ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Şərqin ilk operasının məhz Azərbaycanda yaranması qürur duyulası bir faktdır. Cahanşümul dahi bəstəkar Üzeyir bəy Hacıbəyov tərəfindən XVI əsrin böyük dühası Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış «Leyli və Məcnun» operası nəinki Azərbaycanda hətta bütün Şərqdə ilk opera oldu və bu janrın bünövrəsi qoyuldu.

        «Leyli və Məcnun» operasının premyerasından düz 95 il keçir. Ötən əsrin əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir əsər yaratdı ki, onun şəfəqləri bugün də bərq vurmaqdadır. Ilk milli operanın yaranma tarixi çox maraqlıdır.

       Məlumdur ki, Üzeyir bəy Hacıbəyovun uşaqlıq və gənclik illəri Azərbaycanımızın tacı, Şərqin konservatoriyası sayılan Şuşa şəhərində keçmişdir. XVIII, XIX əsrlərdə, eləcə də XX əsrin əvvəllərində Şuşanın mədəni – siyasi həyatı olduqca zəngin və rəngarəng idi. O dövrlərdə Azərbaycandan kənarda – Moskvada, Peterburqda, Kiyevdə, Fransada, Almaniyada, Polşada və başqa Avropa ölkələrində şuşalı gənclər ali təhsil alır, müxtəlif ixtisaslara yiyələnirdilər. Yay aylarında isə xaricdə oxuyan bu tələbələr mütləq doğma Şuşaya qayıdır, tətillərini burada keçirir, şəhərin mədəni həyatında yaxından iştirak edir, öz töhfələrini verirdilər.

       Belə yay tətillərinin birində, 1898-ci ildə görkəmli yazıçı və dramaturq Əbdurrəhim bəy Haqverdiyev Füzulinin poeması əsasında «Məcnun Leylinin məzarı üstündə» adlı səhnəni tamaşaya hazırlamışdı. Gözəl, təkrarsız səsə malik xanəndə Cabbar Qaryağdıoğlu Məcnun rolunda çıxış etmişdir.

       Sonralar Üzeyir bəy Hacıbəyov özünün «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər (1938) adlı məqaləsində ilk operanın yaranma tarixi haqqında yazırdı: «Leyli və Məcnun» necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, «Məcnun Leylinin məzarı üstündə» səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim».

       Böyük bəstəkar daha sonra yazırdı ki, operada «mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi».

        «Leyli və Məcnun»un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən direksion əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. «Leyli və Məc-nun»da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir».

       Üzeyir bəyin kiçik qardaşı, tanınmış tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy Hacıbəyli mühacirətdə olarkən, Fransada yaşadığı zaman bu operanın yaranmasından bəhs edərək vurğulayırdı ki, opera yazmaq ideyası qardaşım Üzeyirə məxsus idi. Sonra Ceyhun bəy yazırdı: «Qeyd etməliyəm ki, bütün bu əziyyətin çox hissəsi qardaşım Üzeyirin üstünə düşürdü. Bəzən o, gecə saat ikiyə- üçə qədər oturub işləyir, mələklərə məxsus hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışırdı. Mən də öz imkanım daxilində ona kömək edirdim».

       Qeyd etmək lazımdır ki, Ceyhun bəy operanın ilk tamaşasında Ibn Səlam və Nofəl rollarında oynamışdır.

       Birinci milli operamızın ilk tamaşası 1908-ci il, yanvar ayının 12-də, yeni təqvimlə 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında keçirilmişdir. Istedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda, böyük yazıçı və dramaturq Əbdür-rəhim bəy Haqverdiyevin dirijorluğu ilə hazırlanan ilk tamaşada Üzeyir bəy özü seminariya dostları – Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, Ismayılov və b. ilə bərabər orkestrdə skripkada çalmışdır. Tarda isə Qurban Pirimov və Şirin Axundov ifaçıları müşayiət etmişdilər.

       Bəs tamaşanın rəssamı kim idi? Bu suala uzun illər cavab tapa bilməmişdik. Nəhayət, bir neçə il bundan əvvəl operanın tərtibatçı rəssamının kimliyi bizə məlum oldu. Məcnunun ifaçısı Hüseynqulu Sarabski sağlığında tanınmış alim, Ü.Hacıbəyovun publisistikasının tədqiqatçısı Mirabbas Aslanova demişdir ki, ilk tamaşanın rəssamı türk dünyasının tanınmış simalarından biri, publisist, rassam, ictimai xadim, «türkləşmək, islamlaşmaq, müasirləşmək» ideyasının müəllifi Əli bəy Hüseynzadə olmuşdur. «Bir gün Əli bəy teatra gəldi. Tamaşanın məşqləri gedirdi. Məcnunun səhra həyatını məşq edirdik. Əli bəy baxan kimi dedi ki, səhrada, kol-kosun arasında yaşayan Məcnun belə səliqəli geyimdə ola bilərmi? Mənə qayçı verin! Əli bəy qayçını götürüb, Məcnunun paltarının aşağısını bir neçə yerdən kəsdi və dedi ki, indi oldu səhrada yaşayan Məcnun. Beləliklə, tamaşanın uğurlu olmasında tərtibatçı rəssam kimi Əli bəy Hüseynzadənin də xüsusi xidməti qeyd olunmalıdır.

        «Leyli və Məcnun» operasının ilk ifaçıları bunlar olmuşlar: Məcnun (Qeys) – H.Sarabski, Ümmülqeys (Məcnunun anası) – Kazımovski, Əbülqeys (Məcnunun atası) – Mirzə Muxtar, Leyli – 12 yaşlı çayçı şagirdi – Ə.Fərəcov, Ümmülleyli (Leylinin anası) – C.Vəzirov, Leylinin atası – I.Qasımov, Ibn Səlam – C.Dağıstani, Nofəl - ……, Zeyd – I.Qasımov, 7 ərəb rolunda – Məmmədov, Səfərov, Vəzirov və b.

       Sonrakı tamaşalarda Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəy Hacıbəyov – Məcnunun atası və Zeyd rollarında, 1920-ci ilə qədər isə Əhməd bəy Ağdamski (Bədəlbəyov) – Leyli rolunda çıxış etmişlər.

       Bütün Şərqdə ilk opera olan «Leyli və Məcnun»un premyerası böyük müvəffəqiyyətlə keçmişdir. Azərbaycanın hər yerindən, eləcə də müxtəlif şəhərlərdən əsərə baxmağa tamaşaçılar axışıb gəlirdilər. Bütün tamaşalar anşlaqla keçirdi.

       1908-ci ildən bu günə qədər «Leyli və Məcnun» operası Azərbaycan səhnəsində oynanılır. Əsərin milliliyi başqa xalqların da diqqətindən yayınmamış, onların rəğbətini qazanmışdır. Bu barədə 1926-cı il, mart ayının 1-də Bakıda keçirilən I Türkoloji qurultayın nümayəndələrindən biri - başqırd Şaqirot «Leyli və Məcnun» operasına baxdıqdan sonra demişdir: «Heyrət ediləcək bir şeydir. Mən indi bildim ki, milli musiqi nə deməkdir. Leninqradda, Moskvada mən çox gözəl Avropa operası dinlədim, fəqət onları anlamırdım, onlar mənə zövq vermirdi. Bunu isə anladığıma görə böyük bir zövqlə dinlədiyimdən məmnun qaldım. O bizim başqırd havalarına oxşamasa da, onun qohum olduğunu duyuram».

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page