ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR...
.
MUZEYLƏRDƏ...
.
YARADICILIQ...
.
BIBLIOQRAFIYA...
.
INTERNET SƏHIFƏLƏRINDƏ...
.

 


SƏNƏTƏ MƏHƏBBƏT
VƏ QAYĞI OLANDA



        Azərbaycan Dövlət müstəqilliyini qazandıqdan sonra ulularımızdan bizə yadigar qalmış zəngin mədəni irsin qorunub saxlanmasına, daha da inkişaf etdirilməsinə, bunların gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət və qayğı göstərilir.

       Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli sərvətimiz olan xalq yaradıcılığının geniş təbliği, yeni istedadlı xalq sənətkarlarının aşkar edilməsi məqsədi ilə ardıcıl olaraq bir sıra respublika əhəmiyyətli tədbirlər keçirdi.

       1998-2000-ci illərdə Bakı şəhərində keçirilmiş xalq sənətkarlarının əl işlərinə Respublika Baxış müsabiqələrində şəhər və rayonlardan yüzlərlə xalq sənətkarının bir-birindən gözəl, olduqca dəyərli əl işləri nümayiş etdirildi. Müsabiqələrə göndərilmiş əl işləri janr müxtəlifliyi, nəfis işlənmə texnikası ilə respublikamızın tanınmış sənət adamlarını belə heyrətə gətirmişdi. Bu, sözün əsl mənasında milli mədəniyyətimizin uğuru, ona göstərilən diqqət və qayğının təzahürü idi.

       2002-ci ilin sentyabr ayında Astarada uşaq muğam ifaçılarının Respublika müsabiqəsi, həmin ilin dekabrında Şəmkir rayonunda gənc aşıqların Respublika müsabiqəsi keçirildi. Hər iki müsabiqədə respublikamızın ayrı-ayrı şəhər və rayonundan neçə-neçə gənc ifaçı tamaşaçılar qarşısında öz istedad və bacarığını nümayiş etdirdi.

       Tədbirlərin respublikamızın paytaxtından kənarda, rayonlarda keçirilməsi heç də təsadüfi deyildir. Əvvəla, hər bir şəhərdə, rayonda onlarla mədəniyyət ocağı fəaliyyət göstərir ki, bunların hər birində müxtəlif özfəaliyyət kollektivləri, dərnəklər yaradılıb. Yaşından, peşəsindən asılı olmayaraq, istedadı olan hər kəs bu kollektivlərə cəlb edilmişdir. Şəhər və rayonlarda keçirilən bütün mədəni tədbirlərdə onlar həvəslə çıxış edirlər. Deməli, belə müsabiqələrin yerlərdə aparılması özfəaliyyət yaradıcılığının inkişafına, buna xüsusi maraq oyadılmasına, istedadlı gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi baxılmalıdır. Ikincisi, belə müsabiqələr xalq yaradıcılığının inkişafı ilə əlaqədar gələcəkdə görüləcək işlərdə mədəniyyət müəssisələrinin rolunun daha da artırılmasına xidmət edir.

       Gənc aşıqların Respublika müsabiqəsinin daha mütəşəkkil keçirilməsi haqqında Respublika Mədəniyyət Nazirliyinin Əmrinə əsasən Mədəni-Maarif Baş idarəsinin, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin, şəhər, rayon mədəniyyət idarələri və şöbələrinin vəzifələri, görəcəyi işlər konkret müəyyən edilmişdi. Müsabiqənin birinci turu yerlərdə, son turunun Şəmkir rayonunda keçirilməsi müəyyən edilmişdi. Müsabiqənin keçirilməsi müddəti və qaydası, müsabiqəyə rəhbərlik, müsabiqə qaliblərinin mükafatlandırılması, müsabiqənin maliyyələşdirilməsi «Gənc aşıqların respublika müsabiqəsinin əsasnaməsi»ndə ətraflı izah olunmuşdu. Əsasnamə əvvəlcədən hazırlanıb yerlərə göndərilmişdi. Müsabiqənin yekun turunun aparılması üçün aşağıdakı tərkibdə münsiflər heyəti yaradılmışdı:

       Isfəndiyar Rüstəmov – aşıq, əməkdar mədəniyyət işçisi, sədr.

       Tariyel Məmmədov – «Musiqi dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor, üzv

        Elxan Məmmədli – Azərbaycan Milli Elmlər Akademiyası Folklor Sarayının Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri namizədi, üzv

        Oqtay Muxtarov – Mədəni-Maarif Baş idarəsi klub işi və xalq yaradıcılığı şöbəsinin rəisi, üzv

       Gülarə Azaflı – aşıq, üzv

       Valeh Quliyev – Salyan rayon mədəniyyət evinin Aşıq Pənah adına aşıqlar ansamblının rəhbəri, üzv

        Fəxrəddin Vəliyev – Şəmkir rayon Icra Hakimiyyətinin başçısının müavini, üzv

       Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunmuşdu:

        I mükafat – 1000000 manat. I dərəcəli diplom və laureat adı

        II mükafat – 750000 manat. II dərəcəli diplom və laureat adı

        III mükafat – 500000 manat. III dərəcəli diplom və laureat adı

        IV mükafat – 350000 manat. IV dərəcəli diplom və laureat adı

        2 həvəsləndirici mükafat – hər biri 250000 manat və diplom

        5 qiymətli hədiyyə və diplom

        Əsasnamədə iki nəfərin eyni yerə layiq görüldüyü halda mükafatın onların arasında bərabər bölünməsi də nəzərdə tutulmuşdu.

        Gənc aşıqların Respublika Müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi üçün Şəmkir Rayon Icra Hakimiyyəti və rayon Mədəniyyət Şöbəsi əvvəlcədən lazımi hazırlıq işləri görmüşdü. Rayon mədəniyyət evi bayramsayağı bəzədilmiş, müsabiqə ilə əlaqədar afişalar hazırlanıb əhalinin diqqətini cəlb edəcək yerlərdən asılmışdı. Müsabiqənin yekun turu dekabr ayının 10-da əlverişsiz hava şəraitində öz işinə başladı. Deyəsən, qış boz üzünü, sərtliyini vaxtından qabaq göstərməyə başladı. Güclü qar yağdığından yollar buz bağlamışdı. Gediş-gəliş çətinləşmişdi. Belə təsəvvür yaranırdı ki, müsabiqəyə gələnlərin sayı gözlənildiyindən çox az olacaq. Münsiflər heyətinin üzvləri də çox narahat idi. Onları başa düşmək olurdu. Axı vəziyyətin belə olacağını kim ağlına gətirərdi. Müsabiqənin baş tutmaması… Amma nigarançılıq da , şübhələr də tezliklə yox oldu. Sənətə məhəbbət bir daha özünü göstərdi. Havanın şıltaqlığı ürəyində sənət eşqi olanların yolunu kəsə bilmədi. Ən ucqar yerlərdən sazlı-nəğməli uşaqlar, gənclər bu möhtəşəm tədbirə həvəslə, ruh yüksəkliyi ilə gəldilər. Qışın şaxtası havanı, yeri dondursa da bu sənət aşiqlərinin ürəyindəki təpəri, üzlərindəki təbəssümü dondura bilməmişdi. Münsiflər heyəti şən əhvali-ruhiyyə ilə öz işinə başladı. Rayon mədəniyyət evinin səhnəsindən indi telli saz bu qarlı-çovğunlu havaya meydan oxumağa başladı. Soyuqdan donmuş barmaqlar sazın qolunda istilik tapıb açıldı. «Ruhani», «Yanıq Kərəmi», «Dübeyti», «Dilqəmi», «Baş Sarıtel», «Kərəm gözəlləməsi», «Koroğlu cəngisi», «cəlili» səsləndikcə sazın-sözün sehri sanki hər kəsi sirli bir aləmə aparırdı. Daşkəsənin, Qazaxın, Kəlbəcərin, Tovuzun, Gədəbəyin, Sumqayıtın, Şuşanın, Mingəçevirin, Şəkinin, Abşeronun, Şəmkirin gənc aşıqlarının çıxışları əsl sənət yarışına çevrilmişdi. Gəncədən, Tərtərdən, Ağstafadan, Naftalandan, Xanlardan, Samuxdan gələn gənc aşıqlar saz çalmaları, oxumaları əsl möcüzə göstərirdilər. Ümumiyyətlə, müsabiqədə Respublikamızın 29 rayonundan 100-dən artıq gənc sənətkar iştira k edirdi. Onların hamısı bu sənət imtahanında nəyə qadir olduqlarını böyük həvəslə göstərdilər. Beş gün davam edən sənət sınağında qalibləri seçmək münsiflər heyətinin üzvləri üçün heç də asan olmadı. Asan olmadı ona görə ki, bu uşaqların və gənclərin hər biri xüsusi istedada, qabiliyyətə malik idi. Odur ki, hər ifaçının nəyə qadir olduğuna xüsusi diqqət yetirilirdi. Nəhayət, müsabiqənin son günü münsiflər heyətinin yekdil rəyi ilə qaliblər müəyyən edildi. Bu xoşbəxt gənc sənətçilər aşağıdakılar idi.

       I mükafat

       1. Kərimov Şöhrət Telman oğlu- Daşkəsən rayonu

       2. Isgəndərova Familə Qədim qızı- Qubadlı rayonu

       II mükafat

       1. Əkbərov Azər Həsən oğlu- Gədəbəy rayonu

       2. Hüseynov Elbrus Hüseyn oğlu- Şəmkir rayonu

       III mükafat

       1. Xıdırova Sevil Firuddin qızı- Şuşa rayonu

       2. Məhərrəmov Yaşar Məhərrəm oğlu- Kəlbəcər rayonu

       IV mükafat

       1. Zeynalabdinov Əli Pənah oğlu- Şəmkir rayonu

       2. Ilyasov Ziyadxan Qaraxan oğlu- Mingəçevir şəhəri

       Həvəsləndirici mükafat

       1. Şirinov Şəhriyar Bədirxan oğlu- Abşeron rayonu

       2. Allahverdiyev Samir Allahverdi oğlu- Şuşa rayonu

        Beş nəfər (Qurbanov Sahil, Gülümcanov Yaşar, Teymurova Sədaqət, Həsənova Vüsalə, Əlyarov Eltur) qiymətli hədiyyə və diploma layiq görüldü.

        Hamının intizarla gözlədiyi son gün yetişdi. Bayramsayağı bəzədilmiş rayon mədəniyyət evində bir canlanma vardı. Nəhayət, tamaşaçıların alqışları altında münsiflər heyətinin üzvləri, rayon icra hakimiyyətinin məsul işçiləri səhnədə göründü. Rayon icra hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev gənc aşıqların Respublika müsabiqəsinin əhəmiyyətindən danışarkən bunun aşıq sənətinə, gənc istedadlara Respublika Mədəniyyət Nazirliyinin xüsusi diqqət və qayğısı kimi qiymətləndirdi. Müsabiqənin Şəmkir rayonunda keçirilməsini isə o, şəmkirlilərə göstərilən yüksək etimad olduğunu xüsusi qeyd etdi və buna görə Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna öz həmyerliləri adından minnətdarlığını bildirdi. Fəxrəddin Vəliyev çıxışında qeyd etdi ki, müsabiqə aşıq sənətinin inkişafında, yeni istedadlı gənclərin bu sənətə həvəs göstərmələrində bundan sonra daha əhəmiyyətli təsir göstərəcək.

        Münsiflər heyətinin sədri, əməkdar mədəniyyət işçisi Aşıq Isfəndiyar Rüstəmov müsabiqə qaliblərini və mükafatçıları elan etdi. Tamaşaçıların sürəkli alqışları altında mükafatlar təqdim olundu. Sonda qaliblərin və diplomantların iştirakı ilə böyük konsert verildi.

        Gənc aşıqların respublika müsabiqəsi sözsüz ki, hamıdan çox iştirakçıların yaddaşından uzun müddət silinməyəcək. Şəmkir rayon mədəniyyət evinin səhnəsində telli sazı ilə meydan sulayan gənc el sənətkarları bu günü xatırladıqca özlərində bir qürur, iftixar hiss edəcəklər. Kim bilir, vaxt gələcək onların səsi el şənliklərində, toy məclislərində eşidiləcək, səs-sorağı bütün Azərbaycanı dolaşacaq. Bu bizim onlara gələcək sənət yolunda uğur dilədiyimiz arzulardır. Kaş belə də olsun.

        Müsabiqə barədə, həmçinin aşıq sənəti haqqında Aşıq Isfəndiyar Rüstəmov, Aşıq Valeh Quliyev və Aşıq Gülarə Azaflı ilə ayrı-ayrılıqda söhbət etdim.

        - Isfəndiyar müəllim, bu müsabiqə barədə fikrinizi bilmək istərdim. Axı Sovet dövründə də gənc istedadları aşkar etmək məqsədi ilə tədbirlər keçirilərdi. Bu gün bunlar arasında fərq varmı?

        Aşıq Isfəndiyar – Mən özüm sənət adamıyam. Aşıq sənəti elə sənətdir ki, bu bizim qanımıza, canımıza hopub. Ulu Dədə Qorquddan üzü bu yana saz nəsildən-nəslə əmanət verilmiş, yaşadılmış, görürsünüz ki, indi də yaşayır. Aşıq yaradıcılığı tək bir nəfərə məxsus deyil, ümuimlikdə xalqındır. Istər havalarda, istərsə də qoşulan, oxunan hər aşıq şerində xalqın arzusu, həyatı, mübarizəsi öz ifadəsini tapır. Deməli, bu gün aşıq sənətinə, aşıq yaradıcılığına qayğı göstərilirsə, bu keçmişimizə, bu günümüzə, sabahımıza dərin hörmət deməkdir. Son vaxtlar Mədəniyyət Nazirliyi, doğrudan da, xalq sənətinə, onun inkişafına, yeni-yeni istedadlı ifaçıların üzə çıxarılmasına çox böyük diqqət yetirir. Elə bu müsabiqəni götürək. Gördünüzmü bu qarlı-şaxtalı havada ən ucqar yerlərdən belə müsabiqədə iştirak etməyə gələnləri. Bax, bu günü onlar həmişə bir şirinliklə xatırlayacaqlar. Həm də bu müsabiqə onların gələcək həyatında, sənət yolunda xüsusilə əhəmiyyətli olacaq. Çünki onlarda aşıq sənətinin təkcə bu gününə yox, sabahına böyük inam yarandı. Qaldı Sovet dövründə keçirilən tədbirlərə onu deyim ki, o vaxtlar, doğrudan da gənc istedadları aşkar etmək məqsədilə müxtəlif tədbirlər keçirilərdi. Amma bunlar bir kompaniya xarakteri daşıyırdı. Yaxşı olan nə vardısa, Sovet mədəniyyətinin uğuru kimi təbliğ edilirdi. Əslində burada milli mədəniyyətdən danışmağa belə dəyməzdi.

        Hansı tədbir keçirilirsə keçilsin ancaq Lenin, partiya, Sovet Vətəni təbliğ olunurdu. Bu gün isə öz milli dəyərlərimizdən, onun qorunub saxlanmasından, gələcək nəsillərə çatdırılmasından danışırıq. Mən özüm neçə elə tədbirin iştirakçısı olmuşam. Lovğalıq olmasın, o qədər mükafat, diplom almışam ki! Amma indinin mükafat və diplomunun şirinliyi tamam başqadır. Indi gənclərin ifasında doğma Vətənimizin, qəhrəmanlığın tərənnümü əsas yer tutur. Çünki onda bu ruhda böyüyür, tərbiyə alırlar. Bununla fəxr etmək gərəkdir.

        Əsrlərin sınağından keçib xalqımızın bu gün də əziz bilib yaşatdığı, nəsildən-nəsilə əmanət verdiyi xalq sənətinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi biz yaşlı sənətkarları ürəkdən sevindirir. Bunun üçün Mədəniyyət Nazirliyinə, şəxsən Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna bütün xalq sənətkarlarının, xalq sənətinin qədir-qiymətini əziz tutanların adından minnətdarlığımı bildirirəm.

       - Isfəndiyar müəllim, müsabiqədə qalibləri seçərkən münsiflər heyətinin üzvləri arasında fikir ayrılığı baş verdimi?

        Aşıq Isfəndiyar – əvvəla onu deyim ki, münsiflər heyətinin tərkibinə aşıq sənətinə dərindən bələd olan şəxslər daxil edilmişdi. Deməli, burada kimisə kənar hesab etmək etmək olmazdı. Yəni bir nəfərin dediyini başqası əlüstü qəbul etməzdi. Ikincisi, hər ifaçı haqqında hər kəsin öz rəyi, qiyməti vardı və bunu da əsaslandırmaq bacarığına malik idi. Üçüncüsü, xoşbəxtlikdən sonda hamı razılıqla yekdil fikrə gəlirdi. Qaliblər seçilərkən kiminsə nə şübhə yeri qaldı, nə də arada heç bir fikir ayrılığı, narazılıq baş vermədi. Münsiflər heyətinin düzgün qərarı, fikir verdinizsə, hətta iştirakçılar tərəfindən razılıqla qarşılandı. Çünki biz hər iştirakçını diqqətlə, ona hörmət və qayğı ilə dinləyirdik. Bunu özləri də çox yaxşı başa düşürdülər. Ona görə də bizim səmimi iradlarımızı, məsləhətlərimizi heç bir narazılıq etmədən qəbul edirdilər.

        - Müsabiqədə ən çox xoşladığınız kim oldu?

        Aşıq Isfəndiyar – Vallah, bu müsabiqədə iştirak edənlər tək məni yox, hamını heyrətə gətirmişdi. Lakin, necə deyərlər, ifaçıların arasında yaxşıların yaxşısı vardı. Daşkəsəndən Kərimov Şöhrət, Gədəbəydən Əkbərov Azər, Şəmkirdən Hüseynov Elbrus, Abşeron rayonundan Şirinov Şəhriyar və başqaları axıra qədər bir sənətin arxasınca getsələr, inanıram ki, onların sədası bütün Azərbaycana yayılacaq.

        Bütün gənc aşıqlara Dədə Ələsgərin sözləri ilə bir tövsiyəni çatdırmaq istəyirəm. Qoy onlar bu sözləri sənət yolunda özləri üçün xoş amal, ustad nəsihəti kimi qəbul etsinlər. Aşıq olub tərki-vətən olanın,
Əzəl başdan pür kəmalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir.

        - Valeh müəllim, müsabiqə sizi razı saldımı? Gənc aşıqlar sizə necə təsir bağışladı?

        Aşıq Valeh – Əvvəlcə onu deyim ki, aşıq sənəti elə sənətdir onun meydanı çox genişdir. Bu meydanda davam gətirmək hər oğulun işi deyil O qədər mənəm-mənəm deyən aşıq görmüşəm ki, axırda sazı qoltuğunda meydandan çıxıb. Sazın tellərində, pərdələrində sirli-sehrli bir aləm gizlənib. Bu aləmdən baş açmaq hər aşıqlıq eləyənə qismət olmur. Qabaqlar aşıq olmaq istəyən ustaddan dərs alardı. Ustad da ustad olardı. Hər aşığa ustad deməzdilər. Elə ki ustad aşıq baxıb görərdi, şəyirdi onun üzünü ağ edə bilər, icazə verərdi aşıqlıq eləsin, özü də elə-belə icazə verməzdi. Məclislərdə camaat qarşısında imtahandan keçirərdi onu. Hətta ustad şəyirdi ilə deyişməkdən çəkinməzdi. Kamil ustad yetirməsi ilə öyünərdi. Elə olurdu ki, hamının gözü qarşısında sazını belə şəyirdinə bağışlayıb ona xeyir-dua verərdi. Bunun çox böyük tərbiyəvi əhəmiyyəti vardı. El-oba içərisində ustad aşıq yetirməsinin hörmətini qaldırardı. Düzü, indi belələrini nəinki gecə, heç gündüz də əliçıraqlı axta rsan tapmazsan. Görürsən hərə ordan-burdan öyrəndiyi bir-iki havanı çalıb-oxumaqla özünü aşıq adlandırır. Aşıq el sənətkarıdır. Bu sənət müqəddəsdir. Onu yaşatmaq, inkişaf etdirmək lazımdır. Bu sənətə yeni qədəm qoyanlara diqqət və qayğı lazımdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi bu müsabiqə alqışa layiqdir. Müsabiqədə iştirak edən uşaqlar da, gənclər də öz ifaları ilə məni heyrətə gətirdi. Kərimov Şöhrətin ifasında «Koroğlu cəngisi», «Ruahni», Əkbərov Azərin ifa etdiyi «Qəhrəmanı», Isgəndərova Familənin «Ruhani»si, Şirinov Şəhriyarın çaldığı saz havaları hamıda xoş təəssürat oyatdı. Onların səsi, ifa tərzi, səhnə mədəniyyəti hamını valeh etmişdi. Məhərrəmov Yaşar, Hüseynov Elbrus, Ilyasov Ziyadxan inanıram ki, bu sənətdə vaxt olacaq öz sözlərini deyəcəklər. Görün bizim nə qədər istedadlı balalarımız var.

        Kaş özündərazı aşıqlarımız bu gün onların çıxışlarına baxaydılar. Vallah, bilməzdim indilərdə uşaqlar arasında saza bu qədər məhəbbət olarmış. Bu müsabiqə, şübhəsiz, sənətə yeni qədəm qoyan yeniyetmələr üçün, aşıq sənətinin, aşıq yaradıcılığının gələcək inkişafı üçün çox uğurlu addım oldu. Bu tədbir hamıda yeni həvəs oyatdı.

        Mədəniyyətimizin əvəzsiz dəyərlərindən olan xalq sənətinə bu cür diqqət və qayğı göstərdiyi üçün Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna minnətdarlığımı bildirirəm.

        Arzum budur ki, gələcək müsabiqələrdə qoy gənclər aşıq yaradıcılığının özünə məxsus ayrı-ayrı janr və şəkillərində-dastan, qıfılbənd, dildönməz, təcnis, ustadnamə və deyişmələrdə nəyə qadir olduqlarını göstərsinlər. Bax, onda bilinər ki, gərgin sənət yarışında kim birincidir, kim ikinci.

        Bir də üzümü xalq içərisində öz sənəti ilə tanınan aşıq dostlarıma tutub deyirəm ki, gənclərə diqqət və qayğı göstərin. Axı nəsillər təzələnir. Bu sənət yaşamalıdır. Bildiyimizi gizlətməyə heç birimizin mənəvi haqqı yoxdur. Yetirmələrimizə baxıb «ustadına əhsən!» qazanmaqdan böyük mükafat ola bilməz.

        - Gülarə xanım, müsabiqədə qızların çıxışı da böyük maraq doğurdu. Bəlkə bu barədə siz danışasınız.

        Gülarə Azaflı – Həqiqətən bu müsabiqədə qızların çıxışı tərifə layiqdir. Neçə ildir sənət yolundayam, özümə görə təcrübəm var. Aşıq sənətinin sirlərindən az-çox baş çıxarıram. Çünki mən bu gün də hamının hörmətlə yad etdiyi, qoşmaları, gəraylıları dillərdə dolaşan Aşıq Mikayıl Azaflının ailəsində dünyaya gəlmişəm. Mən atamdan çox şey öyrənmişəm. Sözümün canı budur ki, bu sənətdə naşı deyiləm. Ona görə də sevinc hissi ilə deyə bilərəm ki, bu müsabiqədə qızların saz çalması, oxuması, onların səhnədəki davranışı hamını heyran eləmişdi. Bu qızlar səhnədə möcüzə idilər. Handa özündən deyən aşıq oğlan bu aşıq qızların meydanına girməyə bəlkə də ehtiyatlanardı. Isgəndərova Familə, Xıdırova Sevil və başqaları bu müsabiqədə nəyə qadir olduqlarını göstərdilər. Müsabiqənin əhəmiyyəti haqqında deyə bilərəm ki, bu gənclərdə aşıq yaradıcılığına, aşıq sənətinə həvəs və məhəbbəti daha da artırdı. Hamıya aydın oldu ki, xalq sənəti diqqətdən kənar qalmayıb. Onu yaşadanlar da v ar, qayğı göstərənlər də. Mədəniyyət Naziri cənab Polad Bülbüloğlu özü də sənət adamıdır. O çox gözəl bilir ki, sənəti yaşatmaq üçün qayğı lazımdır. Sənətdə özünü yenicə göstərmək istəyənlər elə bu müsabiqədə hiss etdilər ki, bu sənəti yaşatmağa dəyər. Mən bu müsabiqənin təşkili üçün Mədəniyyət Nazirliyinə, müsabiqənin yüksək səviyyədə keçirilməsində hər cür şərait yaratmış Şəmkir Rayon Icra Hakimiyyətinə, rayon mədəniyyət şöbəsinə dərin minnətdarlığımı bildirirəm. Arzum budur ki, bu müsabiqə birinci olduğu kimi, axırıncı olmasın.

        Gənc aşıqların Respublika müsabiqəsi mədəni həyatımızda əlamətdar hadisə kimi uğurla başa çatdı. Əlbəttə, bu bəziləri üçün adi görünə bilər. Ancaq gəlin biz buna xalqımızın əsrlərdən bəri sevə-sevə yaşatdığı zəngin mənəvi dəyərlərimizdən olan xalq yaradıcılığına, el sənətinə dərin hörmətin təzahürü kimi baxaq. Bu sənəti Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər kimi adı dillər əzbəri neçə-neçə ustad aşıq yaşatmış, aşıq yaradıcılığının inkişafında öz dəsti-xəttini qoymuşdur. Kim bilir, bəlkə də müsabiqə iştirakçıları arasından bir vaxt öz sözünü deyə biləcək, telli sazı ilə el-obanın sevimlisi, sayılıb-seçilən sənətkarları meydana çıxacaq. Onda, şübhəsiz, bu gün xatırlanacaq.

        Özündə dərin inam yaradan, bu müsabiqədə ilk uğurlu addımını atan hər kəs gələcəkdə Mədəniyyət Nazirliyinin xeyirxah işini minnətdarlıqla yad edəcəkdir. Bizim də arzumuzdur ki, xalq yaradıcılığının, aşıq sənətinin qorunub saxlanmasında, inkişafında, yeni istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik belə möhtəşəm tədbirlərin keçirilməsi ənənəvi hal alsın. Sənətə məhəbbət və qayğı soykökümüzə, mədəni dəyərlərimizə hörmətdir.

Məmməd MƏMMƏDOV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page