GÖRÜŞLƏR...
.
Search


KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.

 




Bu gün Musiqi Dünyasının qonağı Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan, tanınmış dirijor Ramiz Məlikaslanovdur. Hal-hazırda o, Türkiyədə çalışır və respublikamızın hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təbliği naminə böyük işlər görür. Biz ondan öz yaradıcılığı, fəaliyyəti, gələcək planları barədə məlumat verməsini, ümumiyyətlə, dirijorluq sənətinə dair fikirlərini bölüşməsini xahiş etmişik. Jurnalın baş redaktoru T.Məmmədovun R.Məlikaslanovla eksklüziv müsahibəsini diqqətinizə təqdim edirik.

Tariyel Məmmədov: - Ilk sualım sizin nəsliniz, soy-kökünüz haqqında olacaq. Çünki bu nəsil Azərbaycanda çox məşhurdur. Siz də həmin nəslin davamçısısınız. Şübhəsiz ki, sizin bir şəxsiyyət kimi formalaşmağınızda soy-kökünüzlə genetik bağlılıq böyük rol oynamışdır.

Ramiz Məlikaslanov:
- Hələ uşaqlıqdan yadımdadır, əmim Xosrov Məlikaslanov danışırdı ki, Azərbaycan tarixi muzeyində, təxminən iki əsr bundan əvvəlki dövrə aid bir kitabda bizim soy-kökümüz haqqında yazılara rast gəlmişdir. Indi də bir sıra nəşr olunan məqalələrdə həmin kitaba istinad olunur. Mənim taleyim belə gətirib ki, ailədə atamla-anamdan daha çox mən nənəmin tərbiyəsi altında böyümüşəm. Nənəm həmişə babam Xudadat bəy Məlikaslanov haqqında danışardı. Xudadat bəy Məlikaslanov Azərbaycanda ilk texniki elmlər doktoru, professor idi. O, Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibində rabitə yolları, poçt və teleqraf naziri vəzifəsini tuturdu. Sovet dövründə də o, Dövlət plan komitəsinin sədri vəzifəsində çalışıb, Azərbaycan Neft Akademiyasının təşkilatçılarından biri olub. Lakin 1931-ci ildə onu həbs etdilər və 1935-ci ildə o, öldürüldü, ailə başsız qaldı. Nənəm isə uzun ömür sürmüşdür. Mən 1942-ci ildə anadan olmuşam və 23 yaşına çatanda nənəm vəfat edib. Demək olar ki, gözümü açandan yetkinlik yaşına kimi həyatım nənəmlə bağlı olub. O, mənə şahidi olduğu bir çox hadisələri təfsilatı ilə danışırdı, bunlar indi də mənim yaddaşımdadır. Məsələn, belə hadisəni nənəmdən eşitmişəm ki, erməni-müsəlman qırğını təkcə Bakıda deyil, Tiflisdə də baş vermişdi. Babam Xudadat bəy Məlikaslanov hökumət nümayəndəsi kimi Tiflisə getmiş, erməni katalikosu ilə birgə faytonla küçələri gəzmişlər. Bu iki şəxs xalq arasında o qədər böyük nüfuza malik idi ki, onların birlikdə görünməsi, mehribanlığı hər iki xalqa böyük təsir göstərmiş, bununla da qırğın yatırılmışdır.

T.M.: - Təhsiliniz, müəllimləriniz barədə bir qədər danışardız.

R.M.:
- Mən altı yaşından Isaak Mixayloviç Turiçin sinfində violonçel ixtisası üzrə təhsil almışam. O, çox böyük violonçel çalan və pedaqoq idi. Onun adı o dövrdə Rastropoviç və Şafran kimi violonçel çalanlarla birgə çəkilirdi. 6-cı sinifdən isə mən I.M.Turiçin tələbəsi Sabir Əliyevin sinfində məşğul olmuşam. S.Əliyev də mənim həyatımda böyük rol oynayıb. O, cavan yaşlarından artıq Azərbaycanda milli violonçel məktəbinin yaradıçısı kimi tanınmışdı, həm görkəmli violonçel çalan, həm də nüfuzlu müəllim idi. Mən konservatoriyada da onun tələbəsi olmuşam. Daha sonralar isə biz həm də yaxın qohum olduq. Böyük maestro Niyazini də mən özümə müəllim hesab edirəm. Düzdür, mən ondan bilavasitə dirijorluq dərsləri almamışam. Lakin onunla çox səmimi münasibətlərimiz vardı. Baxmayaraq ki, o, məndən yaşca böyük idi, lakin biz dostluq edirdik. Onunla sənət haqqında söhbətlərimiz, mübahisələrimiz mənim üçün əsil məktəb idi.

<>T.M.: - Bəs dirijorluğa necə gəldiniz?

R.M.: - Dirijorluğa həvəsim konservatoriyada oxuyarkən yaranmışdı. 1966-cı ildə konservatoriyanı bitirib Leninqrad Konservatoriyasının opera və simfonik orkestr dirijorluğu fakültəsinə daxil oldum. O vaxt 73 nəfər imtahan verirdi, yalnız 2 nəfəri qəbul etdilər məni və Rusiyadan bir nəfəri. 5-ci kursda oxuyarkən mən Azərbaycan Opera və Balet teatrına dirijor assistenti vəzifəsində çalışmağa başladım. Həmin il Qırmızı papaq uşaq operasını tamaşaya hazırladım. Leninqradda təhsilimi başa vurduqdan sonra isə məni Azərbaycan Radio və Televiziya verilişləri Şirkətinə dəvət etdilər. Bədii rəhbər Cahangir Cahangirov mənə Radio və Televiziyanın simfonik orkestrini yaratmağı tapşırdı və mən baş dirijor təyin olundum. 1970-77-ci illər ərzində mən bu orkestrlə fəaliyyət göstərdim. 1973-74-cü illərdə biz konservatoriyada silsilə konsertlər verirdik. Burada gənc bəstəkarların bütün yeni əsərlərini ifa edirdik. Həmin illərdə artıq orkestrin ifaçılıq səviyyəsi də yüksəlmişdi. Lakin radio və televiziya v erilişləri komitəsinin rəhbərliyi ilə mənim aramda konflikt yarandığı üçün mən bu orkestri tərk etdim.

Sonra Misirdən Qahirə konservatoriyasına dəvət aldım və bu ölkəyə işləməyə getdim. Qahirə konservatoriyasında tələbələrin və gənc müəllimlərin qüvvəsilə müqavilə əsasında simfonik orkestr təşkil etdim.

Bu orkestrlə işləmək mənim üçün böyük bir məktəb oldu. Onu da deyim ki, Qahirə konservatoriyasının rektoru çox gözəl təşkilatçı idi. O, orkestrin ifaçılığını yüksək qiymətləndirdi və Avropa ölkələrində orkestrin konsertlərini təşkil etməyə başladı. Biz Ingiltərədə, Italiyada, Yuqoslaviyada, Almaniyada, Avstriyada, Şotlandiyada bir çox festivallarda iştirak etdik. Bunlar elə festivallar idi ki, burada dünyanın bir çox görkəmli dirijorları və ifaçıları çıxış edirdi. Misal üçün, təkcə, Edinburq festivalında iştirak edən Rixter, Qilels, Svetlanov, Bravinski kimi sənətkarların adını çəkmək kifayətdir.

T.M.: - Bəs repertuar hansı əsərlərdən ibarət idi?

R.M.:
- Repertuarı mən özüm tərtib edirdim. Əsasən klassik əsərlərə üstünlük verilirdi. Lakin onu da deyim ki, bir ölkədə orkestr yaradılırsa, həmin orkestr üçün əsərlər də meydana gəlməyə başlayır. Mən orada yerli bəstəkarların demək olar ki, bütün əsərlərini repertuara daxil edirdim.

Qahirədən qayıtdıqdan sonra 1980-87-ci illərdə mən yenidən Azərbaycan Teleradiosunun orkestri ilə çalışmağa başladım. Bu illər ərzində orkestr əsil yüksək səviyyəli professional kollektivə çevrildi.

O zaman biz hər hansı bir əsəri çox qısa müddətdə hazırlayıb ifa edirdik. Orkestrin lent yazılarında sənətkarlıq səviyyəsi və ifaçılıq keyfiyyəti aydın görünür.

1988-ci ildə mən Irakdan Milli simfonik orkestrinin baş dirijoru vəzifəsinə dəvət aldım. Iki il bu ölkədə fəaliyyət göstərdim. Vətənə qayıtdıqdan sonra isə Fərhad Bədəlbəylinin təklifi ilə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsində çalışmağa başladım. Bir müddət sonra isə Dövlət Kamera orkestrinin baş dirijoru təyin olundum. Lakin Mədəniyyət Nazirliyi ilə konfliktlər yarandığı üçün mən yenidən işimi atıb xarici ölkəyə Türkiyəyə getdim.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page