SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
Search


MUSIQI TARIXIMIZDƏN
Şəhla MAHMUDOVA
MUSIQI TÜRKOLOGIYASI
(problemin qoyuluşu)

Əqidə ƏLƏKBƏROVA (ƏKBƏRLI)
SƏNƏTKARIN XATIRƏLƏRI
Cəmilə HƏSƏNOVA
XƏZƏR UNIVERSITƏSINDƏ GÖRÜŞ
.
MƏHƏBBƏTDƏN DOĞAN MUSIQI
Nailə RƏHIMBƏYLI
SƏSIN RUHU VƏ YA
PÜNHAN QƏLBLƏRIN XAQANI
SƏXAVƏT MƏMMƏDOV 50

Səadət TƏHMIRAZ QIZI
QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV

 




       Musiqi ictimayyətinin diqqətinə belə bir kitab təqdim olunub: Bəhram Mansurov. Ömür qıysa... Xatirələr. (Bakı, 2003). Kitabın tərtibçiləri Münəvvər Mansurova və Eldar Mansurovdur. Burada görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti, musiqi mədəniyyətimizin inkişafında özünəməxsus yeri olan və milli musiqimizi vətənimizin hüdudlarından çox-çox uzaqlarda tanıtmış, öz bənzərsiz ifaçılığı ilə muğam sənətinin yüksək zirvələrini fəth etmiş ustad sənətkarımız Bəhram Mansurovun xatirələri toplanıb.

       Lakin bunlar sadəcə xatirələrdirmi? Yox, bunlar Bəhram Mansurovun ömür yolunun, sənət yolunun təcəssumüdur. Bunlar musiqi tariximizin səhifələridir.

       Ümumiyyətlə, sənətkarın yaradıcılığının, dünyagörüşünün öyrənilməsində onun xatirələri, düşüncələri, mülahizələri mühüm rol oynayır. Bu, eyni zamanda, sənətkarı əhatə edən mühitə, sənət aləminə, insanlara onun öz baxışları prizmasından nəzər salmağa, bəstəkarın yaşayıb yaratdığı dövrün sənət problemləri haqqında təsəvvür əldə etməyə imkan verir. Bu, həm də Azərbaycan musiqisinin inkişaf yolları, bir sıra korifey sənətkarlarımız barəsindəki qiymətli fikirlərin açıqlanması baxımından maraq doğurur.

       Ömür qıysa kitabında Bəhram Mansurovun həyat və yaradıcılıq yolu haqqında, onun soy-kökü haqqında geniş məlumatlar öz əksini tapıb. Müəllif XIX əsrin II yarısı və xüsusilə XX əsrdə Azərbaycan musiqisinin muğam, sənətinin inkişafında böyük rolu olmuş Mansurovlar nəslinin nümayəndələri barədə maraqla və qururla söhbət açır. Nəslin ağsaqqalı Məşədi Məlik Mansurovun, onun oğlanları Məşədi Süleyman, Məşədi Mansur Mansurovların musiqi mədəniyyətimizin yüksəldilməsi naminə gördüyü işlərdən bəhs olunur.

       Bəhram Mansurovun gözünü dünyaya açandan muğamla nəfəs alan bir mühitdə böyüməsi, təbiidir ki, onun ömür yolunu müəyyən etmiş və o, üşaqlıqdan sənət aləminə qədəm qoymuşdur. Sənətkar öz uşaqlıq illəri, təhsili barədə söhbət açır. Onun öz müəllimləri barəsindəki fikirləri diqqətəlayiqdir.

       B. Mansurov yazır ki, tar çalmağı atasından, əmisindən öyrənsə də, onun kamil bir tarzən kimi yetişməsində böyük sənətkarımız, Mirzə Sadıq məktəbinin ənənələrini davam etdirən, tar ifaçılığı sənətini yüksək zirvəyə qaldırmış Qurban Primovun əməyi çox olub. Xüsusilə opera repertuarını Bəhram Mansurov Qurban Primovdan öyrəndiyini, onunla 35 il çiyin-çiyinə muğam-operalarını müşayiət etdiyini göstərir.

       Bəhram Mansurovun yaradıcılığı çoxşaxəli olmuşdur. O, operadan əlavə, həm də xanəndələri muşayiət etmişdir. Müəllif kitab boyu professional tarzən kimi müşayiət etdiyi xanəndələrin adlarını sadalayır, onların ifaçılığı, repertuarı haqqında fikirləri ilə bölüşür. Bu adları bir yerə toplayanda, əlbəttə ki, çox samballı bir siyahı ilə qarşılaşırıq.

       Şübhəsiz, bütün bu birgə çıxışlar əsil sənətkarlıq dərs-ləri olub. Həm Bəhram Man-surov üçün, həm də onunla işləyən ifaçılar üçün. Gənclik illərində B.Mansurov görkəmli xanəndələrlə çalışdığı zaman onun üçün muğamın çox sirləri açılıb, o, ifaçı kimi sənətini təkmilləşdirib, yaradıcılıq axtarışlarını genişləndirib. Sənətin kamillik zirvəsinə doğru ucaldıqca isə özü muğamın sirlərini gənc xanəndələrə öyrətməyə başlayıb. Ustad sənətkar gənclər üçün canlı məktəbə çevrilib. Təbii, belə qarşılıqlı təsir sənətin inkişafına təkan verən bir amildir. Nəsillərin estafeti: ustad sənətkardan öyrənmək, onun sənətini davam etdirərək, irəliləmək və yeni nəsil yetişdirmək. Sələflərindən əxz etdiyin sənət xəzinəsini qoruyaraq, zənginləqidirərək varislərinə çatdırmaq. Budur əsil sənətkarın missiyası. Bu, Bəhram Mansurovun sənət amalıdır.

       Ustad tarzənin sənət haqqında, muğamlarımız haqqında dəyərli fikirləri də kitabda öz əksini tapıb. Muğam dəstgahların quruluşu və ifaçılıq üsulları haqqında mülahizələrlə tövsiyələrlə zəngin olması kitabın qiymətli məziyyətlərindəndir. Solo ifaçı kimi də böyük nailiyyətlər əldə etmiş Bəhram Mansurovun sənətkalığı xarici ölkə musiqişünaslarının diqqətini cəlb etmişdi. YUNESKO-nun Bəhram Mansurovun vallarını buraxması buna bariz sübutdur. B. Mansurov xarici ölkə musiqiçiləri ilə əməkdaşlığından, xarici ölkələrə qastrolları zamanı qazandıığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən çox təvazökarlıqla söhbət açır.

       Sənətkarın qürur yeri isə onun ailəsi, həyat yoldaşı Münəvvər xanım, övladları Aydın, Eldar və Elxandır. O, vətənə layiqli övladlar yetişdirməsi ilə, qürurlanır. Təqdirəlayiqlir ki, bu kitabın araya-ərsəyə gəlməsində onun ailəsinin rolu böyükdür.

       Bəhram Mansurov öz xatirələr kitabını çox nikbin, lakin kövrək duyğularla tamamlayır: Xoşbəxtəm ona görə ki, öz sevincimi, xoşbəxtliyimi xalqımla bölüşürəm. Gənclərə, tələbələrimə, oğlanlarıma baxıb düşünürəm, görəsən, onlar mənim qoyduğum mirası-musiqini mənim kimi təbliğ edəcəkmi? ... Arzular bir ömrə sığmır. Ömür qıysa....

       Inanırıq ki, ömrünü sənətə bağışlamış ustad sənətkarımızın arzuları, tövsiyələri, nəsihətləri milli musiqimizin inkişafına işıq saçacaq, onun zamanın sınağından çıxan sənəti isə gələcək musiqiçilər nəsli üçün də məktəb olacaq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page