ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
FOLKLOR NÜMUNƏLƏRININ HÜQUQI
QORUNMASI MƏSƏLƏLƏRI

Kamran IMANOV

 


       4. Folklor nümunələrinin qorunması və müdafiəsinin formalaşdırılmış sistemi əqli mülkiyyətin və ənənəvi obyektlərin mövcud qorunma alətləri, ilk növbədə müəlliflik hüququ və əlaqəli hüquqları təmin edən qorunma ilə kifayət qədər əlaqədə olmalıdır.

       Folklor nümunələrinin qorunması haqqında danışarkən sözsüz ki, bu terminin izahına ehtiyac duyulur. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, «nümunələr» (folklor nümunələri) termini («expressions») təsadüfən işlədilməmişdir və o mövcud «əsərlər» («works») terminindən çox fərqlənir. Bununla belə, qanunla müəyyən ediləcək normaların «sui-generis» xarakteri daşıdığı nəzərə alınmalıdır, yəni onlar hüquqi qorunmanın xüsusi forması olduğuna görə buna müəllif-hüquq qanunvericiliyinin bir hissəsi kimi baxıla bilməz. Lakin istisna deyildir ki, folklor nümunələrinin bədii formaları əsərlərin analoji formaları ilə üst-üstə düşə bilər və bu imkan folklor nümunələrinin hüquqi qorunması haqqında qanunvericilik yaradılarkən onun müddəaları ilə inkar edilməməlidir.

       Folklor nümunələrinin təsnifatı müəyyən edilərkən həm milli, həm də beynəlxalq təcrübənin nəzərə alınması vacibdir. Son illər müxtəlif beynəlxalq təşkilatlarda da fəal şəkildə müzakirə edilən folklor nümunələrinin təsnifatı məsələsi həqiqətən gələcəkdə nəzərdə tutulan hüquqi qorunmanın əhatə dairəsini müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Folklor nümunələrinin zənginliyi baxımından digər ölkələrdən fərqlənən Azərbaycanda da bu məsələ həmişə uzun müzakirələrin mövzusu olmuşdur. Bununla belə, hazırda ölkəmizin folklor mütəxəssisləri arasında bu nümunələrin aşağıdakı 4 növə bölünməsi haqqında fikir daha çox formalaşmışdır:

       1. Bədii söz sənətinə aid əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, eləcə də bayatılar və başqa şifahi söz nümunələri;

       2. Xalq mahnıları və rəqs melodiyaları, xalq professional musiqisinə aid aşıq havaları, muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;

       3. Xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;

       4. Toxunula bilən tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən: qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, eləcə də ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri, bu qəbildən olan başqa nümunələr.

       Göründüyü kimi, hüquqi qorunma məkanına daxil ediləcək obyektlər bədii irsin bütün sahələrini əhatə edir. Lakin bu halda nəzərə almaq lazımdır ki, bədii formaya xas olmayan ənənəvi biliklər, yaxud sadəcə praktiki ənənələr istisna vəziyyətinə düşür. Bununla birlikdə, göstərilən siyahıya daxil edilən obyektlərin siyahısı tutumlu olmaqla, «bədii irs» termininin geniş izahını verir və ənənəvi irsin estetik dəyərə malik hər bir obyektini nəzərdə tutur. Qeyd etmək vacibdir ki, folklora aid söz nümunələrinin qorunması üçün onların yazıya köçürülməsi, həmçinin musiqi əsərlərinin nota alınması və ya rəqs folklor nümunələrinin xoreoqrafik yazısı tələb olunmur. Bununla onların maddi daşıyıcıda obyektiv ifadəsi tələbi istisna edilir. O ki qaldı qorunacaq maddi folklor nümunələrinə, qeyd etmək lazımdır ki, onlar öz-özlüyündə daş, metal, parça və s. üzərində birbaşa ifadə edilmişlər.

       Qorunacaq folklor nümunələri sırasına, həmçinin ənənəvi memarlıq formalarının da daxil edilməsi vacibdir. Bu formaların qorunmasına münasibətdə beynəlxalq təşkilatların mövqeyinə gəldikdə isə qeyd etmək lazımdır ki, ÜƏMT və YUNESKO-nun tövsiyələrinə əsasən, mövcud məsələnin həlli hər bir ölkənin milli qanunvericilik səlahiyyətləri çərçivəsinə aid edilir.

       Folklor nümunələrinin hüquqi qorunması haqqında danışarkən onun 2 əsas mərhələsi xüsusi qeyd edilməlidir:
       - qeyri-qanuni istifadədən;
       - folklor nümunələrinə zərər vuran digər hərəkətlərdən.

       Birinci halda folklor nümunələrinin qeyri-qanuni istifadəsi adı altında onların gəlirgötürmə məqsədilə və ənənəvi və ya adi konteksdən kənar istifadəsinin həyata keçirilməsi başa düşülür. Bununla belə, folklorun ənənəvi və ya adi konteksdə kommersiya məqsədi ilə istənilən cür istifadəsi sərbəst olmalıdır. Əks halda folklor nümunələrinin geniş şəkildə istifadə edilməsinin qarşısına maneə qoyular və bununla qorunub saxlanmanın təminatı üçün folklorun yayılmasının əhəmiyyətli rolu heçə çıxarılardı.

       Aydın məsələdir ki, folklordan istifadə edilərkən qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi də gələcəkdə bu sahədə hüquq pozuntularının qarşısının alınması və ümumiyyətlə folklor nümunələrindən istifadə sahəsində hüquqi məkanın yaradılmasında vacib amildir. Bununla birlikdə, folklor nümunəsindən adi və ənənəvidənkənar kommersiya məqsədlərilə istifadə edilərkən bu nümunələrin məqsəd, təyinat və formasının ona yolverilməz zərər vurulmaqla dəyişdirilməsi folklordan qeyri-qanuni istifadə kimi təsnif edilməlidir.

       Qeyd etmək lazımdır ki, ÜƏMT və YUNESKO-nun tövsiyə etdiyi folklora aid milli qanunvericiliklər üçün model qanunun tələbinə görə, folklor nümunələrinin adi və ənənəvidənkənar istifadəsinə xüsusi səlahiyyətli icra hakimiyyəti orqanından icazə alınmalıdır. Lakin burada belə təsəvvür yarana bilər ki, bu məsələ üzrə birbaşa göstəriş daha işlək və eyni zamanda mövcud məqamda istifadə imkanlarının daha sərt tənzimlənmə mexanizminə xidmət edir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page