VASIF ADIGÖZƏLOVUN
MUĞAM FANTAZIYASI

Gülarə VƏZIROVA
Search


CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
MUĞAM FANTAZIYASI

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Vasif Adıgözəlov 50-ci illərin ikinci yarısında yaradıcıdığa başlamış bəstəkarlardan biridir. Öz müəllimləri görkəmli sənətkarlar kaqortası Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazinin ənənələrini davam etdirərək, o dövrün gənc bəstəkarlar nəsli, milli incəsənəti müasir musiqi mədəniyyətinin nailiyyətləri ilə zənginləşdirərək, onun yeni inkişaf mərhələlərini müəyyənləşdirmişlər.

       Konservatoriyada təhsil dövründən sonrakı 5 onillik ərzində Q.Qarayevin tələbələrindən hər biri musiqi mədəniyyətində öz məqsəd və vəzifələrini müəyyən edərək, incəsənətdə fərdi yaradıcılıq yolu tapmışdır. Bu axtarışlar nəticəsində dinləyicilərin diqqətinə ən müxtəlif əsərlər təqdim olunmuşdur ki, onlarda da müxtəlif janrların interpretasiyası, mövzu, obraz-intonasiya məzmununun seçimində bu və ya digər təmayüllər özünü büruzə vermişdir. V. Adıgözəlov müxtəlif janr və formalarda yaradan cəsarətli bəstəkarlardan biridir. Onun bəstələri sırasında 3 simfoniya, fortepiano konsertləri, simfonik poemalar, oratoriyalar, kantatalar, mahnılar, kinofilmlərə musiqi və həmçinin bu il Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı tərəfindən tamaşaya qoyulacaq, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 170 illik yubileyinə həsr olunmuş, yeni Natəvan operasının adını çəkmək olar. Bəstəkarın yaradıcılıq yolu, onu geniş tamaşaçı kütləsinə tanıtdırmış gözəl mahnılar silsiləsi ilə başlanmışdır. Onlardan bir çoxu bu gün də səslənərək, öz səmimiliyi və ifadə səlisliyi ilə diqqəti cəlb edir. Bütün yaradıcılığı boyu V.Adıgözəlov fortepiano musiqisinə xüsusi maraq yetirir. Yaxşı pianoçu olduğuna görə (V.Adıgözəlov, həmçinin ADK-nın fortepiano fakultəsini bitirmişdir) və alətin səslənmə spesifikasını çox gözəl duyduğuna görə, o, fortepianoda həm müasir pianoçu məktəbinin bir çox cəhətlərini, həm də milli xalq instrumentalizminin xüsusiyyətlərini nümayiş etdirir.

       1962-ci ildə ifaçı və dinləyicilərin diqqəti V.Adıgözəlovun çox tez bir zamanda Azxərbaycanın hüdudlarından kənarlarda belə səslənən Birinci fortepiano konsertinə cəlb olundu. Onun Üçüncü fortepiano konserti də böyük müvəffəqiyyətlə 1990-cı ildə bəstəkarlar Azərbaycan Bəstəkarlar Itifaqının qurultayında ifa olunmuşdur.

        Ilk müstəqil yaradıcılıq addımlarından başlayaraq, V.Adıgözəlov geniş və çoxobrazlı milli xalq yaradıcılığına xüsusi meyl göstərir. Xalq mahnıları, aşıq musiqisi və ələlxüsus da muğama məhəbbət onun bir çox əsərlərində dürüst və bariz surətdə əks etdirilmişdir.

       Son illərdə V.Adıgözəlov xalq musiqisinin daha əyani istifadə olunduğu bir sıra əsərlər yaratmışdır. Bu, dinləyicilərin rəğbətini qazanmış Qarabağ şikəstəsi, Türkiyənin tarixi hadisələrinə həsr olunmuş Çanax-qala oratoriyalarıdır.

       1970-1990-cı illərin əsərləri sırasında bəstəkarın fortepiano üçün 24 prelüdü və orqan üçün Muğam fantaziyası diqqəti cəlb edir. Əsl professionalizm, xalq yaradıcılığı və dünya klassik musiqisinə istinad onun yaradıcılığının fərqləndirici xüsusiyyətidir. Bununla yanaşı bəstəkar öz dövrünün ruhunu hiss edərək, bu günün tələbatlarına anlamla cavab verir. Sənətkar həssaslığı ilə o, həmişə dövrün səsini eşidir, öz xalqının fikir və hisslərini dərk edir, müasir dünyanın lüğət fondundan bəhrələnərək, onları musiqidə ifadə edir.

       Milli xüsusiyyətləri yaradıcı və üzvi surətdə klassik və müasir yazı texnologiyası ilə qovuşduran bəstəkarın, melodik və harmonik dili çox zəngin və maraqlıdır.

       Lakin ifadə vasitələri arsenalının geniş istifadə olunmasına baxmayaraq, bəstəkarın musiqi dilində onun muğama olan xüsusi məhəbbəti açıq-aydın özünü büruzə verir. Və bu heç də təəccüblü deyildir, çünki V.Adıgözəlov xalq incəsənəti atmosferində boy atmışdır. Ecazkar muğam dünyası ona uşaqlıqdan tanış idi. Hələ uşaq yaşlarından gələcək bəstəkar öz atası - məşhur xanəndə Zülfi Adıgözəlovun ifasında xalq yaradıcılığının incilərini dinləmişdir. Atasının evində tez-tez həm muğam ifaçıları, məşhur xanəndələr, tarzənlər, həm də muğam incəsənəti vurğunları yığışırdılar. Aydındır ki, bəstəkar muğamları sadəcə olaraq bilməklə yanaşı, onların təbiətini orqanik surətdə hiss edir.

       Bir çox Azərbaycan bəstəkarları kimi, öz əsərlərində muğamların melodik, metro-ritmik xüsusiyyətlərini təcəssüm etdirməklə yanaşı, V.Adıgözəlov daima ən müxtəlif kompozisiyalarda yeni fərdi təcəssüm folrmalarının axtarışlarındadır.        Bildiyimiz kimi, 20-ci əsrin əvvəllərində professional bəstəkarlıq yaradıcılığının yaranma günündən əsrin sonunadək bəstəkarların muğama münasibəti müxtəlif idi: Janra maksimal yaxınlıqdan sonra onun tərkib hissələrinin istifadəsi və əsrin sonunda sırf muğama, lakin tamamilə digər səviyyədə, yəni müasir dünya musiqi sistemlərinin istifadəsi ilə, ən yeni musiqi texnologiyası ilə silahlanaraq qayıdış. Bəstəkarlar simfoniya, opera, sonata və s.-nin ən maraqlı nümunələrini yaradırdılar. Belə ki, yenidən, lakin bir qədər digər interpretasiyada, yeni keyfiyyətdə, müasir musiqi lüğətinin istifadə olunduğu muğama istinad edən muğam operaları (Gəlin qayası - Ş.Axundova; Xanəndənin taleyi - C.Cahangirov, Ağ atlı oğlan - F.Əli-zadə və s.), instrumental əsərlər yaranmışdır.

       Təəccüblü deyildir ki, muğam incəsənəti ilə bəslənmiş və yetişdirilmiş V.Adıgözəlov bir sıra əsərlərində muğamın intonasiya məzmunu və formasının fərdi-yaradıcılıq təcəssümü üçün axtarışlarını fəallaşdırır. Bu planda, müəllifin orqan və fortepiano üçün Muğam-fantaziya adlandırılan əsəri diqqəti cəlb edir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page