ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
TƏHSIL...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...

YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.

 


SOLFECIO FƏNNININ MÜASIR TƏDRISINƏ DAIR



       Azərbaycanda mövcud olan musiqi təhsili sistemində nəzəriyyə dərsləri hələ də keçmiş sovet dövrünün ənənələri üzərində qurulmuşdur. Solfecio fənninin tədrisi bu baxımdan istisnalıq təşkil etmir. Lakin müasir dövrümüz daim tərəqqidə, inkişafdadır. Musiqinin də bu proseslərlə ayaqlaşması təbii haldır. Məhz bu tələblərə uyğun olaraq solfecio fənni də yeniləşməli, müasir musiqinin bütün ifadə vasitələrini özündə cəmləşdirməlidir.

       Bizim təhsil sistemindəki solfecio fənninin başlıca məqsədi, amalı – tələbələrin musiqi duyumunun inkişafı və harmoniya fənninin praktiki məşğələlərini təşkil etməkdir. Amma bu fənnin daha vacib bir tərəfi nəzərdən qaçırılır. Bu da solfecio fənninin ifaçılıq təcrübəsinə yardım etməsi, bir növ onun hazırlıq mərhələsini təşkil etməsidir. Buna görə də müasir musiqiyə uyğun solfecio kitablarına ehtiyacımız var. Çünki əlimizdə mövcud olan 60-70-ci illərin dərslikləri bu vacib vəzifənin öhdəsindən gəlməyə imkan vermir. Mövcud şəraitdən çıxış yolu tapmaq üçün Avropa ölkələrinin musiqi sistemlərinə müraciət edib, onların qazandıqları son nailiyyətlərə əsaslanmaq, yeni təhsil sistemini yaratmaqdır. Məhz bu məqsədlə Belçikanın Brüssel Musiqi Akademiyasında təkmilləşib, Almaniya və Türkiyənin Bilkənd Universitetində geniş istifadə olunan Fransız solfecio sisteminə nəzər salaq.

       «Müzikal Formasyon» adı ilə tanınan bu sistem daxilində təkcə solfecio deyil, musiqinin demək olar ki, bütün nəzəri fənnləri cəmləşdirilmişdir. Burada harmoniya, musiqi təhlili, alətşünaslıq, musiqi ədəbiyyatı və s. bu kimi fənlərin ayrı-ayrı spesifik cəhətləri özünü büruzə verir. Bununla bərabər solfecio fənnini təşkil edən bütün texniki komponentlər tək-tək incələnib, tədris olunur. Belə ki, dərs prosesi zamanı ritm, interval-intonasiya, açarlar problemlərinin hər birinə müəyyən zaman müddəti ayrılır. Bono adlanan – oxuma texnikası vasitəsilə xüsusi dəsrliklərlə aparılan çalışmalar bu problemlərin hər birinin ayrı-ayrı həllinə gətirib çıxarır.

       Bono oxuma texnikası – notların səs yüksəkliyi nəzərə alınmadan metroritmik cəhətdən doğru oxunulmasına deyilir. Praktiki cəhətdən istifadə olunmasa da, nəzəri cəhətdən bu oxuma texnikası köhnə sistemdə də mövcuddur. Belə ki. Blyum-Aqacanovun «Do açarlarında solfecio» kitabında bono-tamamilə eyni məna daşıyan «solmizirovaniye» adı ilə göstərilmişdir.

       Bizim sistemdə mövcud olan ritmik məşğələlər solfecio nömrələri daxilində istifadə olunan ritmik fiqurasiyalar və ritmik imlaların yazılması ilə məhdudlaşır. Fransız solfecio sistemində isə bu problemə həsr olunmuş, tək səsdən – dörd səsə kimi müxtəlif ritmik kitablar mövcuddur. Brüssel Musiqi Akademiyasında isə ritm-ayrıca bir dərs kimi keçilir və hər semestr sonu qiymətləndirilir. Tələbələr ritmik parçaları həm hazırladıqları nömrələrlə, həm də qiraətlə təqdim edirlər. Qeyd etməliyik ki, bu dərslərdə olduqca çətin ritmik fiqurasiyaları oxumaqla iş bitmir. Dinamik nüanslar, temp, metronom sürəti, artikulyasiya işarələri bir sözlə tam bir əsər kimi verilmiş ritmik nömrələrdə həm çalışmalar, həm də qiraət etmə zamanı bütün yuxarıda adlarını çəkdiyimiz komponentlərin yazıldığı kimi oxunulması tələb olunur. Bu da, qeyd etdiyimiz kimi, solfecio fənninin ifaçılıq təcrübəsi üçün hazırlıq mərhələsini təşkil etməsi prosesidir.

       Açarlar probleminə Fransız, Belçika və Türkiyə musiqi sistemlərində çox böyük yer verilir. Bunun bir sıra səbəbləri var. Əvvəla ona görə ki, sistemin harmoniya bölümü tamamilə açarlar üzərində qurulmuşdur. Yəni harmoniyadakı səslərin hər biri – soprano, alt, tenor, bas – öz açarlarında yazılır. Ikinci səbəb imlaların yazılmasıdır. Bu barədə daha ətraflı söhbət açacağıq. Açarların tədrisinin daha bir səbəbi sərbəst partitura oxuma probleminin aradan qaldırılması ilə əlaqədardır. Qeyd etməliyik ki, Fransız sisteimndə partituradan çoxsəsli solfecio kimi istifadə edirlər. Bu onunla əlaqədardır ki, çoxsəslilik probleminin həlli üçün çox az kitablar mövcuddur. Buna görə də partitura oxumaqla tələbə həm musiqi ədəbiyyatı nümunələrilə yaxından tanış olur, həm də çoxsəslilik problemini kökündən həll edir.

       Açarların daha bir əhəmiyyətli cəhəti nəql etmə (transpozisiya) prosesinin sadələşdirilməsidir. Belə ki, bizim sistemdə melodiya müəyyən intervallar vasitəsilə yuxarı və ya aşağı istiqamətdə nəql edilirsə, Fransız sistemində bu proses açarların köməyilə baş verir. Yəni yazılmış parçanı bir ton aşağı oxumaq üçün sadəcə kaman açarını tenor açarı ilə əvəz edirlər.

       Qeyd etmək lazımdır ki, bizim sistemdə də açarlar probleminə yer verilir. Belə ki, görkəmli rus metodist-pedaqoqları A.Arenski, N.Laduxin, K.Albrext, A.Rubets və b. öz kitablarında bu problemi genişləndirib, təbliğ etməyə çalışıblar. Amma buna baxmayaraq bu sahənin praktiki inkişafı bizim mövcud sistemdə öz yerini layiqincə tapmamışdır. Qeyd etmək kifayətdir ki, fransız sistemində açarların tədrisi nəinki nəzəriyyə, bəstəkarlıq və dirijorluq, eləcə də, bütün bölümlərdə eyni səviyyədə keçilir.

       Fransız sisteminin solfecio fənnini təşkil edən texniki komponentlərdən biri də interval-intonasiyadır. Interval-intonasiya çalışmalarının əsas məqsədi sərbəst şəkildə qiraət etməyə imkan yaratmaqdır. Bu, xüsusilə vokalçılar üçün vacibdir. Fransız sistemində bu problemin həlli üçün də ayrıca dərs vəsaitləri mövcuddur. Bu kitablar melodik xətt nəzərə alınmadan, sırf texniki interval məşğələləri üzərində qurulmuşdur. Interval və intonasiya probleminin şərhi ayrı-ayrı kitablarla təqdim olunsa da (yəni interval haqda kitablar ayrı, intonasiya kitabları ayrı) interval-intonasiya çalışmaları dərs prosesi zamanı qarşılıqlı vəhdətdə təqdim olunur.

       Fransız sistemində yazılmış imlalara gəlincə isə qeyd etməliyik ki, onlar sadəcə musiqi duyumunu deyil, eləcə də tembr-intonasiya, ritm, harmonik duyumu və s. musiqi ünsürlərinin inkişafı üçün nəzərdə tutulmuşdur. Imlalar bizim alışdığımız texniki məşğələlər çərçivəsindən xeyli kənara çıxaraq, harmoniya, təhlil, alətşünaslıq, solfecio kimi fənnlərin ayrı-ayrı fraqmentlərini özündə cəmləşdirir. Imlanı yazmaqdan əvvəl onun intonasiya dilinə yaxın olan motivlərin oxunması, ritm ilə əlaqəli kiçik fraqmentlərin, qruplaşmaların yazılması, imlanın harmonik təhlili, forma təhlili (qeyd etməliyik ki, müxtəlif çətinliklərdə olan 1-4 səsli imlalar 12-16 xanə həcmindədir) və s. bu kimi çalışmalar söylədiklərimizə sübut ola bilər. Qeyd etməliyik ki, bu çalışmalar müəllimin improvizə etmə bacarığı ilə bağlı olub, tələbələrlə ünsiyyəti əsasında baş verir.

       Fransız sisteimində mövcud olan imlaların daha bir özünəməxsusluğu onların açarlarda yazılmasıdır. Çünki bu imlaların ifası sadəcə fortepiano alətilə məhdudlaşmır. Müxtəlif simli və nəfəs alətlərində imlaların ifası zamanı, onların məhz bu alətlərə məxsus açarlarda yazılması tələb olunur.

       Solfecio dərsinin özəyini təşkil edən musiqi nömrələrinə gəlincə isə qeyd etməliyik ki, xarakter və janr etibarilə klassik musiqidən tutmuş, müasir musiqiyə, hətta caza kimi geniş diapazonu əhatə edən bu parçalar solfecio nömrələrindən daha çox vokal romanslara bənzəyir. Bu, ən əvvəl nömrələrin fortepiano müşayiəti altında ifa olunması ilə izah olunur. Bu müşayiəti ifa etmək yüksək pianoçuluq məharəti tələb edir.

       Paris Konservatoriyasında solfecio müəllimləri nəinki yaxşı pianoçu, eləcə də gözəl improvizator və konsertmeysterdirlər. Qeyd etməliyik ki, solfecio parçalarının fortepiano müşayiəti melodiyanın təkrarını təşkil etmir. Həmin parçalar musiqi duyumunu inkişaf etdirərək, ifaçıya sadəcə olaraq lad-intonasiya baxımından kömək edir.

       Şübhəsiz Fransız sistemi ilk baxımdan, xüsusilə də, Azərbaycan musiqiçiləri üçün olduqca mürəkkəb görünür. Əlbəttə bu sistemi olduğu kimi Azərbaycan musiqi təhsilinə tətbiq etmək mümkün də deyil. Əvvəla ona görə ki, bu xüsusi hazırlıq tələb edir və bu hazırlıq musiqi təhsilinin ibtidai pilləsindən başlamalıdır. Lakin Fransız solfecio sisteminin faydalı cəhətləri özünü aydın surətdə büruzə verir. Məhz buna görə də, zənnimizcə, bir tərəfdən Fransız sisteminin bir sıra xüsusiyyətlərini, imkan daxilində, ali məktəb tədrisinə daxil etmək, digər tərəfdən isə ibtidai musiqi təhsili sistemimizi Fransız «Müzikal Formasion» üzərində qurmaq məqsədəuyğun olardı. Bunun üçün isə solfecio fənni üzrə mövcud tədris proqramı üzərində əsaslı dəyişikliklər aparmaq lazımdır.

Aynur SULTANOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page