrin satılması, Ü. Hacıbəyova 150 manat qonorar və 10 nüsxə nəşr olunmuş libretto verilməsi və s. barədə müqavilə bağlanmışdır. Sənədin sonunda Ü. Hacıbəyovun və A. Orucovun imzaları vardır. Ikincisi isə 12 may 1913-cü ildə bir tərəfdən Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov, digər tərəfdən isə Bakı şəhərinin sakini Hüseynqulu Rzayev (Sarabski), Bakıda yaşayan «Səadət» məktəbinin müəllimi Məhəmməd Hənəfi Terequlov, Bakıda yaşayan Sabunçu məktəbinin müəllimi Əbdül Müslüm Maqomayev arasında bağlanmış müqavilədir. Müqaviləyə əsasən Üzeyir bəy Hacıbəyov 1914-cü il iyun ayının 1-ə qədər özünün «Əsli və Kərəm», «Şah Abbas və Xurşidbanu», «Rüstəm və Söhrab» operalar ından və «O olmasın, bu olsun» operettasından istifadə edilməsini, gəlirin 50%nin Üzeyir bəyin hesabına keçirilməsini Sarabskiyə, Terequlova, Maqomayevə həvalə etmişdir.

        Ü.Hacıbəyovun, M. Maqomayevin, H. Sarabskinin və H. Terequlovun imzaladıqları bu müqavilə təsdiq edir ki, Ü. Hacıbəyov Moskvada və Sankt-Peterburqda oxuyarkən Bakıdan M. Maqomayevin, H. Sarabskinin ona göndərdikləri pullar Üzeyir bəyin əsərlərinin tamaşalarından əldə edilmiş özünün halal qonorarları idi. Heç kim ona şəxsi pullarını göndərməmişdir.

        Müxtəlif şəxsiyyətlər tərəfindən Üzeyir bəyə göndərilmiş məktublar da olduqca maraqlıdır. Məsələn, Ü. Hacıbəyovun tələbə yoldaşı, yaxın dostu, Azərbaycanın ilk fizioloqu Azad bəy Əmirovun 12 yanvar 1918-ci il tarixli çox səmimi məktubu, maestro Niyazinin 25 may 1943-cü ildə əmisinə yazdığı məktub, Xan Şuşinskinin qardaşı, tarzən Allahyar Cavanşirovun, Ağasi Məşədibəyovun, Hüseynqulu Sarabskinin, l. Rostropoviçin Üzeyir bəy Hacıbəyova yazdıqları məktublar, eləcə də «Azərnəşrin» direktoru A. Sultanovanın «Azərbaycanın Stalin laureatları» kitabının hazırlanması ilə bağlı Ü. Hacıbəyova göndərdiyi 2 aprel 1943-cü il tarixli 1/223 saylı məktubu diqqətəşayandır.

        Məktublardan birinin üzərində xüsusi dayanmaq istərdik. Bu dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin atası, RSFSR-in əməkdar artisti, professor Leopold Rostropoviçin Ü. Hacıbəyova 1940-cı ildə göndərdiyi məktubdur. Burada L. Rostropoviç yaxın dostuna müraciət edərək onun Bakıda çalışdığı illəri təsdiq edən arayış yollamasını xahiş edir.

        Hələ Azərbaycan Dövlət Konservatoriyası yaranmağa başlandığı ilk illərdən Üzeyir bəy Hacıbəyov gələcək kadrların ixtisas səviyyəsinin yüksək olması naminə Rusiyanın mərkəzi şəhərlərindən Bakıya professional kadrlar dəvət etməyə başladı. Onların arasında Peterburq Konservatoriyasının professoru Leopold Rostropoviç də var idi. Üzeyir bəy Peterburq Konservatoriyasında oxuyarkən onunla tanış olmuşdu.

        1925-ci ildə Bakıda Üzeyir bəyin köməkliyi ilə ilk milli kvartet təşkil olunur ki, bunun tərkibinə professor Lednik(birinci skripka), Xarkovdan gəlmiş gözəl musiqiçi və pedaqoq Simberov (ikinci skripka), Rayev (viola) və pofessor Rostropoviç (violonçel) daxil idilər.

        Bakıda yaşadığı müddətdə L. Rostropoviç bir neçə istedadlı tələbə yetişdirmişdir. Onlardan biri də görkəmli bəstəkarımız Asəf Zeynallı idi.

        L.Rostropoviçin Azərbaycanda milli sənətkarların hazırlanmasında göstərdiyi fəaliyyət Üzeyir bəy Hacıbəyov tərəfindən həmişə yüksək qiymətləndirilmiş, daim onunla dostluq əlaqəsi saxlamışdır.

        Üzeyir bəy Hacıbəyovun ev-muzeyində onların dostluğunu əks etdirən ayrıca guşə yaradılmışdır. Burada məktublar, fotolar, rəssam Ənvər Əliyevin çəkdiyi rəsm əsəri nümayiş olunur. Son günlər əldə etdiyimiz bu məktub da ekspozisiyada öz laiyqli yerini tutacaqdır. Məktubda deyilir:

        «Əziz dost! Bilmirəm nə edim!

        Qərara gəldim ki, Sizə məktub yazıb aşağıdakılar barədə xahişdə bulunum. Yaxınlaşmaqda olan yubileyimlə (fəaliyyətimin 35 illiyi) və təqaüd məsələsi ilə bağlı çalışmalarla əlaqədar işlədiyim yerlərdən mənə arayışlar lazımdır. Leninqraddan və Saratovdan bu arayışları almışam. Hər arayışa Konservatoriyaların beş professoru imza atmışdır. Bakı Konservatoriyasına, şəxsən Bretanitskiyə, Simberova dəfələrlə məktubla müraciət etsəm də heç nə hasil olmayıbdır.         Sizinlə olan dostluq əlaqələrimizə arxalanaraq bu barədə, məhz Sizə yazmağı qərarlaşdırdım. Xahiş edirəm ki, kömək əlinizi əisrgəməyəsiniz. Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi mənim işlərimə qiymət versəniz, bu mənim üçün fövqəladə dərəcədə dəyərli olardı, çünki direktoru olduğunuz Konservatoriyada Sizinlə bərabər çalışmışam. Arayışı tezliklə əldə etsəm, yaxşı olar. Buna görə Sizə hədsiz minnətdar olacağam.

        Səhhətiniz necədir? Necə yaşayırsınız? Biz ailəlikcə Sizə, Sizin xanımınıza səmimi salamlarımızı göndərir və Böyük Oktyabr bayramı münasibətilə təbrik edərək ən xoş arzularımızı bildiririk.

        Səmimiyyətlə, sədaqətli

        L. V. Rostropoviç



        Onu da qeyd etmək istərdik ki, dahi sənətkar, böyük insan, qeyri-adi qəlb sahibi olan Üzeyir bəy Hacıbəyov L. Rostropoviçin məktubuna cavab olaraq 1940-cı il noyabr ayının 15-də arayışı və geniş xasiyyətnaməni ona göndərmişdir.

        Üzeyir bəy Hacıbəyovun öz əli ilə doldurduğu kadro uçotu şəxsi vərəqələri, 1938-1939-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının ilk partiya təşkilatı tərəfindən Ü. Hacıbəyova verilmiş xasiyyətnamələr, Üzeyir bəy Hacıbəyova professor elmi dərəcəsinin verilməsi ilə bağlı 4 noyabr 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə kafedrasının iclasının 2 saylı protokolundan çıxarış, Üzeyir bəyin müxtəlif qeydiyyatlar apardığı bloknot və s. əldə etdiyimiz materiallar içərisindədir.

        Yeni tapıntılar arasında Ü. Hacıbəyovun not əlyazmaları da xüsusi əhəmiyyət kəsb edir. Onlardan Üzeyir bəyin nota saldığı «Novruzu», «Qızılgül» adlı iki milli rəqs, eləcə də dörd hissəli naməlum əsərin eskizinin əlyazmaları tədqiqatçılar üçün yeni mənbədir. Bunlardan əlavə həm də Ü.Hacıbəyovun çoxsəsli xor üçün işlədiyi və nota saldığı «Ləlli», «Aman nənə», «Bəri bax», «Nə gözəldir», «Lolo» xalq mahnılarının köçürülmüş variantları da çox dəyərlidir.

        Bu materiallar Üzeyir bəy Hacıbəyov irsinin tədqiqində, muzeyimizin fondunun zənginləşməsində çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, mənəvi dəyərlərimizin əldə edilməsi, toplanması, tədqiq olunması, gələcək nəsillərə çatdırılması qarşımızda duran ən vacib və müqəddəs vəzifələrdəndir. Yaxşı olar ki, bu işdə bütün ictimaiyyət yaxından iştirak etsin. Şəxsi arxivlərdə qorunan maraqlı sənədlər, fotolar, əlyazmalar, əşyalar muzeylərə verilsin. Çünki bunlar bizim mənəviyyatımız, tariximizdir. Bu tarixi yaşayanlar və yaşadanlar isə bizlərik.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page