ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


Səid Rüstəmovun mahnılarında şer misralarının
musiqidə təcəssümünün bəzi məqamları haqqında

        «Qurban adına», «Alagöz», «Hardasan», «Sürəyya»… Yəqin ki, Azərbaycanda bu mahnıları eşitməmiş, sevib zümzümə etməmiş az adam tapılar. Bu mahnıların müəllifi onlarla digər gözəl, unudulmaz mahnıların yaradıcısı olan xalqımızın sevimli bəstəkarı Səid Rüstəmov olmuşdur. S.Rüstəmovun həyat yoluna nəzər salarkən onun musiqi incəsənətinin bir çox sahələrində səmərəli fəaliyyət göstərdiyinin şahidi oluruq. Istər indi onun adını daşıyan xalq çalğı alətləri orkestrinin rəhbəri və baş dirijoru, istər xalq musiqi nümunələrini ardıcıl toplayan və dərc etdirən tədqiqatçı kimi onun etdikləri son dərəcə əhəmiyyətli olmuşdur. Lakin musiqi tarixinə S. Rüstəmov ilk növbədə istedadlı bəstəkar kimi daxil olmuşdur. O musiqinin bir sıra janrlarında dəyərli əsərlər yaratmışdır. Lakin ona ən böyük müvəffəqiyyət gətirən, sözsüz ki, musiqili komediyaları, dram tamaşalarına yazdığı musiqi və,əlbəttə, mahnıları olmuşdur.

       Səid Rüstəmovun mahnılarını Azərbaycan xalq musiqi qaynaqları ilə sıx bağlılıq səciyyələndirir. Xalq mahnılarına xas olan bütün müsbət keyfiyyətlər – ifadəli və yadda qalan melodiya, sadə, lakin, eyni zamanda, dolğun harmoniya, şer mətnlərindən məharətlə istifadə etmək bacarığı S. Rüstəmov mahnılarını fərqləndirən cəhətlərdəndir. Musiqişünas E. Abasova belə yazır: « Bəstəkarın lirik mahnıları xüsusilə yaxşı təsir bağışlayır. S. Rüstəmov insanların ən gizli hisslərini duyur və onları musiqidə olduqca səmimi boyalarla verməyi bacarır. S. Rüstəmov lirik mahnı sahəsində də Azərbaycan folklorunun intonasiya-surət quruluşundan uzaqlaşmır. …xalq sənəti vasitələri bəstəkarın əsas yaradıcılıq xəzinəsidir».

       Səid Rüstəmov öz bəstəkarlıq fəaliyyəti dövründə müxtəlif yazıçı və şairlərlə əməkdaşlıq edirdi. Onun mahnılarının mətnlərinin müəllifləri arasında S. Rüstəm, B. Vahabzadə, Z. Cabbarzadə, H. Hüseynzadə və bir çox başqa məşhur şairlərimizin adını çəkmək olar. Bəstəkar eyni zamanda xalq mətnlərinə də tez-tez müraciət etmiş, bayatı misralarına bir neçə mahnı bəstələmişdir. S. Rüstəmovun mahnılarında şer ilə musiqinin qarşılıqlı əlaqələrinin təhlilinə isə beş hecalı mətnli mahnıdan başlamaq istərdik.

        «Qurban adına» mahnısı S.Rüstəmovun ən məşhur mahnılarından biridir. Həmin mahnı S. Rüstəmin sözlərinə bəstələnmişdir. Bütün misraları 5 hecalı olan bu şer mətnindən bəstəkar çox orijinal şəkildə istifadə etmişdir. Adətən, kupletdə səslənən şer mətnləri nəqəratda təkrarlanmır və əksinə. «Qurban adına» mahnısında isə vəziyyət tamam başqadır. Mahnını başlayan ilk dördmisralılıq sonra nəqəratın da əsasını təşkil edir:

Qurban adına
Bir sal yadına
Sənin oduna,
Yandım bilmədin.


       Lakin bu təkrarlılıq yalnız mətndə baş verir. Mahnının kuplet bölməsi, demək olar ki, eyni melodik cümlənin bir neçə variantda səslənməsi üzərində qurulmuşdur.

Nümunə ¹ 1.

       Göründüyü kimi, şerin birinci misrası aşağıya doğru pilləvari hərəkət edən kvarta həcmli melodik cümlədə səslənir. Daha sonra həmin melodik cümlə aşağı hərəkətli sekvensiya şəklini alır:

Nümunə ¹ 2.

       Kupletdə bu 16 xanəlik melodik quruluş bir daha yeni mətnlə təkrar olunur. Nəqəratı şərti olaraq iki hissəyə ayırmaq olar. Birinci hissə istər mətn nöqteyi-nəzərindən, istərsə də melodik cəhətdən bir növ kupleti yekunlaşdırır və bilavasitə nəqəratı hazırlayır:

Nümunə ¹ 3.

       Nümunədən göründüyü kimi, burada da hər iki melodik cümlə kvarta həcmini əhatə etməklə, aşağı yönümlü sekvensiya şəklində qurulmuşdur. Nəqəratın mərkəzi hissəsində «bölünmə» prosesi nəticəsində artıq melodik cümləni təşkil edən ibarələr sekvensiya vasitəsilə hərəkət edir:

Nümunə ¹ 4.

       Sekvensiyanın belə verilməsi misranın hər sözünün daha qabarıq səslənməsinə, bir növ mənasının vurğulanmasına gətirib çıxarır. Mahnının daha bir maraqlı xüsusiyyəti ondan ibarətdir ki, melodik cümlələrin ritmi bütün mahnı boyu dəyişməz qalır.

       S. Rüstəmovun nəzərdən keçirəcəyimiz növbəti mahnısının mətnləri xalq bayatılarından götürülmüşdür.

       Bu - «Maralım, gəl!» mahnısıdır. Nəqəratlı kuplet formasında yazılmış bu nümunədə bayatı bəndlərindən kupletdə istifadə olunur, nəqəratda isə iki misralı qısa şer bəndi səslənir:

Gəlirdim süzə-süzə,
Qızıl gül üzə-üzə,
Yar mənə qaş-göz elər,
Telini düzə-düzə.


NƏQƏRAT

Gəl, gəl ceyranım,
Maralım gəl.


        «Maralım, gəl!» mahnısında da melodik özəklər tersiya və kvarta diapazonunu əhatə edir:

Nümunə ¹ 5.

       Nümunədən göründüyü kimi, bu mahnıda melodik cümlələr bir-birinin variantını təşkil edən melodik özəklərdən ibarətdir. Nəqərat beş və dörd hecalı iki misraya əsaslanır. Onlar melodik cəhətdən kupletin melodiyasını əsaslansa da (burada da tersiya intervalı həcmində melodik özəklər səslənir), ritm baxımından bəzi dəyişkənlik nəzərə çarpır. Lakin bu mahnının ümumi axarına təzadlılıq gətirmir. Maraqlıdır ki, başqa mahnılardan fərqli olaraq, «Maralım, gəl!» mahnısında kuplet nisbətən yuxarı, nəqərat isə daha aşağı registrdə səslənir:

Nümunə ¹ 6.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page