SUMQAYIT: SƏYYAR PLENUMDAN QEYDLƏR
Lalə ŞIRMƏMMƏD QIZI
Search


XOR MUSIQISI FESTIVALI
.
SUMQAYIT: SƏYYAR PLENUMDAN QEYDLƏR
Lalə ŞIRMƏMMƏD QIZI
DAHI ÜZEYIR BƏYƏ BÖYÜK SEVGI VƏ EHTIRAMLA
.

 


2003-cü il sentyabrın 24-də Azərbaycan Bəstəkarlar Ittifaqının bir qrup bəstəkar və musiqişünaslarından ibarət nümayəndə heyəti Sumqayıt şəhərinə yola düşdü. Bununla da təşkilatımız özünün çoxdankı və yaxşı bir ənənəsini ölkəmizin başqa şəhər və rayonlarında Səyyar Plenumlar keçirmək ənənəsini yenidən dirçəltmiş oldu. Adətən, belə Plenumlar ən populyar və sevimli janr olan mahnıya həsr olunurdu və bu dəfə də Azərbaycan Bəstəkarlar Ittifaqı ənənəyə sadiq qalaraq, Sumqayıt əhli ilə görüşə həm də məşhur ifaçıları, estrada müğənnilərini dəvət etmişdi. Onların bir çoxunun müşayiətini isə respublikamızın nüfuzlu kollektivlərindən biri Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri öz öhdəsinə götürmüşdü. Xüsusi qeyd edək ki, orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Nəriman Əzimovun rəhbərliyi ilə orkestrin kiçik heyəti bir sıra yeni mahnılar və təzə ifaçılarla çoxsaylı məşqlərin nəticəsini layiqli səviyyədə nümayiş etdirə bildi.< br>
Ədalət naminə deməliyik ki, Sumqayıtın istər mədəniyyət işçiləri, istərsə də dövlət rəsmiləri, başda Icra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev olmaqla, bu tədbirə çox ciddi yanaşmışdılar: nəqliyyat problemindən tutmuş tədbirin keçirilməsi ilə bağlı bütün digər təşkilati məsələlər yüksək səviyyədə həll olunmuşdu. Ilk növbədə Plenumun keçirildiyi yer Kimyaçıların Mədəniyyət Sarayı möhtəşəm bir təəssürat oyatdı. Əslində iyun ayına planlaşdırılmış bu plenumun sentyabra keçirilməsinin səbəbi də Sarayın əsaslı təmiri ilə bağlı idi. Beləliklə, yenicə bərpadan çıxmış Mədəniyyət Sarayının ölkənin tanınmış bəstəkar və müğənnilərinə, ifaçı kollektivlərinə bir növ təqdimat mərasimi Bəstəkarlar Ittifaqının xeyir-duası ilə baş verdi. Nəzərə alsaq ki, bütün tədbir televiziya ilə yayım üçün Space telekanalı tərəfindən lentə alındı, onda bu təqdimatın miqyasını və auditoriyasının genişliyini təsəvvür etmək çətin deyil.

Plenumu ön sözlə Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinci Katibi, xalq artisti V.Adıgözəlov açdı. O, qeyd etdi ki, mahnı janrında gedən proseslər bizim tərəfimizdən daim diqqət və müdaxilə tələb edir. Çünki, müəyyən səbəblər üzündən bu sahədə tələbkarlığın azalması, qeyri-peşəkar insanların qızğın fəaliyyəti mahnının primitivləşib bayağılaşmasına səbəb olmuşdur. Dərin məzmun, bitkin forma, ülvi, saf duyğular mahnıdan sanki yasaq düşüb. Bunun qarşısını, ilk növbədə, yüksək səviyyəli peşəkar mahnı yaradıcılığının təbliği ilə almaq olar. Azərbaycan Bəstəkarlar Ittifaqı məhz bu fikirdən təkanlanaraq mahnı ilə bağlı tədbirlərin, o cümlədən Səyyar Plenumların keçirilməsini zəruri sayır. Çünki belə tədbirlərə gələn dinləyicilər əsl bəstəkar mahnısının necə olması barədə müəyyən təsəvvür yaratmaq imkanı əldə edirlər. Bəstəkarlarla canlı təmas isə bu təsəvvürləri bir az da genişləndirir. Çıxışının bu yerində Vasif müəllim Sumqayıt sakinləri ilə görüşə gəlmiş həmkarlarının Ramiz Zöhrabov, Şəfiqə Axundov a, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Faiq Sücəddinov, Ilham Abdullayev, Nazim Quliyev, Ceyhun Allahverdiyev və Xədicə Zeynalovanı ayrı-ayrılıqda tamaşaçılara təqdim etdi. Öz növbəsində Sumqayıt şəhərinin Icra Başçısı Plenum iştirakçılarını salamlayaraq, onlara nəcib təşəbbüs göstərdiklərinə görə minnətdarlığını bildirdi.

Plenumun rəsmi hissəsi geniş konsert proqramı ilə davam etdirildi. Konsertin aparıcısı və musiqişünas kimi mənim öhdəmə hər bir mahnı müəllifini və onun ifaçısını qısa şərhlərlə tamaşaçılara təqdim etmək vəzifəsi düşmüşdü. Zalda əyləşənlərin hər yeni elanı maraqla və alqışlarla qarşılaması, hər çıxışın gözəl gül dəstələrinin verilməsilə müşayiət olunması bizlərdə son dərəcə xoş ovqat yaratdı. Konsertin proqramına həm klassik mahnı inciləri, həm də yenicə yazılmış nümunələr daxil edilmişdi. Tofiq Quliyevin, Səid Rüstəmovun, Fikrət Əmirovun, Cahangir Cahangirovun, habelə Şəfiqə Axundova, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Eldar Mansurov, Faiq Sücəddinov, Ilham Abdullayev, Nazim Quliyev, Ceyhun Allahverdiyev, Xədicə Zeynalovanın mahnıları respublikanın xalq artisti Ilhamə Quliyeva, əməkdar artistlər Mübariz Tağıyev, Bilal Əliyev, Aygün Bəylər, tanınmış müğənnilər Arzu Rzayev, Nuriyyə Hüseynova, Təhmiraz Şirinov, Ilahə Fəda, Elza Qaybalıyeva, habelə gənc ifaçılar Leyla Vahid qızı və Cəvahir Əbdülovanın if asında səsləndi. Sevindirici hal o idi ki, Mədəniyyət Sarayının ağzınacan dolu olan salonunda konsertin təyin olunmuş vaxtdan xeyli uzanmasına baxmayaraq, tamaşaçılar proqramı sona qədər çox diqqətlə izlədilər.

Bəzi çıxışlar gözlənilməz olduğu üçün xüsusi bir hərarətlə qarşılandı. Onların sırasında cənublu həmvətənlimiz, məşhur Ayrılıq mahnısının ilk və, zənnimcə, təkrarolunmaz ifaçısı Yaqub Zurufçu da var idi. O, sürəkli alqışlar altında Azərbaycan Bəstəkarlar Ittifaqının fəxri üzvü olmuş mərhum Əli Səliminin bu gözəl mahnısını bir daha ürək yanğısı ilə sumqayıtlılara ərməğan etdi.

Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun çıxışı isə azyaşlı balaca uşaqların məzəli ifası ilə müşayiət olunduğuna görə bol tamaşaçı təbəssümü və hüsn-rəğbəti ilə mükafatlandırıldı.

Plenumun konsert proqramına Aygün Bəylər öz ansamblının müşayiəti ilə yekun vurdu. Biz bir daha bu gənc, istedadlı müğənninin auditoriyanı peşəkarcasına ələ almaq bacarığı və canlanma yaratmaq qabiliyyətinin şahidi olduq. Zalı tərk etmək istəməyən tamaşaçılar isə, nəhayət, Aygün xanımın vəziyyətdən çıxış yolu kimi məqamında oxuduğu Üzeyir bəyin ölməz Durun gedək evimizə melodiyasının sədaları altında simvolik bir formada Plenum iştirakçıları ilə vidalaşdılar. Konsert başa çatdı. Biz isə Sumqayıtın kimya qoxusundan təmizlənib saflaşmış ilıq dəniz havasını ciyərlərimizə çəkib, insanların qonaqpərvərliyinə dərin təşəkkür hissi və yeni, səmimi görüşlər ümidi ilə Bakıya döndük.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page