QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
Search


QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
ÜRƏKLƏRI FƏTH EDƏN BƏSTƏKAR
.
CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI
Ülviyyə IMANOVA
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
BAYRAM HSEYNLI ALIM, PEDAQOQ, BƏSTƏKAR
Ariz ABDULƏLIYEV

 


Qeyd etməliyəm ki, Q.Qarayev kimi müəllimlər o vaxt Sovet Isttifaqında da çox az idi. Hələ sovet dövründə Qara Qarayevin adı D.Şostakoviç, S.Prokofyev kimi sənətkarlarla bir sırada çəkilirdi.

Dərs zamanı tələbənin yazdığı onu qane etməyəndə, royalın arxasında oturub, öz fantaziyasına uyğun çalardı. Onun çaldığı da tələbə üçün bir mətəb idi. Q.Qarayev alətlərdə akkordların quruluşuna və bölüşdürülməsi qanunlarına çox dəqiq fikir verərdi. Bütün bunları mənimsədikdən sonra biz simfonik əsərlər yazardıq: simfonik poema və ya bir alət ilə simfonik orkestr üçün konsert yazmaq mütləq tələb olunurdu. Doğrudan da bizim düzgün yolla getməyimizdə və geniş yola çıxmağımızda bütün bunların çox xeyri oldu. Bu Qara müəllimin yolu idi.

Məncə, orkestri bilən, orkestr üçün əsərlər yaradan adam muğamları da, xalq musiqisini də yaxşı bilməlidir. Muğamların özünün harmoniyası var ki, Q.Qarayev bu harmoniyanı tapırdı. Məsələn, partiturada nəfəsli alətlərdən birinin bütov notu saxlaması səslənməni nə qədər zənginləşdirir. Bunu da Qara müəllimdən öyrənmişdik.

Açığını deyim ki, hansı ölkədə oluramsa, Qara Qarayev haqqında, onun açdığı yollar barəsində söhbət edirəm. Məsələn, Münhendə görkəmli bəstəkar Karl Orfa Q.Qarayevin əsərlərindən bir neçəsinin notunu bağışlayanda, o, Q.Qarayevi dünya miqyasında böyük bəstəkar adlandırdı.

Q.Qarayev həmişə özünə tələbkar və tənqidi yanaşırdı. Bunu bizə də öyrədirdi. O deyərdi ki, əsər yazandan sonra, razılıqla oturmayın. Ona tənqidi yanaşın, yeni söz demək üçün yollar axtarın. Q.Qarayev o vaxt həm Bəstəkarlar Ittifaqının katibi, həm Konservatoriyanın rektoru, həm ictimai xadim, həm də müəllim idi. Onun vaxtı o qədər də çox deyildi. Buna baxmayaraq, özü mənə dəfələrlə deyib ki, vaxtım olmasa da mən hər gün royalın arxasında oturub bir neçə xanə yazmalıyam. Çünki bir az kənara çıxsam, zəifləyərəm. O deyərdi ki, bəstəkarın da bir fəhlə kimi iş günü olmalıdır. Bunu tələbələrdən də tələb edirdi.

Mənim bir neçə əsərim olub ki, Qara Qarayev onları çox yüksək qiymətləndirib. Violonçel və orkestr üçün Konsertimi, Xəzər balladası baletimi və s. Hətta Xəzər balladası baletini yazmağa o məni ilhamlandırıb. Mən bütün əsərlərimi ona göstərirdim və onun rəyi mənim üçün çox qiymətli idi. Onun sözləri məndə sənətə maraq oyadıb, ruhdan düşməmişəm. Bu yaşa çatmışam, Qara müəllimin göstərdiyi yolla irəliləyirəm. Çox vaxt onun əsərlərinə qulaq asıram və görürəm ki, o öz müasirliyini heç vaxt itirmir.

Mən harada, hansı ölkədə oluramsa, onun özü haqqında, sənəti haqqında söhbət açıram. Gürcüstanda keçirdiyim müəllif konsertimi Q.Qarayevin 80 illiyinə ithaf etmişdim. Üçüncü skripka və fortepiano sonatamı, viola və orkestr üçün konsertimi də ona həsr etmişəm.

Qara Qarayev elə bir şəxsiyyətdir ki, biz hələ onun lazımi qiymətini verməmişik. Onun heykəli gərək Bakının mərkəzi yerində olaydı.

Azərbaycan xalqı nə qədər yaşayacaqsa, Qara Qarayevin də əsərləri yaşayacaq.



Əziz Əkbər ƏZIZLI
bəstəkar

Qara Qarayev haqqında çox sözlər yazılıb, onun tərcüməyi-halı, yaradıcılığı ilə görkəmli alimlərimiz məşğul olub.

Məncə, əlli il qabaq yazılan musiqi bu gün də yaşayırsa, ona ehtiyac duyulursa, o musiqidən istifadə olunursa, deməli, o, müasirliyini itirməyib. Zaman keçsə də, bu musiqi insanlara lazımdır. Həmçinin, onu yaradan insanlar da yadda qalır, Q.Qarayev belə sənətkarlardandır.

Qara Qarayev özünəməxsus, zəmanəyə uyğun əsərlər yazıb-yaradıb. Bu gün də onlar çalınır, öz gözəlliyini, öz təsirini itirmir. Bu insan tərəfindən yaradılan əsərlər yaşayırsa, o özü də daima yaşayacaq. Q.Qaryevin özü də, musiqisi də həmişə müasirdir, həmişə təsiredicidir.

O, çox maraqlı insan idi və çox böyük sənətkar idi. O, əsil yaradıcı insan idi və təkcə musiqi ilə maraqlanmırdı. Q.Qarayevin bir hobbisi vardı. O, fotoqrafiya ilə məşğul olurdu, kibrit şəkillərini yığırdı. Q.Qarayev Qurani-Kərimi yaxşı bilirdi və söhbətlərində həmişə ondan misallar gətirərdi. Dəqiq vaxtı yadımda deyil, ancaq o, Moskvada xəstə yatan zaman mən onun yanına getmişdim. O, dedi ki, Bibliyanı öyrənir. O, insanlığın, dünyanın mahiyyətini başa düşməyə səy göstərirdi.

Q.Qarayev elə bir insan idi ki, hər şeydən xəbərdar olmağa çalışırdı. Məsələn, o, Amerikadan qayıdandan sonra Bəstəkarlar Ittifaqında bizimçün caz haqqında ətraflı söhbət elədi. Amerikada o, məşhur saksofonçu Cerri Maliqan ilə görüşmüşdü. Bundan sonra o, simfonik orkestr üçün caz üslubünda konsert yazmaq istəyirdi. Mən bir dəfə həmin konsertin yazılıb-yazılmaması ilə maraqlananda, o, dedi ki, yazdığını bəyənməmiş və partituranı cırıb atmışdır.

Q.Qarayev Amerikada bəstəkar Con Keyclə tanış olmuşdu. Onun bəstəkarlıq sinfi haqqında bizə danışdı ki, onun sinfində yeddi il dərs keçirlər, bəstəkarlıq öyrənirlər. Bu dövr ərzində o, tələbələrə müxtəlif üslublarda musiqi yazmağı öyrədirdi: fransız klavesinistlərindən tutmuş, müasir üslublara qədər.

Qara Qarayevin pedaqoji yolu isə başqa idi. O, ilk növbədə, birinci kurs tələbələrilə perioddan, prelüd bəstələməkdən başlayırdı, Şopenin prelüdlərini göstərirdi. Sonra keçirdi 2 hissəli, 3 hissəli formalara, rondo, sonata və s., burada isə Bethovenin sonatalarından istifadə olunurdu.

Mən beş il Q.Qarayevin sinfində bəstəkarlıq dərsləri almışam. Lakin bu, mənim ikinci təhsilim idi. Artıq mən konservatoriyanı tromped aləti üzrə bitirmişdim. Orkestrlərdə ifaçı kimi, bədii rəhbər kimi fəaliyyət göstərirdim. Ikinci dəfə konservatoriyaya qəbul olunanda ərizə yazıb. Q.Qarayevin sinfində oxumaq istəyimi bildirdim.

Q.Qarayevin bir adəti vardı. Kim onun sinfinə daxil olmaq istəyirdi, onların ərizəsi ilə birlikdə əsərlərini də götürürdü, baxırdı, kim xoşuna gəldi, onları dərsə çağırtdırırdı. Mənim də əsərlərimə baxandan sonra mənə dedi ki, hiss olunur, siz təcrübəli musiqiçisiniz, ancaq bu gündən ömrünüzün axırınacan axtarmalısınız. Bu, doğrudan da axtarışdır.

Q.Qarayevin dərsləri çərşənbə axşamı və cümə günləri olurdu. 1-ci kursdan 5-ci kursa kimi növbə ilə bütün tələbələrin əsərlərinə baxırdı, dinləyirdi. Elə mənim diplom işimin mövzusunu da Q.Qarayev verdi. Dedi ki, sən tromped çalmısan, bu alət üçün konsert yazsan yaxşı olar. Mən həmin konserti yazdım, ifa olundu, bəyənildi.

Mən ömrüm boyu Qara Qarayevə minnətdaram ki, o, mənə gözəl təhsil verib, gözəl sənət verib, onun sayəsində mənim biliyim, dünyagörüşüm, sənətim çox-çox yüksəlib. Indi mən özüm müəlliməm, çoxlu tələbələrim var. Çalışıram ki, öz işimlə mən Qarayev məktəbini davam etdirəm.



Sevda IBRAHIMOVA
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
professor


Çox xoşbəxtəm ki, Qara müəllimin sinfində oxumaq mənə nəsib olub. Bəlkə də yaradıcılığa meyl ailəmdən irəli gəlmişdi. Çünki bizim evdə həmişə sənət söhbətləri olub, Üzeyir Hacıbəyovun, Qara Qarayevin və başqalarının yaradıcılığı barədə danışılıb, onların sənətinə böyük qiymət verilirdi. Qara müəllimin dərsləri mənim həyatımda çox böyük rol oynamışdır. Onun söhbətləri, tövsiyələri bizə çox təsir edirdi, qol-qanad verirdi. Mənim indiyə kimi yadımdadır ki, o, Şopenin dördüncü prelüdünü necə çalıb bizə göstərirdi. Onun əllərinin pianoya toxunması da mənə qeyri-adi gəlirdi. Mən indiyə kimi, Qara Qarayevin vaxtilə yoxladığı, əlinə alıb dinlədiyi əsərlərimin əlyazmasını saxlayıram, qoruyuram. Qara Qarayev çox incə, həssas təbiətli adam idi. Tələbənin təkcə yaradıcılığı ilə deyil, həyatı ilə, məişəti ilə maraqlanırdı, həyatımızdakı dəyişikliklərə də biganə qalmırdı. O, elə bil ki, bizə ikinci ata idi, doğma insan idi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page