RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI
Search


MIRZƏ FƏRƏC
HAQQINDA XATIRƏLƏRIM

(ardı)

Ruqiyə RZAYEVA
ARŞIN MAL ALAN
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI

 


Hər bir xalqın formalaşmasında, özünü dərk etməsində, estetik tərbiyəsinin biçimlənməsində musiqinin xidməti danılmazdır. Ana laylası ilə başlayan musiqi yolumuz həyatımızı tərk edənə kimi bizi müşayiət edir. Musiqi insanda ali hisslərin saflıq, təmizlik, ülvilik, vətənpərvərlik, qəhrəmanlıq və b. keyfiyyətlərin güclənməsinə zəmin yaradır. Insanın həyat tərzi, yaşadığı mühit, gündəlik yaşantısı, maddi təminatı və sosial vəziyyətindən asılı olmayaraq musiqi hər bir fərdi öz əhvalına uyğun şəkildə duyğulandırır, onun ovqatına uyğun şəkildə müsbət təsirini göstərir. Mənəvi cəhətdən insanı yüksəldən musiqi cəmiyyətin özünü də tərbiyə edir. Musiqi xalqın mənəvi dəyərləri sırasında təsir dairəsinin yayılması, ürəklərə yol tapması və populyarlığı baxımından heç vaxt birinciliyi əldən verməyib.

Özünün çox çeşidliliyi və rəngarəngliliyilə Azərbaycan musiqisi heç bir xalqın musiqisilə müqayisə edilə bilməz. Təsadüfi deyil ki, musiqi mütəxəssisləri də buna laqeyd qala bilməyiblər. Etnoqrafik törənlərimizlə bağlı mahnılar, xalq mahnıları, qəhrəmanlıq nəğmələri, zəngin muğamlarımız, qərinələrin o üzündən yol başlayan aşıq musiqimiz məhz xalqımızı ömür boyu müşayiət edən ən dəyərli sərvətlərimizdir. Belə zəngin sərvətdən bəhrələnən Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi böyük sənətkarlar pleyadasını xatırlasaq, Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı haqqında aydın təsəvvür yaratmış olarıq.

Musiqi xalqın mənəvi sərvətidir, bu öz yerində. Musiqi həm də sərhəd tanımayan geniş imkanlı güclü ünsiyyət vasitəsidir. Bir sözlə, musiqi xalqın mənəvi güzgüsüdür. Bu güzgünü təhlükədən, ləkədən, qaranlıqdan qorumaq vəzifəsi isə onu öyrədənlərin, tədqiq və təbliğ edənlərin üzərinə düşür. Onu da etiraf etməmək olmaz ki, bu işdə indiki durumda televiziya və radio xüsusilə çox iş görür.

Azərbaycanda radio yaranan gündən onun gündəlik proqramlarında həmişə musiqinin təbliği işinə geniş yer verilib. Neçə-neçə musiqiçi nəslinin populyarlaşmasına, sevilməsinə Üzeyir Hacıbəyovdan başlanan bəstəkarlıq məktəbimizin onlarca nümayəndəsinə dünya şöhrəti qazanmasında Azərbaycan radiosu az iş görməyib. Radio həm də bir çox dünya bəstəkarlarını neçə-neçə dinləyici nəslinə tanıdıb, sevdirə bilmişdi. Şübhəsiz ki, radiomuzun 77 illik uzun bir yolu barədə musiqi təbliğatı ilə məşğul olan tədqiqatçılar öz sözlərini deyəcəklər.

Vaxtilə ədəbiyyat, uşaq, gənclər və musiqi şöbələrini birləşdirən baş redaksiyada mərhum jurnalist H.Hüseynov baş redaktor kimi fəaliyyət göstərib. Baş rejissor Rauf Kazımovskinin hazırladığı veriliş və konsert proqramları bu gün də öz bədii dəyərini, estetik əhəmiyyətini qoruyub saxlayır. 1950-ci ildən musiqi redaksiyası ayrıca struktur kimi fəaliyyətə başlayıb və rəhbərliyi T.Şahverdiyevə etibar edilib. Bu illər Tələt Şahverdiyev, Rəhim Nağıyev, Qulam Qasımov, Boris Raxkin, Çingiz Süleymanov kimi sənət adamlarının təşəbbüsü ilə ayrıca fəaliyyətə başlayan musiqi redaksiyası gündən-günə axtarışlar və yeniliklər hesabına nəzərə çarpacaq dərəcədə irəliləyişə nail olur.

Bir qədər sonra musiqi redaksiyasına baş redaktor Kamil Məmmədov, onun müavini bəstəkar Telman Hacıyev təyin olunur. Və musiqi redaksiyası öz kadrlarını ətrafına toplayır. Ümumittifaq radiosu musiqi redaksiyası ilə əməkdaşlıq aylıq planlarda öz yerini tapır. Az sonra təkcə Moskva Radiosu ilə deyil, bir sıra sosialist ölkələrinin radiosunda Azərbaycanın musiqi həyatı işıqlandırılır. Redaksiyanın əməkdaşları Oqtay Manaflı, Qüdrət Vahabova, Aslan Əfəndiyev, Valid Səfərov, Leyla Misirzadə, Nəriman Əliyev, Nəriman Rzayev efirə yüksək xidmət vəzifələrini ləyaqətlə yerinə yetirirdilər. Bəziləri elə hazırda da iş başındadırlar.

Bu gün Azərbaycan radiosunun musiqi verilişləri redaksiyası mövcud iki proqramla 18-20 saat veriliş və konsertlərlə efirə çıxır. Bu da ümumi proqram yükünün 70 faizini təşkil edir. Tarixi ənənəsinə sadiq qalaraq musiqi redaksiyası son illərdə Azərbaycan xalq musiqisinə, muğamlarımıza və ayrı-ayrı bəstəkarlarımızın yaradıcılığına geniş yer verir. Bu musiqi proqramlarında fonotekamızda saxlanılan ölməz xanəndə və muğənnilərimizin, vokal ifaçılarımızın, el aşıqlarımızın bu gün xatirəyə çevrilmiş lent yazıları tez-tez səsləndirilir. Bu silsilə musiqi proqramları bu gün efirdə vaxtaşırı Səs xəzinəmizdən, Fonotekamızın rəflərində, Unudulmaz ifalar, Gözəl səslər başlığı ilə efirə çıxır.

Artıq bu gün özləri xatirələrdə yaşayan, ancaq ifaçılıq sənətimizdə müstəsna xidmətləri olan Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski, Ağabala Abdullayev, Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Əliağa Quliyev, Gülağa Məmmədov, Şakir Hacıyev, Pənah Pənahov, Hüseyn Saraclı, Mikayıl Azaflı və bu kimi sənət və söz adamlarının lent yazılarını səsləndirməklə sənətin dünəni ilə bu günü arasındakı varislik əlaqələrini bərpa edən musiqi redaksiyası bu günkü istedadların da üzə çıxmasında və geniş xalq kütləsi tərəfindən tanınmasında az iş görmür.

Musiqi redaksiyasına Azərbaycan Dövlət Konservatoryasının məzunu, musiqişünas Hacı Məmmədov rəhbərlik edir. Onun radio işini bilməsi və öz şəxsi təşəbbüskarlığı sayəsində musiqi redaksiyasında işi bu günün tələblərinə cavab verə bilən səviyyədə qurulmuşdur.

Hər təzə iş həftəsi planlaşdırmadan başlayır. Baş redaktor üzümüzə gələn həftə üçün konsert və musiqi verilişlərinin gündəlik efir variantlarını təsdiqləyir. Mövzu seçimi, efirə çıxan hər bir musiqi nömrəsi və ya veriliş baş redaktorun müzakirəsinə və təsdiqinə verilir. Yalnız bundan sonra efirə vəsiqə alır.

Dövlət radiosu efirində səslənən musiqi nömrəsi, başqa sözlə desək, yeni əsərlər, bu əsərlərin yüksək keyfiyyətlə efirə çıxmasında dinləyici rəğbəti qazanmasında baş redaktor Hacı Məmmədovun bilik və təcrübəsi, ən başlıcası isə özünə və iş yoldaşlarına tələbkarlığı, eyni zamanda insani keyfiyyətləri mühüm rol oynayır. Onun hər iş günü ayrı-ayrı redaktorların gün üçün planlarıyla tanışlıqla başlayır. Yeni lent yazılarına qulaq asmaq, studiyanın qonaqları ilə görüşmək, verilişin redaktoruna tövsiyyələri söyləmək baş redaktorun iş prinsipi belədir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page