DAHI ÜZEYIR BƏYƏ BÖYÜK SEVGI VƏ EHTIRAMLA
.
Search


XOR MUSIQISI FESTIVALI
.
SUMQAYIT: SƏYYAR PLENUMDAN QEYDLƏR
Lalə ŞIRMƏMMƏD QIZI
DAHI ÜZEYIR BƏYƏ BÖYÜK SEVGI VƏ EHTIRAMLA
.

 


Musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan dahi bəstəkar, görkəmli mütəfəkkir və ictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 118-ci ildönümü ərəfəsində sentyabrın 16-da Bəstəkarlar Ittifaqının binasına toplaşmış Üzeyirsevərlər çox əhəmiyyətli bir hadisənin Üzeyir Hacıbəyov ensiklopediyasının (Bakı, Azərbaycan, 2003, uç.nəş, vərəqi 14,25) təqdimat mərasiminin şahidi oldular. Bu vaxta kimi Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında xeyli tədqiqat əsərləri, monoqrafiya, bir neçə biblioqrafik göstərici çap olunub. Bu baxımdan Milli Elmlər Akademiyasının əsaslı kitabxanasının hazırladığı biblioqrafiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan nəşriyyatının hazırladığı yeni ensiklopediyanın isə üstünlüyü ondadır ki, o, böyük sənətkarın yaradıcılığı, həyat və fəaliyyəti ilə bağlı bütün məsələləri əhatə edir. Bu sorğu məlumat kitabında onun bəstəkarlıq fəaliyyəti ilə yanaşı, dramaturgiyasına, publisistikasına da yer ayırılıb. Burada sənətkar həm pedaqoq, həm jurnalist, həm də ictima i-siyasi xadim kimi təqdim olunur. Bundan başqa, həyat və yaradıcılığı boyu onun yaxın ünsiyyətdə olduğu insanlar haqqında məlumatlar verilir.

Təqdimat mərasimini giriş sözü ilə açan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinci Katibi, respublikanın xalq artisti, professor Vasif Adıgözəlov bu nəşrin işıq üzü görməsində yazıçı, jurnalist, Azərbaycan nəşriyyatının direktoru Nazim Ibrahimovun xüsusi xidmətləri olduğunu söylədi. O bildirdi ki, Üzeyir Hacıbəyov elə bir fenomendir ki, Azərbaycan mənəviyyatını, Azərbaycan varlığını onsuz təsəvvür etmək mümkün deyil. O, bizim xalqın xoşbəxtliyidir. Musiqimiz, mədəniyyətimiz ona görə belə zəngin, çağlardır ki, o, mənbəyini Üzeyir bəy kimi uca, əlçatmaz bir dağdan alır. Üzeyir bəy həm şad, həm də kədərli günlərimizdə bizimlədir. Bu gün isə biz onun işığına, xatirəsinə yağışmışıq. Çox şadam ki, belə bir gündə onun həyat və yaradıcılığına həsr olunan ensiklopediya araya, ərsəyə gəlib. Mən yalnız bir şəxsin Lermontovun ensiklopediyasını görmüşdüm. Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı da neçə belə ensiklopediyalara layiqdir.

Sonra Nazim Ibrahimov ensiklopediyanın yaranması tarixindən danışdı: Biz hələ sovet dövründə, 1975-ci ildə Üzeyir Hacıbəyovun ev muzeyini açarkən gələcəkdə Üzeyir Hacıbəyov ensiklopediyasını da yaratmaq haqqında düşünürdük. Budur, artıq 1996-cı ildə Azərbaycan dilində və 2003-cü ildə isə rus dilində belə bir ensiklopediya hazırlandı. Azərbaycan dilində olan nəşr kiril əlifbası ilə yığıldığından biz onun yeni variantını, yəni latın əlifbası ilə nəşrini Üzeyir bəyin 120 illik yubileyi ərəfəsində hazırlamağı planlaşdırırıq. O, həmçinin ensiklopediyanın redaksiya heyətinin üzvləri Elmira Abasovaya, Zemfira Səfərovaya, Mirabbas Aslanova və başqalarına təşəkkürünü bildirdi. Redaksiya heyətinin artıq dünyasını dəyişən üzvlərinin bəstəkarlar Süleyman Ələsgərovun, Tofiq Quliyevin, ədəbiyyatşünas Əziz Mirəhmədovun, Ramazan Xəlilovun və başqalarının xatirəsini hörmətlə yad etdi.

Sonra çıxış edənlər böyük bəstəkar haqqında müfəssəl məlumat mənbəyi olan bu ensiklopediyanı çox mühüm bir mədəni hadisə kimi qiymətləndirdilər.

Yazıçılar Ittifaqının sədri, xalq yazıçısı Anar çıxışında bildirdi ki, Üzeyir bəy vaxt, zaman çərçivəsinə sığan şəxsiyyət deyil. O, dünya durduqca yaşayacaq əsl dahidir. Xoşbəxtəm ki, Üzeyir bəylə bağlı film çəkmişəm. Rəsul Rza ocağı həmişə böyük Üzeyir bəylə bağlı olub. Ata-babalarımızdan bizə keçən bu müqəddəsliyi biz həmişə qorumağa çalışmışıq.

Nazim Ibrahimov son dərəcə xeyirxah bir işlə məşğuldur. O, böyük Üzeyir bəyin, Mirzə Cəlilin ensiklopediyasını nəşr edir. Bu, xalqa, millətə xidmətdir.

Professor Şirməmməd Hüseynovun vətəndaş yanğılı çıxışı salonda böyük canlanma yaratdı: Üzeyir bəyin, Natəvanın, Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş və uzun yol keçib Bakıya gəlib çıxmış büstlərinə baxanda ürəyim qan ağlayır. Biz Üzeyir bəyin bu xalqa verdiklərini hələ qaytarmamışıq. Şuşanı, bütövlükdə Qarabağı azad etməklə bu dahi şəxsiyyətin qarşısında öz günahlarımızı yumuş olarıq. Yalnız Koroğlu uvertürası Şuşada səslənəndə Üzeyir bəyin ruhu şad olacaq və biz rahat nəfəs ala bilərik.

Tədbirdə həmçinin, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq şairi Hüseyn Abbaszadə çox səmimi çıxış etdilər.

Eyni zamanda Space telekanalının baş musiqi redaktoru Nadir Axundov Raks şirkətinin Space telekanalının sponsorluğu ilə birgə buraxdığı yeni Leyli və Məcnun diskini təqdim etdi. Bu yeni diskdə Ü.Hacıbəyovun 95 illik yubileyi qeyd olunmuş Leyli və Məcnun operası xalq artistləri Zeynəb Xanlarova (Leyli) və Arif Babayevin (Məcnun) ifasında səsləndi.

Çıxışlarla növbələşən konsert proqramında Üzeyir bəyin ölməz musiqisi səsləndi: Koroğlu operasından Uvertüra (pianoda ifa etdi Ülviyyə Hacıbəyova); Aşıqsayağı triosu (ifaçılar E.Iskəndərov, T.Babayeva, N.Əliyarova); Koroğlu operasından Nigarın ariyası (ifaçı Fəridə Məmmədova); Arşın mal alan operettasından Asyanın mahnısı (ifaçı Səbinə Əsədova) və Gülçöhrənin ariyası (Fəridə Məmmədova); Koroğlu operasından Koroğlunun ariyası və Sevgili canan romans-qəzəli (ifaçı Həsən Enami).

Tədbirdə respublikamızda bir çox ölkələri təmsil edən səfirliklərin nümayəndələri, Prezident Aparatının məsul işçiləri və tanınmış ziyalılar iştirak etdilər.

Materialı hazırladı:
Sevda ƏLIQIZI

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page