ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
BIBLIOQRAFIYA...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


YENI NƏŞRLƏR

       2002-ci ildə «XXI – Yeni Nəşrlər Evi» tərəfindən çapdan çıxmış bəstəkar Rəhilə Həsənovanın «Solfecio» kitabı bu fənnin tədrisi sahəsində müasirliyə doğru atılan ilk, uğurlu addımdır. Qeyd etməliyik ki, solfecio fənni üzrə dərsliklər və tədris vəsaitinə Azərbaycan musiqişünaslıq elmində, ümumiyyətlə, çox az diqqət yetirilib. Belə ki, XX əsrdə respublikamızda nəşr olunan üç solfecio kitabının adını çəkə bilərik. Bunlar Fatma Səmədova və Fatma Zeynalovanın « Azərbaycan ladları üzərində solfecio», Georgi Burşteynin «Solfecio» müntəxəbatı (Bakı – 1960) və Zərifə Bakıxanova ilə Gövhər Hüseynovanın Azərbaycan xalq və professional musiqi nümunələri əsasında birgə tərtib etdikləri «Solfecio» kitabıdır. (Bakı – 1988). Adlarını çəkdiyimiz solfecio kitablarından yalnız biri (F.Zeynalova ilə F.Səmədovanın kitabı) müəllif nümunələrinə əsaslanır. Qalan 2 dərslik isə Azərbaycan və qərbi avropa bəstəkarlarının əsərləri əsasında tərtib edilmişdir. Buna görə də mövcud təhsil sistemimizi sovetlər dövründə nəşr olunmuş dərsliklər üzərində qurmaq məcburiyyəti qarşısında qalmışıq. Bu dərsliklər, əsasən, Rus və Ukrayna xalq mahnıları, eləcə də musiqi ədəbiyyatının nümunələri üzərində qurulmuşdur. Sovet solfecio kitablarında ara-sıra rast gəldiyimiz milli musiqi nümunələrimizə isə – «Erməni xalq mahnısı» – adı verilirdi. Beləliklə, ən vacib məsələ – gələcək nəslin milli musiqi ənənələri əsasında tərbiyə edilməsi – diqqətdən kənarda qalmışdı. Azərbaycanlı bəstəkarlarımızın eşitmə qabiliyyətinin Qərb musiqi mədəniyyətilə yanaşı xalq musiqisi nümunələri əsasında da formalaşması, zənnimizcə, son dərəcə vacibdir.

       Hələ 1948-ci ildə Ü.Hacıbəyovun redaksiyası altında F.Səmədova və F.Zeynalovanın birgə tərtib etdikləri «Azərbaycan ladları əsasında solfecio» kitabı işıq üzünü, yalnız, 1997-ci ildə, sənətşünaslıq doktoru, professor Ə.Isazadənin səyi nəticəsində gördü. Musiqi məktəbləri üçün nəzərdə tutulmuş bu dərslik 7 əsas Azərbaycan ladı üzərində qurulmuşdur. (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Humayun). Bundan başqa kitabda, həmçinin, Azərbaycan bəstəkarlarının əsərlərindən və eləcə də xalq musiqi nümunələrindən də geniş istifadə olunmuşdur. Azərbaycan musiqisinin təbliği baxımından kitabın praktiki əhəmiyyəti olduqca böyükdür. Mövcud olan solfecio proqramında kitab, əsasən, I-V siniflərin dərs vəsaiti kimi istifadə edilə bilər.

       Rəhilə Həsənovanın «Solfecio» kitabında müəllif, bütün musiqi nömrələrini özü bəstələmişdir. Kitabda müşahidə etdiyimiz bir çox aspektlər müasir solfecio sistemlərinin ayrı-ayrı elementlərini özündə cəmləşdirmişdir. Belə ki, dərsliyin çalışmalarında ritm nömrələri xüsusilə diqqətə layiqdir. Bu tip çalışmalar ilə rus sistemində, əsasən, ali məktəblərdə vokalçılar üçün tərtib olunan solfecio kitablarında rastlaşırdıq. Məsələn, S.Maksimovun «Vokalçılar üçün solfecio», I.Ozeretskovskayanın «Vokalçılar üçün solfecio üzrə ilkin çalışmalar» kitablarında poliritmik nömrələrə çox böyük yer verilir. Bundan başqa Fransız və Belçika solfecio sistemlərində ritmik təksəsli və poliritmik parçaların tədrisinə böyük yer verilir. Bəstəkar-nəzəriyyəçilər – Verkaerenin, Fontenin, Veberin, Dandelotun, Qartenloupun bu sahədə fundamental əsərləri mövcuddur.

       R.Həsənovanın solfecio dərsliyində verilmiş poliritmik çalışmaların orta məktəb proqramının bütün şöbələrini (istər orkestr alətləri, istərsə də xalq çalğı alətlərində) əhatə etməsi təqdirə layiq haldır. Çünki ritm problemi təkcə vokalçılar üçün deyil, eləcə də, bütün ifaçı musiqiçilər üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Avropa solfecio tədrisinin təməlini qoyan Karl Orfun «Şulverq» sistemindən tutmuş müasir dövrümüzdə nəşr edilən bütün dərsliklərin ana xəttini məhz ritm problemi təşkil edir.

       Orfun «Şulverq»indən söhbət açmışkən onu da qeyd edək ki, R.Həsənovanın kitabında təsadüf olunan oyunlarda məhz «Şulverq» ənənələri özünü büruzə verir. Bu cəhətdən «Əks-səda» oyunu diqqəti daha çox cəlb edir. Orfun «Şulverq»ində bu oyun tam bir bölümü təşkil edir. Amma əgər Alman sistemində müəllimin çaldığı fraza tələbə tərəfindən başqa bir alətdə təkrar edilirsə, R.Həsənovanın «Solfecio» kitabında belə dialoq iki şagird arasında aparılır. Beləliklə, Azərbaycan müəllifinin kitabında da «əks-səda» prinsipi saxlanılır.

       Dərsliyin daha bir müsbət cəhəti onun sistemliliyindədir. I sinifdən VII sinfə kimi, demək olar ki, bütün nəzəri mövzular praktiki şəkildə solfecio nömrələrində öz təcəssümünü tapır. (Qammalar, əsas üçsəslilər intervallar, sabit və qeyri-sabit səslər – bir sözlə orta musiqi məktəbinin solfecio proqramının bütün nəzəri mövzuları).

       Kitabda bir sıra solfecio nömrələrinin enharmonik səslər üzərində qurulması çox təqdirə layiqdir. Fransız solfecio sisteminin musiqi nümunələrində də çox geniş təsadüf olunan enharmonik səsin vasitəsilə uzaq tonallıqlara modulyasiya R.Həsənovanın kitabında da öz yerini tapır.

       Dərsliyin nömrələrində mövcud olan nüanslar, temp və artikulyasiya işarələrinin yazılması şagirdlərə gələcək ifaçılıq praktikasında çox böyük yardım göstərən amillərdəndir. Buna görə də solfecio dərslərində müəllimlərimiz bu problemə xüsusi diqqət yetirib, məhz müəllifin təqdim etdiyi şəkildə solfecio nömrələrinin oxunulmasını şagirdlərdən tələb etməlidirlər.

       Kitabın daha bir maraqlı cəhəti son nömrələrin ölçü dəyişkənliyi üzərində qurulmasıdır. Bir nömrə daxilində 2/4-lə 3/4; 12/8-lə 6/8; 3/4-lə 6/8 ölçülərinin ardıcıl surətdə dəyişməsi şagirdlərdən böyük diqqət tələb edir və onları metroritmik cəhətdən inkişaf etdirir.

       Solfecio nömrələrinin bir çoxunun başlıqlarında müəllifin əsərin xarakteri və janrı haqqında qeydləri tələbələri musiqi təhlili dərsləri üçün də hazırlayır. Əsərin xarakterindən – «Küləkli gün», «Meşə quşları», «Məzəli əhvalat», «Qəmgin mahnı» və s. – janrından – «Pəhlivanların rəqsi», «Tarantellasayağı», «Marşvari», «Bayram valsı» və s. – nömrələr xəbər verir.

       Kitabın ən öqəmli cəhəti Azərbaycan musiqisi üzərində qurulmasındadır. Istər R.Həsənovanın yazdığı nümunələr, istərsə də istifadə olunan digər bəstəkarların musiqisi milli ənənələrə əsaslanmışdır. Kitabın sonunda isə müəllifin bəstələdiyi Azərbaycan ladlarına əsaslanan musiqi nömrələri tələbələrin milli musiqiyə olan həvəsini artırmalı, solfecio dərsinə maraq oyatmalıdır. Dərsliyin özünəməxsusluğu milli musiqi nümunələrilə müasir məktəblərin solfecio ənənələrinin sintezindədir.

       Kitabla əlaqədar diqqətimizi cəlb edən bəzi qeydlərimizi də söyləmək istərdik. Müəllif II, V və demək olar ki, VI siniflərdə (VI sinifdə sadəcə Ravelin «Bolero»su üzərində kiçik bir ritmik çalışma var) ritm çalışmalarından istifadə etmir. Zənnimizcə, ritm probleminin bütün siniflərdə eyni səviyyədə və daha ətraflı tədrisi məqsədəuyğun olardı.

       Bundan başqa dərslikdə qarışıq ölçülərə aid (yəni 5/8; 7/8; 5/4; 7/4; 8/8 və s.) musiqi nümunələri yoxdur. Bu tip ölçülər milli musiqimizə yabançı deyil. Buna görə də qarışıq ritmləri heç olmasa VI və VII siniflərin dərs proqramına daxil etmək olardı. Çünki tələbələrimiz belə ölçülərlə ümumiyyətlə heç bir solfecio kitabında rastlaşmırlar. Azərbaycan bəstəkarlarının əsərlərində isə bu ölçülərə çox tez-tez təsadüf edilir. Məsələn: F.Əmirovun «1001 gecə» baletində, T.Bakıxanovun «Xəzər» balladası, Fleyta üçün konserti, Tar və orkestr üçün konsertində, Azər Dadaşovun klarnet və fortepiano sonatasında və s.

       Dərslikdə daha geniş görmək istədiyimiz bir cəhət də açarlar məsələsidir. Belə ki, kitab demək olar ki, kaman açarı üçün nəzərdə tutulub. Bas açarının tədrisinə dair musiqi nümunələri azdır. I sinifdən IV sinfə kimi kaman açarında yazılan nümunələrdən sonra bas açarı yalnız V sinfin son nömrəsində ikisəsli şəkildə (çal-oxu) verilir. Mövcud dərs proqramında isə bas açarının tədrisi I sinifdən başlayır. Bəlkə, ümumiyyətlə, müəllif, bas açarının çalışmalarında tələbələrə başqa dərsliklərdən istifadə etməyi məsləhət görür. Amma milli xalq nümunələri üzərində açarlar və ritm dəyişgənliklərilə zəngin olan dərsliyə də böyük ehtiyacımız var. Buna görə də Rəhilə xanımdan yaxın zamanda belə bir dərslik yazmasını xahiş edərdik. Bir sözlə müəllifə yeni yaradıcılıq uğurları arzu edir, ondan Azərbaycan solfecio sistemini zənginləşdirən dərsliklər və dərs vəsaitləri yaratmasını səbirsizliklə gözləyirik.

AYNUR ELXAN QIZI



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page