...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
Search


QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
ÜRƏKLƏRI FƏTH EDƏN BƏSTƏKAR
.
CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI
Ülviyyə IMANOVA
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
BAYRAM HSEYNLI ALIM, PEDAQOQ, BƏSTƏKAR
Ariz ABDULƏLIYEV

 


       Məhz bu sənət ocağında Şövkət xanım ilk dəfə on altı yaşında olarkən professional ifa tərzinə yiyələnərək bir çox xalq mahnılarını ifa etdi. Cavan müğənni üçün bu böyük şərəf idi, axı onun işlədiyi kollektivin konsertlərinə Üzeyir bəy özü dirijorluq edirdi. Belə bir böyük şəxsiyyətlə daima təmasda olmaq, onun qeydlərini və nəsihətlərini eşitmək gənc müğənni üçün böyük sənət və həyat məktəbi idi... Çoxşaxəli yaradıcılığına, çoxsaylı yetirmələrinə diqqətlə yanaşdığı kimi, Üzeyir bəy yaratdığı bu kollektivin repertuarının da daima genişlənməsinə çalışırdı. O, məşhur xalq mahnılarından: Aman nənə, Ay bəri bax, Ay lolo və başqalarını xor və orkestr üçün işləmişdir, həmçinin yaşadığı dövrü səciyyələndirən mahnılar da yazmışdı.

       Üzeyir bəy Şövkət Ələkbərovanın səsini yüksək qiymətləndirirdi, onun əsl professional olması üçün qiymətsiz məsləhətlər verirdi və Şövkət xanım ömrü boyu dahi sənətkarın dərslərini unutmurdu. Onun haqqında danışarkən həmişə Uzeyir bəyin adı qarşısına dayı kəlməsini işlədərdi. Bu da təsadüfi deyil, çünki Üzeyir bəyin böyüklüyü elə onda idi ki, hər bir azərbaycanlıya ata, əmi, dayı olmağı bacaran insan idi.

       Şovkət xanım Üzeyir bəyi belə xatırlayardı:

        - Üzeyir dayı mənim səsimi çox xoşlayardı, həmişə mənə özündən, səsindən muğayat ol, - deyərdi. O, böyük ürək sahibiydi, məktəb idi, məktəb! Bizə oxumağın, yana-yana oxumağın, çalmağın, bir sözlə, sənətin hər sirrini öyrədərdi2.

       Şövkət xanımı Üzeyir bəylə doğmalaşdıran bir tarixi fakt da var. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm dahi bəstəkarın ilk musiqi müəllimi, həm də Şövkət xanımın ilk muğamat müəllimi olmuşdur.

       Professional vokal dərslərini Şövkət xanım tanınmış opera müğənnisi Hüseynqulu Sarabskidən alıb.

       Məlumdur ki, a capella ifaçılıq üsulu çox mürəkkəbdir və müğənnidən maksimum bacarıq tələb edir. Çünki ancaq məlahətli, geniş palitraya malik səs müşayiətsiz dinlənilərkən tam və gözəl səslənə bilər. Şövkət xanımın səsi də belə səslərdən idi.

       Şövkət Ələkbərova sevimli müəllimi Hüseynqulu Sarabskini yad edərək, deyirdi ki, müəllimi xanəndəni həm də aktyor görmək istəyirdi3.

       Çalışqan tələbə Sarabski kimi böyük müğənni və aktyorun məktəbinin yetirməsi olduğundan fərəh duyurdu və bu tövsiyyəni bütün sənət yolu boyu qulağında sırğa edərək, müəlliminin göstərdiyi yolla zirvəyə ucalmışdı. Bu yolda Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi mahir ifaçılar Şövkət xanıma bələdçilik etmişlər.

       Bu gün də Şövkət xanımın ifasını lent yazılarında izləyəndə bu insanın səsinin, mimikasının, hərəkətlərinin, geyiminin nə qədər sıx təmasda olduqlarının şahidi oluruq. Şövkət Ələkbərova simasında fitri istedadla əməyin birliyi gözə çarpır və məhz bu vəhdətdən müğənninin böyüklüyü yaranır.

       ...Böyük Vətən Müharibəsinin ilk günü Şövkət xanımı Bakıdan Moskvaya gedən qatarda haqladı. Həmin zaman müğənni bir qrup həmkarı ilə SSRI-nin paytaxtında keçiriləcək Ümumittifaq müsabiqəsində iştirak etmək üçün gedirdi.

       Ifa etdiyi Qaragilə, Yaxan düymələ, Ceyran bala, Xumar oldum, Şuşanın dağları, Qaragöz və başqa mahnılar Şövkət Ələkbərovanın artıq xalq tərəfindən mahir ifaçı kimi qəbul olunmasına imkan yaratmışdılar.

       Müharibə illəri müğənnin yaradıcılığının ikinci mərhələsinə təsadüf edir. Müharibənin ilk günlərində Üzeyir bəy bəstəkarları yanına toplayıb, özü başda olmaqla müharibə mövzusunda əsərlər yaratmağa çağırdı. Böyük müəllimin bu çağırışı, demək olar ki, tələb kimi səsləndi. Beləliklə, 1941-45-ci illərdə Azərbaycanda yeni bir musiqi hərbi illərin musiqisi yarandı. Hərbi-vətənpərvərlik mövzusunda yazılan hər bir əsər - istər irihəcmli - operalar, simfoniyalar, kantatalar və oratoriyalar, istərsə də mahnı janrının nümunələri, bu əsərlərin hamısı xalqımızı igidliyə, mərdliyə, Vətən və dost qədrini bilməyə çağırırdı. Məhz bu illərdə Şövkət xanımın repertuarı tam yeniləşir. Artıq müğənnini tez-tez qospitallarda, hərbi hissələrdə, dəmir yolu stansiyalarında əsgərləri cəbhəyə yola saldıqda verilən konsertlərdə iştirak edən görmək olardı. O, Üzeyir Hacıbəyovun Şəfqət bacısı, Addımla əsgər, Yaxşı Yol və başqa bəstəkarların mahnılarını ifa edirdi.

       Şövkət xanımın etirafına görə hətta bir gün belə olub ki o, Üzeyir bəyin Addımla əsgər mahnısını gün ərzində 53 dəfə oxuyub:

Addımla, addımla əsgər,
Addımlarında şanlı zəfərlər.

        Amma buna baxmayaraq, yorğunluq hiss etmirdi Şövkət, çünki mahnıları ilə əsgərləri qələbəyə səsləməyi qarşısına məqsəd qoymuşdu, çünki gözləri önündə müharibədə olan əziz qardaşları Ələkbər, Paşa və Bağır dururdu ...

       Sonralar da, onilliklər keçməsinə baxmayaraq Şövkət xanım müharibəni həmişə həyatında ağır bir dövr kimi xatırlayırdı.

       1943-cü ilin fevral ayında Şövkət Ələkbərova bir dəstə sənət yoldaşları ilə ilk dəfə cəbhəyə getdi. Ukraynanın Staroselsk şəhəri, Stalinqrad ... Müharibə vaxtı Şövkət xanım əsgər libasında konsertlər verməklə yanaşı cəbhənin çətinliklərini də görmüşdü. Faşist təyyarələrinin hücumları ilə də, səngərlərdə gizlənməklə də, qospitallarda yaralılarla da qarşılaşmışdı. Bu illər ərzində gənc müğənninin gözləri önündə daima əziz qardaşları dururdu. Müğənni, onun ifasını alqışlayan hər bir əsgərdə qardaşlarını görürdü.

       Müharibə hələ qurtarmamışdı, lakin cəbhə arxasında həyat davam edirdi, sənət tarixinin saatı bir dəqiqə belə dayanmırdı. 1944-cü ilin dekabr ayında Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının müsiqi ongünlüyündə Asəf Zeynallı adına Bakı musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində savad almış Şövkət Ələkbərova da böyük müvəffəqiyyətlə iştirak edir. Müğənninin bu uğuru Üzeyir bəyin həmin Dekada haqqında yazdığı məqalələrində öz əksini tapır.

       Nəhayət Qələbə günü gəlib çatdı... Sevinc dolu, həyəcanlı bir gün. 1945-ci ilin 9 may günündə hamı sevinirdi, hətta əzizlərini itirən adamların da bir gözü ağlayıb, bir gözü gülürdü. Axı milyonlarla insanların dərdinə son qoyulmuşdu, xalqımız düşməni məğlub edərək qələbə qazanmışdı. Bir çox adamların qapısını döyən kədər Şövkət xanımgilin də qapısını döydü: qardaşı Ələkbər əbədiyyətə qovuşdu...

       Müharibə illəri Şövkət xanımın yaradıcılığında xüsusi bir mərhələ oldu. O, müğənni kimi yetişdi, insan kimi bərkidi. Əfsuslar olsun ki, bu nazik, açıq könüllü, yumşaq təbiətli qızın o dəhşətli illərdə oxuduğu gözəl mahnılar ancaq yaddaşlarda qaldı. Axı o zamanlar müğənnilərin səslərini lentə almaq imkanı hələ yaranmamışdı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page