MUZEYLƏRDƏ...
.
Search


GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


HƏMIŞƏYAŞAR LEYLI VƏ MƏCNUN



       Artıq bir əsrə yaxındır ki, milli peşəkar musiqimizin banisi Üzeyir bəy Hacıbəyovun Şərqdə bu janrda yazılmış ilk əsər olan Leyli və Məcnun operası bir çox sənətkarları yetişdirməklə, onları sənətsevərlər, milliyyətindən asılı olmayaraq əsl musiqiyə qiymət verməyi bacaran insanlar arasında tanıtmış və indi də hər tamaşası böyük marağa səbəb olan dahiyanə bir əsər kimi Azərbaycanın musiqili teatr tarixində ən önəmli yeri tutur.

       Bu il, yanvar ayının 25-də böyük Füzuli və Üzeyir bəy dühasının məhsulu olan Leyli və Məcnun operasının səhnəyə qoyulmasının 95 ili tamam oldu. Bu məqsədlə yanvarın 27-də dahi bəstəkarın ev-muzeyində respublikamızın bir qrup ziyalılarının bəstəkar, ifaçı və musiqişünas, tədqiqatçı jurnalistin iştirakı ilə Həmişəyaşar Leyli və Məcnun adlı çox maraqlı bir tədbir keçirilmişdir. Tədbirdən əvvəl, qonaqlar muzeyin şüşəbəndində təşkil olunmuş, Leyli və Məcnun operasını bu illər ərzində yaşadan aktyor və rejissor, sənət xadimləri və ziyalıların foto şəkilləri, proqram və afişalar, rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Səadət Qarabağlı operanın tarixini vərəqləyərək onun ilk tamaşasını və həmin tamaşanın ərsəyə gəlməsində böyük əziyyətlər çəkən ilk rejissoru Əbdürrəhim bəy Haqverdiyevi, ilk Leyli və Məcnun Əbdürrəhim Fərəcovla Əhməd bəy Ağdamskini, Hüseynqulu Sarabskini xatırladı. Səadət xanım b ir maraqlı faktı da qonaqlar üçün açıqladı: Leyli və Məcnun operasının ilk rəssamı Əlibəy Hüseynzadə olub, lakin sonralar bu gizli saxlanılıb. Ə.Hüseynzadənin siyasi baxışlarını düzgün qiymətləndirməyənlər onun adını Üzeyir bəylə birgə çəkmək istəməyiblər. Öz maraqlı söhbətində bu mövzuya da böyük yer verən tədiqatçı alim, professor Şirməmməd Hüseynovun Üzeyir bəy Hacıbəyovun tamaşa üzərində iş zamanı Əlibəy Hüseynzadənin məsləhətlərindən yararlandığını söylədi və xüsusi qeyd etdi ki, Üzeyir bəy Azərbaycan xalqının nicatı, inkişafı üçün xidməti olan bütün dəyərli insanlarla sıx ünsiyyətdə olub.

       Tədbirdə böyük maraqla dinlənilən çıxışlardan biri də, tədqiqatçı alim, professor Zemfira xanım Səfərovanın bir müddət öncə dahi bəstəkarla bağlı, Türkiyənin Istanbul şəhərində keçirilən, özünün də iştirak etdiyi konfransla bağlı təəssüratları oldu. O söylədi ki, bu böyük tədbir dahi bəstəkarı sadəcə olaraq anmaq məqsədilə Istanbul Bələdiyyə Kültür Işləri Başqanlığının səyi ilə təşkil olunmuşdu. Konfransın birinci günü salonda böyük fotosərgi təşkil olunmuşdu və Üzeyir bəy Hacıbəyovun əsərləri, yaradıcılığı haqqında mühazirələr dinlənilmişdi (Yeri gəlmişkən onu da demək lazımdır ki, professorun öz məruzəsi də orada böyük maraqla qarşılanmışdı). Qalan günlər bəstəkarın əsərlərinə çəkilmiş Arşın mal alan, O olmasın, bu olsun və onun həyat və yaradıcılığından bəhs edən Uzun ömrün akkordları bədii filmləri nümayiş etdirilmişdi. Zemfira xanım çıxışının sonunda həmin tədbirin proqramını və Türk dünyasının yıldızı, Şərq musiqisinin dühası Üzeyir Hacıbəy ov başlıqlı afişanı muzeyə hədiyyə etdi.

       Öz çıxışında Sona Hacıyeva, Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova kimi Leyliləri xatırlayan xalq artisti Sara Qədimova Leyli rolunu oynadığı günləri yada saldı. Xalq artisti, gözəl xanəndəmiz Canəli Əkbərov çox düzgün olaraq, Üzeyir bəy Leyli və Məcnunu böyük cəsarət tələb edən bir vaxtda yaratdı - söyləyərək dahi bəstəkarımızı xalqımızın musiqi dünyasının peyğəmbəri adlandırdı.

       Çox maraqlı idi ki, tədbirdə bir neçə nəsil Leyli və Məcnunlar iştirak edirdilər. Sanki orta və gənc nəsil yaşlılar qarşısında imtahan verirdi. Tədbir boyu respublikamızın əməkdar artisti Mənsum Ibrahimov və Nəzakət Teymurovanın; xanəndə Səfa Ibrahimovun gələcək tamaşalar üçün hazırladığı gənclər Kənan Məmmədov və Gülnar Məmmədovanın ifasında Leyli və Məcnun operasından fraqmentlər təqdim olundu.

       Tədbirdə çıxış edən xalq artistləri Baba Mahmudoğlu, Gülxar xanım Həsənova və başqaları həmin musiqidən bir daha böyük mənəvi zövq alaraq hamının qəlbində qaynayan bir fikri bəyan etdilər ki, Leyli və Məcnun operası hələ çox həssas qəlbli musiqiçilər yetişdirəcək, hələ çox nəsillərin zövqünü oxşayaraq, özü də yaşayacaq!

Raziyə ƏLIYEVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page