YARADICILIQ...
.
Search


KONFRANS...
.
YARADICILIQ...
.
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
BIZƏ YAZIRLAR... Istambuldan
.

 


Bu mövzuya müraciət etmək niyyəti nədən ibarət idi? Hər şeydən əvvəl onu deyək ki, Oqtay sənətə tar ilə gəlmiş, əvvəl Bakı Musiqi texnikumun xalq çalğı alətləri orkestrində tarzən-solist vəzifəsini tutmuşdur. Bu kollektivdə o, 10 ildən artıq bir dövrdə çalışmış, həm dirijorlardan (S.Rüstəmov, S.Ələs-gərov, H.Xanməmmədov) çox şey öyrənmiş, həm də orkestrdə çalışan məşhur tarzənlərlə yanaşı oturan Oqtay onlardan da bəhrələnmişdir. Bununla əlaqədar Oqtay əvvəl orkestr, onun keçdiyi yaradıcılıq yolu barədə maraqlı bir dillə oxucuları cəlb edən məqalələr, resenziyalar yazmışdır. Bu iş bir növ onu böyük monoqrafiya yazılmasına səvq etmişdir.

Monoqrafiyada müəllif keçən əsrin 30-cu illərinin əvvələrindən 80-cı illərə qədər olan dövrdə orkestrin keçdiyi yolu izləmiş, bu dövrdə yaranmış məşhur əsərlərin təhlilini vermiş, qastrol fəaliyyətindən, dinləyicilərin estetik zövqünün inkişafında orkestrin rolundan ətraflı söz açmışdır. Bu işi görmək üçün O.Quliyev mövcud olan ədəbiyyat, arxiv materiallarını, gecəli-gündüzlü öyrənmiş, kollektivdə uzun illər işləmiş muçiqiçilərlə söhbətlər aparmış, fono və foto materialları isə ona yardımcı olmuşdur.

Nəticədə Azərbaycan xalq çalğı alətləri orkestri haqqında dəyərli monoqrafiya işıq üzü görmüşdür.

Hazırda da bu əsərdən musiqişünaslar, bəstəkarlar, ifaçılar, orta və ali musiqi məktəblərinin müəllim və tələbələri faydalanır, özləri üçün çox şey əxz edirlər.

Məncə, artıq çoxdan vaxtı çatmış bir məsələni qeyd etmək istərdim. Məlumdur ki, Ü.Hacıbəyovun təşəbbüsü ilə yaranmış indiki S.Rüstəmov adına xalq çalğı alətləri orkestri bütün şərq aləmində ilk kollektivdir. Bu kollektivin haqqında 2000-ci ilə qədərki yaradıcılıq dövrünü əhatə edən bir monoqrafiya mütləq olaraq latın əlifbasında Azərbaycan dilində, rus və ingilis dillərində çap olunub xarici ölkələrə göndərilməlidir. Bu təqdirəlayiq və bu günümüz üçün vacib olan bir işdir. Bu vasitə ilə 72 yaşlı kollektivin təşəkkülü və inkişaf yolu barədə məlumatlarla xarici ölkə oxucuları yaxından tanış olar, bizim milli musiqimizin yüksək səviyyəliyi də əməli işlə sübuta yetirilər.

Belə bir monoqrafiyanın ərsəyə gəlməsi üçün bilavasitə O.Quliyevə sifariş verilməlidir.

Yeri gəlmişkən, biz onu da qeyd edək ki, O.Quliyevin pedaqoji fəaliyyətinə qiymət verən Türkiyə Universitetləri onu 90-cı illərdə ölkəyə dəvət edirlər. O, Trabzon Universitetini seçir. Və 1994-2002-ci illərdə o, Trabzon şəhərindəki Qara Dəniz Texnik Universitetində professor vəzifəsində çalışmışdır. O, bu illər ərzində Universitetin musiqi fakültəsində tar sinfini açmış, bacarıqlı ifaçılar yetişdirmişdir. Bundan başqa o, solfecio, musiqi tarixi, orkestrə aid fənləri böyük həvəslə tələbələrə aşılamışdır. Onun yetişdirdiyi tələbələr arasında bakalavr, magistr dərəcəsi alan istedadlı, kamil ifaçılar var. Hazırda belə ifaçılar öz müəllimlərinin təcrübəsinə və metodikasına əsaslanaraq Universitetdə dərs aparırlar.

Bunu demək kifayətdir ki, Türkiyənin musiqi mütəxəssisləri dövri tətbuatda dərc etdirdikləri yazılarda O.Quliyevin çoxşaxəli fəaliyyətini, müəllim kimi əməyini yüksək qiymətləndirir, onun professor-müəllim, tələbə heyəti arasında böyük hörmət və nüfuza malik olmasını xüsusi vurğulayırlar.

Heç də təsadüfi deyil ki, Türkiyədə çap olunmuş Musiqi egimimi bölümü məzunları kitabında (Trabzon, 1997) onun tələbələri, sevimli müəllimi professor O.Quliyev haqqında ürək sözlərini belə ifadə etmişlər: Musiqi bölümünə gəldiyiniz ilk zamandan bizləri tar deyilən bir alətlə tanış etdiniz. Bundan çox məmnun olduq. Müəllimlərimizin verdiyi konsertlərdə çaldığınız əsərlər, o cümlədən Azərbaycan və Türk xalq mahnıları Sizin ifanızda başqa bir gözəllik qazanırdı. Bizləri hər zaman heyran qoyurdunuz. Azəri xalqının istiqanlılığını, insanpərvərliyini, gözəlliyini Sizinlə tanıdıq, duyduq. Sizləri çox sevirik və əsla unutmayacağıq. Yapdığınız və bizdən sonra yapacağınız hər şey üçün Sizə təşəkkür edirik.

Keçən ildən O.Quliyev Vətənə qayıdıbdır. O, hal-hazırda Milli Konservatoriyada tar ixztisası sinfi üzrə professor vəzifəsində çalışır. Artıq Milli Konservatoriyada bir neçə tələbə və magistr O.Quliyevin sinfində təhsil almaq üçün rektorata ərizələr də vermişlər. Bu onu göstərir ki, Oqtayın bir müəllim kimi yüksək professionallığını, təcrübəsini, tələbəyə olan qayğıkeşliyini indiki gənc nəsil də yaxşı bilir, ona inanır ki, bundan sonra da hərtərəfli biliyə, çalğı texnikasına malik istedadlı tarzənlər yetişdirəcəkdir.

Biz də inanırıq ki, yüksək istedada malik, bacarıqlı müəllim, professional tədqiqatçı-alim O.Quliyev harada çalışarsa-çalışsın o, öz əməyini, təcrübəsini, biliyini, müəllimlik metodikasını heç bir tələbədən əsirgəməyəcək.

Oqtay Quliyevə bundan sonrakı həyat yolunda, pedaqoji-metodik fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uzun ömür diləyirik.

Ramiz ZÖHRABOV


IFAÇILIQ SƏNƏTIMIZIN UĞURLARI



Ötən əsrin 20-ci illərinin əvvəlində Ü.Hacıbəyov yazırdı: Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə Ala franğa yaxud bizlərdə Yevropeyski deyilən musiqini də öyrənmək lazımdırmı?

Bəli, lazım və vacibdir; yəni o gədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq Bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik (Vəzifeyi musiqiyyəmizə aid məsələlər Sənayei-nəfisə jurnalı, 1921, 1).1

Bəstəkarlıq və ifaçılıq sənətimizin bu gün gəlib çatdığı peşəkarlıq səviyyəsi, milli musiqimizin əldə etdiyi uğurlar baxımından, kompozitorlar, pianistlər və artistlərimizin beynəlxalq miqyasda tanındığı və geniş şöhrət qazandığı bir şəraitdə 80 il bundan əvvəl dahi Üzeyir bəyin böyük problem kimi irəli sürdüyü məsələlərin çoxdan öz həllini tapdığını və sənət korifeyimizin arzularının gerçəkləşdiyini, həqiqətən də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxardığımızı fəxrlə qeyd edə bilərik. Üzeyir Hacıbəyovun bu barədə yazdıqlarını xatırlamağım isə Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən konsertlərdən biri ilə bağlı idi. Həmin axşam konsert zalının səhnəsində üç ifaçımız dinləyicilər qarşısında bir növ yaradıcılıq hesabatı ilə çıxış edirdi. Bakının son vaxtlar böyük canlanma ilə səciyyələnən musiqi həyatında növbəti tədbirlərdən biri olan bu konsert bir neçə maraqlı cəhəti ilə diqqəti dəlb edirdi. Həmin axşam dinləyicilər qarşısında çıxış edən musiqiçilər fleytaçı, əmək dar artist Müzəffər Ağamalızadə, violaçı Tofiq Aslanov və pianoçu Əfqan Salayev həm solist, həm ansambl iştirakçısı kimi öz məharətini bir daha nümayiş etdirirdi. Bu musiqiçilərin sənət yolu püxtələşib inkişaf etmək üçün zəruri olan bütün mərhələlərdən keçib. Onların hər üçü Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yetişdirməsidir. Tofiq Aslanovun ifaçılıq fəaliyyəti Dövlət Estrada Orkestrindən başlayıb, daha sonra Dövlət Simfonik Orkestrində və Kamera Orkestrində davab edib; Müzəffər Ağamalızadə opera və balet teatrının orkestrində, daha sonra Dövlət Simfonik orkestri və Kamera orkestrində çalışıb.Əfqan Salayev Q.Qarayev adına Kamera orkestrinin direktoru olub.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page