XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA
Search


ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Tarix elminin mühüm dayaqlarından biri olan dövrləşdirmə ümumi inkişaf dinamikasının hərəkətverici və qapanma nöqtələrini ayırd etmək, tədqiqat materialını sistemləşdirmək vasitəsidir. Əlbəttə, hər bir dövrləşdirmə zaman keçdikcə düzəlişlərə məruz qala bilər. Müasirlərin isti-isti cızdıqları sərhədlərdə müəyyən qədər subyektivlik də, konkret zamanın tələbləri ilə hesablaşmaq məcbüriyyəti də labüd faktordur. Tarixə müəyyən bir vaxt məsafəsindən obyektiv nəzər onu həm subyektiv, həm də məcburi meyarlardan təmizləmək imkanı verir. Dövrləşdirmə anlayışında siyasi, ideoloji, estetik platformaların, dünyagörüşünün toqquşması halları da az deyil. Eyni zaman kəsiyində götürülən dövrlərin özünün də şərhi, izahı, tarixi rolu və məzmunu müxtəlif cür yozula bilər. Ona görə də məqalədə toxunduğumuz məsələnin müxtəlif elmi fikirlərin mübadiləsi üçün təkan verəcəyi də ehtimal olunur.

       SSRI-də ümumən hər şey hamı üçün eynidir prinsipi ilə tarix elmində bərqərar edilmiş mədəniyyət dövrləşdirilməsi mövcud idi. Vahid sovet mədəniyyəti məkanında müxtəlif inkişaf səviyyəsinə, sürətinə, ənənələrinə, özünəməxsusluğa malik milli musiqi mədəniyyətlərinin hamısı üçün eyni xronoloji sərhədlərdə dövrləşdirmə tətbiq edilirdi.( 1 )

       Azərbaycan tarixi musiqişünaslığında da XX əsr bəstəkarlıq məktəbinin inkişaf mərəhələləri sovet dövrünün ideoloji meyarları ilə müəyyənləşdirilmişdir. Bu dövrləşdirmə daha çox ictimai-siyasi hadisələrlə tənzimlənir və aşağıdakı xronoloji çərçivələrə dayaqlanırdı.( 2 )

       1.XX əsrin əvvəllərindən 1920-ci ilə kimi (milli məktəblər üçün müxtəlif olan bu tarix sovetləşmə ili bağlı idi)
       2.1920-1932-ci illər mərhələsi;
       3.1932-1940-ci illər mərhələsi;
       4.1941-1945-ci illər mərhələsi
       5.1946-1956-cı illər mərhələsi
       6.1956 1967-ci illər mərhələsi

       Bu mərhələlərin xronoloji sərhədlərinin əsaslandırılması prinsiplərini aydınlaşdıraq. Əsas prinsip SSRI-də bütün sahələr üçün ümumqəbul edilən partiya həyatı, siyasi-ideoloji, tarixi hadisələrlə bağlı çərçivələrdir. Bu sərhədlər siyasi-iqtisadi situasiya üçün məqbul hesab edilə bilsə də, mədəniyyət və incəsənət, yaradıcılıq sahələri üçün süni və qondarma idi. Musiqi sahəsində baş verən proseslərin tarixi axarının məhz sənət problemləri, sənət müstəvisində baş verən hadisələrlə deyil, musiqinin yan-yörəsində ki, bəzən onunla əsaslı surətlə əlaqəsi olmayan hadisələrlə şərtlənməsi bu gün qətiyyən məqbul deyil.

       Azərbaycanda Sovet dövrünə qədərki dövr əsil bəstəkar yaradıcılığının tarixinə qədərki mərhələ kimi qiymətləndirilirdi.(3) Bu, keçmiş tarixi-mədəni inkişaf nəzəriyyəsinə görə tərəqqi, yüksəliş pillələrinin müstəsna olaraq Sovet dövrü ilə əlaqələndirilmə siyasətinin , yeni mədəniyyətin ağ səhifədən başlanması ideyasının nəticəsi idi. Sovetləşmədən əvvəl mövcud olan musiqi sənətinin, xüsusilə də bəstəkarlıq ənənəsinin inkişaf səviyyəsinin diletantlıq mərhələsi kimi təqdim olunması mövqeyi də mövcud olmuşdur.

       II mərhələ kimi 1920-1932-ci illər göstərilir. Ü.Hacıbəyovun ardınca musiqişünaslar bu illəri təşkilatçılıq illəri adlandırmışlar. Yeni siyasi rejimin möhkəmləndirilməsi illərində musiqi sahəsində bir qismi əvvəlki mərhələnin davamı kimi, bir qismi yeni dövrün ab-havasını əks etdirən proseslər gedirdi. Əsas proseslər kimi diqqət mərkəzinə musiqi təhsili sisteminin yaradılması, milli opera ətrafında gedən diskussiyalar, yeni janrların yaranması çəkilirdi. O dövrün indiki zamandan görünən yeni cəhəti Ü.Hacıbəyovun Azərbaycan bəstəkarlıq ənənəsinin banisi kimi tarixi rolunun, bəstəkarlıq istedadı və potensialının təftiş edilməsi cəhdləridir.(4)

       III mərhələ - 1932-1940. Bu mərhələnin başlanğıc nöqtəsi Sov. IKP MK-nin yaradıcılıq təşkilatlarının işinin yenidən qurulması haqda qərarının tarixidir .( 5 ) SSRI-nin siyasi rəhbərliyi ölkədə yaradıcılıq proseslərinin idarə edilməsini, onlara total nəzarəti təmin edən yaradıcılıq təşkilatlarının yaradılması ilə təmin edərək əvvəlki mərhələnin çoxqütblülüyünə son qoydu. Inzibati təşkilati baxımından tipik sovet törəməsi olan təşkilat Azərbaycan Bəstəkarlar Ittifaqı(1934) yaradıldı. Qərar musiqi sənətinə təşkilati baxımdan təsir etsə də, bəstəkar yaradıcılığının spesifik, daxili inkişaf proseslərinə əsaslı təsir göstərmək iqtidarında deyildi. 30-cu illərdə yaradıcılıq proseslərinin sovet mahiyyətini, özünəməxsusluğunu əks etdirən sosialist realizmi metodu və formaca milli, məzmunca sosialist qəlibi əsas meyar və özünüifadə forması elan olundu. Sonrakı illərin bədii-musiqi axtarışları bu meyarla qiymətləndirilməyə başlandı. Musiqişünaslığımızda bu mərhələ yük səliş illəri kimi qeyd olunur.Bu qiymət tarixi mərhələnin yerini əsasən düzgün müəyyənləşdirir.        IV mərhələ 1941-1945.Ümumsovet tarixi dövrləşdirilməsinə uyğun olaraq Böyük Vətən müharibəsi ayrıca mərhələ kimi götürülür. Bu dövrdə təbiidir ki, aparıcı mövzu müharibə ilə bağlı idi. Mərhələnin yeniliyi Azərbaycan musiqisində simfoniya janrında ilk əsərlərin yaranması idi.

        V mərhələ 1946-1956 Müharibədən sonrakı dövrün məhz bu xronoloji sərhədlərinin siyasi xarakteri şübhə doğurmur. Müharibədən sonrakı dövr 2 siyasi qərarın ab-havası ilə müəyyənləşmişdi. Musiqi sahəsində möhtəşəm mənəvi repressiyaya start verən 1948-ci il qərarı(6) və, Stalinin ölümündən sonra SSRI Kommunist partiyasının XX qurultayından sonra qəbul edilmiş ,şəxsiyyətə pərəstiş dövrünün nəticələrini ifşa edən qərar (7). Birinci qərar bilavasitə bəstəkar yaradıcılığına güclü təsir göstərmişdir. Xəlqilik və milliliyin konkret dozalarla ölçülməsi, proqramlılığın az qala amiranə tərzdə tövsiyyə edilməsi, klassik rus musiqisinin prinsiplərinə istinad heç kəsin poza bilməyəcəyi, yaradıcılıq axtarışlarının həddini müəyyənləşdirən direktiv mahiyyətli göstərişlər oldu. Təmiz instrumental musiqi, XX əsrin yeni ifadə vasitələri, üslub təmayülləri, yeni bəstəkar ənənələri yasaq elan edilir.Azərbaycan bəstəkarlarının həyatında, yaradıcılığında bu qərarın nəticələri və izlə ri aydın görünür. 1956-cı ildə Kommunist partiyasının XX qurultayında şəxsiyyətə pərəstişin cəmiyyət həyatının bütün sahələrində doğurduğu dəhşətli əyintilər ifşa olundu və ölkə doğrudan da yeni mərhələyə qədəm qoydur. Lakin musiqi yaradıcılığı sahəsində radikal dəyişikliklər baş vermir. 50-ci illərin hər iki yarısında gedən proseslər eyni xarakterdə idi.

       VI mərhələ - 1956-1967. Bu mərhələnin başlanğıcı izah edilsə də, 1967-ci il tarixinin mahiyyəti qaranlıqdır.

       Artıq XXI əsrdən keçmiş əsrin ümumi mənzərəsinə, inkişaf dinamikasına ideoloji eynəkdən azad bir tərzdə nəzər salaraq yeni dövrləşməni təklif etmək istərdik.

       Dövrləşdirmənin əsas metodoloji açarını müəyyənləşdirək. Bizim üçün bu musiqi yaradıcılığının tarixi-üslub inkişafının mərhələvi xarakter daşıması prinsipidir. Məlum olduğu kimi, mərhələvi inkişaf prinsipi ümumiyyətlə universal prinsipdir. Onun müxtəlif təzahür formaları isə hansı faktorun məhz mərhələ göstəricisi kimi götürülməsindən asılıdır. Sovet musiqişünaslığında XX əsr musiqi tarixi siyasi ideoloji şərhlərlə bağlı olsa da( əsrin əvvəllərindən 1917-ci ilə qədər, 1917- 1945, 1945-? ) bəstəkar yaradıcılığında estetik platformaların intonasiya, kompozisiya, harmoniya, tembr və s. parametrlərin əsaslı surətdə yeniləşməsiniə əsas meyar kimi imkan daxilində riayət edilirdi. (8 )

       Azərbaycan musiqişünaslığında yeni dövrləşdirmə cəhdinə I.Semyonovanın Azərbaycan simfonik musiqi mədəniyyəti ilə bağlı məqaləsində rast ğəlirik.(9) Tədqiqatçı ənənəvi dövrləşdirmə əvəzinə yenisini təqdim edir. O üç mərhələni (1920-ci ilədək, 1920-1932, 1932-1940) bir mərhələdə 1908-1937-ci illərdə birləşdirmək təklifini irəli sürür. Elə buradaca bu mərhələnin daxilində 1908-1922,1924-1928,1934-1937-ci illəri sərhədlər kimi qeyd edir.

       Zənnimizcə, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin tarixi inkişaf yolu üçün aşağıda təklif olunan 3 mərhələni dövrləşdirilmənin əsası kimi qəbul etmək olar. Qeyd edək ki, bəstəkar yaradıcılığının, musiqi mədəniyyətinin inkişaf mərhələsinin 3 böyük dövrdə qruplaşdırılması Azərbaycan musiqişünaslığının topladığı zəngin, geniş elmi-faktoloji, nəzəri, tarixi bazis əsasında mümkün olmuşdur:

        I mərhələ. 1908-1940
        II mərhələ. 1941-1965
        III mərhələ. 1965-2000
       Bu dövrləşdirmənin kəskin sərhədlərini bir qədər yumşaltmaq da olar:

        I mərhələ .1908-ci ildən 30-cu illərin sonuna kimi,

       II mərhələ .40-cı illərin əvvəllərinədən 60-cı illərin əvvəllərinə kimi,

       III mərhələ. 60-cı illərin əvvəllərindən başlanır. Bu mərhələnin musiqi yaradıcılığında qapayıcı sərhəddini müəyyənləşdirmək üçün bir sıra suallara aydınlıq qətirmək lazımdır.Şərti sərhəd kimi əsrin və eləcə də minilliyin sonunu götürək.

       Qeyd etmək lazımdır ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi məsələsi də bu baxımından maraqlıdır. Nizami Cəfərovun təklif etdiyi mərhələləri misal qətirə bilərik.(10 )

       1. XIX əsrin sonu XX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinin ortalarına qədər.
       2. 30-cu illərin ortalarından 50-ci illərin sonu 60-cı illərin əvvəllərinə qədər.

       3. 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər.        4. 80-ci illərin sonu 90-cı illərin əvvəlllərindən sonra. Bu dövrləşdirmə bir çox məqamlarda bizim təklif etdiyimiz mərhələlərlə uyğun qəlir. Nizami Cəfərovun mərhələlərin mahiyyətini, yeniliyini açması məqamlarınnın bir qismi bəstəkar yaradıcılığında gedən proseslərlə də səsləşir. Əlbəttə, dövrləşdirmədə dəqiq tarixlər göstərmək bəlkə də düzgün olmazdı. Lakin bunu əsaslandırmağa çalışaq.

       1908-1940 ilk Azərbaycan operasından ilk Azərbaycan baletinin yaranma tarixi ilə çərçivələnən dövr. Bu mərhələni milli bəstəkarlıq məktəbinin yaranması, təşəkkülü və klassik səviyyəyə yüksəlişi, yeni musiqi sənəti sisteminin (təhsil, ifaçılıq) formalaşması mərhələsidir. Mərhələnin məhz bu xronoloji çərçivələrdə qəbul etməyimizi daha geniş əsaslandıraq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page