QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
Search


MILLI KONSERVATORIYA:
REALLIQLAR VƏ PERSPEKTIVLƏR

.
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI
TƏHSILININ YARANMASINA DAIR

Minirə DILBAZI
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA
MUSIQI MƏKTƏBI BU GÜN

Fəxriyyə QULIYEVA

 


       Azərbaycanın novator bəstəkarı Qara Qarayevin musiqisində müxtəlif yaradıcılıq məktəblərinin sintezi özünü büruzə verir. Bu sintez başlanğıcını Üzeyir Hacıbəyovdan alan Azərbaycan bəstəkarlıq məktəbinin, Dmitri Şostakoviçin simasında rus bəstəkarlıq məktəbinin ənənələrini özündə qovuşdurur. Təsadüfi deyil ki, bu cür yaradıcılıq laboratoriyalarında istedadını təkmilləşdirən Qara Qarayev öz bəstəkarlıq məktəbini yarada bilmişdir. Onun bir çox əsərləri, o cümlədən, Üçüncü simfoniyası, Skripka konserti, Skripka sonatası, 24 prelüdiyası, 12 atonal fuqa silsiləsi özündə nə qədər sənətkarlıq sirlərini qoruyur, bu da ifaçılıq və təfsir sahəsində yeni ideyaların yaranmasına səbəb olur.

       Q.Qarayevin yaradıcılığı ilə yanaşı, onun müəllimliyi də xüsusi qeyd olunmalıdır. Q.Qarayev müasir dövrümüzün bir sıra böyük bəstəkarlarını yetişdirmişdir ki, indi onların musiqisi bütün dünyada maraqla qarşılanır. Dahi müəllimin və onun tələbələrinin yaradıcılığı Azərbaycan bəstəkarlıq məktəbini keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.

       Q.Qarayevin pedaqogikasının daha bir sahəsi də var. Bunu hətta pedaqogikanın gizli sahəsi adlandırmaq olar. Məsələ bundadır ki, Q.Qarayev instrumental pedaqogika ilə məşğul olmurdu. Baxmayaraq ki, o, gözəl pianoçu idi və təkcə fortepianonun deyil, demək olar ki, bütün alətlərin fakturasını yaxşı bilirdi. Q.Qarayev tərəfindən instrumental tədris bilavasitə deyil, onun dahiyanə əsərlərinin öyrənilməsi vasitəsilə gedirdi. Q.Qarayevin instrumental əsərlərinin fakturası applikatura, ştrixlər, dinamika, pedalizasiya sahəsində bir sıra maraqlı, yeni priyomlara malikdir. Belə əsərlərin ifası musiqiçilər qarşısında müəllif mətninin qavranılması və intellektual şərhi sahəsində böyük məsələlər qoyur. Axı dinləyicini onun Skripka sonatasının dörd hissəsindən - birinci hissənin faciəli dinamikasından başlamış dördüncü hissənin meditasiyalı passakaliyasına qədər keçirərək, ona katarsis hissini aşılamaq nə qədər mürəkkəb məsələdir. Məhz bu cür əsərlər üzərində iş prosesində Q.Qara yevin gizli instrumental pedaqogikası özünü büruzə verir. Bundan əlavə, həmin əsərlərin özü ifaçıya onların mənimsənilməsi üsullarını diqtə edir.

       Bu keyfiyyətləri Q.Qarayevin uşaq musiqisi sahəsində yaratdığı əsərlərdə izləmək olar. Qeyd etmək lazımdır ki, uşaq musiqisi bir çox görkəmli bəstəkarların, həm klassiklərin, həm romantiklərin, həm də impressionistlərin yaradıcılığında xüsusi yer tutur. I.S.Bax, L.V.Bethoven, R.Şuman, P.I.Çaykovski, K.Debüssi kimi dahi bəstəkarlar uşaqlar üçün musiqi yazmışlar.

       Azərbaycan bəstkarlarının uşaq musiqisi müasir musiqi pedaqogikasının inkişafında tamamilə yeni pillədir. Bunun ən parlaq nümunələri F.Əmirovun 12 miniatür silsiləsi və Q.Qarayevin iki dəftərdən ibarət Uşaq pyesləri məcmuəsidir. Xüsusilə Qara Qarayevin pyesləri öz təbiəti etibarilə metodik xarakterli olub, uşağın fortepiano fakturasının sirlərini tədricən öyrənməsinə xidmət edir. Burada Çaykovskinin musiqi obrazı üzərindəki iş təcrübəsi, Baxın polifonik musiqisinin əsasları, Prokofyevin müasir dissonans səslənmələri öz əksini tapmışdır. Ən əsas xüsusiyyət isə musiqinin milli koloritidir. Q.Qarayevin pyesləri qeyri-adi dərəcədə dinamik və parlaqdır. Burada həm Don Kixotun ölməz obrazlarının, həm Yeddi gözəlin ecazkar rəqslərinin əks-sədası eşidilir. Bu pyeslərin fakturası çox rəngarəngdir. Bəstəkar sanki pianoçunun əllərinin vəziyyətinə öz əsərlərilə təsir edir. Məsələn, bəstəkar Fırfıra pyesində Çerninin etüdləri üslubunda barmaqların texniki inkişafına çalış ır. Lakin bəstəkar sırf texniki çərçivəni genişləndirərək, uşağı pyesdə təcəssüm olunan kiçik bədii obraz üzərində düşünməyə çağırır. Ifadə tərzinin sadəliyinə baxmayaraq, Q.Qarayevin uşaq pyesləri kiçik musiqiçinin dünyagörüşünü inkişaf etdirən intellektual potensiala malikdir və ona müəyyən mənəvi keyfiyyətlər aşılayır. Çar kəndinin heykəli əsəri isə tələbəni, tam mənada, impressionizm və müasir musiqi anlayışları ilə tanış edə bilər.

       Gətirdiyimiz nümunələr Q.Qarayevin gizli instrumental pedaqogikasını əyani surətdə nümayiş etdirir. O, olduqca effektiv bir üsul kimi musiqi ifaçılarının yetişdirilməsində böyük rol oynayır. Bu halda musiqi müəlliminin professionallığı, onun əsəri oxuma və şərh etmə qabiliyyəti, bu vasitə ilə tələbənin texniki aparatını, zövqünü və bədii təfəkkürünü inkişaf etdirmək bacarığı mühüm əhəmiyyətə malikdir. Qara Qarayevin uşaq musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədris repertuarına daxil olmuşdur. Bu rəngarəng əsərlər müxtəlif ixtisaslar üzrə təhsil alan musiqiçilər üçün böyük təsir qüvvəsinə malikdir.

       Q.Qarayevin pedaqoji prinsiplərinin qorunması və sistematik olaraq, tələbələrin daim yeniləşən repertuarına daxil edilməsi də vacib amildir.

       Bununla əlaqədar olaraq, Qara Qarayevin pedaqoji ənənələrini qoruyan bir məktəb haqqında xüsusi danışmaq istərdim. Bu məktəbin tədris proqramlarında Q.Qarayevin əsərləri Baxın və Vyana klassiklərinin əsərlərilə yanaşı yer tutur. Bu, böyük bəstəkarın adını daşıyan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Idarəsinin nəzdindəki 8 saylı uşaq musiqi məktəbidir. Bu məktəbin direktoru Rəna xanım Rəhimova başda olmaqla onun yuksək səviyyəli professional kollektivi musiqi təhsili sahəsində yeni-yeni nailiyyətlər əldə edir və daima Qara Qarayevin adını uca tutaraq, onun sənətinə layiq olmağa çalışır.

       Müəllimlik böyük və mürəkkəb bir sənətdir. Bu peşə sahiblərini, yazıçılar kimi insan qəlbinin mühəndisi və ya arxitekotoru adlandırmaq olar. Çünki professionallığın yaranması və formalaşması prosesi əvvəlcə məhz məktəblərdə, sonra isə ali tədris ocaqlarında gedir. Bu, insan həyatının ən mürəkkəb və məsuliyyətli bir dövrüdür.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page