ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Evimizdə böyük qonaq otağında divara xalça vurulmuşdu. Onun üstündə, cərgə ilə tar, qaval, saz, 14 dilli qarmon, balaca bürünc sinc asılmışdı.

       Qaval çox yaraşıqlı idi. Onun üzünə balıq dərisindən üz çəkilmişdi. Dövrəsi sədəfə tutulmuşdu. Bir yerində ağ sədəflə «SEID» sözü yazılmışdı. Bir dəfə qoltuq sazına əlimi vurdum. O, qəfildən yerə düşdü, balaca çanağı parçalandı. Mən bu işdən çox peşman oldum. Axı babam o sazı göz bəbəyi kimi qoruyardı.

       1920-ci ildə Bakının məşhur xanəndəsi, babamın və atamın ən yaxın həmkarı və dostu Mirtağı Mirbabayev xaricə getməzdən əvvəl sazını və qavalını babama bağışladı.

       Lap sonralar əldən-ələ düşməsin deyə babamın «Şir Xurşud» sədəfli tarını, bu qavalı, bir sıra şəkilləri, babamın pasportunu, həmkarlar ittifaqı biletini, kəbin kağızını, atam tərəfindən yazılmış tərcüməyi-halını, texnikumda musiqi dərsi deməsi haqqında vəsiqəsini və muğam dəstgahlarına aid yazıları Azərbaycan tarixi muzeyinə verdim1.

GƏNC MUSIQIÇILƏRIN HAZIRLANMASI

       Atam babamın yetişdirdiyi tələbələrin və sənətini təkmilləşdirdiyi xanəndə və tarzənlərin adlarını yazıb qoyub. Eləcə də onun həmkarlarının, sənət aləmində görüşdüyü şəxslərin siyahısını. Mən onları yazıram. Çox təəssüf olsun ki, hamısı həyatdan köçüblər, qoy mənim xatiratımda adları qalsın ki, yaddaşlardan silinməsinlər.

       Babamın tələbələri və sənətini təkmilləşdirdiyi musiqiçilər:

       Mirzə Fərəcin tələbələrindən biri SSRI Xalq artisti Mirzağa Əliyev olub. Ona sazda çalmağı öyrədərmiş. Atam deyərdi ki, o bizim evə tez-tez gələrdi. Bəzi vaxtlarda isə Mirzə Fərəcin farslar karvansarayında özünün uzaqdan gələn qonaqlarını qəbul etmək üçün kirayə götürdüyü hücrəsində dərs keçərdilər (bu karvansaray Hüsü Hacıyev küçəsində, indiki dram teatrının yerində idi). Sonralar tənqid-təbliğ teatrı açılanda Mirzağa nənəmin dayısı nəvəsi Hacıağa Abbasovla birlikdə o teatrda işləyirdilər. Xalq onları «həcmirz» adlandırırdı. Atam da orada tar çalardı.

       Babamın qohumu Heybətqulubəy (bibisi oğlu Cahan Baxşın qaynı) öz böyük oğlu Əmirulla Məmmədbəylini babamın yanına gətirib deyib ki, «çörəyi ver çörəkçiyə bir çörək də üstəlik. Mən istəyirəm ki, oğlumun əlinə tarı ilk dəfə sən verəsən».

       Əmirulla çox tərbiyəli, mədəni və istedadlı idi. O əvvəllər babamla, sonralar isə başqa tarzənlə məşğul olaraq çox gözəl musiqiçi oldu. Əmirulla həkimlik də oxudu. Ancaq yaxşı yiyələndiyi tarından heç vaxt ayrılmadı. O, konsert salonlarında çıxış edir, operada çalır, musiqi məktəbində dərs verir, notlu xalq çalğı alətləri orkestrində çalırdı. Çoxlu tələbələr yetişdirdi. Respublikanın mədəni həyatında aktiv iştirak edirdi. Bir şəxsiyyət kimi isə çox sakit təbiətli, hamıya kömək edən adam idi (1905-1965).

       Əmirullanın kiçik qardaşı Adil Gəray da gözəl tarzən-pedaqoq və bəstəkar idi. Qardaş Nadir kamanca çalırdı.

       Mirzə Fərəc tək tarzənlər deyil, xanəndələrlə də məşğul olurdu. Cünki, ancaq gözəl səsə malik olmaq azdır. Muğamları dürüst oxuya bilməyən xanəndə el içərisinə çıxa bilməzdi. Belə xanəndələrdən biri də zərgər Hüseyn idi.

       Mirzə Fərəcin tələbələrindən biri də Məcnun rolunun ən məharətli yaradıcısı Hüseynqulu Sarabski idi. Onun bibisi Xədicəxanım evimizə bir ailə üzvü kimi yaxın idi. Eləcə də Hüseynqulu. O babamdan muğamların düzgün oxunmasını əxz edirdi. Həm də ondan saz çalmağı öyrənirdi.

       Mən o vaxt öyrəndim ki, Hüseynqulu bir sıra mahnıların da müəllifidir. Onun «Bizim dağlar» mahnısını sözləri Abdulla Fərruxundur öz ifasında eşidib çox xoşlamışdım. Odur ki, 1929-cu ildə 7 illik məktəbi bitirərkən mən buraxılış müsamirəsində bu mahnını oxudum. Atam məni tarda muşayiət etdi.

Boynundakı mirvaridir
Çəmən-çiçək diyarıdır
Buludlardan yuxarıdır
Bizim dağlar, bizim dağlar.

Şal örtübdür ipəklərdən
Baş əsdirməz küləklərdən
Al güllərdən, çiçəklərdən
Geyib əlvan bizim dağlar.

       Mirzə Fərəcin arxivdə saxlanan tərcüməyi halında deyilir ki, o dəniz kənarında «Petrov meydanı» adlanan yerdə Imamverdi körpüsünün qarşı tərəfində (sonrakı Lenin muzeyinin yeri) bir çayçı dükanı açır, bir neçə nəfər çayçılığı yaxşı bacaran işçi saxlayır. Özü də hərdən onlara baş çəkir. O vaxtlar çayçı dükanı musiqini təbliğ edən ocaqlardan biri hesab olunurdu. Məşhur çalan və oxuyanlar orada görüşür, çalır, oxuyur, yeri gələndə musiqi haqqında mübahisələr də edirdilər. Bir növ klub kimi idi. Musiqini sevən, ona pərəstiş edənlər bu yerin daimi müştəriləri olurdu.

       O vaxt, əlbəttə, hər adama müyəssər olmurdu ki, toy məclislərinə getsin və ya varlıların musiqi şənliklərində iştirak etsin, konsert salonlarına düşə bilsin. Deməli, ən sadə, ucuz başa gələn, musiqini sevənin arzusunu ödəyə bilən çayxana kasıb üçün ən əlverişli yer idi. Odur ki, babamın bu təşəbbüsü də təqdirə layiqdir. Musiqinin geniş xalq içərisində yayılması, sevilməsi babam üçün o vaxt əsas vəzifə hesab edilirdi. Bu çayxanada baş vermiş bir hadisəni atam danışardı.

       Bir dəfə təxminən 1891-1892-gi ildə bir qadın yanında 14-15 yaşlı bir oğlan uşağı ilə çayxanaya yaxınlaşıb çox xahiş edir ki, Salyandan gəliblər, ehtiyac içindədirlər, bu uşağı işə qəbul etsinlər. Bir müddətdən sonra babam görür ki, bu oğlan istedadlıdır və musiqi ilə çox maraqlanır. Odur ki, onun üçün özü bir tar düzəldir və ona çalmağı öyrədir.

       Kim bilir, bəlkə də o qadını xüsusi bir məqsədlə çayxanaya göndərmişdilər ki, oğlu Mirzə Fərəcdən tar dərsi ala bilsin. Və ya da ki, balaca Şirinin taleyinə yazılıbmış ki, onun əlinə ilk dəfə tarı məhz Miizə Fərəc versin ki, gələcəyi uğurlu olsun. Beləliklə, Şirin Axundov əvvəlcə tar çalmağı Mirzə Fərəcdən öyrənir. Sonra isə Salyana qayıdır, orada ustalaşır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page